Fikir vermisinizsə, Azərbaycanda yaranan
əksər müstəqil ictimai birliklərin, gənclər təşkilatlarının sonu fiasko ilə
bitir. İnqilabi hədəflər elə öz üzvləri tərəfindən avantüraya çevrilir. Səbəb
çox olsa da, hamısını bənzər virus məhv edir - "kruq". AzTV dili ilə
desək, şəxsi ambisiyalar uğrunda mübarizə.
Azərbaycanda 3 eyni mövqeli təşkilatın
bir məqsəd ətrafında birləşib sonacan getdiyini heç vaxt görə bilməzsiz. Xəbislik,
"kruq" intriqaları istənilən mütərəqqi ideyadan ağır basır.
"Kruq" intriqalarının qurbanlarından biri də Azad Yazarlar Ocağıdır.
Hal-hazırda adı qalan, mövcudluğu
olmayan AYO AYO-çuların iradəsizliyi, tənbəlliyi, bir-birini didməsi nəticəsində
əridi. 2001-ci ildə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmək iddiası ilə
yaranan təşkilat tezliklə Azərbaycan Yazıçılar Birliyinin aynadakı əksinə
çevrildi.
AYO-nun yarandığı vaxtlardakı fəaliyyəti
ilə tanış deyiləm. Onları 2009-dan tanımağa başladım. Təşkilatdaxili
"kruq"ları da o vaxt gördüm. Qan Turalı - Elmin Həsənli cütlüyü, Əli
Əkbər - Seymur Baycan qruplaşması və s. Cəm halda qardaş kimi görünən, təklikdə
bir-birini qorxaqlıqda ittiham edən, filankəsin tezliklə satılacağı haqda
proqnoz verən bu adamların mərəzini anlamırdım.
Vaxt keçdikcə məlum oldu ki, bu gənclər ədəbiyyata
nəinki yeni baxış gətiriblər, illərin uğursuz müxalifətçilərinin ən idbar cəhətlərini
götürməyi bacarıblar. Təşkilat üzvlərindən birinin maddi vəziyyəti yaxşılaşan
kimi onun haqda "satılmaq" qeybətləri dolaşırdı. Təşkilatdaxili etibarsızlıq
o səviyyəyə çatmışdı ki, adamlar qazanc mənbələrini bir-birindən gizli
saxlamağa çalışırdılar. Seymur Baycan sayağı "acıların çocuğu" rolunu
oynamaq özünümüdafiə üsuluna çevrildi. Nə bilirsən, sabah kimin dilinə düşəcəksən.
Hələ də abzas.net saytı haqda kiminsə
kimisə "vurmaq" məqsədilə yaradıldığı söhbətləri dolaşır. Qeybətləri
qoyaq bir kənara. 2010-da yaranan bu saytı ədəbi saytlar içərisində bu gün də ən
uğurlu layihə hesab edirəm. Qəlibləşmiş yazarları deyil, “Facebook”da status
yazan gəncləri yazıçıya çevirən "Abzas" "kruq ədəbiyyatı"nı
yırtmağı bacardı. Qəzet köşələrində Buddaya çevrilmiş yazarlar artıq öz
oxucuları tərəfindən tənqid olunurdu. Çox təəssüf ki, bu layihənin də ömrü uzun
çəkmədi. O da AYO-çuların "kruq" intriqalarının qurbanı oldu.
AYO üzvləri zamanında təşkilatın maliyyə
əsaslarını yarada bilsəydilər, bu gün ortada bu qədər ittiham olmazdı. Hansını dindirirsən, şikayətlənir ki, heç
yerdən köməyimiz yoxdur. Yoxdur, yarat! Həftəyə üç köşə yazırsansa, beşini yaz.
Amma o ikisinin pulunu ortaq büdcəyə köçür ki, hər hansı birinizin kitabı çap
olunmaq vaxtı gələndə kiməsə ağız açmayasınız. Satışdan gələn gəliri təkrar
büdcəyə geri qaytarın. Genişlənin.
Üzvlük haqları yığılmayan bir təşkilatda
ortaq büdcənin olması ideyası belə gülməli səslənir.
AYO-nun kitab mağazaları şəbəkəsi,
yardım fondu, əlavə gəlir gətirən saytları ola bilərdi. Amma olmadı. Əvəzində nə
etdilər. Köşə yazıb ictimai şəkildə dilənməyə başladılar. Bu da alınmayanda
xalqı borclu çıxardılar: ay xalq, üç-dörd roman müəllifiyəm, qarnımı niyə
doydurmursan?
Seymur Baycanın kürü yemək istəyi ilə bağlı nazirə yazdığı məktub qədər yazıçı mənliyini alçaldan şey ola bilməzdi. Əlbəttə, bir yazıçının nazirə məktub yazmasında eyibli heç nə yoxdur. Əgər o şəxs gənc yazıçılar üçün maddi dəstək, yaxud hansısa ədəbi layihə istəyi ilə müraciət etsəydi. Rusiya yaradıcı mühitində belə hal olsaydı, yoldaşları pul verib o kürü bankasını alar, Seymurun başına-başına çəkərdilər.
Təşkilatın "Alatoran" jurnalı
daha çap olunmur. Adyazar.az saytı fəaliyyətini dayandırıb. AYO-çuları danışdıranda hələ də "biz
vaxtilə filan-filan şeyləri
etmişik" - deyirlər. Maraqlıdır ki, bu sözləri 30-35 yaş arası gənclər
deyir. Bu yaşda adamlar 60 yaşlı qoca kimi danışdısa, gələcəkdən nə gözləyəsən?!
Gəminin su aldığını hiss edən siçovullar
bir-bir ölkəni tərk etməyə başladılar. Vaxtilə dostlarını kiminsə puluna
satılmaqda ittiham edən adamlar nədənsə indi alman vergi ödəyicisinin pulunu
yeməkdən utanmırlar. Yazı yazıb ermənidən üzr istəmək əvəzinə zəhmətini gəmirdiyiniz
Almaniya fəhləsindən üzr istəyin!
Hər şey hədəf kimi ədəbiyyatı deyil,
bir-birinin çörəyini murdar göstərmək iddiasından başladı. Allah Rafiq Tağıya rəhmət
eləsin. Bir zamanlar AYO-çular onu AYO-nun ağsaqqalı seçmişdilər. Ancaq ölümündən
əvvəl Elnur Astanbəyli ilə aralarında çox çirkin polemika getdi. Yenə
"kruq" davası, yenə ədəbiyyatdan kənar ittihamlara görə.


Комментариев нет:
Отправить комментарий