"İncəsənətlərdən bizim üçün ən
vacibi kinodur". Düz 92 il öncə fevral ayında V.İ.Leninin Maarif Naziri
Lunaçarskiyə dediyi bu sözlər, hələ də, aktuallığını saxlayır. Bəlkə də, film
haqda deyilmiş ən dəqiq aforizmdir.
Filmlər baxılır – maraq üçün, əyləncə
üçün, maariflənmək üçün. Kiminsə sevdiyi qızı kinoteatra dəvət edib, arxa
sıralarda öpüşməsi üçün. Filmlər çəkilir – qazanc üçün, sənət üçün, şöhrət
üçün, bekar camaatın başını qatmaq üçün.
Bütün bunlar vacibdir. Ancaq filmin ən
müqəddəs vəzifəsi gənc nəsli yetişdirə bilmək gücüdür. Məhz bu halda film kütlələr
üzərində hakimiyyət qazanır. Uşaqlıq dövrü SSRİ-də keçənlər xatırlayar. Şənbə
gecəsi "Retro" kinozalında "Tarzan" filminin göstərilməsi
kifayət edərdi ki, səhəri gün Tarzan hayqırtıları həyəti bürüsün. Ağaclara
dırmaşan kim, kəndirlə sallanan kim. Robin Hud haqda film bəs idi ki, həyətdəki
söyüd ağaclarının budaqlarını əyib yay, süpürgə çubuqlarından ox düzəldək.
Tarzanı, Robin Hudu sonralar Brus Li,
Van Dam, Rembo əvəz etdi. Uşaq beyinləri onları yamsıladı. Gənc nəsil onların
filmləri ilə yaşadı. Bütün bunlar 80 və 90-ların əvvəlində uşaqlığını yaşamış
insanların xatirəsidir.
Günümüzdə filmin kütləvi psixoz təsirinə
demək olar, rast gəlmək olmur. Səbəbi çoxdur. Telekanalların birdən çox olması.
Filmlərdə aktyor rolunu xüsusi effektlərin əvəz etməsi. İnformasiya ötürən
kanalların fərqli və çoxsaylı olması.
Amma... Bir həftə öncə "Muhteşem
Yüzyıl" serialındakı şahzadə Mustafanın edam səhnəsi on minlərlə türkü
özündən çıxardı. Osmanlı nəslindən olan şəxslərin cib telefonuna yüzlərlə təhqir
dolu zəng gəldi. Sultan Süleymanın padşah ünvanının geri alınması üçün məhkəməyə
müraciət edildi. Sanki qətl hadisəsi 500 il əvvəl yox, gözləri önündə baş
vermişdi.
Şahzadə Mustafanın atası Qanuni Süleyman
tərəfindən öldürüldüyünü Türkiyədə tarix dərslərindən hər kəs bilir. Bəs nədir
bu qədər insanı qeyri-adekvat davranmağa məcbur edən?
Filmin gücü! 3 il yayımlanan serial o dərəcə
mükəmməl səhnə, aktyor, süjet xəttinə malikdir ki, milyonlarla insan üçün real
dünyanı tam fərqli reallıqla əvəz etməyi bacarıb. Daimi tamaşaçılar öz şəxsiyyətlərini
film qəhrəmanları ilə eyniləşdiriblər.
Bütün bunlar bir yana. Böyüməkdə olan
türk gəncliyində artıq Avropa mədəniyyəti qarşısında əziklik hissi yoxa çıxır.
Necə möhtəşəm imperiyanın varisləri olması görüntüsü gənc beyinlərdə mövcud
reallıq kimi həkk olunur.
Liseydə oxuduğum vaxtlarda türk dili və ədəbiyyatı
müəllimimiz hər birimizdən qəhrəmanlarımızın adını sadalamağı istəmişdi.
Qızlı-oğlanlı məktəbli cavabları belə olmuşdu: Van Dam, Çak Norris,
Şvartsneqqer, Brus Li və s. Hollivud film qəhrəmanları. Verdiyim cavab bu günədək
yadımdadır. "Silvestr Stalloneni sevirəm. Çünki onun filmlərində insan əzabı
var" - demişdim. Hər kəsi dinləyən müəllim hirsindən qəzəbli nitq deməyə
başladı. "Sizin Fateh II Mehmet, Battal qazi, Koroğlu kimi qəhrəmanlarınız
var. Nədir bu amerikan sevdası?"
Bu sual 90-ların sonu verilmişdi. Türkün
tarixi qəhrəmanları vardı. Amma kim idi onları tanıyan. 90-larda Türkiyə serial
sənayesi təzə-təzə ayaq açırdı. Türk kinematoqrafı isə qürub dövrünü yaşayırdı.
Bu gün o sualı məktəblilərə yenidən
verin. Azərbaycanlı uşaqların cavabları belə olacaq: Polad Alemdar, Memati,
Abdülhey, Sultan Süleyman, Mehmet han və s. Amerikanizm körpə beyinlərdən
silinmişdir. Hollivud kultlarını daha doğma obrazlar əvəz etmişdir.
"Kurtlar Vadisi" serialı qəhrəmanlarına
oxşamaq istəyən gəncləri ələ salan köşələr yazmaq məişət yazarlarımızın sevimli
məşğuliyyətidir. Onlar dərk etmir ki, 10 ildən çox efirə gedən serial Türkiyədə
artıq yeni nəsil yaradıb. Qərb qarşısında kompleks keçirməyən, xarici və daxili
düşmənlərlə mübarizənin vacibliyini dərk edən, siyasiləşmiş, döyüşkən nəsil.
"Kurtlar Vadisi Pusu" Türkiyə siyasətində olan hər hansı siyasətçidən
daha inandırıcı kütləvi manipulyasiya maşınıdır.
Azərbaycanlılar "Kurtlar
Vadisi"ndən hər şeyi götürdülər. Polad Alemdarın oxuduğu kitablardan
başqa. BMW-X5 markalı avtomobil, geyim tərzi, son model telefonlar, hətta özünəməxsus
mimika. Axı, Polad Alemdar həm də gündəlik qəzet oxuyan qəhrəmandır.
Kütləvi media ilə gənc nəsil yetişdirmək
siyasəti XX əsrin 30-cu illərində formalaşıb. Totalitar rejimlərin kütləvi
idman tədbirləri ilə yetişdirdiyi gənc nəsli amerikanlar komiks jurnalları ilə
böyüdürdülər. Supermen, Betmen, Kapitan Amerika kimi komiks qəhrəmanları
uşaqlara fərdiyyətçiliyi, maskulin kişi kultunu aşılayırdı. Komiks qəhrəmanları
sonralar filmə çevrildilər. Siyasiləşdilər. "Rembo" filmi kifayət
etdi ki, Vyetnam müharibəsinin yaratdığı məğlubiyyət sindromu amerikanların
canından çıxsın.
Türkiyə dövləti filmin gücünü dərk edib.
Türk filmlərinin beynəlxalq festivallarda aldığı mükafatlar, seriallarının
geniş coğrafiyası artıq heç kəsi təəccübləndirmir. Dövlət gənc nəsli öz dəyərlərində
yetişdirir. Azərbaycanda isə film sənəti hələ də reanimasiya şöbəsində yatır. Nə
zaman ki filmin gücünü dərk edəcəyik, bax, onda güc bizdə olacaq.

Комментариев нет:
Отправить комментарий