Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 23 января 2014 г.

Gey ləyaqəti

2014-ün ilk bloqpostunu bir intihara həsr edəcəyimi düşünməmişdim. Cinsi mənsubiyyəti gey olan vətəndaşımız haqda yazacağımı isə heç təhmin etməzdim. İndiyədək rəhmətə getmiş heç kəs haqda yazı yazmamışam. İnandığım 2 həqiqətə görə:

1. Ölüm haqdır.
2. Ölənlə ölünməz.

İsa Şahmarlını tanıdıqdan sonra yazmalıydım. Azərbaycan adlı ölkədə ideyası uğruna ölümə gedən də tapılarmış. Cəmiyyətin iyrəndiyi şəxs o cəmiyyətin qazisindən, gənc yazarından, siyasi liderindən daha ləyaqətli ola bilərmiş. 

Bir neçə dəfə görmüşdüm o gənci. Gənclər sektorunda ictimai fəallığı olan qız və oğlanlarla ucuz kafedə oturar, çörək yeyib çıxardı. Sizin təsəvvür etdiyiniz parikli, kosmetikalı Tbilisi prospekti sakinlərindən deyildi. Küçədə görsəz hər hansı gəncdən fərqləndirməzdiz. Daim gülərüz, sevinc dolu biri.

Amma bu sevincin altında insan faciəsi gizlənərmiş. Pulsuz, evsiz olmaq problemdir. İnsanlar arasında insan ola bilməmək faciə. İnsanlığın faciəsi. Arvad yanından çıxıb transseksual yanına gedən bığıburma məmur kişilər sayağı seçim etməmişdi. Allah yaratmışdı onu bu cür. Başqaları kimi ola bilmədiyinə görə onu yaradan Allaha gecə-gündüz lənət yağdıra bilərdi. Amma o, "Tanrı hər kəsi yaratdığı kimi sevir" deyirdi. İnsanlara da bunu anlatmağa çalışırdı.

Hər ay Azərbaycanda onlarla adam intihar edir. İntihar zəiflikdir, deyirik. Günahdır, deyirik. Belə etməyin! - deyirik. Amma bütün bu məsləhətləri normal saydığımız adamlar üçün veririk. Təsəvvür edin, diri ikən birisinə "sənin yerin Cəhənnəmdir" deyirlər və bu sözü hər gün təkrarlayırlar. Bir cəmiyyət ki, vətəndaşını həm dünya, həm axirət həyatında cəhənnəmə layiq bilir, o cəmiyyətdə yaşamağa dəyərmi?

İsa öldü. İdeyası uğrunda öldü. Rənglərinə inandığı bayrağın altında öldü. Cəhənnəmə çevrilmiş dünya həyatına əlvida deyərək, yoxluqda Cənnət tapmaq ümidi ilə öldü. Bu ölkədə ideyası uğrunda özünü qurban verən neçə aktivist, neçə siyasətçi tapa bilərsiz? 

Hər ay səhnəyə neçə-neçə satılmış siyasətçi, sınmış aktivist çıxır. Bəs onlar hansı ləyaqəti ilə yaşayırlar? Facebook dostlarımdan biri mövzu açmışdı: "Belə çıxır ki, bu uşaq ölkəsini süni təhlükə müqabilində qoyub qaçan, fikirlərinə görə İsadan az fərqlənən "ziyalı mühacirlərdən" ləyaqətli adammış ki!..."  

Şübhənizmi var?! İdeyası uğrunda ölmüş gey İsa oxucularının ümidini satmış, "qaçmasaydım, məni öldürəcəkdilər" deyən yazarlardan da, partiyadaşlarını meydanda qoyub evdə gizlənən adaşından da daha cəsur birisi idi.  Kaş səndə də gey ləyaqəti olardı, ay İsa. O gənc rənglərinə inandığı bayrağın altında öldü. Satdığın dostlardan, xəyanət etdiyin tifaqlardan sonra sən hansı ləyaqətinlə yaşayırsan?

Doğrusu bu hadisə ətrafında ajiotaj, kiminsə event (tədbir) yaradıb paylaşacağını gözləyirdim. Az qala köşkü sökülmüş alverçi haqqında da sərt bəyanat yayan siyasi partiyaların, onların gənclik təşkilatlarının gölünə elə bil daş atıldı. Başqa vaxt kükrəyən bu adamlar kölə mütiliyi ilə susdular. Yenə susacaqlar. Bunların verdiyi hər müsahibədə avrointeqrasiya deməsinə baxmayın. Doğulduqları tövlə adətlərinin, ənənəçiliyin əsiri olaraq qalırlar. Avropa siyasətçiləri bunların simasında zərrə qədər Avropa nəcabəti görsəydi, gedib iki əllə İlham Əliyevdən yapışardımı? Axı sizin haranıza yaraşır Avropa? Üzv olacaqsızsa bu mövzuda qəti fikri olan Rusiyaya qulp olun. Aldatmayın camaatı.

Elə bilməyin avropalı olmaq geyə hörmətdən keçir. Qətiyyən. Orda da ailə dəyərlərinə sahib çıxan milyonlarla insan var. Hər halda bir neçə ay əvvəl eynicinsli nigahlara qarşı küçələrə etiraz etməyə çıxan yüzminlərlə adam azərbaycanlı deyildi. Fransa vətəndaşı idi. 

Birdəfəlik başa düşmək lazımdır ki, bu ölkədə insan statusu qazanmaq üçün qaçqın, şəhid, dindar, yapçı, veteran, deputat olmaq lazım deyil. Vətəndaş olmaq yetər. Yetməlidir. İnsan kimi hüquq müdafiəsinə ehtiyacı olan kimsə maska taxmamalıdır. Qərbdə humanizmin varlığı orda human (insan) dəyərinin olmasıdır. Əfqan ol ya çinli, indus ol ya vəhhabi insaniyyət əlini sənə uzadacaqlar. Hüququn qorunacaq. Doğma vətəndaşları olmasan belə. 

Yazının başlığında ləyaqət sözünü boş yerə işlətməmişəm. Ləyaqət sözü o insanlara yaraşır ki, bu dünyada alnıaçıq yaşayıb, alnıaçıq gedirlər. Ölmədən öncə banka olan borcunu ödəyib intihar etmişdi İsa. Bu kirli dünyada kimsənin qarşısında borclu qalmaq istəməmişdi. İmkansız, çölə atılmış birisi olsa da, borcunu ödəmək gücünü tapmışdı özündə. 

Dostuna pul atmaqla lovğalanan, ancaq geyi cəhənnəmlik sayan azərilər, Rəbbin sənə hansı günahla hüzuruna gəlməməyini əmr etdi? Qul haqqı ilə. Allah hər günahı bağışlamağa qadirdir. Bircə qul haqqını qulun özü bağışlamalıdır. Ey, qul haqqı yeyənlər bilin ki, o gəncdən daha aşağı mərtəbədəsiz. Başınızı nə qədər möhürə qoysaz da.

Heç kəsə borclu qalmaq istəməyən gey İsa mənim üçün, şantajçı, yanıq veterandan daha üstündür. İntiharı ilə heç kəsi şantaj etmədi. Bircə bəndəyə vicdan əzabı vermədi. Bankdan çəkdiyi 350 min manatı başqalarının belindən çıxarmaq üçün kameralar çağırmadı. Sakit, kimsəni incitməyərək üsyan etdi. 

Özünü yandıran veteranın 200 min manat borcunu Səttar Mehbalıyev öz cibindən çıxarıb vermədi əlbət. O pul sosial yardıma, "13-cü maaş"a gözünü dikmiş yüzlərlə fağır fəhlənin haqqı idi. Minlərlə Allah qulunun haqqı yeyildi o pulda. Amma kimin vecinə... Əsas odur bir hakimiyyətin, bir də qaragüruh müxalifətin vətənşüvən gənclərinin könlü şad olsun. Nə yazıq ki, 20 il Əliyevlər zülmünə susanların qaçqın olduğu ancaq evi söküləndə, veteran olduğu ancaq bankda borcu olanda yadına düşür. Başqa vaxt erməninin yox, "bir parça çörəyin" əsiridirlər. Çox yazzıq...

Sözüm sizədir Azərbaycan vətəndaşları. Sizlərdən ricam nə gey hüququ müdafiəçisi olmanızdır, nə də onları sevməyiniz. Bəşər övladı yaranandan rənginə, cinsinə, dininə, geyminə görə öz qardaşlarına nifrət edib. Ağ amerikalının zənci nifrəti nəhəng məhkəmə cərimələri qorxusu altında zərərsiz hala gətirilir. Almaniya xolokostu inkar edən almanın qoluna qandal vurur. İnsaniyyət məcburiyyətlə olmur. Sadəcə kimisə lənətləmədən öncə düşünün və bu sualı verin: kim idi o Allah qulu? Zahirinə görə deyil, mənliyinə görə qiymət verin. Necə ki, çox-çox əvvəllər hamının iyrəndiyi it leşinə Hz.İsa (S.A) yaxınlaşmışdı və o itin parlayan dişlərini dünyanın ən gözəl mirvarisi ilə müqayisə etmişdi.

6 комментариев:

  1. Bu ölkəni hər cür ideyanın, ideologiyanın qəbiristanlığı sayırdım. İdeya uğrunda özünü qurban verən bir nəfər var imiş.

    ОтветитьУдалить
  2. yox artiqqqq deyirem kimi kimlerle muqayise etdiniz. Daha sizə sözüm yoxdu vallah. Səttat Mehbaliyevin ailesi övladları var idi ağılısız heç kime lazım olmayan ideyası yox. Men her kesin yaşama seçimine qarışmıram. Heç vaxtda ele insanları qınamamışam. Bu gündə qınamıram. Özünə bir yol seçdi ve bu yolda ilərləyə bilmədi. Ona indi yox özünə qəsd etməəzdən əvvəl sahib çixmaq lazım idi. Çox xahiş edirəm sizdən vətən uğrunda mübarizə aparan insanla belə insanları heç müqayisə belə etməyin. Yazarkən 1az düşünün Səttar Mehbaliyev və onun kimi insanlar vətən üçün nələr edib birdə İsa nə edib. 1 az düçünün. Bu həyat heç kim üçün rahat deyil

    ОтветитьУдалить
  3. Gorun kimle kimi muqayise etdiz. O yanig veteran dediyiniz veten ugrunda can qoyub, indi eziyyeti qiymetlendirilmeyib, uwagina,ailesine qazanacag pulu yoxdu ve caresizlikden, hiddetden bu addimi atib. Bu bambili gey ise kiwilerle yataga girmek ucun mubarize apardi ve isteyine nail olmadi. Hayif o veterana ki sizin kimi birisi onu bu cur alcaltdi.

    ОтветитьУдалить
    Ответы
    1. O veteran da alchaqdi o Isada. Her ikisini alchaldan ise cemiyyetdir. Ferq ondadir ki Isanin o veterandan ferqli olaraq, leyaqeti var idi.

      Удалить