2014-ün
ilk bloqpostunu bir intihara həsr edəcəyimi düşünməmişdim. Cinsi mənsubiyyəti
gey olan vətəndaşımız haqda yazacağımı isə heç təhmin etməzdim. İndiyədək rəhmətə
getmiş heç kəs haqda yazı yazmamışam. İnandığım 2 həqiqətə görə:
1.
Ölüm haqdır.
2. Ölənlə
ölünməz.
İsa Şahmarlını
tanıdıqdan sonra yazmalıydım. Azərbaycan adlı ölkədə ideyası uğruna ölümə gedən
də tapılarmış. Cəmiyyətin iyrəndiyi şəxs o cəmiyyətin qazisindən, gənc
yazarından, siyasi liderindən daha ləyaqətli ola bilərmiş.
Bir
neçə dəfə görmüşdüm o gənci. Gənclər sektorunda ictimai fəallığı olan qız və
oğlanlarla ucuz kafedə oturar, çörək yeyib çıxardı. Sizin təsəvvür etdiyiniz
parikli, kosmetikalı Tbilisi prospekti sakinlərindən deyildi. Küçədə görsəz hər
hansı gəncdən fərqləndirməzdiz. Daim gülərüz, sevinc dolu biri.
Amma bu
sevincin altında insan faciəsi gizlənərmiş. Pulsuz, evsiz olmaq problemdir.
İnsanlar arasında insan ola bilməmək faciə. İnsanlığın faciəsi. Arvad yanından
çıxıb transseksual yanına gedən bığıburma məmur kişilər sayağı seçim etməmişdi.
Allah yaratmışdı onu bu cür. Başqaları kimi ola bilmədiyinə görə onu yaradan
Allaha gecə-gündüz lənət yağdıra bilərdi. Amma o, "Tanrı hər kəsi
yaratdığı kimi sevir" deyirdi. İnsanlara da bunu anlatmağa çalışırdı.
Hər
ay Azərbaycanda onlarla adam intihar edir. İntihar zəiflikdir, deyirik.
Günahdır, deyirik. Belə etməyin! - deyirik. Amma bütün bu məsləhətləri normal
saydığımız adamlar üçün veririk. Təsəvvür edin, diri ikən birisinə "sənin
yerin Cəhənnəmdir" deyirlər və bu sözü hər gün təkrarlayırlar. Bir cəmiyyət
ki, vətəndaşını həm dünya, həm axirət həyatında cəhənnəmə layiq bilir, o cəmiyyətdə
yaşamağa dəyərmi?
İsa
öldü. İdeyası uğrunda öldü. Rənglərinə inandığı bayrağın altında öldü. Cəhənnəmə
çevrilmiş dünya həyatına əlvida deyərək, yoxluqda Cənnət tapmaq ümidi ilə öldü.
Bu ölkədə ideyası uğrunda özünü qurban verən neçə aktivist, neçə siyasətçi tapa
bilərsiz?
Hər
ay səhnəyə neçə-neçə satılmış siyasətçi, sınmış aktivist çıxır. Bəs onlar hansı
ləyaqəti ilə yaşayırlar? Facebook dostlarımdan biri mövzu açmışdı: "Belə
çıxır ki, bu uşaq ölkəsini süni təhlükə müqabilində qoyub qaçan, fikirlərinə
görə İsadan az fərqlənən "ziyalı mühacirlərdən" ləyaqətli adammış
ki!..."
Şübhənizmi
var?! İdeyası uğrunda ölmüş gey İsa oxucularının ümidini satmış, "qaçmasaydım,
məni öldürəcəkdilər" deyən yazarlardan da, partiyadaşlarını meydanda qoyub
evdə gizlənən adaşından da daha cəsur birisi idi. Kaş səndə də gey ləyaqəti olardı, ay İsa. O gənc
rənglərinə inandığı bayrağın altında öldü. Satdığın dostlardan, xəyanət etdiyin
tifaqlardan sonra sən hansı ləyaqətinlə yaşayırsan?
Doğrusu
bu hadisə ətrafında ajiotaj, kiminsə event (tədbir) yaradıb paylaşacağını gözləyirdim.
Az qala köşkü sökülmüş alverçi haqqında da sərt bəyanat yayan siyasi
partiyaların, onların gənclik təşkilatlarının gölünə elə bil daş atıldı. Başqa
vaxt kükrəyən bu adamlar kölə mütiliyi ilə susdular. Yenə susacaqlar. Bunların verdiyi
hər müsahibədə avrointeqrasiya deməsinə baxmayın. Doğulduqları tövlə adətlərinin,
ənənəçiliyin əsiri olaraq qalırlar. Avropa siyasətçiləri bunların simasında zərrə
qədər Avropa nəcabəti görsəydi, gedib iki əllə İlham Əliyevdən yapışardımı? Axı
sizin haranıza yaraşır Avropa? Üzv olacaqsızsa bu mövzuda qəti fikri olan
Rusiyaya qulp olun. Aldatmayın camaatı.
Elə
bilməyin avropalı olmaq geyə hörmətdən keçir. Qətiyyən. Orda da ailə dəyərlərinə
sahib çıxan milyonlarla insan var. Hər halda bir neçə ay əvvəl eynicinsli
nigahlara qarşı küçələrə etiraz etməyə çıxan yüzminlərlə adam azərbaycanlı
deyildi. Fransa vətəndaşı idi.
Birdəfəlik
başa düşmək lazımdır ki, bu ölkədə insan statusu qazanmaq üçün qaçqın, şəhid,
dindar, yapçı, veteran, deputat olmaq lazım deyil. Vətəndaş olmaq yetər. Yetməlidir.
İnsan kimi hüquq müdafiəsinə ehtiyacı olan kimsə maska taxmamalıdır. Qərbdə humanizmin
varlığı orda human (insan) dəyərinin olmasıdır. Əfqan ol ya çinli, indus ol ya vəhhabi
insaniyyət əlini sənə uzadacaqlar. Hüququn qorunacaq. Doğma vətəndaşları
olmasan belə.
Yazının
başlığında ləyaqət sözünü boş yerə işlətməmişəm. Ləyaqət sözü o insanlara
yaraşır ki, bu dünyada alnıaçıq yaşayıb, alnıaçıq gedirlər. Ölmədən öncə banka
olan borcunu ödəyib intihar etmişdi İsa. Bu kirli dünyada kimsənin qarşısında
borclu qalmaq istəməmişdi. İmkansız, çölə atılmış birisi olsa da, borcunu ödəmək
gücünü tapmışdı özündə.
Dostuna
pul atmaqla lovğalanan, ancaq geyi cəhənnəmlik sayan azərilər, Rəbbin sənə
hansı günahla hüzuruna gəlməməyini əmr etdi? Qul haqqı ilə. Allah hər günahı
bağışlamağa qadirdir. Bircə qul haqqını qulun özü bağışlamalıdır. Ey, qul haqqı
yeyənlər bilin ki, o gəncdən daha aşağı mərtəbədəsiz. Başınızı nə qədər möhürə qoysaz
da.
Heç kəsə
borclu qalmaq istəməyən gey İsa mənim üçün, şantajçı, yanıq veterandan daha
üstündür. İntiharı ilə heç kəsi şantaj etmədi. Bircə bəndəyə vicdan əzabı vermədi.
Bankdan çəkdiyi 350 min manatı başqalarının belindən çıxarmaq üçün kameralar
çağırmadı. Sakit, kimsəni incitməyərək üsyan etdi.
Özünü
yandıran veteranın 200 min manat borcunu Səttar Mehbalıyev öz cibindən çıxarıb
vermədi əlbət. O pul sosial yardıma, "13-cü maaş"a gözünü dikmiş yüzlərlə
fağır fəhlənin haqqı idi. Minlərlə Allah qulunun haqqı yeyildi o pulda. Amma
kimin vecinə... Əsas odur bir hakimiyyətin, bir də qaragüruh müxalifətin vətənşüvən
gənclərinin könlü şad olsun. Nə yazıq ki, 20 il Əliyevlər zülmünə susanların
qaçqın olduğu ancaq evi söküləndə, veteran olduğu ancaq bankda borcu olanda
yadına düşür. Başqa vaxt erməninin yox, "bir parça çörəyin" əsiridirlər.
Çox yazzıq...
Sözüm
sizədir Azərbaycan vətəndaşları. Sizlərdən ricam nə gey hüququ müdafiəçisi
olmanızdır, nə də onları sevməyiniz. Bəşər övladı yaranandan rənginə, cinsinə,
dininə, geyminə görə öz qardaşlarına nifrət edib. Ağ amerikalının zənci nifrəti
nəhəng məhkəmə cərimələri qorxusu altında zərərsiz hala gətirilir. Almaniya
xolokostu inkar edən almanın qoluna qandal vurur. İnsaniyyət məcburiyyətlə
olmur. Sadəcə kimisə lənətləmədən öncə düşünün və bu sualı verin: kim idi o
Allah qulu? Zahirinə görə deyil, mənliyinə görə qiymət verin. Necə ki, çox-çox əvvəllər
hamının iyrəndiyi it leşinə Hz.İsa (S.A) yaxınlaşmışdı və o itin parlayan dişlərini
dünyanın ən gözəl mirvarisi ilə müqayisə etmişdi.


Respect!!!!!!!
ОтветитьУдалитьBu ölkəni hər cür ideyanın, ideologiyanın qəbiristanlığı sayırdım. İdeya uğrunda özünü qurban verən bir nəfər var imiş.
ОтветитьУдалитьMöhtəşəm.
ОтветитьУдалить