Bir əvvəlki yazımda İŞİD-i silahlı
inqilab gerçəkləşdirən ideoloji dövlət
kimi tərif etmişdim. Onları "Yaxın Şərqin bolşevikləri" adlandırmışdım.
Düşünürəm ki, mövzunu bir qədər açmaq
lazımdır.
2011-in əvvəlindən cərəyan edən "Ərəb
baharı" inqilablarına baxsaq, inqilab baş verən bütün ölkələrdə cəmiyyət
iki əsas sosial təbəqəyə parçalanmışdı. Bəzi hallarda bu özünü məzhəb qarşıdurması
şəklində göstərirdi. Misirdə hərbi bürokratiya ilə mülki əhali, Liviyada Qəddafinin
tayfası ilə müxalif tayfalar, Bəhreyndə hakim sünni azlığına qarşı şiə çoxluğu,
Suriyada hakim ələvi azlığına qarşı sünni çoxluğu barrikadaların əks tərəfində
dayanırdı.
Bütün bu tərəflər mövcud ölkələrin
daxili qrupları idi. İŞİD isə heç bir çərçivəyə sığmır. Mahiyyəti ilə müasir
politoloji konsepsiyaları alt-üst edən fenomendir. Yarandığı coğrafiya tarixi sərhədlər
tanımır. İdeoloji baxışına görə Səudiyyə Ərəbistan meylli "Əl-Qaidə"dən
ayrılıb. Tərkibində 83 dövlətdən adam döyüşür. Nəinki Avropadakı mühacir uşaqları,
islamı yeni qəbul etmiş almanlar, avstraliyalılar bu ordunun sıralarındadır.
Mətbuatda İŞİD-i dəstəkləməkdə o qədər
ölkəni ittiham edirlər ki, sanki İŞİD yeni BMT-dir. Amerika, Səudiyyə Ərəbistanı,
İsrail, Britaniya, Qətər, Bəhreyn, Türkiyə. Hətta İŞİD-i İranın gizli planı sayanlar
da var. Sürdükləri ciplərin "Toyota" olduğunu nəzərə alsaq, yaponları
da bu siyahıya qatmaq ədalətli olar.
Bu qədər fərqli millətin nümayəndəsini
bir araya yığan nədir? Sosial-siyasi ədalətsizliyə etirazdan yaranan ideya.
Hansı ki, şəxsi maddi maraqla izah olunmur. Başda Kim Filbi olmaqla söy-kökləri
lordlar nəslindən gələn, İngiltərənin varlı təbəqəsinə məxsus "Kembric
beşliyi"nin kommunist hərəkatınaa casus kimi işləməsini başqa cür izah etmək
mümkün deyil.
Bəlkə diqqətinizdən qaçdı, İŞİD 98 əvvəl
cızılmış Suriya-İraq sərhədini sözün həqiqi mənasında buldozerlə söküb atdı. Ərəb
ölkələrinin sərhədlərinə diqqətlə baxın. Sanki kimsə əlinə xətkeş alıb kağız üzərində
həndəsi xətlər çəkib. Suriya, İraq, İordaniya, Misir, Sudan, İsrail dövləti deyil düzbucaqlı fiquru xatırladır.
Bu tarixi Yaxın Şərq xalqları
yazmamışdır. Bu sərhədləri onlar üçün Qərb imperializmi, ingilis-fransız
kolonistləri çəkmişdir. İŞİD-in sökdüyü iki dövlətin sərhədi deyildi,
Antantanın imzaladığı Sayks-Piko müqaviləsinin konturları idi. Ərəb qəbilə
başçılarını belə bu xətlərin tarixi həqiqiliyinə inandıra bilmişdilər.
Sayks-Pikonun xidməti idi ki, Suriya Fələstini Böyük Suriya torpaqları saydı,
müstəqil Fələstin dövləti yaranmadı. Səddam Küveyti tarixi ərazisi sayıb, İraqı məhvə
apardı.
![]() |
| Solda Sayks-Pikos xəritəsi Sağda müasir Yaxın Şərq dövlətləri |
Qərb imperializminin Yaxın Şərqə ayaq
basma tarixini 1914-cü ildən hesablasaq, 2014-cü il xeyli simvolikdir. İŞİD-i
100 ildir pozulmayan tarixin dönüş nöqtəsi saymaq olar. Kolonializmin köhnə sərhədləri
silinir. Ortaya yeni, ideoloji baxımdan daha yekdil dövlət formasiyası çıxır. 98
il öncə Fransa Suriyanı ələvi-sünni-kürd; İngiltərə İraqı şiə- sünni-kürd dövləti
kimi xəritədə çəkib getmişsə, Yaxın Şərqdə axıdılan qanın durmaması heç də islam
dininin günahı deyil.
Nə üçün İslam dünyasında Türkiyə xaric
bircə demokratik dövlət yoxdur? Xeyli səbəb olsa da, tam cavab: Qərb
kolonializmi.
Tək Türkiyə kolonial işğalı
yaşamamışdır. Onun sərhədləri kağızda çəkilməyib. Dövlətin qədərini öz milləti
yazıb. İran belə 1979-ci inqilabınadək yarıkolonial nəzarətdə idi. Hələ də köhnə
hesablarla əlləşir.
Türkiyənin demokratikliyinə heç bir şübhəniz
olmasın. Adicə götürək Cemaat məktəblərinin Türkiyə və Azərbaycandakı taleyini.
Fətullahçılar Erdoğana etdiklərini Əliyevə etsəydilər, aqibətləri OMON-dan betər
olardı. Türkiyədə Cemaat liseyləri hələ də fəaliyyət göstərir. Azərbaycanda bir
gecənin içində hamısını bağladılar. Lisey uşaqlarının da ağlamaqdan başqa əlindən
heç nə gəlmədi.
Bəs bizim qalstuklu bəylərə Qərb
universitetlərində islam və demokratiya haqqında nə öyrətdilər? "Müsəlman
ölkələrində demokratiya mövcud ola bilməzmiş". Bu fikir hər hansı şeyx, ayətullah
tərəfindən uydurulmayıb. "Sivilizasiyaların toqquşması"
konsepsiyasının yaradıcısı Hantinqton da islamı qəbul etmiş amerikalı deyildi.
Nə zaman ki, özlərinə uyğun tayfa
başçısı, xunta generalı müsəlman ölkəsinin başına keçdi, problem yoxdur. Elə
ki, islamçı siyasi qüvvə demokratik yolla hakimiyyətə gəlmək istədi, beşiyindəcə
boğdular.
Boğmağa imkan tapmayanda növbəti 1 ildə devirmək
üçün hər şeyi edirlər. Təkcə islamçıları yox, həm də milli demokratları. 1992-93
Azərbaycan nümunəsi.
Yox, mən heç də inanmıram ki, bütün
bunları edənlər gizli kabinetlərdə yığışan buynuzlu masonlardır. Onlar hamımıza
məlum məşhur şəxslərdir. Demokratik seçki ilə hakimiyyətə gəlmiş Məhəmməd
Mürsini devirən xuntaçı general ABŞ hərbi məktəbinin məzunu general Sisi. Xuntaçı
generalın qətliamlarına haqq qazandırmaq üçün ""Müsəlman
qardaşları" inqilabı oğurladı" deyən ABŞ Dövlət Katibi Con Kerri.
Suriyanın 3 il ərzində viran qalmasına tamaşaçı kimi baxandan sonra Bəşər Əsədə
təriflər yağdıran yenə həmin Kerri. Qanuni prezident Məhəmməd Mürsini ölkədən
qaçırmaq üçün dərhal Misirə ezam olunan Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton.
Taledən Mürsi öz xalqına Kələki
rüsvayçılığını yaşatmadı. Bu səbəbdən minlərlə tərəfdarı onun uğrunda ölümə
getdi. Edama məhkum olunan 530 nəfər "Salam dar ağacı" şeiri oxumadı.
Dar ağacına getdi.
"Siyasətə qarışmayan" azərilər
xaric bugün İŞİD-ə başkəsən deyən "sekulyar"ların riyakarlığı Misir
hadisələrində özünü göstərdi. Onlar xunta tərəfindən küçələrdə qətl edilən 4000
nəfəri görməzdən gəldilər. 530 nəfərin edamına susdular. Hətta içlərindən
"əcəb eləyib qırırlar" deyənlər çıxdı. Haqqında edam hökmü
çıxarılanların arasında hamilə qadınlar olsa da.
Misir Qərbin çevriliş oyunu oynadığı ilk
ölkə deyil. 1991-ci Əlcəzairdə müxalif İslam Cəbhəsi partiyasının böyük səs
yığmasından qorxan hakim partiya ikinci tura seçkiləri ləğv etdi. Hakimiyyəti hərbçilər
ələ keçirdi. Hadisələr eynən Misirdəki ssenari üzrə davam etdi. Nəticə: 10 il
davam edən vətəndaş müharibəsi, 200 min qurban.
Bəhreyndəki hərbi bazası əldən gedər qorxusu
ilə dinc etiraz nümayişini başqa dövlətin qoşunu ilə qan içində boğan yenə həmin
Amerika idi. Bənzər gedişlər "Ərəb baharı"ndan nəsibini almış Tunis və
Liviyada edilir. Halbuki bu ölkələrin əhalisinin sayı Azərbaycan qədərdir.
İlahi ədalətin tərəzisi bir yerdə enəndə
digər yerdə qalxır. Düşünün ki, İŞİD-in İraqda güllələdiyi 1700 polisin yerində
Misirdəki hərbi xuntanın zabitləridir. Yəqin ki, çox az Misir vətəndaşı onları
qınayar.
Bir də məsələyə məzhəb gözü ilə baxanlar
vardır. Ali ruhaniləri Roma papası tək kimi düşmən elan etsə, onu lənətləyəcəklər.
Dost dedisə, nahağını haqq sayacaqlar. İran mediası sevmədiyi müsəlman ölkələrin
hökümətlərini gün boyu əhli-beyt malını talamaqda ittiham edir. Amma İraqın
korrupsiya xortumu Malikini qardaş adlandırır. Və bənzər "facebook" siyasətçiləri.
Siyasətdən fikir yürüdən şəxs gərək
dindar libasını bir kənara atsın. Əks-halda məzhəb, təriqət təşəbbüsçüsü kimi
görünəcək.
Azərbaycana gəldikdə. Müxalifət hələ də
qəbul edə bilmir ki, 1993-də Elçibəyi hərbi çevrilişlə devirən İran, Rusiya yox
"British Petroleum" neft konserni idi. Lakin ən böyük zərbə 2000-ci
illərin əvvəli, partiya üzvlərinin "QHT"ləşdirilməsi prosesində
vuruldu. Başa düşmədilər ki, bu Azərbaycanın siyasi gələcəyini sabotajıdır. Güclü
müxalifət gələcəyin güclü hakimiyyəti deməkdir. Növbəti güclü hakimiyyətlə isə
heç kəs təzədən hesablaşmaq istəməz.
Qərb neo-kolonialist düşüncəsi üçün Əlcəzair
İslam Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsinin heç bir fərqi yoxdur. Yerli hərdəmxəyallar
özlərini nə qədər qərbpərəst saysalar da.
Partiyalar III Sektor ilə aralarında
qırmızı xətt çəkməli ikən ən perspektivli üzvlərini öz əlləri ilə ora itələdilər.
Qrantdan gələn pul tamahkarlığı və özünü "Qərbin adamı" kimi sırımaq
xülyası partiya sistemini rəzil hala saldı. Təbii ki, pulu görən partiyadaşlar
köşeyi döndü. Missiyasını bitən kimi İRİ də, NDİ da ipləri kəsdi. Geridə isə aldanmış məhkum kəvakiblər qaldı.
Eyni tələ hakimiyyət üçün də quruldu.
1994-dən bu tərəfə verilən qrant və kreditlər keçmiş sovet rüşvətxorlarını daha
böyük korrupsionerə çevirdi. Verilən pulların necə istifadə ediləcəyini Qərbdə
çox gözəl bilirdilər. Bu siçan tuta bilən pişiyi əldən yedirdərək kökəltməyə
oxşayır. Nəticədə sahibkar kök, amma heç nəyə yaramayan pişik əldə edir.
Qrant
və kreditlər verilmədən ölkə öz imkanlarına buraxılsaydı, yerli hökümət daxili
infrastrukturu qorumağa daha meylli olardı. Necə ki, neftsiz Belarusiyanın
başına keçən Lukaşenko sovet kolxoz və zavodlarını qoruyub saxlaya bildi. Bugün
Rusiyanın hərbi müttəfiqi Lukaşenko Ukrayna məsələsində Putinə orta barmağın
göstərirsə, bu daxili faktora inamından irəli gəlir. Yeri gələndə Qərb
kreditorlarına "paşşolt" əmri verməyi bacarır.
Daxildə bütün dayaqlarını itirən Əliyevlər
neo-kolonial siyasətin qolubağlı əsirinə çevrildi. Zamanında korrupsiyaya sərmayə
kimi qoyulan pullar sonradan senatorlara, parlamentarilərə verilən rüşvət şəklində
artıqlaması ilə geri qayıtdı. Beynəlxalq banklara, Qərb birjalarında səhmlərə
yatırılan pullardan gələn gəlir ayrı bonus idi.
Mövcud balansda istər iqtidar, istər
müxalifət Azərbaycanın siyasi gələcəyini uduzmuş qüvvələrdir. İŞİD fenomeninin
nə vaxtsa Azərbaycanda yaranacağına əmin deyiləm. Bu ölkədə islam da
"kitayski"dir. Amma İraqın başına gətirilənləri burada həyata keçirməyə
tərəddüd etməyəcəklər.
İŞİD 100 il əvvəl Yaxın Şərq üçün yazılan
sərhədləri pozdu. Çıxış yolu kimi isə İraqın 3 dövlətə parçalanma ehtimalı görünür.
Qoy hər tayfabaşı öz tayfasını (şiə, sünni, kürd) idarə etsin. Nə yeni səddamlara
ehtiyac qalar, nə də İŞİD-ə.





Комментариев нет:
Отправить комментарий