Son günlər internetdə ən çox müzakirəyə
səbəb olmuş yazılardan biri də Günel Mövludun "Futbol düşüklüyü"
yazısıdır. Adətən, müzakirə obyekti olan məqalələr şok faktlara, fərqli baxış
bucağına görə səs salır. Gəl ki, başın çıxmadığı şeydən yazasan və dilə düşəsən.
Bax, bu, əsl məzhəkədir.
Elə yazdığı yazıya da ələ salaraq cavab verdilər. Özü də yaradıcı şəkildə. İşin ən maraqlı tərəfi vaxtilə Güneli ucaldan gənclərin onu yerdən-yerə vurması oldu. Ən intellektual, tolerant gənc belə fərqli fikirliliyə, zəif yazıya dözüm göstərə bilər. Ancaq istedadsızlığın cəmiyyətə sırınmasına yox.
Məqalədəki "22 nəfər kişi saatyarım boyunca bir topu ora-bura qovalayır" arqumentini orta məktəb
şagirdi də alt-üst edər. Problem ondadır ki, bunu yazanın adı publisistdir. Gənc
xanım jurnalistlərdən biri mövzu üstünə olmuş hadisə paylaşmışdı. Televizorda
qolf oyununu izləyən kənd arvadı heç nə başa düşmür. Oğlu evə gələndə soruşur:
"Ay oğul, bayaqdan baxıram. Bu boyda kişilər əllərində "lapatka"
bir ağ siçanı öldürə bilmirlər".
Zənn edin ki, həmin kənd arvadlarından
biri gəlib düşüb mətbuata, xalqa həyatı başa salır. Hansı idman növlərinə
baxmağı, necə yaşamağı, hətta yataqda necə sevişməyi izah edir. İzah nədir, tələb
edir!
Əlbəttə, mən bu yazıda kənd arvadlarını
zərrə qədər aşağılamaq istəmirəm. Tarlada işləyən, heyvan bəsləyən həmin kənd
arvadlarının zəhmətidir ki, biz süfrəmizdə ucuz ərzaq yeyirik. Amma onların heç
biri başı çıxmadığı mövzulara girmir. Hələ-hələ Avropada oturub, burda
yaşayanlara ağıl vermir.
Günel Mövludu "publisistikanın
leşyeyəni" adlandırmaq istəməzdim. Amma siyasət xaric, saytların xəbər
lentində hansı qalmaqallı zorlama, baltalama, intihar xəbəri varsa, Günel mütləq
ondan yazacaq. Növbəti yazısının mövzusunu bilmək üçün Zirəddin olmaq lazım
deyil. Təki, şirə üstünə qonan milçək olsun. Gördü ki, azad seks, qadın
zorakılığı mövzularına fikir verən yoxdur, girişdi futbola.
Hələ bu vaxtacan heç kəsin diqqət vermədiyi
mövzudan yazdığını, fərqli mövqe qoyduğunu, gördüm deyən olmayıb. Adətən, Əli
Əkbər ilə Seymur Baycanın çeynəyib tökdüyü mövzuları malalayıb saytlara verir.
Məsələn, Seymur Baycanın rus qadınları haqda fikirləri. Bu da götürüb yazmışdı
ki, rus qadınları azərbaycanlı qızlarla müqayisədə yataqda daha yaxşı sevişir.
Məhz, ona görə rusların mədəni səviyyəsi yüksəkdir. Oğlu Rusyətdən qız gətirmiş
növbəti kənd arvadının ziyalı mövqeyi. Tutaq ki, Seymur belə yazılarla sadəlövh
qızlarda kompleks yaradıb, seksual həyatını rəngarəng etməyə çalışır. Sən hansı
dərdinə dərman bilirsən?
"Futbol düşüklüyü" məqaləsində
kişilər futbola nə üçün baxır? məsələsinə girməyəcəm. Tağı Əhmədov demişkən,
belə çox gülməli. Nəinki kişilər, "facebook"da futbol matçlarından həvəslə
yazan qadın azarkeşlərin sayı özü cavabdır.
Elə zövqlər var ki, biz, sadəcə, onu
anlaya bilmirik. Məsələn, mən heç vaxt azərbaycanlıların nə üçün bu qədər araq
içdiyini anlaya bilməyəcəyəm. Mənim üçün araq tərkibində heç bir qidalı maddənin
mövcud olmadığı, etil spirtinin kimyəvi düsturudur. Digər içkilərin orqanizmə
faydası haqda nəsə demək olar. Amma araq içənləri düşük adlandırmaq, nəinki hörmətsizlik, heyvərəlik olardı.
"Barselona" futbol klubunun
forması üzərində loqosunu yazdıran "Qətər Hava Yolları" şirkətinin 30
milyon dollar ödəməsi məsələsinə aydınlıq gətirmək vacibdir. Bu adam Berlinəcən
gedib çıxıb, hələ də dərk etməyib ki, biznesdə 60 milyon dollar götürmək üçün
30 milyon xərcləmək şərtdir. 1997-ci ildə 4 təyyarə ilə fəaliyyətə başlayan
"Qətər Hava Yolları" bu gün 144 təyyarə ilə dünya üzrə ilk üçlüyə
girir. Təbii ki, uğurlu reklam siyasəti olmadan belə yüksəliş əlçatmazdır.
Ola bilsin, gəlirləri çox şişirtdim.
Dünyanın 84 faizini birləşdirən təyyarə şirkətlərinin illik pul dövriyyəsi 18.4
milyard dollar olduğu halda, xalis gəlirləri cəmi 2.4 faizdir. Planetin ikinci ən
böyük şirkəti olan "Türk Hava Yolları" 2013-cü ili zərərlə
bağlamışdır. Müasir biznesdə vəhşi kapitalizm dövrü bitmişdir. Bəs kim qazanır?
Futbola baxmaq üçün Avropanın bir ölkəsindən
digər ölkəsinə ucuz biletlə səyahət edən sadə insanlar. Bu gün Avropa xalqları
arasında qanlı müharibələr baş vermirsə, bunun əsas səbəblərindən biri də
futbol qardaşlığıdır. "Barselona", "Real Madrid" kimi
klublar görün nə qədər insanı birləşdirir. Din, milliyyət, dəri rəngi fərqi
stadionlarda puç olur.
Azərbaycanın "Atletiko Madrid"
forması üzərinə 15 milyon verib "Azerbaijan - Land of Fire"
yazdırması isə qəzəbə səbəb olur. Çünki vətəndaş başa düşür ki, Azərbaycan adı
ticarət markası deyil. Onu satmaq olmaz. Bu, sadəcə, ölkə təbliğatıdır. Verilən
pullar geri qayıtmayacaq. Turizmin inkişaf etdirilməsi arqumentinə gəldikdə isə,
dünya turizm lideri İspaniyada turizmi təbliğ etmək monqol turistlərə monqol
dublyonkası satmaq kimi bir şeydir.
Futbol futbolçuları milyonçu edən idman
növüdürmü? Məşhur futbolçuların xeyriyyə əməlləri bir tərəfə, böyük futbol
klubları parlaq gələcəyi olmayan Afrika sakinləri üçün ümid yeridir. Əsrlərdir
bu qitədən insan resursu adına zənci kölələr daşınıb. İndi istedadlı
futbolçular, marafonçular çıxır. Həmin insanlar ölkələrini də unutmur. Sərmayə
qoyurlar. Vurduqları qollar sayəsində isə ağ avropalıların irqçi, ksenofob
stereotipləri hörmət hissi ilə əvəz olunur.
Vaxt olmuşdur ki, futbol diktator rejimlərin
propaqanda maşını idi. Diktator Frankonun "Real Madrid"i, Argentina,
Braziliya xuntasının sevimli milli futbol komandaları. Ancaq həmin rejimləri
yıxan da futbol oldu. Franko "Real Madrid"in məğlubiyyətindən sonra
infarkt keçirdi. Argentinada keçirilən 1978-ci il Dünya Çempionatı xuntanın
sonunun başlanğıcı oldu. Futbol və futbolçu istəsə belə, diktaturanın dostu ola
bilməz. Jurnalistlərin keçə bilmədiyi ölkə sərhədlərini futbolçular aşır.
Qəribə gələr, ancaq futbolçular Günel
Mövlud kimilərlə müqayisədə həqiqi maarifçidir. Pelenin "Mən - Pele"
avtobioqrafik kitabını oxumaq üçün minlərlə bisavad braziliyalı öz səyi ilə əlifbanı
öyrənib. Ölkənin Maarif naziri bu xidmətinə görə Peleni mükafatlandırıb. 100
Günel Mövlud klonlaşdırıb mətbuata buraxsalar, onca adam tapılmaz ki,
yazılarını oxumaq üçün əlifba öyrənmək istəsin.
Son illər bu adamın yazılarından çox, pərəstişkarı
olan oxucuları müşahidə edirəm. Şəxsi münasibəti olan adamları çıxsaq, demək
olar, əksəriyyətini eyni keyfiyyətlər birləşdirir. Qapalı mühitdə böyümüş, ailədə
inkubator cücə qədər qiyməti olmayan, travmalı kənd qızları. Bir də erkən yaşda
valideynləri boşanmış adamlar. Şəhər mədəniyyətini mənimsəmiş, demokratik
düşüncəli ailədə böyüyən, təhsilli bircə nəfərə rast gəlməmişəm ki, onun
istedadlı olduğunu desin.
Günel Mövlud fanatlarını heç cürə başa
sala bilmirəm ki, yazılarında nəinki ədəbi dəyər, informativlik belə yoxdur.
Yaxşı ki, "Futbol düşüklüyü" yazısı çıxdı. Hətta ən sadəlövh adam
publisist səviyyəsinin düşdüyünü dərk edər.
Tənqid etsək də, publisistikamızın kənd
arvadının geniş oxucu kütləsi qalacaq. Mütaliəli adam deyəndə biz yüksək mədəni
səviyyəyə malik, intellektli şəxs təsəvvür edirik. Yaddan çıxarırıq ki, ali təhsilli,
son moda paltar geymiş, amma məişət zehniyyəti daşıyan gənc kənd arvadları da
oxuma-yazma bilir. İstəyir həyat travmalarından dastan da qoşsunlar. Bircə
futbol mövzusuna girməsinlər.

Комментариев нет:
Отправить комментарий