Bir çox sadəlövh müsəlmanın inandığı
Mehdi, on ikinci imam söhbətlərinin uydurma olduğunu hər zaman bilirdim. Bu
yaxınlarda öyrəndim ki, qiyamət öncəsi gəlişi vəd edilən Dəccal da uydurma
imiş. Quranda nə Dəccal, nə də Mehdinin adı yoxdur.
Təəccüblənəcək bir şey də yoxdur. Hər
şey amerikan komikslərindəki kimi sadədir. Supermənin bütün fövqəladə bacarıqları
heç nəyə yaramazdı. Əgər qarşısında dünyanı ələ keçirmək istəyən dahi cinayətkar
dayanmırsa.
İddia edəcəklər ki, bəs Quranda hər şey
açıq yazılmayıb. Bəzi ayələrdə gizli mənalarla verilib. Bu Quran şifrlər
kitabıdırsa, sadə müsəlman onu niyə oxumalıdır ki? Qoy, Quranla ekstrasenslər,
numeroloqlar, falçılar məşğul olsun.
Günümüzdə İncili tədqiq edən alimlər belə
bu qənaətə gəliblər ki, Yəhyanın Yevangeliyasında göstərilən antixrist obrazı
imperator Nerona, 666 rəqəmi Roma şəhərinə işarədir. Yəhudilərin Tövrat,
Kabbala, İncil kimi kitabları numerologiya üzərində qurulub. Yəni, hərflər rəqəmlər
kimi, rəqəmlər hərfi anlamda şərh edilə bilər. Əsasən iki səbəbə görə. Yəhudilərin
daim təqib olunması şəraitində məxfiliyə əməl etməsi. İkinci səbəb, ali kahinlər
sayılan ravvinlərin xalqın başa düşməyəcəyi dildə rabitə qurma istəyi.
Dəccal və Mehdi bir-birini tamamlayan
ideal qəhrəmanlardır. Hətta onlar haqda uydurulan əfsanələr o qədər zəngindir
ki, günümüzün siyasəti üçün əla propaqanda materialı ola bilər. Xüsusilə, Yaxın
Şərq və İŞİD mövzusunda.
Düşünün ki, İran məscidlərinin birində
xütbə deyən ayətullah "səhih" hədisdən Dəccal haqda sitat gətirir:
"Dəccal yəhudidir, dəccal kafirdir. Şam və İraq arasındakı bir yerdə
doğulub ərəblər üzərinə gedəcək..."
Ömrü boyu üç-dörd kitab oxuyan, Aşurədə
zəncir vuran əhli-beyt nümayəndəsi bu sözləri eşidib tir-tir əsəcək. Əvvəl məsciddə,
sonra feysbukda İŞİD-ə lənətlər yağdıracaq. Deyəsən, son vaxtlar İranda Mehdinin
zühuru barədə bəyanatlar boş yerə verilmirdi. İran təzə hazırladığı atom bombalarından
birini atar "Dəccal ordusu"nun üstünə. Kafirləri cəhənnəmə vasil edər.
Baş ayətullah da Mehdi kimi göy üzündən (təyyarədən) zühur edib, qədəmlərin yerə
basar.
Xurafat bir yana, İŞİD kimi dövlət-ordular
göydən enmir, yerdən bitmir. Hər şey məntiq
qanunları əsasında, siyasətin acı reallığı kimi ortaya çıxır. İŞİD 2006-cı ildə
yaranıb. O zaman ki, İraqdakı amerikan əsgərləri təzəcə hakimiyyət dadmış şiə ərəblərin
korrupsiya iştahasından ah-nalə edirdilər. Amerikaya loyallığına görə baş nazir
vəzifəsinə gətirilən Maliki Əliyevlər hakimiyyətinin eybəcər metodlarının
hamısından istifadə etdi. Tayfabazlıq, fantastik korrupsiya, siyasi rəqiblərə
qarşı açılan cinayət işləri.
Sünni ərəblərin lideri, prezident köməkçisi
Tariq Əl Həşimiyə qarşı saxta cinayət işi açdı. Haqqında qiyabi edam cəzası
çıxardı. Məmur postlarını sünnilərdən təmizlədi. Bağdaddakı hakimiyyət on
milyardlarla dollarlıq neft pullarını mənimsərkən, yerli xalq cır-cındır içində
yaşayır. İraq dünya korrupsiya reytinqində ilk beşlikdədir. Malikinin rəsmi maaşı
isə ildə 3 milyon dollardır. Obamadan 4 dəfə çox.
AzTV-in ağlı olsaydı, gedib İraqdan
reportajlar hazırlardı. Malikinin harınlığını görən sıravi azərbaycanlı yatıb-qalxıb
İlham Əliyevə şükür edərdi. Plyus Amerikanı söymək öz yerində. Yoxsa bu nə maskaraddır,
Fransada liftlər işləmir, Almaniyada bomjlar etiraz edir.
Siyasi müxalifəti boğanlar gec-tez
silahlı müxalifətlə üz-üzə qalmağa məhkumdurlar. Rüşvətxorda milli ruh olmadığı
kimi paytaxtdan uzaqda qərarlaşan İŞİD Malikinin vecinə deyildi. Elə ki, zaman
yetişdi, döyüşməyə əsgər tapa bilmədi.
Azərbaycan ictimaiyyətinin düşüncəsində
İŞİD başkəsənlər, saqqallı vəhhabilər, terrorçu təşkilat kimi yansıyır. Qorxu və
stereotiplər burulğanında yaşayan mühit üçün normaldır. Soyuq başla təhlil edəndə
İŞİD-in nə qədər ciddi qüvvə olduğu ortaya çıxır.
Xəritə üzərində strateq kimi işləyirlər.
Ağır texnikaya malik olmadıqları halda, hücumları ildırım sürətlidir. Hücum
qabağı konspirativlik qorunub. Bilinir
ki, yüz qram araq içib açarını itirən bizim müxalifətçilər kimi sirlərini aləmə
yaymayıblar.
Dağla-daşla əlləşmirlər. Leninin "inqilab
zamanı ilk növbədə poçt, teleqraf, dəmiryolu xətləri ələ keçirilməlidir" təlimatı
kimi ilk növbədə strateji hədəfləri ələ keçirirlər. Divin canı şüşədə olduğu
kimi, İraq rejiminin canı kəmərlər və neftayırma zavodlarındadır. Ən gərgin döyüşlər
də onlar uğrunda gedir. Bu obyektlər qısa zamanda ələ keçirildiyi halda, İŞİD
öz şərtlərini asanlıqla neftdən asılı Qərbə diktə edə biləcək.
İŞİD-i əminliklə "Yaxın Şərqin
bolşevikləri" adlandırmaq olar. Bu artıq məxfi terror təşkilatı deyil.
Silahlı inqilab gerçəkləşdirən ideoloji dövlətdir. İnternasional orduya malikdir. Tərkibində 83
ölkədən könüllülər döyüşür. İŞİD ordusundakı 400 nəfər Britaniya vətəndaşı nəyə
desən dəyər.
İŞİD-in Mosulda 1700 nəfər polisi güllələməsi
kövrək qəlbli azərilər üçün "ujas"dır. İnqilabın qələbəsi üçün isə həyati
vacib addım. 97 il əvvəl eyni taktikanı bolşeviklər işlədirdi. Hərbi terror sadə
xalqa qarşı deyil, köhnə rejimə sadiq güc strukturlarına tətbiq edilirdi.
İŞİD "Müsəlman qardaşları"nın Misirdə
yol verdiyi strateji səhvləri yerindəcə həll etdi. Məhkəməyə vaxt sərf etmədən.
Əks-inqilaba şans vermədən. Demokratik
Gürcüstanda belə Saakaşvili hakimiyyətə gələn kimi minlərlə polisi həbs
etdirdi. Hədəf heç də rüşvətsiz ölkə yaratmaq cəhdi deyildi. Şevarnadze rejiminin
güc rıçaqlarını bir daha istifadə edilməyəcək şəkildə sındırdı.
İdeoloji şiə-sələfi düşmənçiliyi İraqdan
da kənar qalmır. İşidçilər üçün işlədilən başkəsən, qatil, murdar vəhhabi sözləri
şiələrin leksikonunda boldur. Burada belə bir sual yaranır. 1979-cu il inqilabından
sonra İranda azmı solçu "dinsiz" kimi güllələndi? Yaxud milli fəallar?
Alnına qara lent bağlamış azmı gənc Xomeyninin fətvası ilə minalı sahələrə göndərildi?
Sualları qınaq kimi vermirəm. Zamanında zəruri
addımlar atılmasaydı, İran İslam inqilabı bu günədək yaşamazdı. Sadəcə adamın
öz gözündəki şalban məsələsi.
Bir də bizim müxalifətçilərin baxış
bucağı var. Əvvəllər müxalifətin sələfi icmasına ünvanladığı "Niyə müxalifətə
qoşulub mübarizə aparmırsız?" sualı haqda fikrim bu olurdu ki, sələfilərin
əksəriyyəti rusdilli şəhər uşaqlarıdır. İçlərində xeyli məmur övladı da var.
Atalarına qarşı çıxan deyillər ki.
Sonralar xurafatdan uzaq Sumqayıt,
Xaçmaz kimi şəhərlərdən yüzlərlə fəhlə-kəndli balasının könüllü şəkildə Suriyaya ölməyə
getdiyini görəndə düşündüm. Yəqin ki, məntiqli əsasları var. Son günlər köhnə
müxalifətçilərin yazdığı "Ay hakimiyyət, amandır qoyma! Vəhhabilər gəlir.
Biz olmasaq bunlar sizi də, bizi də məhv edəcək" tipli statuslardan sonra
məsələ aydın oldu.
Ay bədbəxtlər, 21 ildir məhrumiyyətlər
içində sizi süründürən bu hakimiyyətdir. Yataq otağınıza "juçok"
qoyan, arvad-uşağınızın üstünə maşın sürən yenə bu hakimiyyət. Siz gedib nə ilə
məşğul olursuz? Sələfi yaxud şiə, bu dini icmaların hansı nümayəndəsi sizə nəsə
pislik edib?
Əlbəttə ki, boş hədəflərlə, öz qorxuları
ilə əlləşən adamlara heç kəs qoşulmaz. Müxalifət üzvlərinin belə fikirləşməsində
bir yazıqlıq çağırışı var. Yəni, niyə bizi sıxırsız? Parlamentdə üç-dörd
mandatdan, qərargahdan zaddan verin, başımızı aşağı salıb, müxalifətçiliyimizi
edək də.
Etiraf etməliyəm ki, iqtidar inqilaba
hazırlıq sahəsində müxalifətdən daha çox iş görür. Türk liseylərinin
bağlanmasından sonra gənc nəsli nurçular deyil, əxilər, "Meşə
qardaşları" yetişdirəcək.
Son olaraq, İraq və İŞİD-ə baxıb Azərbaycanın
aynadakı gələcəyini görmək olar. Doğru siyasi proqnoz vermək istəyən adamın nə dini, təriqəti, nifrəti, sevgisi olmasın gərək.
Soyuq başdan savayı. Bu xalq qədərini Mehdi, Dəccal cəfəngiyatına bağladığı gün
uduzdu. Günümüzün siyasəti təkrarlanır. Keçmiş kimi.



Комментариев нет:
Отправить комментарий