24 may günü "Real Madrid"
azarkeşləri çempionluğu qeyd edərkən, mənim sevincim üçün daha vacib səbəb
vardı. Türk rejissor Nuri Bilge Ceylan Kann kinofestivalının baş mükafatını –
"Qızıl palma budağı"nı qazanmışdı.
Bu Nuri Bilge Ceylanın ilk uğuru
deyildi. O Kannın qırmızı xalısını pillə-pillə qalxmışdı. Hər dəfə bir uğuru ilə.
Hələ 1995-ci ildə çəkdiyi qısametrajlı "Koza" filmi ilə Kanna dəvət
aldı. 2002-ci ildə "Uzaq" filmi festivalın Qran-prisini qazandı.
2008-də "Ən yaxşı rejissor" mükafatı. 2011-də "Bir zamanlar
Anadoluda" filmi ilə yenidən Qran-pri. Və nəhayət, "Qızıl palma
budağı" gətirən "Qış yuxusu".
Elə mədəniyyət uğurları var ki, təsadüfə
bağlıdır. Xalq bir dahi yetişdirir və
uğur əfsanəsi onunla bitir. Bəşəriyyətə Çingiz Aytmatov bəxş edən qırğız xalqı
qırğız ədəbiyyatını yarada bilmədi. Dünya kinematoqrafında türk filminin uğuru
artıq təsadüf yox, əmin addımlarla irəliləyən hadisədir.
"Türk hara, mədəniyyət hara"
stereotipi ilə yaşayan Qərb üçün bu uğuru qəbul etmək elə də asan olmadı. Mövzu
cəhətdən tükənmiş Hollivud yüz milyonlarla dollar qarşılığında yaddaşlarda
qalan film çəkə bilmir. Avropa Fon Trierin fetişist filmləri ilə son nəfəsini
verir. Şərq isə yeni nəfəsdir. Bu səbəbdən Türkiyə və İran filmləri, demək
olar, hər il bir kinofestivalın baş mükafatını qazanır.
Türk rejissorlarının uğuru Nuri Bilge
Ceylanla başlamır. "Qızıl palma budağı"nı daha öncə Yılmaz Güney
"Yol" filmi ilə ala bilmişdi. Amma o illərdə türk filmi dissident həyatı
yaşayırdı.
2000-lərdən başlayaraq dünya kinematoqrafı
türkü olduğu kimi qəbul etməyə başladı. 2004-də "Divara qarşı" filmi
ilə Fatih Akın Berlin kinofestivalının "Qızıl ayı" mükafatını
qazandı. 2007-də "Yaşamın kıyısında" filmi "Ən yaxşı
ssenari" nominasiyasında Kannın qalibi oldu. 2010-da Semih Kaplanoğlunun
"Bal" filmi Berlində "Qızıl ayı"ya layiq görülür. Siyahını xeyli uzatmaq olar.
Yaxın Şərq və MDB auditoriyasını zəbt
etmiş türk seriallarındakı aktyor ifasının keyfiyyətinə şərh verməyəcəm. Türklər
Çar Rusiyası saray həyatını anladan "Kurt Seyit və Şura" serialını
özündənrazı rus tamaşaçısına sevdirə biliblərsə, artıq sözə ehtiyac yoxdur.
Bütün bu nümunələrə baxmayaraq, Türkiyə
mədəniyyətinin Azərbaycana təsiri hələ də ikimənalı qarşılanır. Bir qrup onu
bayağılıq gətirməkdə günahlandırır. Digər tərəf əksini iddia edir. Bu mövzuda
xeyli yazı yazılıb. Cavablar verilib. İki ölkənin mədəni nümunələrinin müqayisəsindən
çox fərqli yanaşmanın səbəblərini izah etmək istərdim.
Burada fərdi zövqdən çox şəhər və əyalət
mühitinin fərqliliyi özünü büruzə verir. Şəxsən mən şəhər mühitində böyüyən və
türk liseylərində təhsil alan nadir adama rastlamışam ki, Türkiyənin bayağılıq
gətirdiyini desin. Əksinə, əyalət mühitində böyümüş gənclərdə bu fikir daha
üstündür.
Hər bir sosial qrup yeni mədəni dəyərlər
qəbul edərkən, böyüdüyü mühitə uyğun elementləri daha yaxına buraxır. Yəni
dünyanı içində böyüdüyü ilə qavrayır.
80-lərin sonunda Türkiyə kinosu,
musiqisi, təhsili ilə Azərbaycana daxil olmağa başladı. Artıq SSRİ deyilən bir
baryer qalmamışdı. "Çalıquşu" filmi və "Yuva" teleserialı
Azərbaycan tamaşaçısı üçün ilk mədəni şoklardan idi.
90-ların əvvəli şəhər sakini uşağını
türk liseylərində oxutmağa cəhd edərkən, rayon adamı arabesk müğənnilərin
mahnılarını köçürmək üçün kaset axtarırdı. Elm adamları Türkiyə universitetlərində
dərs demək üçün yola düşərkən, əyalətlərdən belə səfərlər "Turbo"
saqqızı və dəri "kurtka" gətirmək üçün edilərdi.
Təbii ki, gedən adamlar fərqli mühitə
düşürdülər. Kimi müəllim, ziyalı çevrəsinə, kimi də dönərçi, alverçi əhatəsinə.
Nəticədə qəbul edilən mədəni dəyərlər də fərqlənirdi. Türkiyədən qayıdan hər
adam özü ilə geriyə içində olduğu mühitin film, musiqi zövqünü gətirərdi.
Şəxsən mən TRT kanalını izlədiyim 23 il ərzində
orada bir dəfə də olsun Əmrah, Tatlısəs filmi ilə qarşılaşmamışam. 90-larda bu
adamlar videokassetlərdə əldən-ələ gəzərdi. Özünə hörmət edən türk kanalı
arabesk filmi efirə buraxmırdı. Elə indinin özündə də. TRT və digər böyük
kanallar Kemal Sunalın sosial etiraz yüklü filmlərini verdiyi halda, "İnek
Şaban" tipli ucuz kommersiya filmini mühafizəkar kütləyə hesablanmış STV-də
görmək olar.
SSRİ vaxtı kənd klublarında hind
kinolarına baxıb, vedrə-vedrə ağlayan kənd adamının Əmrahın ağlamalı filmlərini
qəbul etməsindən təbii heç nə yox idi. Zövqün fundamenti belə qoyulmuşdu. Bu o
zaman idi ki, Tunç Başaranın "Çərpələngi vurmasınlar" filmi "Ən
yaxşı xarici film" (1990) nominasiyasında "Oskar"a namizəd
olmuşdu. Amma adamlar Əmrahın "Acıların çocuğu"nu izləmək üçün
klublarda basabas yaradırdı.
Eynilə musiqi sahəsində. Musiqi zövqü
Baloğlan, Ağadadaş və adı naməlum neçə-neçə "palatka" müğənnisini
dinləməklə formalaşan uşağa İbrahim Tatlısəs çox doğma idi. Mahnının ritmindən
tutmuş sifət quruluşunacan. Elektron gitarada "lezvalayan" mahnılar
oxuyan toy müğənnisinin repertuarını arabesk janr çox sürətlə əvəzləyə bildi.
Zaman keçdi. O mahnılarda yetişən
insanlar fərqli mədəni mühitə düşəndə pərəstiş etdikləri hər şey çox bayağı gəlməyə
başladı. Tək günahkar isə Türkiyə oldu.
Əlbəttə, şəhər də türk pop musiqisinin təsirindən
yan keçə bilməzdi. İzel, Kayahan, Sezen Aksu, Mirkelam, təzə-təzə populyarlaşan
Tarkan 90-ların yadda qalanlarındandır.
Müstəqillik dövründə Türkiyə qarşısına fəxrlə
çıxara biləcəyimiz heç nəyimiz yoxdur. Ona görə də əlimizi atırıq sovet dövrünə.
Orada da əlimiz boşa çıxır. “Yeşilçam”ın kommersiya filmləri dalğası yaşandığı
1964-cü ildə "Susuz yay" filmi Berlin kinofestivalının baş mükafatını
aldı. Venesiya kinofestivalının xüsusi mükafatına, Meksikada "Qızıl
Maya"ya layiq görüldü. Sovetin bütün mədəni təkanına baxmayaraq, biz o illərdə
fərli-başlı film çəkə bilmirdik.
Türkiyəyə apardığımız isə Üzeyir Hacıbəyov,
Fikrət Əmirov yox, "Əcaib heyvanlara bənzəyirsən" nəqarətli meyxana
oldu. Türk mətbəxinin balıq və tərəvəzdən hazırlanan onlarla xörəyi olduğu
halda biz dönər kababı, bir də qutaba bənzəyən lahmacunu sevdik.
Sonda Xruşşov dövrünün bir anekdotunu
xatırlatmaq yerinə düşər. "Amerikaya çatmalıyıq, ötməliyik!" şüarının
meydan suladığı vaxtlarda çıxışını bitirən kənd soveti sədrinə kolxozçulardan
biri belə sual verir: "Olar Amerikaya çataq, amma ötməyək?" Sualın səbəbi
öyrənilmək istəniləndə isə cavab belə olur: "Amerikanı ötsək şalvarın
dalındakı yamaq görünər, axı".
Ən yaxşısı şalvarınızı dəyişin,
yoldaşlar. Qabağa qaçmaqla daldakı yamağı gizlətmək olmaz.

Комментариев нет:
Отправить комментарий