"Allah fəxr etmək hissindən bizi
uzaq tutsun. Gördüyün işdən razı qalmaq olar. Fəxr etmək isə yox. Nobel
mükafatı alarkən belə fəxr etmədim. Getdim, aldım" - Aleksandr Soljenitsın
Tez-tez işlədirik bu sözü. Hansısa azərbaycanlı
bizə aidiyyəti olmayan futbol oyununda bayraq sallayır, fəxr edirik. Şit
dediyimiz müğənni mahnısının sonunda "I love you Azerbaijan" deyir,
yenə fəxr edirik. Və ilaxır, ilaxır.
Əsas odur bütün bu hadisələr xaricdə baş
versin. Məhz xaricdə. Xaricdə olmayıbsa, kiminsə hesabına, tapşırığı ilə olub.
Başqa cür ola bilməz.
Görəsən, yapon, alman, yəhudi bu qədər fəxr
edirmi? "Fəxr edirəm..." cümləsini bu sayda işlədirmi? Şahidi olmamışam.
Biz bizə aidiyyəti olmayan şeylərlə qabağında azərbaycanlı sözü var deyə fəxr
etməyə vərdiş etmişik.
Lütfizadə ilə fəxr edirik. Halbuki bu
adamı doğum yerindən başqa heç nə Azərbaycana bağlamır. Elmi nailiyyətlərini
burada qazanmayıb. Ömrünün qalan hissəsini Azərbaycana həsr etməyib.
İxtirasından yararlandım deyən azərbaycanlıya rast gəlməmişəm.
İsrail yüksək texnologiyalar sahəsində kəşflər
edən alimlərinin əməyi ilə varlanarkən, Yaponiya futuristik cəmiyyət yaradarkən
biz bizə dəxili olmayan uğurlarla niyə fəxr edirik?
Çünki boşuq. Elmə deyil, lovğalığa güc
veririk. Gələcəklə deyil, keçmişlə yaşayırıq. Dahi şair deyəndə Nizamiyə üz
tuturuq. XV əsrdə yaşayan azərbaycanlının Nizami ilə fəxr etməyə, bəlkə də,
haqqı çatardı. O vaxtlar humanizm ideyaları Avropaya hələ təzə-təzə ayaq
açırdı. XXI əsr sakininin Nizami ilə fəxr etməsi isə ədəbi qısırlıqdır. Mağara
dövrünə qayıdışdır. Keçmişin bütləri ilə fəxr etdikcə, gələcəyin dahilərini
beşikdə boğacağıq.
Böyük sevgisini unuda bilməyən qadın
kimi şanlı keçmişini unuda bilməyən xalqın gələcəyi olmur. Keçmiş gələcəyi əsir
alır. Dünyanın ən böyük imperiyasını yaratmış monqollar hələ də Çingiz xanla fəxr
edir. Çingiz xan dövründəki tək at minir, qımız içir. Makedoniyalı İskəndərdə
ilişib qalan Yunanıstan böhran içindən çapalayır. "Mənə pul verməyən
avropalının atasıyam" - deyib, antik Yunanıstanı xatırladır. Bəlkə, nəsə
verdilər.
ABŞ, Yaponiya, Almaniya, İsrail. Bu dövlətlərin
dünya xəritəsində parlaması 230 ili keçməz. Bəziləri heç vahid dövlət deyildi.
Bunacan imperiyalar yaratmamış, müstəmləkələr zəbt etməmişdilər. Fəxr ediləsi
keçmişləri yox idi. Keçmişləri olmadığı üçün gələcəyə baxdılar. Gələcəklə
yaşadılar. Bu səbəbdən biz o ölkələri tanıyanda özümüzü geridə qalmış sayırıq.
Təqvim eyni tarixi göstərsə də.
Onlar bir-iki Nobel mükafatı alıb fəxr
edə bilərdilər. Rahatlanıb, "biz tarix yazdıq" – deyə bilərdilər. Fəxr
etmədilər. Uğurlarına sevindilər. Uğura sevinmək vətən, millət naminə deyil, fərd
şəklində özünü göstərdi. Bu gün İT sahəsində işləyən hər bir israilli gənc
"Niyə məndən Sergey Brin, Mark Zukerberq olmasın?" sualını verir.
"Google" və "Facebook"u yaradan hər iki şəxs yəhudidir.
Halbuki onlar da bizim kimi Amerikada yaşayan "yəhudi"si ilə fəxr edə
bilərdilər.
Fəxr etmək istəyi nəcib saydığımız hisslərdən,
bəlkə də, ən alçağıdır. O, stimul vermək əvəzinə tənbəlləşdirir. Komplekslərlə
dolu ruhumuzu narkotik tək uyuşdurur. Heç nəyi yaratmadığımız halda, hər şeyi
bacarırıq illüziyasında yaşadır.
“Fəxr edirik” sözünü ən çox idman
yarışlarında qələbə qazanan idmançılarımız üçün işlədirik. İdmanın heç bir sahəsi
ilə məşğul olmamış adamın bunu deməsi isə kənardan gülünc görünür. Bir də
görürsən, medal almış idmançıdan ağızdolusu danışan adam uşaqların idman
meydançasını qaraja çevirmək üçün rüşvət verir. Bax, bunlar fəxr edərək yetişən
alçaqlardır. Başqalarının uğuru ilə fəxr edərək riyakara çevrilmişlər. Özləri
isə mənfəət hərisi, boş tuluqdan başqa bir şey deyillər.
İdman sahəsindən bir müqayisə. Olimpiya
oyunlarına ən az idmançı çıxaran bir islam ölkələridir, bir də İsrail. Əsas
idman növləri it boğuşdurmaq, xoruz döyüşdürmək olan müsəlmanlarla hər şey
aydındır. İsrail isə nadir dövlətlərdəndir ki, olimpiadada iştirak hər bir
idmançının şəxsi işi sayılır. Maliyyəni özün tapmalı, uğuru özün qazanmalısan.
İdmana dövlət qayğısı göstərmək kifayət
edərdi ki, "Mossad"ın, "SAXAL"ın təlim görmüş idmançıları
hesabına İsrail baş medalçılar sırasında olsun. Amma nəyə lazım. Bu halda bütöv
bir cəmiyyət beyni ilə deyil, əzələsi ilə fəxr etməyə yönələrdi. Olimpiada dövlət
prioriteti olsaydı, çətin ki, İsrail qeydə alınan elmi patentlər sayına görə
dünyada liderlik edərdi. Uğurlar çox olduqda medal da əhəmiyyətsiz olur.
Cəmiyyətin bütövlükdə fəxr hissinə
qapılması qorxuludur. Ruslar Almaniya üzərində bir böyük qələbə qazandılar. Gələcəklərini
uduzdular. Bu günün özündə də sıravi rusun Qələbə günü və silahdan başqa fəxr
edəcəyi heç nəyi yoxdur.
Başqasının uğuru ilə fəxr etmək vərdişinə
yoluxmuş cəmiyyət yaradıcı insanların deyil, parazitlərin artımı ilə üz-üzə
qalacaq. Bu səbəbdən hər hansı azərbaycanlının ədəbiyyat sahəsində Nobel
mükafatı almasından daha çox qorxuram. Nə vaxtacan almamışıq, yazıb-yarada bilərik.
Elə ki, birisi aldı, ya hamı ona oxşamağa çalışacaq, ya da qələmi yerə qoyacaq.
Комментариев нет:
Отправить комментарий