13 may günü Türkiyə üçün nəhs gəldi.
Somada ölkə tarixinin ən böyük kömür mədəni qəzası baş verdi. O qəza 301 insan
həyatını aldı.
Hadisədən iki gün əvvəl baş nazir
Erdoğan parlament çıxışında yazıçı Oğuz Atayın "Tutunamayanlar"
romanından sitat gətirərək, özünü elit zümrə tərəfindən alçaldılan
"tutunamayanlar"dan biri elan etdi. Viktor Hüqonun "Səfillər"i
ilə bənzər anlama gələn "Tutunamayanlar" türk ədəbiyyatının inqilabı
sayılır.
Bu iki hadisənin bir-biri ilə əlaqəsi nədir?
Cavab Türkiyənin qədəri. Anadolu insanının özünütəsdiq mübarizəsi.
Xilas olan mədənçilərdən biri xüsusilə
yadda qaldı. Təcili yardım maşınının xərəyinə uzanarkən "Çəkmələrimi
çıxardım. Kirlənməsin" - dediyi an. Somadakı fəhlələr həyat uğrunda
mübarizə apararkən faciəni bəhanə edən İstanbuldakı anarxist, solçu qruplar
Taksimə axışdı. Somadakı qara fəhlə bir xərəyin kirlənməsinə razı olmazkən,
onlar qarşılarına çıxan təcili yardım, polis maşınlarını məhv edirdilər.
Fəhlə haqqını qorumaq bəhanəsi ilə
vandallıq edənlərə elə o kirli çəkməli mədənçidən sillə kimə cavab gəldi:
"Təmizlik imandan gəlir. Şükür Allaha, müsəlmanıq. Dövlətin malına zərər
vermək yaxşı deyil".
Bir tərəfdə fəhlə "müdafiəçi"si,
ata puluna yaşayan şəhərli solçular. Digər tərəfdə dininə, imanına sadiq, yer
altında çörək qazanan Anadolu insanı. Halbuki birincilər ikinciləri daima
alçaltmışdı, yuxarıdan aşağı baxmışdılar. Dindoş, cahil demişdilər. Hər dəfə
seçki qutusunda o insanın qarşısında məğlub olduqda "Anadolu insanı müsəlmandır,
axmaqdır" - demişdilər. Hələ də deməkdə davam edirlər. Amma o insan
alnındakı kömür ləkəsinin altında qar kimi təmiz vicdan daşıyır.
Bəlkə, sizin üçün fərq etməz, amma
müasir Türkiyə tarixi bu iki insan tipi arasındakı mübarizədir. Atatürk Türkiyəsi
ölkəyə avropalaşma gətirsə də, heç vaxt sosial bərabərlik gətirməmişdi. Sosial ədalətsizliyi
bağışlamaq olar. Ancaq özünü elit zümrə sayan bir qrup tərəfindən ölkə əhalisinin
geri qalan hissəsinin mədəni diskriminasiyaya məruz qoyulması bağışlanmazdır.
Bir ölkənin bu gününün siyasəti haqda təsəvvür
əldə etmək üçün tarixini bilmək lazımdır. Tarixi anlamaq üçün isə dövrün
romanlarını oxumalı, filmlərinə baxmalısan. Heç bir tarixi əsər Yeşilçam filmləri
kimi Türkiyəni anlada bilməz. Hollivud Amerika, Bollivud Hindistan üçün nədirsə,
Yeşilçam Türkiyə üçün odur.
1950-70-ci illəri əhatə edən Yeşilçam
filmlərinin süjeti, adətən, bu cür cərəyan edərdi. Sosyete adlanan iri və orta
burjuaziyanın gənc övladları Anadoluya səfər edər, əylənərdi. Sosyete nümayəndəsi
oğlan avam kənd qızını aldadar, o qız intiqam almaq üçün elə sosyetedən birinə
çevrilərdi. Yaxud İstanbuldan gəlmiş təhsilli biri Anadolu insanına həyatı başa
salardı.
Filmlər bəzən əyalət insanının faciəsi
ilə bitərdi. Faciəli sonluq zamanla sosyeteyə qarşı nifrət yaratdığı üçün
Anadolu insanının faciəsini komediyaya çevirdilər. Bu dəfə o insanın saf qəlbi,
avamlığı lağa qoyuldu. Ssenaridə ləhcədən gen-bol istifadə edilər, qəhrəmanlar
tez-tez gülünc vəziyyətə salınardı.
O filmlər heç vaxt beynəlxalq
festivallara çıxmazdı. Sənət uğrunda çəkilməzdi. Broyler toyuğu kimi bir ucdan
istehsal edilərdi. İzmirli, istanbullu kinosevərlərin şən həyatı üçün.
Türk burjua ədəbiyyatının nümayəndəsi
olan Orhan Pamukun "Masumiyet müzesi" romanında varlı şəhər gənclərinin
film zövqü təsvir edilir. Onlar kinoteatrda ciddi film izləmək üçün ancaq
xarici premyeralara gedərdilər. Türk filmlərinə isə əyləncə məqsədilə
baxardılar. Təkcə filmin özünə yox. Ön cərgələrdə gözyaşı axıdan sadə Anadolu
insanına baxıb gülər, replika atmaqla əylənərdilər.
Bəli, hər şey sosyetenin zövqü üçün idi.
İçdiyi rakı qədəhində Atatürkü xatırlayan, seçki vaxtı gələndə sosial-demokrat
maskası taxan elit zümrə üçün. Oğuz Atayın yazdığı kimi "Türk solu hər
zaman gec oyanmışdır. Çünki bir gecə əvvəl səhərə qədər içmişdir".
Aktyor Kemal Sunalın yaratdığı Şaban,
İlyas Salmanın oynadığı Bilo obrazları Anadolu insanlarının siması idi. Alnında
kömür ləkəsi daşıyan milyonlarla fəhlə, kəndli Yeşilçam üçün sadəcə əyləncə
obyekti idi.
Heç düşündünüzmü, Türkiyəyə gedən azərbaycanlıların
ləhcəsi niyə İstanbul, İzmir sakinlərinə gülməli gəlir? Çünki filmlərdə məsxərəyə
qoyulan Şaban, Bilo elə bizlər idik. Ləhcəsi, adət-ənənəsi bizlə eyni olan Şərqi
Anadolu camaatı. Öz soydaşını, qardaşını lağa qoyub əylənmək bir zamanlar
Türkiyənin qədəri idi. Atatürk Türkiyəsi dedikləri bax, budur.
Şabanların, biloların nitqi türk
insanının şüuraltısına o dərəcə işləyib ki, azərbaycanlı ağzını açmağa peşman
olur. O filmlər düz 30 ildir çəkilməsə də.
Etiraf edək ki, o filmlərlə bizləri də
güldürməyi bacarmışdılar. Elə öz şəxsiyyətimizə güldürmüşdülər. Hər dəfə Türkiyəyə
gedib orada Erdoğan əleyhdarına çevrilən azərbaycanlı gənc görəndə acı bir
istehza hissi keçirirəm. Bu zavallılar komplekslərini ört-basdır etmək üçün
onlara lağ edənləri yamsılamağa çalışırlar. Mirzə Cəlilin "Meymunlar"
felyetonunun qəhrəmanları kimi. Hələ nitqindən tutmuş mimikasına qədər buqələmun
kimi dəyişən azərbaycanlı tələbə qızlar başqa aləmdir.
Bu gün o filmlər çəkilmir. Çəkilə bilməz.
Çünki Anadolu insanı özünə lağ ediləcək yer qoymamışdır. Elmdən tutmuş siyasətəcən
hər yerdə uğur qazanmışdır. Baş örtüyü ilə buraxılmadığı parlamentə belə girə
bilmişdir. Türkiyənin sahibi artıq odur.
Bir zamanlar kəndli qızı Əminə təlxək
Şabanın sevgilisi idi. Taleyin acı ironiyasıdır ki, Əminə adlı qadın bu gün Türkiyənin birinci
xanımıdır. Tarix "tutunamayanlar"ın qisasını bax, bu cür alır.
Recep Tayyip Erdoğanın "Mədən qəzası
mədənçinin qədəridir. Ölmək bu məsləyin qədərində vardır" sözünü qəribsəyənlər
bilsin ki, Anadolu zəhmətkeşi mədənçilər öz qədərlərini özləri yazmışlar.
İzmirlidən, istanbulludan soruşmadan. O qədərdə Erdoğan da vardır, olacaqdır.
Комментариев нет:
Отправить комментарий