Avroviziya müsabiqəsi son on ilinin, bəlkə
də, ən qəribə finalını yaşadı. Saqqallı qadın, yaxud uzunsaç kişi Konçita Vurst
qalib oldu. Hitlerdən bəri Avstriya dünyaya bu cür şok yaşatmamışdı. Konçitanın
fonunda təmsilçimiz Dilarə Kazımova 22-ci yerlə kifayətlənməli oldu. Bu mənzərənin
qarşısında belə bir sual yaranır. Bundan sonra nə etməli?
Digər Avropa ölkələrindən fərqli olaraq,
Avroviziya bizim üçün, az qala, milli məsələdir. Nə futbol yığmasının oyunu, nə
də atəşkəs xəttindən gələn şəhid xəbərləri bu qədər ajiotaj yaratmır. Heç bir mədəni
sahəyə Avroviziyaya qoyulduğu qədər pul qoyulmur.
İndi nə edək?
Avropa səhnəsinə arvad paltarı geymiş kişi göndərək, ya da kişi saqqalı taxmış
arvad. Bəs mentalitet? Camaat nə deyər? Mentalitetə də uysaq, birincilik şansı əldən
gedəcək.
Bir dəfə qalib olub müsabiqəni Bakıda
keçirdə bilmişik. Bəxtimiz gətirib ki, Konçita hələ 2012-də Avstriyanı təmsil
etmək şansını qaçırıb. Seçim turlarında ikinci olub.
Avropa gecə qarderoblu qızları, romantik
oğlanları daha istəmir. Ona yeni dad lazımdır. Konçita kimi. Bəlkə də, rusların
Konçita Vursta nifrəti elə bununla bağlıdır. Ruslar Avropaya azyaşlı, sarışın, ətcəbala
əkiz bacılar göndərdi. Avropa isə transı seçdi. Rus Nataşasının simasını hələ
belə alçaldan olmamışdı.
Zarafat öz yerində, il keçdikcə xeyli
Avropa ölkəsi üçün yarışma ciddiyyətini itirir. Biri qonşumuz Türkiyə. Hansına
ki, hər il 12 xal verib, xal alırdıq. 20 il əvvəl Avroviziya Türkiyə üçün, bəlkə,
hər şey idi. Milli qürur məsələsi idi. Amma indi... Yazıçıları dünya üzrə
milyonlarla tirajla çap olunan, filmləri kinofestivallarda baş mükafat alan bu
günün Türkiyəsi üçün Avroviziyanın nə önəmi var ki?!
Elə fərqimiz də bundadır. Milli mədəni
boşluqda. Yerini isə ildə uzağı bir dəfə doldura bilirik. O da xeyli xərc çəkmək
hesabına.
"Molla Nəsrəddin" jurnalının
1911-ci ildə çap olunmuş məşhur karikaturası var. Avropanı təqlid edən yaponla
müsəlmanın (azərbaycanlı) fərqi. Yapon Avropadan kitabı, teleqrafı götürür, müsəlman
isə avropalı kimi geyinməyi. Avroviziyada iştirakımız da bu cürdür. Mahnı sözləri
ingilis, bəstəkarı isveçli, səhnə dekorasiyası alman işi.
Bu günədək Avropa səhnəsinə çıxardığımız
ən yaxşı repertuar, bəlkə də, Elnur və Samirin "Day after day"
mahnısı idi. "Youtube"da əcnəbilər tərəfindən gələn şərhlər bunu deməyə
əsas verir. Avropa musiqi janrlarını ən yaxşı şəkildə özündə daşıyan mahnının
maraqlı tərəfi öz məhsulumuz olması idi. Bəstə Gövhər Həsənzadəyə, sözlər Zəhra
Bədəlbəyliyə aid idi.
Biz o zaman yapon olmağa yaxın idik. Müsəlman
olmağı seçdik. Çünki bizə Qərb nümunəsində musiqimizin inkişafı yox, yer tutmaq
lazım idi. Geyimi, səhnəni təqlid etməklə yetinmədik. Avropalıya dedik, gəl, öz
əlinlə bizi adam elə.
Saqqallı Konçita üstümüzə su çilədi. Gördük
ki, Avroviziyada iştirak yerli musiqi mühitinə qətiyyən təsir etməyib. Yenə həmin
manıslar, şit repertuarlar.
Köhnə variantlarla yüksək yer tutmaq istəyi
daha keçmir. Çarə qalıb milli gey tapmağa. Həm modern görünərik, həm yer
tutarıq. Konçita səhnəyə qara saqqalla çıxmışdı. Biz ağsaqqala, ağbirçəyə hörmət
əlaməti olaraq gey bacımıza ağ saqqal taxarıq.
Repertuarda milli elementləri də
unutmayaq. Milli zurnamızı verərik əlinə. Çıxar səhnəyə. Necə deyərlər, öz
geyimiz, öz zurnamız.

Комментариев нет:
Отправить комментарий