Bir neçə gün öncə Kolumbiya yazıçısı
Qabriel Qarsia Markes vəfat etdi. Bizim jurnalistlər də düşdülər şou-biznes
nümayəndələrinin canına ki, bəs sən Markesi tanıyırsanmı? Cavablar mənfi
olunca, "Facebook"da gənc aktivist qalmadı ki, onları ittiham etməsin.
Müğənnilər bir tərəfə, Amaliya Pənahovanın
"Markes kimdir? Müğənnidir, yoxsa aktyordur?" cavabında lağ ediləcək
nə var ki? Bir şəxsə o halda eyib tutula bilər ki, o, öz sahəsini bilməsin.
Markes aktyor deyil, dramaturq deyil. Hər
hansı əsərinin teatrda tamaşaya qoyulduğunu eşitməmişəm. Dünya şöhrətli yazıçı
ola bilər. Azərbaycanda isə Markesi tanıyan dar ədəbi çevrədir. Bir də təzə-təzə
mütaliəyə başlayan aktivistlər. Şəxsən Markesdən heç nə oxumamışam. Ancaq
Markesi oxuyub bədbəxt olan xeyli ədəbiyyat adamı tanıyıram.
Azərbaycan cəmiyyətində, mətbuatında hər
şey baş-ayaqdır. Səbəb isə əlaqəsiz mövzular haqda əlaqəsiz adamlara müraciət
etmək vərdişinə bağlıdır. Elə ki, rayonlarda bir hadisə baş verdi, mətbuat o
saat o rayondan olan "ağsaqqal" axtarışına çıxır. Münasibət öyrənmək
istəyir. Halbuki o adamın hadisəyə heç bir aidiyyəti yoxdur.
Ziyalı mövqeyi öyrənmək istəyi
jurnalistikamızın evini yıxıb. SSRİ üçün bunu norma saymaq olardı. İdeologiya
total, nəzər-nöqtəsi total. Təhsil sistemi hərşeyşünas yetişdirirdi. Tarix
fakültəsinə imtahan verməyə hazırlaşan şagird Kvant fizikasından da əla qiymət
almalı idi. Vətəndaş bir də ali məktəbi bitirəndə hər kəs yerbəyer olurdu. Təyinat
verirdilər, gedirdi ixtisası üzrə işləməyə.
Elə ki, sovet dağıldı, hər şey oldu
baş-ayaq. Meydan hərəkatının özü Azərbaycan siyasətinə nə qədər əlaqəsiz adam gətirdi.
Əvvəlcə şairlər, məşədilər meydan lideri oldular. Sonra çilingərlər, fəhlələr
baxdılar ki, onlardan siyasətçi olur, bizdən niyə olmasın?
Bu günün siyasət arenasında hər peşədən
politoloq görə bilərsiniz. Riyaziyyatçı, fizikaçı, həkim, bioloq, idman müəllimi,
həvəskar jurnalist və s. Bircə siyasət oxuyanı yoxdur. Soruşa bilərsiniz, bəs
politologiya fakültəsinin bu qədər tələbəsi hardadır? Onlar da ya
jurnalistikadadır, ya da hansısa mağazada satıcı. Azərbaycanda hansı sahəyə
diqqət yetirsəz eyni mənzərədir.
Hörmətli jurnalistlər, Azərbaycan cəmiyyətinin
bu hala düşməsində sizin də məsuliyyətiniz böyükdür. Ziyalı mövqeyi öyrənmə
ehtirası istənilən situasiyanı gülünc edir. İnkişafın bir dirəyi də mövzu üzrə
peşəkarlıqdır.
Bir də görürsən, jurnalist yazıçını efirə
dəvət edib korrupsiya qalmaqalı haqda mövqe soruşur. Yazıçı qalır gözünü döyə-döyə.
Problem təkcə veriləcək cavabın məsuliyyətində deyil. Həm də sualın dəxilsizliyindədir.
Adam nə desin ki, axmaq vəziyyətə düşməsin. Jurnalistin peşəkarlığı onda görünərdi
ki, sualı prokurora, işi aparan müstəntiqə versin. Onlar da cavab verməsə,
hüquq, iqtisadiyyat üzrə ekspertin fikrini öyrənsin.
Azərbaycanda xeyli tükənmiş adam var ki,
25 ildir ancaq mətbuatın hesabına mövcuddurlar. Nə var, nə var mətbuatın gözündə
ziyalı mövqeləri var. Hər hansı şəxsə peşəsi üzrə ünvanlanmayan sual tində
duran avaranın universitet tələbəsinə: "Qaqa, sən türmədə yatıb-çıxan
oğlana necə baxırsan?" - sualı qədər yersizdir.
Bir zamanlar məşhur olub, sonra gözdən
itən aktyor, şair, yazıçıdan heç kəs soruşmur ki, ay ziyalı, sən çörək yeyirsən,
ya qanqal otlayırsan? "Facebook" aktivistləri, internet jurnalistləri
bir də onda xəbər tuturlar ki, korifey aktyor imkansızlıqdan ölüm yatağına
düşüb. Bax, budur bizim eybimiz. Markesi tanımamaq yox.

Комментариев нет:
Отправить комментарий