Böyük insanlar haqda qalın romanlar
yazmadan da dahi əsərlər yaratmaq mümkündür. Əgər əsər gerçək insan hekayələrindən
danışacaqsa. Amerika yazıçısı Con Steynbekin "Siçanlar və adamlar"
povesti də bu qəbildəndir.
Bütün dramatizmi ilə oxucunu sarsıdan
"Siçanlar və adamlar" bir fermadan digər fermaya sülənən Corc və
Lenni adlı iki günəmuzd fəhlədən bəhs edir. Corc ağıllı, Lenni yekəpər, ancaq kəmağıl
birisidir. Aralarında heç bir bənzərlik olmasa da, həyat bu insanları bağlayır.
Corc başa düşür ki, Lenni nəhəng fiziki gücünə baxmayaraq, tək yaşaya bilməz.
Lennisiz Corc isə arzuları olmayan, miskin əyyaşa çevriləcək.
"Siçanlar və adamlar" nümunəsində
yaşayan minlərlə insanın həyatını Corcun Lenniyə dediyi bu sözlər izah edir:
"Bizim kimi özgə qapılarında zillət çəkənlər dünyada ən yalqız adamlardır.
Onların nə ailəsi var, nə də evi, eşiyi. Rançoda işləyib qazanırlar, sonra da
üz tuturlar şəhərə - kef çəkməyə... Pulları qurtarandan sonra yenə o ranço sənin,
bu ranço mənim. Onların heç bir gələcəyi yoxdur".
Əsəri oxuduqca anladım ki,
"Siçanlar və adamlar"ın qəhrəmanları uzaq Soledadda yox, elə yaxında,
bizim evin yanında yaşayırlar. Bir an gözüm önündə üstü-başı çirkli, zəhmətkeş
tikinti fəhlələri canlandı. Ən ağır işə qatlanan bu miskin bəndələr üçün xoşbəxtliyin
tək təminatı qabarlı əlləridir.
Kimlər yoxdur ki, onların arasında...
Rayon yerində beş baş ailənin tək qazanc yeri olan oğul, bir zamanlar pulla
oynayıb bankda hər şeyini itirən biznesmen, heç kəsə lazım olmayan qoca usta və
sair corclar, lennilər. Hər gün nahar üçün ərzaq almağa gələn bu fəhlələrin məhəlləmizdə
maraqlı ləqəbi var - çöl itləri.
Bu söz sizə təhqiramiz gələ bilər. Amma
çöl itlərinin öz tarixçəsi var. Yaşadığım bina ilə paralel 1 km uzunluqda
torpaq zolağı uzanır. Ta zeytun bağlarınadək. 15 il əvvəl bu ərazi bomboş, külək
ulayan bozqır idi. Bozqırın tək sakinləri kimsəsiz çöl itləri. Dəstə ilə
yaşayan bu itlər məhəlləyə ancaq zibil qutularında nəsə tapıb yemək üçün gələrdi.
Gözdən uzaq bu torpaqlar sonradan
satıldı. Dənizə açılan mənzərəsi olan bu zolaqda 3-4 mərtəbəli yüzlərlə villa
ucaldı. Çöl itlərinin yerinə tikintidə işləyən fəhlələr gəlməyə başladı. Onlar
da qarınlarını doydurmaq üçün gəlirdi.
Kənarda dayanıb baxırsan. Mağazadan
aldıqları; iki dilim kolbasa, bir çörək, uzaqbaşı suda isladılan makaron
paketi. Hər gün tonlarla yük qaldırıb qoyan bu insanların bir tikə yeməklə necə
doyduğunu düşünürsən. Qənaət edirlər. Pula qıymırlar. Qıydıqları isə canları və
sağlamlıqlarıdır.
Bəlkə də, onların arzusu var... Corc və
Lenni kimi. Cibində on dolları olan bu adamlar öz fermalarını almağı xəyal
edirlər. Kiçik olsun, ancaq sahibləri özləri olsun. Didərgin həyatına son
qoyulsun. Kəmağıl Lenni dovşanları yemləməyi arzulayır. Lenni üçün bu arzunu
gerçəyə çevirəcək tək adam Corcdur. Onların ferma arzusuna təkqol Plüm, qozbel
zənci də qoşulur. Bu obrazların hamısı kimsəsiz, bədbəxt insanlardır. Onları
yaşadan isə arzuları.
Bizim fəhlələrin də arzuları var. Kimi
qardaşını oxutmağı, digəri bacısını evləndirməyi, bir başqası isə bankda
itirdiyi evə təkrar sahib olmağı düşünür. Fəhlə maaşı ilə çətindir. Amma onları
intihardan saxlayan da elə budur.
Çöl itləri kimi onlar da bir yerdən
başqa yerə köç edir. Hər tikilən villa yeni ümid yeridir. Villa ilə eyni vaxtda
daşdan balaca koma tikilir. Qozbel zəncinin koması kimi. Nə istilik sistemi, nə
də taxta döşəməsi olan bu daş baraklarda soyuqdan titrəyən canların dramı
yaşanır. İsti otaqlarımızdan açılan pəncərənin önündə.
Boz, qəhvəyi, qara kombinezonlar geymiş,
üstləri ağ boya, əhənglə ləkələnmiş bu fəhlələr nəinki həyatları, rəngləri ilə
belə çöl itlərini xatırladır. Hər gün ərzaq alıb, pulu borc dəftərinə yazdıran
bu adamların ən ağır günü sahibkarın pulu gecikdirdiyi gündür. Ay sonu hesabı
ödəməli fəhlələr yazıq-yazıq baxırlar. Görəsən, bu gün qarınları doyacaq, ya
satıcı onları qapıdan qovacaq...
Corc bəzən Lenniyə baş qoşduğuna görə həyatına
lənət yağdırır. Lennisiz o, pulunu qazanar, viski içər, hər ay şəhərə gedib
qızlarla kef edə bilərdi. Əsəbi soyuyan kimi fikrindən daşınır. "Onlara
baxma, biz başqayıq. Bizim gələcəyimiz var. Barda oturub viski qurtumlamaq bizə
yaraşmaz" - deyir.
Hər ay sonu maaşını alıb, bütün pulunu
bar fahişələrinə xərcləyən fəhlələr də az deyil. Onların gələcəyi beş günlük
dünyadır. Yenə günlərini borca bağlayıb yaşayacaqlar. Ömürləri bir iş qəzasında
bitənədək.
Yazıçı qələmi nə qədər güclü olsa da,
heç kəs bu insanların əsl yaşadıqlarını təsvir edə bilməz. O, insanlarla eyni həyatı,
eyni zəhməti paylaşmasa. Con Steynbek kimi. İnsan necə yaşayırsa, elə də yazır.
L.N.Tolstoy deyirdi ki, bütün xoşbəxtlər
eyni cür xoşbəxtdirlər, amma bədbəxtlər müxtəlif cürdürlər. Yanılmısan,
Tolstoy! Bədbəxtlər də bənzərdirlər. Çöl itləri kimi. İstər Soledadda
yaşasınlar, istər Əhmədlidə.

Комментариев нет:
Отправить комментарий