"Həyatımın ən xoşbəxt günü"
hekayələr kitabını Seymurun "fakir ve qururlu" keçmişindən eşələyib
çıxara bildiyi xatirələr dəftəri saymaq olar.
Elə ilk hekayədə yazıçı Beslan şəhərində
başına gələn bir hadisəni nəql edir. Asketik həyat sürən Mərdan kişi qardaşı
oğluna çatdırması üçün ona məktub verir. Vətənə qayıdan Seymur özü də gözləmədən
Novruzəliyə çevrilir. Mirzə Cəlilin "Poçt qutusu" hekayəsindəki
Novruzəli zəhmətkeş, məktubu qutuyacan aparıb atan personaj idisə, bu Novruzəli
nəinki məktubu ünvanına çatdırmaq, şalvarının arxa cibindən çıxarmağa belə tənbəllik
edir. Günün biri məktub da şalvarla birlikdə yuyulur. "Poçt qutusu"
hekayəsi çevrilib olur "Məktub çatmadı".
Yazıçının söz verib, "atdığı"
Mərdan kişi haqda sonda yazdığı fikirlər isə lap faciəyə ironiyadır: "Hər
dəfə bu hadisəni xatırlayanda xeyirxah, lakin məhdud dünyagörüşlü və aldadılmış
adamların hekayətini eşidərkən duyduğumuz acı, dərin mərhəmət hissinə bənzəyən
bir ağrı hiss edirəm qəlbimdə". Heç Mirzə Cəlil Novruzəlini bu qədər bədbəxt
hala salmamışdı, amma "Novruzəli" Seymur məktub sahibi ilə bacardı.
"Ölüm gətirən qulaq" hekayəsində
televizorda balaca qulaqlı begemotlar görən Sergey adlı şəxs depressiyaya düşür.
Başına gələn bədbəxt hadisələri xatırlayıb, özünü Qız Qalasından atır.
Sergeyin intihar üçün Qız Qalasını seçməsi
inandırıcı görünmür. Rus Sergey erməni Artuş, yaxud azərbaycanlı Zaur deyildi
ki, bu cür bayağı yolla intihar etsin. Rusdilli təbəqənin nümayəndəsi kimi
böyük ehtimalla o, rus ədiblərinin əsərlərini oxumuşdu. Məsələn L.Tolstoyun
"Anna Karenina" romanını. Bu halda Sergey özünü Qız Qalasından deyil,
Bakı metropoliteni üçün gətirilmiş, Mıtişinski zavodunun istehsalı olan
qatarlardan birinin altına ata bilərdi.
Kitaba adını vermiş hekayədə Selcan adlı
qız o qədər gözəl təsvir olunur ki, elə bil kitabı yazan adam köşə yazılarında
gənc qızları alçaldan Seymur Baycan deyil. Görünür, yazıçı ilk sevgi travmasını
bu qızla alıb. Psixoloji travmanın təsirindən hələ də qurtula bilmir.
Seymur Baycanın nənə və babasını təsvir
etdiyi hekayələr mənim üçün kəşf oldu. Bu iki hekayə haqda onu demək olar ki,
Seymur Baycan ədəbi irsinin sirləri onlarda gizlidir. Publisistikasının ilham
qaynağı olan bu obrazların ziddiyyətli mahiyyəti Azərbaycan oxucusuna yeni-yeni
məqalələr bəxş edir.
Seymurun nənəsi bisavad, zəhmətkeş
qadındır. Əri evə bir qəpik də pul gətirmir. Ancaq o, az maaşı ilə ailənin
bütün ehtiyaclarını ödəyir. Dadlı yeməklər bişirir. Əri tez-tez onu şillə-təpiyinin
altına salıb al qana boyasa da, qadın səsini çıxarmır. Narkoman oğlunun bahalı
siqaretlərinin pulunu ödəmək üçün isə iki yerdə işləyir.
Seymurun babası arvadbaz, yeyib-içən
kişidir. Dadlı yeməklərin hansı restoranda bişirildiyini hamıdan yaxşı bilir.
Heç bir məclisi qaçırmır. İçməyi, bazlığa getməyi sevir. Evə pul gətirməsə də,
ildə bir dəfə mütləq Yessentuki kurortunda dincəlir.
Psixoloqlar pasientin psixoloji
probleminin səbəblərini tapmaq istəyəndə boş yerə uşaqlıq xatirələrini
danışmasını istəmirlər. Bir insanın qadın və kişi haqda ilk təsəvvürləri də
uşaqlıq illərində yaranır. Hekayələri oxuduqca mən eynən Seymur Baycanı gördüm.
Kitabdan məlum olur ki, yazıçının yekə dalı olan erməni qadınlara həvəsi də
baba mirasıdır.
Seymurun şüuraltısında həkk olmuş ideal
qadın tipi nənəsidir. Düzdür, o, bu ideal tipi yaradıcı şəxsin qadını
adlandırır. Ancaq bu yaradıcı şəxsin içində kobud kənd kişisi yatır. Əlbəttə,
bu kişi istəyər ki, həm yazsın, həm yad qadınlarla yeyib-içsin, sevişsin. Evdə
gözləyən arvad səsini çıxarıb, onu narahat etməsin. Dadlı borş bişirsin, amma
"get, qazan gətir" deməsin. Üstəlik, kefi kök olanda ağzının üstünə
bir-iki təpik ilişdirsin.
Məhz bu iki psixoloji xarakterin ziddiyyəti
Seymur Baycan publisistikasındakı qadın nifrətinin bolluğunu izah edir. Gəl ki,
XXI əsrin Bakısında belə arvad olmağa razı olacaq qız tapmaq qeyri-mümkündür.
Kitabı oxuyanlar üçün "Azərbaycanda mənə layiq qadın yoxdur" frazası
daha aydın izahını tapır. Babası arvadını döyməklə keçmişini ovudurdusa, Seymur
köşə yazıları ilə qadınlardan qisas alır.
"Həyatımın xoşbəxt günü"
"xaltura"dan xali deyil. Belə deyək, "xaltura" Seymur
Baycan yaradıcılığının bəzəyidir. "Körpüsalanlar", "Quqark"
romanlarından tanış olan rəqqas Rəşid obrazı ilə oxucu yenidən qarşılaşır. Digər
"xaltura" elementi müdrik mayor obrazıdır.
"Mənim universitetlərim" hekayəsini
həcm və süjet dinamikasına görə povest də adlandırmaq olar. Qəhrəmanın iş
axtarışı ilə bağlı əhvalatları real həyatdan götürülmüş olsa da, sonrakı hadisələr
yazıçı uydurmasıdır. "Ana ürəyi"nin fiaskosundan sonra "Həyatımın
ən xoşbəxt günü"nə uğurlu əsər demək olar. Seymur Baycan yalnız öz həyatından
yazanda təsirli yaza bilir.
P.S Ürəyində Baycan nifrəti gəzdirən
bütün tükəzbanlara və gənc fanatkalara kitabı oxumaq şiddətlə tövsiyə olunur.

Комментариев нет:
Отправить комментарий