Bir
neçə gün öncə "facebook"da Etibar Hüseynovun qarabağlılar haqda nəsə
deməsi ilə bağlı statuslar gördüm. Məsələ ilə bağlı video süjetə baxdım. Deputat
Qarabağ qaçqınlarının Bakıda şəhər mədəniyyətini korladığı haqda fikirlər söyləyib.
Bir çox qiryətti qaçqınlar bu çıxışa hiddətlənmiş, digərləri şiddətlənmişdi. Bu
adam haqda bircə tərif deyə bilməsəm də, Etibar Hüseynov nəyi səhv deyib ki?!
Yadıma
1 il əvvəl ağdamlı oğlanların Əkrəm Əylisli haqda verdikləri bəyanat düşdü. Bəyanatın
sonunda Əkrəm Əylislini Cəhənnəmə yollamışdılar. Dünya elm adamları isə Əkrəm
Əylislini Nobel komitəsinə yolladılar. Etibar Hüseynov problemin kifayət qədər
mədəni izahını verib. Məsələn ANS öz verilişinə deputatı deyil, Sovetski
uşaqlarından birini dəvət etsəydi, teleizləyicilər Bakı mədəniyyətini viran
qoyan qaçqınlar haqda həqiqətləri bütün çılpaqlığı ilə eşidə bilərdi.
Amma Etibar
Hüseynov təkcə qarabağlıların adını çəkməklə ciddi səhv buraxıb. O, bura ermənistanlıları,
gürcüstanlıları, naxçıvanlıları və sair rayon camaatlarını əlavə etməli idi.
1994-cü
il çox yaxşı yadımdadır. Məktəbimi dəyişmişdim. Hər gün Əhmədlidən Nizami stansiyasınacan
yol gedirdim. O vaxtlar qaçqın və köçkünlər üçün metro pulsuz olduğundan adam
sıxlığından vaqonlar dəhşətli yerə çevrilmişdi. Daim təmiz geyinən, həftədə 3 dəfə
köynəyi dəyişilən məktəblinin başına bit düşmüşdü. Özü də iki dəfə. 12 yaşıma
çatıb Bakıda belə şey görməmişdim. Bir də metro partlayışları baş verəndə
vaqonlarda rahat nəfəs almaq oldu.
Şəhərə
şəhər dəyərləri ilə gəlməyən adam həmişə ikrah mənbəyi olaraq qalacaq. Bu dəyərlərdən
yoxsuldursa, tezliklə öyrənməsi lazımdır. Məsələn kənd yerində meyvə gapını balkondan
yerə atsan, toyuqlar cumub dimdikləyəcək. Şəhər yerində bunu etsən var-yoxunu
söyəcəklər.
Qamsaxurdinin
millətçilik etdiyi vaxtlarda qaçıb gəlmiş iki gürcüstanlı qonşumuz vardı. Bir
ailə Tiflis şəhərindən idi. Uşaqları rus bölməsində oxumuşdu. Şəhər adamı
olduqlarından fərq hiss edilmirdi. Digər ailə isə Marneulinin hansısa kəndindən
idi. Ləhcələri bir yana, adamlar elə hərəkətlər edirdilər ki, ağzımız açıq
qalırdı. Yaxşı qonşulardı. Ancaq 20 ildir bu adamları öyrədə bilmirik ki, zibil
torbasını qapı ağzında saxlamaq olmaz. Bloku iy basır. Zibil evdən çıxdı,
zibilxanaya atılmalıdır.
Məsələ
şəhərdə, ya əyalətdə doğulmaqda deyil. O dəyərlərin daşıyıcısı olmaqdadır.
Yaxından tanıdığım publisist Yalçın İslamzadə rayonda doğulsa da, illərin Bakılısından
fərqlənmir. Çünki təhsili, etikası ilə şəhər mədəniyyətinin daşıyıcısıdır. O
deyir ki, "biz kənddən şəhərə yaşamaq üçün gələnləri şəhər əhalisi ilə - onlara
"çuşka" damğası vurmağa hazır olan və fürsət gözləyən "yüksək"
təbəqə ilə psixoloji mübarizə gözləyirdi. Kənd uşaqları bu mübarizəyə hazır
deyildi, kompleks yaranırdı".
Amma digər
tərəfdən "çuşka" sözü özünü təsdiq etmək istəyən gənclər üçün stimula
çevrilirdi. Tez bir zamanda geyimlərini dəyişər, hərəkətlərinə diqqət edərdilər.
Ləhcədən qurtulmaq üçün kitabxanadan çıxmazdılar. Teatra, kinoya gedərdilər.
Niyə Bakı rusları, yəhudilər, ermənilər üçün
bu qədər darıxmışıq?
Sovet
Bakısını xatırlayan istənilən şəhərli mədəni Bakının birdən-birə necə dəyişdiyini,
avtobusa minmə, növbə mədəniyyətinin necə yoxa çıxmasını öz gözləri ilə görüb.
Hər addımda mədəniyyətsizliyə yol verən heyvərələri görən Bakılılar qeyri-azərbaycanlının
dilindən çıxan "çuşka" sözünün nə qədər qiymətli olduğunu anladılar.
Tərcümədə
donuz balası mənasına gələn "çuşka" pinti, adam arasında özünü apara
bilməyənlər üçün işlədilərdi. Tumu çırtlayıb qabığını yerə tökən şəxsə hər
hansı rusun "çuşka" deməsi bəs idi ki, o "adam" adam olsun.
Azərbaycanlılar
bu sözü deyə bilməzdilər. Zəmanə dəyişmişdi. Beynəlmiləlçiliyin yerini millətçilik
tutmuşdu. Heç kəs qaçqına, köçkünə pis söz deyə bilməzdi. Nifrət üçün ümummilli
düşmən - erməni vardı. Hamı erməni söyməli idi.
Beləliklə,
ictimai qınaq yoxa çıxdı. "Çuşka" xasiyyətli adamlar cəzasız qalınca
elə bildilər ki, belə də olmalıdır. Vəzifəli adamların ləhcə ilə danışmağı üstünlük
sayması kimi iyrənc ənənə yarandı. "Çuşka" sözü bir daha geri
qayıtmayacaq. Çünki milli zəmində təhqir forması alıb. Amma dayanmadan əyalət
adamların axınına məruz qalan Bakının şəhər kimi qalması üçün bənzər sözə
ehtiyac var. Məsələn - kəntoş.
Ətrafımıza
baxsaq 20 ildir şəhərə köçüb gələn, amma zərrə qədər dəyişməyən adamlar görə
bilərik. Dəyişməyəcəklər də. Çünki gələn kimi münasibət qurduqları ilk adam öz
yerliləri olur. Oturduqları kafe, məclis yerli mühiti. Kitab oxumağa ehtiyac
görmədiklərindən nə ləhcə dəyişir, nə davranış. Şəhər camaatının üzüyumşaqlığı
onları daha da arxayınlaşdırır.
Ta
ki, kimsə kəntoşluqlarını üzlərinə vurmayanadək. Düşünün, bu eybi bir yox, minlərlə
adam üzə vurur. Etdikləri hər mədəniyyətsiz hərəkət xatırladılır. Bakı daha tez
dəyişməzmi? - Dəyişər! Şəhərə ilk növbədə şəhərlilər sahib çıxmalıdır.
Bir
ölkənin şəhər mədəniyyətini ilk öncə onun siyasi simaları müəyyən edər.
90-ların əvvəlində Bakı şəhər mədəniyyətinin viran qoyulmasında Elçibəy hökümətinin
misilsiz xidmətləri oldu. Hakimiyyət postlarını bisavad əyalət adamları ilə
dolduran Elçibəy, eyni həvəslə Bakının mədəniyyət-iaşə obyektlərini Qarabağ
qaçqınları ilə doldururdu. Halbuki yerli əhali ordu hissələrinin ərzaq təchizatının
əsas bazasına çevrilməli idi. Bunun əvəzinə vertolyotlarla Bakıya adam daşınır,
erməni boş qalmış kəndləri tuturdu.
Heydər
Əliyev üçün belə vəziyyət göydəndüşmə oldu. Savadlı şəhər adamları üzərində
diktatura yaratmaq çox çətin olduğu halda, tayfa zehniyyətli kütləni istədiyi
kimi yönəltmək heç nə idi. Hər tayfanın başına bir neçə vəzifəli tayfabaşı
ağsaqqal təyin edib, ölkəni idarə etməyə başladı. Türkmənistan kimi.
Əksər
hakimiyyət və müxalifət simaları əyalət təfəkkürü daşıyıcıları olduğundan
Bakının mədəniləşmə prosesi ağır keçir. Son illər təhsilli şəhər uşaqları mühüm
vəzifələrə təyin olunsa da, hakimiyyətin ümumi mənzərəsi hələ ki, dəyişməyib. Bəlkə
5 ilə.
Gözlənilənin
əksinə müxalifət cəbhəsində vəziyyət daha ağırdır. 22 il əvvəl siyasət dadmış kəntoş
funksionerlər hələ də yerlərindədirlər. Sıravi partiya üzvlərindən özlərinə partiyadaş
kimi deyil, ağsaqqal kimi yanaşma tələb edirlər. Çünki atalarının tövlələrində
belə görüb-götürüblər. Mübarizə yolu dedikləri 22 ildə nə bir kitab yazıblar, nə
də siyasət haqda on ədəd kitab oxuyublar.
Söz
düşmüşkən deyim ki, müxalifət liderləri kəntoş gəncləri ətraflarına toplamaqda maraqlıdırlar.
Savadsız və heyvərə adamların arasında lider kimi parlamaq daha asandır. İstedadı
söyüş söyməyə və "eşq olsun bəy!" yazmağa kifayət edən bu kəntoşlardan
fərqli olaraq, siyasi savadı olan şəhər gəncləri siyasətə təhlil gözü ilə
baxırlar. Kəntoşların liderlər qarşısında etdikləri meymunluqları onlar öz şəxsiyyətlərinə
sığdırmırlar. Yeri gələndə siyasi səhvləri ictimai şəkildə üzə vururlar.
Etibar
Hüseynova gəldikdə, dediklərini qəribçiliyə salmayın. Adam ömrü boyu yalan
danışdı. Bircə dəfə düz söz dedi. Onda da dağdan gələnlər bağdakını qovdular.

Комментариев нет:
Отправить комментарий