Yazıram. Özümü azad hiss etmək üçün
yazıram. Beynimdə yığılıb qalmış fikirlərdən azad olmaq üçün yazıram.
Yazıramsa, deməli, cəmiyyət üçün varam. Peşə deyil, hobbi kimi yazıram. Heç bir
əyləncə yazmaq qədər məni xoşbəxt etmir. Yazı yazdığım günü ömürdən qazanc
sayıram.
Əziz dost, sənə bir neçə məsləhətim var.
Bil ki, həqiqət azad edir. Həqiqət o zaman azadlığın açarına çevrilir ki, sən
onun naminə yazırsan. Bu gün oturub çay içdiyin adam haqqında sabah tənqidi
yazı yazmağı bacarmalısan. Birisi gün həmin adamla salamlaşıb söhbət etmək cəsarətinə
malik olmalısan.
Sən yazdığın yazıdan sonra insanlardan
gizlənməyə məcbur qalırsansa, deməli, məhkum olmaq üçün yazırsan. Cəsarətə söykənməyən
intellekt əsla azad etməz. Nəfsinə, nifrətinə aldanıb yazma. Başqası ilə olan şəxsi
ədavətinə heç kəs haqq verməz. Əgər qaranlıq içində zərrə qədər haqq işığı
varsa, milyonlara qarşı gəlmək bahasına belə, yaz.
Həqiqət axtaranın dostu, tanışı olmaz.
Yazı düşmən də edər. Ona görə dost seçərkən
ən ağır həqiqətləri qəbul edə biləcək adamlar arasından seçməli. İki köşə
yazarı tanıyırdım. Bir vaxtlar eyni mövqedən yazırdılar. Ayrılmaz araq-xəngəl
dostu idilər. Sonra onlardan biri iş yerini dəyişdi. Digər dostun gedən şəxs
haqda demədiyi qalmadı. Münasibət kimi araq-xəngəl qardaşlığı da bitdi.
İntellektini gəlirə çevirə bilsən, xoşbəxt
birisən. Azadlığını isə heç nəyə dəyişmə. Gəmidə oturub gəmiçi ilə dava etməyin
mənası yoxdur. Yox, əgər gəmiçi sənlə quruda dava etməyə cəhd etdisə, o gəmiyə
bir daha minmə. Gün olub ki, "filankəs haqda filan yazıları yazma"
deyən qəzet redaktorunun özünə də, işinə də tüpürüb çıxmışam. Halbuki yazdığım
yazıların nə qəzetə aidiyyəti vardı, nə də filankəsin ora ilə əlaqəsi. Bədbəxtçilik
ondadır ki, bu adamlar özlərini ölkədə azad sözün mayakı sayırlar.
Yazarlar var ki, sərt çərçivələr cızıb,
ittihamlar düzəldirlər. Eyni mövzuda başqalarının üzərinə xəncərlə gedərkən,
dostlarının başına lələk çəkirlər. Bax, burda söz azadlığa deyil, riyakarlığa
çevrilir. Məsələ kim tərəfdə olmaqda deyil, azad iradənlə baş-başa olmaqdır.
Əziz dost, bil ki, azad düşünmək yetməz.
Mütəmadi yazı vərdişi olmayan adamın düşüncəsi qara qəpik də etməz. Bir neçə il
əvvəl bloq yazan xeyli gənc tanıyırdım. Sonradan bu işin başını buraxdılar.
İndi ictimai sektorun qeybət və söz gəzdirmək üzrə ən fəal üzvləridir. O gənclər
ki, yazmağı kəsmədilər, 3-4 il əvvəl yazdıqları ilə indi yazdıqları arasında
dünya qədər fərq var. Yazı dilləri axıcı, yazdıqları oxunaqlı olub.
Yazmaq insanı naqis keyfiyyətlərdən azad
edir. Ən azı əsəbləri sakitləşdirir. Birinci tip gənclər ikincilər qarşısında zəif
qaldıqlarını başa düşürlər. Bu səbəbdən söz daxili nifrətə çevrilir. Nifrət
söyüşə. İkincilər şərhlərdə gələn təhqirlər qarşısında belə sakitdirlər. Çünki əks
tərəf onlara qarşı heç nə qoya bilməz. Arqumentlərə malik yazıdan başqa. O isə
bir gündə yetişə bilən meyvə deyil.
Mütaliə etmədən oxucu üçün daim maraqlı
qala bilməzsən. Kitaba verdiyin pula heyifin gəlməsin. Hər kitab bir-neçə yazı
üçün ilham mənbəyidir. Deyək ki, bir yazı üçün qonorar 15-20 manatdır. Kitabın
qiyməti 5-7 manat. Yenə qazanclı çıxırsan. İstedadlı köşə yazarları vardı ki,
zamanında pulu kitaba deyil, arağa, xəngələ verdilər. İndi nə qədər çığırsalar
da, oxucu üçün maraqlı deyillər.
Mayasında bilik olmayan azad söz
hay-küydür. Əvvəlcə çönüb baxarlar. Sonra heç kəs əhəmiyyət vermir. Əziz dost,
bütün bunları özündə birləşdirə bildinsə, o zaman yaz!
Комментариев нет:
Отправить комментарий