Dövrünün siyasi nəhəngi olmuş bu iki şəxsi
müqayisə edəndə adətən, hərə öz arşını ilə ölçür. Millətçilər Rəsulzadəni öndər,
kommunizm düşməni, solçu-kommunistlər “ingilis agenti”, millətçi sayır. Eynilə
Stalin bir tərəf üçün cinayətkar, digər tərəf üçün dahi rəhbər kimi görünür.
Siyasi qaragüruhçuluq zehniyyətindən törəyən
bu şablonlar təəssüf ki, gənc nəsli hələ də zəhərləməkdədir. Rəsulzadədən bircə
kitab oxumamış “rəsulzadəçi”lər, Rəsulzadəni SSRİ dərsliklərindən tanıyan
solçu-kommunistlər bu iki inqilabçının ruhən nə qədər yaxın olduğunun fərqində
deyillər.
Rəsulzadə və Stalin sadəcə, inqilab
yoldaşı deyil, inqilabi ideyanın özü idilər. Corc Ourellin “1984” romanındakı
Daxili Partiya üzvləri kimi onlar eyni kastaya məxsus idilər. Xarici partiya
üzvləri, inqilabçı prollar bu qardaşlıq səviyyəsinə yüksələ bilmədi.
Ən azı Koba gənc Məmməd Əmini belə
tanımışdı. Nə bolşevizmin nökərliyini qəbul etmiş Əliheydər Qarayev, Ruhulla
Axundov, nə də mühacir müsavatçılardan üz döndərmiş Yusif Vəzir Çəmənzəminli
stalinizm sürtgəcindən sağ çıxa bilmədi. Təkcə Rəsulzadə toxunulmaz qaldı.
1905-də, 1920-də olduğu kimi və ömrünün sonuna kimi.
Halbuki mühacirətdə olan Rəsulzadəni məhv
etmək Stalinin imkanları daxilində idi. Onun əli Meksikada sığınacaq tapmış
Trotskiyə belə çatmışdı. Lakin Koba Məmməd Əmini ilk görüşdən gözəl tanımışdı.
Tanıdığı şəxs onun üçün sonadək eyni qaldı – İdealist və sədaqətli inqilabçı
kimi. İşin ən önəmli tərəfi isə, Rəsulzadə Stalinlə keçdiyi inqilab yolunun
sirlərini heç vaxt onun əleyhində kompromat kimi işlətmədi. Stalinin siyasi rəqiblərinə
fürsət vermədi.
Bunun sübutu kimi “Stalinlə ixtilal
xatirələri”ndə qeyd edir: “Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə
rəğmən nəşr etmək istəməmişdim. Çünki obyektiv olaraq nəql olunacaq hadisələrin
bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal
meydandan qalxmış, Stalin artıq tarixə qarışmışdır”.
Rəsulzadə öz təhlükəsizliyi üçün
qorxurdumu? Elə həmin əsərə istinad edərək deyə bilərik ki, xeyr. Kitabda
bolşevik işğalından sonra Rəsulzadə və digər müsavatçıların həbsdə saxlandığı
“Osobı otdel”dən bəhs olunur. Həbsdə qaldıqları müddətdə Zərgər ləqəbli köhnə
bolşevik yoldaş onlara qayğı göstərir. Kitab çap olunduğu dövrdə həmin şəxs
SSRİ-də xüsusi vəzifə tutduğundan Rəsulzadə Qərb mətbuatına “donos” imkanı
yaratmır.
Stalin üçün Rəsulzadə niyə bu qədər qiymətli
idi? Məmməd Əminlə ilə ilk görüşdə Koba “təmizliyə” çıxardığı bir yoldaş haqda
söhbət salır. Bunun nə anlama gəldiyini gənc Rəsulzadə yaxşı başa düşür və
sonadək inqilab məxfiliyinə sadiq qalır.
İndiki psevdo inqilabçılardan fərqli
olaraq, o dövrün insanları üçün inqilab qəzet lağ-lağısı deyildi. Stalin
inqilabın qələbəsinə yalnız və yalnız polad iradəli şəxslərlə birgə nail ola
biləcəyini bilirdi. Rəsulzadə onun gözündə özünə belə xəyanət etməyəcək qətiyyətli
bolşevik idi.
Bəli, məhz bolşevik! Sosialist Rəsulzadədən
millətçi obrazının quraşdırılması günümüzün səhvlərindən biridir. Təmsil
olunduğu Bakı inqilabçılarının toplantısından sitat: “Müzakirədə iştirak və təmsil
etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı
çarlığın da kökünə vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardır”.
Çıxışı zamanı menşevik Vışinski onun nitqinə kinayə edir. Koba Rəsulzadənin
müdafiəsinə qalxır.
Rəsulzadə milli fikir adam idi. Amma əsla
millətçi olmamışdı. Türk irqini üstün görən Mustafa Kamalın “Nə xoşbəxt Türkəm
deyənə” ifadəsinə qarşılıq, “İnsanlara hürriyyət, millətlərə istiqlal” idealına
sadiq qalmışdır. Yazıqlar olsun ki,
sonralar “Rəsulzadə yolu gedirik” deyənlər bu idealı “Rus, fars, erməni –
bunlar türkün düşməni!” zehniyyəti ilə korladı.
Təşkilatlarının adı fərqli olsa da,
Stalin də, Rəsulzadə də bolşevik ruhu daşıyırdı. Bu, sizə təəccüblü gəlməsin.
1920-ci ildən sonra hər cür milli fikir qığılcımını boğan Sovet Rusiyasından fərqli
olaraq, çar mütləqiyyətinə qarşı vuruşan bolşevik proqramında milli azlıqlara
muxtariyyət verilməsi əsas hədəflərdən biri idi. Nə vaxtsa müstəqil Azərbaycanın
lideri olacağı gənc Rəsulzadənin xəyalına belə gəlməzdi. Amma Çarı devirdikdən
sonra muxtariyyət almaq arzusu onu bolşeviklərlə bir səngərdə tuturdu.
Stalin üçün yaradılmış məşhur “at
oğrusu” imici Məmməd Əmindən də uzaq deyildi. Sadəcə, gənc Koba vuran əl idisə,
Məmməd Əmin pas ötürən əl idi. Xatirələrin birində bolşeviklərin təklifi ilə şəhərin
varlı adamları üçün gəzinti təşkil olunmasından bəhs olunur. 3 günlük gəzintidən
xeyli pul əldə edilir. Haqq-hesab aparılacağı gün pulu daşıyan fayton bolşevik
dəstəsi tərəfindən qarət edilir. Varlı adamların, milyonerlərin soyulması o
dövrün inqilabçıları üçün müqəddəs iş idi. Günümüzün prizmasından bunu qınaya
bilmərik.
Azərbaycanlılar siyasəti duz-çörək,
arvad-uşaq söhbətinə endirməyə vərdiş etdiklərindən 1920-ci ildə Stalinin
Bakıya gələrək Rəsulzadənin xilas etməsini adətən, Balaxanı mədənlərindəki
borcun əvəzi kimi dəyərləndirirlər. Halbuki Rəsulzadəni ömürlük həbsdə
saxlamaqla da Stalin borcundan çıxa bilərdi.
Stalin Rəsulzadəyə: “Sizdən qorxurlar, bir qismi Müsavat rəisi öldürülməlidir
deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın təklifi edir. Fəqət mən bu
iki ehtimalın heç birini sizə rəva görmərəm. Ziyarətimin yeganə səbəbi də
budur”.
Stalinin Rəsulzadədə dəyər verdiyi quru
bədən deyildi. Sədaqəti, fədakarlığı, gerçək inqilabçı olması idi. Sonradan
meydana atılaraq, kommunist libası geymişlərin heç bir dəyəri yox idi. Onlar alət
kimi istifadə edilib, 1937-də məhv ediləcəkdi. Rəsulzadənin 2 illik Moskva
mühacirətində Stalin onu sovet bürokratik maşınının detalına çevirməyə dəfələrlə
cəhd edir. Amma bu idealist barışmaz qalır. Hakimiyyəti ələ keçirmək üçün sədaqətli
partiya yoldaşlarına ehtiyac duyan gələcək diktator üçün bu inadkarlıq uyğun
olmasa da, qiymətləndirilməyəcək keyfiyyət deyildi.
Rəsulzadə mühacirət etdikdən sonra ölkəsini
işğal etmiş adama nifrət püskürürmü? Tam əksi. Alicənablıq göstərərək, “Möhtərəm
Stalin!” müraciətli məktub çap etdirir. Rusiyanı xəbərsiz tərk etdiyi üçün üzr
istəyir. Şəxsinə ehtiram bəslədiyini deyərək, etdiyi yaxşılıqları heç zaman
unutmayacağını bildirir. Eyni zamanda, öz ideallarına hər zaman sadiq
qalacağını yazır.
Rəsulzadə 1943-cü ildə Hitlerin
ambisiyalarına boyun əyib, nasional-sosializmin oyuncağına çevrilsəydi, Stalin
onu əfv etməyəcəkdi. Müharibədən sonra SMERŞ xaricdəki anti-sovet mühacirləri təmizləyirdi.
Düdənginskinin taleyini təkrarlamaması bəlkə
də, o məktubda verdiyi sözünü tutmasına bağlı idi.
Bu iki nəhəngi ayıran tək ciddi fərq
talelərinə düşən ölkələrin qədəri idi. Rəsulzadə dəqiq bilirdi ki, müstəqil
olmadan Azərbaycan millətinin inkişafı daim sual altına alınacaq. Vəd edilən
quruluş nə qədər mütərəqqi olsa da. Yalnız milli istiqlal xilas ola bilərdi.
Rus xalqını Rəsulzadədən daha yaxşı
tanıyan Stalin əlində necə bir quduz köpəyin zəncirini tutduğunu bilirdi. Bu
quduz köpək rus xalqının içində yatan imperializm arzusu idi. O, daim ət tikələri
şəklində yeni ölkələr udmalı idi. Əks halda, öz sahibinin əlini dişləyib
qoparacaqdı. Böyük diktator ömrünün sonunadək bu quduz iti doydurmaq üçün
Rusiya imperiyasının torpaqlarını qaytarmaqla məşğul oldu.
Rəsulzadə Stalin münasibətlərinin hər məqamı
üzərində düşdükcə, inqilab qardaşlığının necə böyük məfhum olduğunu dərk edirsən.
Həyatlarını inqilab uğrunda fəda edən bu insanlar siyasətə əsla qisas,
arvad-uşaq söhbəti prizmasından baxmamışlar. “Stalinlə ixtilal xatirələri”ndə zərrə
qədər olsun şəxsi nifrət hiss olunmur.
Bir də bu iki nəhəngin bir-birinə olan sədaqətini
günümüzdəki psevdo inqilabçıları ilə müqayisə edirsən. Alicənablıqdan yoxsul,
araları dəyən kimi bir-birini hər fürsətdə “ifşa” edən bu adamlar Rəsulzadə
yolçuları deyillər. Olsa-olsa inqilabi gədalardır.

Комментариев нет:
Отправить комментарий