Son ay mətbuata ən çox xəbər mövzusu
olan hadisə İŞİD təşkilatıdır desəm, yəqin yanılmaram. Yeni adı ilə İslam Xilafəti.
Bu dəqiqə İraqda əsl vətəndaş müharibəsi gedir. Sünni və şiə cəbhəsinə ayrılan
ideoloji müharibə. Eynən bir əsr əvvəl Rusiya bolşeviklər və monarxistlər
arasında bölünən kimi.
Hadisəyə siyasi təhlillər verməyəcəm.
Amma bir detal var ki, bəzi azərbaycanlıların riyakarlığı göz bərəldir. İŞİD
üzvlərinə başkəsən deyilməsi. Baxıb fikrə gedirsən ki, görəsən bu sözü başqası üçün
işlədən şəxs həqiqətən azərbaycanlıdır? O ölkədəki yaxın və uzaq tarixin görkəmli
başkəsənləri ilə fəxr edilir, baş kəsmək motivli nağıllar uşaq kitablarına
salınır, filmlərdə sitatlar gətirilir.
Qardaş, fransız fransızlığı ilə başqa
millətin nümayəndəsinə başkəsən deməyə utanar. Öz gilyotinindən həya edər.
Qarşısındakının əməli nə olursa-olsun. Baxar keçmişinə, Böyük Fransa
İnqilabının tarixinə. Gilyotinlədiyi Antuan Lavuazye kimi dahi alimin başından
utanar. Amma belə söz deməz.
Yaxın Şərqdəki müharibədən savayı yerli
və beynəlxalq mediada daha qanlı müharibə - informasiya müharibəsi gedir.
Saytlar çoxlu aypi yığmaqdan ötrü xəbərdən çox, montaj olunmuş vəhşət səhnələri
sırıyırlar. Məzhəb düşmənçiliyi edən, nifrət hissi ilə yaşayan adamlara isə
bütün bunlar həqiqət mənbəyi kimi gəlir.
Zatən əksəriyyəti dezinformasiya çıxır.
Məsələn, kəsilmiş başlarla futbol oynayan mücahidlər fotosu. İşidçi deyilən
adamlar Taliban əsgərləri çıxdı. Fərz edək ki, Quranın hansısa ayəsini əsas
tutan radikal müsəlman belə bir hərəkət edib. O zaman sual yaranır. Niyə başqa
xalqı vəhşi sayarkən öz xalqının başkəsənləri ilə fəxr edirsən?
İki il əvvəli yada salaq. Macarıstanda
erməni zabiti Qurqen Markaryanın başını baltalamış mayor Ramil Səfərovun
qayıdışını. Cinayət hadisəsinə şərh verməyəcəm. Affekt halında olmuş adam cinayət
törədib. Cəzasını çəkib, qayıdıb.
Sosial şəbəkələrdə bu haqda yazan gənc nəslin
göz görə-görə vəhşiyə çevrilməsi daha dəhşətli səhnə idi. Erməni başı kəsməyin
necə böyük qəhrəmanlıq hadisəsi olduğunu yazırdılar. Halbuki rəsmi səviyyədə
indiyədək heç kəs bu əməli qəhrəmanlıq adlandırmayıb. İş o yerə çatmışdı ki, bəziləri
erməni uşaqların dərisini soymağa çağırırdı.
Elə ki, mövzuya girib "Qəhrəmanlığı
görürsüz, bəs baltanı niyə görmürsüz?" şərhi yazırdın, qarşılığında hər
cür söyüş, qəzəbli cavab gəlirdi. Kim bilir, o gecə Ramil Səfərovun əlində
balta deyil, Misri qılınc olsaydı, reaksiya da başqa cür olardı.
Digər nümunə. Qarabağ müharibəsində
başını İbad Hüseynovun kəsdiyi iddia olunan Monte Melkonyanın fotosu.
"Facebook" səhifələrində görmüş olarsız. Kəsilmiş başın ətrafında
oturan bir dəstə adam fərəhlə kameraya baxır. Bir başqa fotoda əynində Azərbaycan
ordusunun forması olan əsgər. Sağ ayağının altında isə saqqallı adam başı. Hələ
erməni qulağı kəsib boynundan asanların bir başqa hekayəsi var.
Mətbuatı izləyib, bir də bu fotolara baxıb
düşünürsən. Görəsən bu İŞİD deyilən zat Azərbaycandan çıxıb? Deyəcəklər ki, o
erməni, bunlar müsəlman. Hə, nə olar. O zaman heç kəs beynəlxalq seminarlarda çıxış
edib deməsin ki, azərbaycanlılar dünyanın ən humanist, tolerant xalqıdır. Bir
xalqın tarixində qəhrəman başkəsənlər də ola bilər. Amma riyakarlıq iyrəndirir.
Beynəlxalq mətbuatı da izləyirəm. BBC
kimi informasiya nəhəng İŞİD üçün heç yerdə terror təşkilatı ifadəsi işlətmir.
Bunu Britaniyanın terrorizmə dəstəyi kimi də qiymətləndirə bilərsiz. Amma məsələ
başqadır. Ortada jurnalistika etikası var. Bir də qazanılmış təcrübə.
2001-ci il 11 sentyabr hadisələrindən
sonra Qərb mətbuatında o qədər islam terrorizmi sözü işlədildi ki, ziyanını o
ölkələrin vətəndaşları çəkdi. 2005-ci il London metrosundakı terror aktı zamanı
məlum oldu ki, bunu törədənlər İraqdan, Pakistandan gələnlər deyil. Elə İngiltərədə
doğulub, boya-başa çatmış müsəlman vətəndaşlardır. Yaşadıqları ölkənin mediasında
dini, milli mənsubiyyətlərinin hər gün alçaldılması onları qisas almağa vadar
edib.
Dəlinin yadına daş salan kimi,
informasiya məkanında balta, başkəsən söhbətlərini gərək manipulyasiya etməyəsən.
Mənfi nəticə özünü gözlətmir. Yadınızda olar, Ramil Səfərovun qayıdışından
sonra ölkədə balta ilə törədilən xeyli cinayət hadisəsi qeydə alındı. Onlardan
biri də "Qafqazinfo" saytının baltalanmış gənc əməkdaşı idi.
Əsl islam axtarıb, baş kəsməyi məzhəb, təriqət
üstünə yıxanlar da başa düşsün ki, müharibənin dini, imanı, milliyyəti olmur.
Qan iyi duyan istənilən şəxs vəhşiyə çevrilə bilər. Elə öz tariximizi yada
salaq. Şah İsmayıl tərəfindən başı kəsilən Şeybani xan nümunəsi. O, kəsilmiş kəlləni
qızıl suyuna çəkdirərək qədəh düzəldir. Hədiyyə kimi Sultan Səlimə göndərir.
Başı kəsilən Şeybani sünni idi, baş kəsən İsmayıl şiə. O vaxtlar vəhhabi sözü
belə yox idi.
Tariximizdə bu qədər başkəsən ola-ola
niyə başqa xalqlara başkəsən deyirik? Ola bilsin hər şey məktəbdən başlayır.
Əlifba öyrənən kimi hər birimizin oxuduğu heç olmasa bircə nağıl kitabı olub. O
nağıllardakı qədər baş vurma səhnələrinə böyüyəndə heç detektiv romanlarında
rast gəlmirik. Şişirdilmiş cəngavərlər əjdahadan tutmuş adi adamlaradək hər kəsin
başını bədənindən ayırır. Döyüş zamanı kəllələr havada uçuşur. Başın
dığırlanması belə xüsusi zövqlə təsvir edilir. Və bütün bunlar uşaq
şüuraltısına həkk olunur.
Lap kitab oxumayan adam da təsirdən kənar
qalmır. Əlamətdar günlərdə tez-tez göstərilən "Dədə Qorqud" filmindəki
məşhur səhnəni yada salaq. Qazan xan oğluna deyir: "Oğul, baxdım Alp
Aruza, baş kəsib, qan töküb, ad qazanıb. Baxdım Qarabudağa, baş kəsib, qan
töküb, ad çıxarıb. Sənə baxdım, 18 yaş yaşadın, baş kəsmədin, qan tökmədin".
İndi təsəvvür edin bu filmə baxaraq
böyüyən nəsil 18 yaşayın nailiyyətlərini nə ilə müəyyən edir. Filmi də,
tariximizi də qınamaq istəmirəm. Tarixi dəyişdirmək mümkün deyil. Amma necə deyərlər,
kor kora kor deməsə, bağrı çatlayar. Ona-buna başkəsən deyənlər də eyni ruh
halındadır.
Yaxın Şərqdəki müharibə ilə yanaşı
Braziliyada futbol üzrə Dünya Çempionatı gedir. Deyilənə görə, İŞİD bu hadisədən
təsirlənib. Kəsilmiş başlardan top düzəldilərək, məhlələrarası çempionata start
verilib. Daha sonra şəhərlərarası, ən sonda Xilafət Kuboku keçiriləcək. Çempion
komandaya gümüş suyuna çəkilmiş başdan kubok veriləcək.
Zarafat edirəm. Birdən götürüb xəbər
kimi verərsiniz. Xəbərin həqiqi olub-olmamasını kimsənin yoxlamadığı zamanda.
Öz gözündə tiri görməyib, başqalarının gözündə çöp tutanlar tezliklə yumoristə
çevrilir. Onlar danışır, ətrafdakılar baxıb gülürlər. İsa peyğəmbərin bir
zamanlar dediyi kimi, ilk daşı günahsız olanınız atsın.



Комментариев нет:
Отправить комментарий