Şəhər nəsri-kənd nəsri polemikası
qızışmışkən, bu mövzunun üzərindən ötüb-keçə bilməzdim. Şəhər-kənd mədəniyyəti
qarşıdurması haqda xeyli yazı yazmışam. Yazılı ədəbiyyat mövzusunda fikrim birmənalıdır. Nəsr şəhər hadisəsidir.
Yazının, daş kitabələrin ixtirasından bu
yana mədəniyyət də, kitab da şəhərdə yaranıb. Onun inkişafını şəhərlilər müəyyən
edib.
Ədəbiyyat dövlət inhisarında olduğu müddətdə
yazıçını oxucu yox, partiya müəyyən edirdi. Müstəqilliklə təkcə kitabın
problemi başlamadı. Dövlət təbliğat maşınından məhrum olan əyalət yazıçıları
oxucunun necə amansız olduğunu da gördülər.
Nəhəng tirajlı Azərbaycan sovet ədəbiyyatından
bugünkü oxucunun yaddaşında kimlər qalıb? Anar, Vaqif Səmədoğlu. Dərədən-təpədən,
təzəkdən deyil, məhz şəhər insanının məişətindən yazmaları onları əbədiləşdirdi.
Şəhərlinin həyat tərzini anladan “Evləri köndələn yar”, “Bəxt üzüyü” pyeslərindən
replikalar bu gün də zərb-məsəldir. Nəsrdən filmə, teletamaşaya çevrilmiş neçə-neçə
belə əsər var.
Bu günümüzə baxaq. Kitab bazarında ən
çox satılan yazıçı Çingiz Abdullayevdir. Təpədən-dırnağa şəhər adamı. Məsələ
detektiv janrının oxucu üçün maraqlı olmasında deyil. Gənc şəhərlinin bir insan
kimi özünü o əsərlərdə görməsidir. Asfaltdan tutmuş şəhər intriqalarına, mədəni
etiketədək. Şəhər oxucusu kənd qızı ilə bığ yeri tərləmiş oğlanın sevişməsindən
bəhs edən romanı bir dəfə alıb oxuyar. İkinci dəfə o müəllifin adına belə yaxın
durmaz.
Şəhər oxucusu seçicidir. Onu uzun-uzadı
təsvirlərlə yox, informativliklə, məntiqi səbəb-nəticə əlaqələri ilə təəccübləndirmək
olar. Makulatura kimi kitab çap edən, əyalət adamlarından ziyalı düzəldən sovet
təbliğat maşını daha yoxdur. SSRİ-nin özündə belə şəhər oxucusu kənd nəsrinə üz
tutmazdı. Sovet bakılısının oxuduğu Anar idi, Natiq Rəsulzadə idi. Bir də
müasir rus və dünya yazıçılarının yeni çıxan kitabları.
Kitabxanalar, universitetlər, kitab
mağazaları daim şəhərdə cəmləşdiyindən oxucu da burada yetişir. Yeni çıxan
romanların ədəbi dəyərini şəhərli verir. SSRİ-nin kitaba verdiyi nəhəng dəstəyə
baxmayaraq, rayon adamının ədəbi prosesləri təqib etməsi klassikadan o tərəfə
keçə bilmirdi.
Universitet vaxtı hər vəchlə
intellektual söhbət qurmaq istəyən rayon qızlarının “Səfillər”i oxumusan? Bəs “Leyli-Məcnun”u?”
suallarından təngə gəlmişdim. Heç cürə deyə bilmirdim ki, ən azı soveti görən
uşaq üçün nəsr əvvəlcə uşaq nağılları, sonra fantastika, macəra povestləri,
yuxarı siniflərdə tarixi romanlardır. Şəhər nəsri dinamikdir. O dünənlə yox, bu
günlə maraqlanır.
Kənddə böyümüş AYO-çuların ritorikasına diqqət yetirin.
Mövzuları Tolstoy, Dostoyevski, Çexov. Əsr yarım əvvəlin rus nəsri. Sanki bu
yazıçıları oxumaqla Nirvanaya ucalmışlar. Halbuki bu adamlar müasir Rusiya,
Türkiyə ədəbiyyatını elə səviyyədə izləməlidirlər ki, kitabı çapa hazırlanan məşhur
müəllifin anonsunu gənc oxucu ilk onlardan eşitsin. Yoxsa müasir yazıçı adına
iddia hara, klassikada ilişib qalmaq hara?!
Kənd nəsri anlayışına gəldikdə. Kənd nəsri
bolşevik düşüncəsinin sifarişi ilə yaradılan süni ədəbiyyatdır. XIX əsrin
maarifçiləri ilə başlayan Azərbaycan nəsri hər zaman şəhərli olub. Maarifçilər əyaləti,
əyalət insanını tərənnüm etməmişlər. Sovet yazıçılarının cənnət adlandırdığı
Qarabağ Şahbaz bəyin (Axundov) gözündə bataqlıq idi. Mirzə Cəlil üçün əyalət
insanı Danabaş kəndinin sakini idi. Sovetlər öncəsi yazıçıların əsərlərinin əsas
mövzusu neft, burjuaziya, fəhlə həyatı və yeni təhsilli tələbələr idi. Qısaca
desək, şəhərlilər.
Azərbaycan nəsrini neft burjuaziyasının
inkişafı ərsəyə gətirmişdi. O nəsri oxuyan da, teatrda səhnələşdirən də
burjuaziya (tərcümədə şəhər) idi. Azərbaycanda bolşevik hakimiyyəti qurulanda
artıq formalaşmış ədiblər millətçi ziyalı kimi qəbul olundu. Əvəz etmək istədilər,
əvəzləri tapılmadı. Kənd mühiti yazıçı yox, qəzəlxan, mərsiyə deyən yetişdirirdi.
Sovet hakimiyyətinin sifarişi biryönlü
idi. Kolxozu, pambığı tərənnüm edəcəksən. Pambığın üstündəki sovkanı kəskin tənqid
edəcəksən. İrandan, Turandan yox, dəli Kürdən, Göyəzən dağından yazacaqsan.
Sovet hakimiyyəti əyalətlərdən yığıb gətirdiyi
kolxozçu şair və yazıçılarla ədəbi mühiti zənginləşdirə bildi. Amma bu
adamların yazdıqları Cəfər Cabbarlı, Çəmənzəminli nəsri ilə müqayisədə
cızma-qara idi. Nəinki nəsr, nəzmdə də. Hüseyn Cavid, Əhməd Cavad poeziyası
qarşısında “donosçu” rolundan başqa yüksəlişləri olmadı.
1937-ci iləcən şəhər ədəbiyyatının
dominantlığı davam etdi. Yalnız repressiya illərindən sonra kənd nəsrinin önü
açıldı. Bu, ədəbi mühit üçün kolxoz nəsri adı daha uyğundur. Çünki yaradıcı
zehniyyət fərdi yox, kollektiv inkişaf yolu keçirdi. Ədəbiyyat çevrilmişdi təsərrüfata.
Boşluqdan istifadə edən kolxoz nəsri Azərbaycan
ədəbiyyatına “qazaxşina” kimi eybəcər ənənə gətirdi. Səməd Vurğunun ardınca gələn
xeyli istedadsız şair və yazıçı yerlibazlıq sayəsində irəli gedə bildi. Yerlilərinin
köməyi ilə yüz minlərlə kitab çap etdilər. Fəxri adlar aldılar. O adların kölgəsində
neçə-neçə istedadlı gənc boğuldu.
Müasir dövrdə “qazaxşina” nümayəndələrini
kim oxuyur ki?! Müstəqillik dövründə adı çəkilməyən İsa Hüseynov, ancaq öləndən
sonra mətbuat üçün yazıçı oldu.
Yaxud sovet kolxoz nəsrinin digər
qruplaşması olan Qarabağ yazıçıları. Cıdır düzünü, İsa bulağını, söyüd ağacı
altında yeyilən quzu kababını o qədər mədh edirdilər ki, uşaq vaxtı elə
bilirdim Qarabağ yeyib-içmək zonasıdır. Ora ancaq kef çəkməyə gedirlər. Ermənilər
millətçi ədəbiyyat yaradanda o yazıçılar qoyun-quzu ilə fəxr edən nəsil
yetişdirdilər. Elə ki, kitabları reallıqla üzləşdi, oxucuları başını götürüb
qaçdı.
Ədəbi kolxozçuların şəhərdə yetişən
övladları belə onların yaradıcılığını qəbul etmədi. “Bəxt üzüyü” pyesində Moşu
Göyəzənli obrazı ilə Vaqif Səmədoğlu “qazaxşina”nın üzərindən çarpaz xətt çəkdi.
“Xoşbaxtlıq, xoşbaxtlıq...” deyib, ardını gətirə bilməyən istedadsız
“qazaxşina” nümayəndələri şəhər nasirinin gözündə Moşu Göyəzənli idi.
Müstəqilliklə birlikdə ədəbi Moşu Göyəzənlilərin
sonu gəldi. Əvvəlki kimi çap oluna bilmədilər. Son nəfəsləri Zəlimxan Yaqub
oldu.
Kolxoz nəsri romanlarını vərəqləyəndə
kübarlıq deyil, yazıçı acgözlüyü hiss edirsən. Bir kəkotu çayı nədir ki, onu təsvir
etməyə iki-üç səhifə sərf oluna. Sanki tropik ölkələrin birindən naməlum meyvə
gətiriblər. Uzaqbaşı yerdə bitən alaq otudur. Yaxud söyüd ağacı romantikası.
Oxuya-oxuya kilo verirsən.
Əkrəm Əylislisiz kənd nəsri təsəvvür
edilməz deyirlər. Əkrəm Əylisli SSRİ vaxtı yazdıqları ilə səs gətirə bilməmişdi.
Ola bilsin ki, on minlik tirajlarla çap olunub, yaxşı qonorar alıb. Amma səs
deyəndə müasiri olan Aleksandr Soljenitsin kimi səs gətirməyi nəzərdə tuturam.
Nəinki Əkrəm Əylisli, kolxoz nəsrinin nümayəndələrinin külliyyatını bir araya
yığsan, Soljenitsinın ən zəif əsəri qədər
səs çıxarmayıb. SSRİ dağılana yaxın “qazaxşina” üzvləri İsa Hüseynovun “İdeal”
romanından dissident əsər düzəltməyə cəhd etdilər, amma alınmadı.
Müasir yazıçılardan şəhər nasiri kimi əminliklə
üç nəfərin adını çəkə bilərəm: Əli Əkbər, Həmid Herişçi, Rasim Qaraca. Dördüncü
imzanı görmürəm. Seymur Baycan təzək qoxusu verən ədəbiyyatı tez-tez tənqid etsə
də, yazdığı roman və hekayələrdə qarınqulu kənd kişisi obrazından kənara çıxa
bilmir.
Bir də əyalətdən gəlib şəhər həyatını təsvir
etməyə çalışanlar var. Cavid Zeynallı kimi. Aqrar təfəkkürlə şəhər və şəhərlinin
həyatını təsvir etmək yazıçının iflasıdır. Yaxşısı budur, yetişdiyi mühitə üz
tutsun. Bəlkə, sovet kolxoz nəsrinin uğurundan nəsə qopara bildi.
Qəti şəkildə demək olar ki, kolxoz
yaradıcılığının məhsulu olan kənd nəsri müasir oxucu üçün bitmişdir. Şərif
Ağayar, Vahid Qazı kitablarının satılmamasının günahını naşirlərdə görməsin.
Əldə olan oxucu hazırlıqlı, seçim edə bilən gənclikdir. O daha kənd
nostalgiyası ilə yaşamır.
Комментариев нет:
Отправить комментарий