1937.az saytında “Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlının həmin saytda gedən “Eybəcər “qazaxşina” və şəhər nəsri”
məqaləmə münasibətini oxudum. Təəssüf ki, yazının məzmunundan ancaq başlığa və
bir-iki abzasa reaksiya verilib. Akif Aşırlını ədəbi mühitdən tanımasam da, məqalə
ilə bağlı aydınlıq gətirməyə ehtiyac duyuram.
- Məqalənin ilkin başlığı “Kolxoz nəsrinin
sonu” idi. Məzmun da “qazaxşina”ya yox, şəhər-əyalət nəsrinin qarşıdurmasına həsr
olunub. Yenə də redaktorun başlıq seçiminə hörmət edirəm və polemikanın
davamına rəvac verdiyi üçün təşəkkür edirəm.
- Qazax və qazaxlılara qarşı hər hansı
genetik nifrətim yoxdur. Əks halda, Vaqif Səmədoğlunu müsbət nümunə kimi çəkməzdim.
Vaqif Səmədoğlu mənim üçün nə qazaxlı, nə bakılıdır. Şəhər nəsrinin örnək nümayəndəsidir.
- Yerlibazlığın istənilən təzahür
formasını eybəcərlik saymışam və bu fikrimdə də qalacam. “Qazaxşina” termininin
yaradıcısı mən deyiləm. Şəhər mühitinin regionçu ədəbiyyata olan kinayəsindən
ortaya çıxıb. Ədəbiyyat olmasın, digər sahələr olsun. Bürokratik mühit üçün
“naxçıvanşina”, “yerazşina” kimi terminlər yaratmaq olar. Amma bununla mahiyyət
dəyişmir.
- Əsəd Qaraqaplanın “ “Qazaxşina”
zülmündən sonra” məqaləsini yaxşı xatırlayıram. Məqalə bir regionçuluğun digər
regionçuluqdan üstün tutulmasına həsr edilmişdi. Bu mövqeyi dəstəkləmirəm.
- Repressiya illərinəcən adını çəkdiyim
müəlliflərin hamısı fərqli rayonlarda doğulmuşdu. Yaratdıqları ədəbiyyat isə şəhər
nəsri, poeziyası idi. Mənim üçün onların şəhər nəsrinin nümayəndəsi kimi dəyəri
var. Qazaxlı, qarabağlı, cənublu və ilaxır regionların sakinləri kimi yox.
- İsmayıl Şıxlının “Dəli Kür” romanı
yaddaşlarda qalan, gözəl əsərdir. Ancaq süjet təkrarçıdır. Yusif Vəzir Çəmənzəminlinin
“Əli və Nino”, “Studentlər” romanlarının dublikatı təsiri bağışlayır. Sadəcə Çəmənzəminlinin
ölümündən sonra vəzifəli qohum-əqrəbası olmayıb ki, onun əsərlərini ekranlaşdırsın.
- Maarifçi ədəbiyyata aidiyyəti olmayan
Molla Pənah Vaqif, Vidadi kimi qazaxlı şair və aşıqların adını çəkməmişəm. Həmçinin
digər əyalət nümayəndələri. Sovet kollektivizmi onları proletariat şairi kimi qəbul
etmirdi. Bir əvvəlki yazımda yazdığım kimi “Azərbaycanda bolşevik hakimiyyəti
qurulanda artıq formalaşmış ədiblər millətçi ziyalı kimi qəbul olundu. Əvəz etmək
istədilər, əvəzləri tapılmadı. Kənd mühiti yazıçı yox, qəzəlxan, mərsiyə deyən
yetişdirirdi”.
- Müstəqillik dövrünün nəsli kimi ədəbiyyatla
tanışlığım Meydan hərəkatı dövrünə düşür. Tarixi romanlar, Salam Qədirzadənin
satirik hekayələri, Vaqif Səmədoğlunun teletamaşaları və s. Əyalət-kolxoz nəsrinin
nümayəndələri elə SSRİ vaxtı şəhər yazıçılarına məğlub olmuşdu. SSRİ onları
yeni dövrə daşımadı.
- Sovet ədəbiyyatının əyalət nümayəndələri
müasir gənc oxucu üçün maraqlı deyil. Tələbə uyğun olaraq o dövrün əsərləri
nadir halda çap olunur. Romanları kimsə öləndən ölənə aktuallaşır. Bu günlərdə
Cahandar ağa rolunu ifa edən Ələddin Abbasovun vəfatından sonra “Dəli Kür “
romanının aktuallaşması kimi.
- Romanlarını oxuduğum gənc yazıçılardan
Qazaxda doğulanı tanımıram. Elnur Astanbəyli adlı gənc publisist tanıyıram.
Yekun olaraq deyim ki, mənim üçün nə
Qazax, nə Qarabağ, Naxçıvan ədəbiyyatı yoxdur. Eynilə digər rayonlar. Şəhər nəsri
vardır. Şəhər tək yerdir ki, orada istənilən regionçu və regionçuluğun siması məhv
olur.

Комментариев нет:
Отправить комментарий