Bu yaxınlarda oxudum ki, Britaniyanın ən
az qazanan təbəqəsi yazıçılarmış. Orta statistik peşəkar Britaniya yazıçısı bir
ilə 11 000 funt-sterlinq (ayda təxminən
1000 manat) qazanır. Söhbət “full time” yazıçılardan gedir. Yəni roman yazmaqdan
başqa heç nə ilə məşğul olmayan, çörəyi qələmdən çıxan adamlar. Ayda 1000 manat
sizə çox görünə bilər. Londonda bu pula yaşamaq bizim dildə acından ölmək deməkdir.
London mərkəzinə yaxın yerdə yataqxana
tipli binada bir otaqlı mənzilin kirayəsi 1000 funtdan aşağı başa gəlməz.
Kommunal xərclər, nəqliyyat, qida, üstəgəl, vergi, Allah göstərməsin. Britaniya
yazıçılarının cəmi 11,5 faizi yazdığı kitabın hesabına öz başını saxlayır.
Onlar da populyarlıq zirvəsinə oturmuş adamlardır. Qalanları yaşamaq üçün kitab
yazmaqdan əlavə hər işlə məşğul olmağa məcburdur.
Söhbət hər hansı MDB respublikasından
getmir. Müəlliflik hüququ hələ 1710-cu ildə qəbul olunmuş, bütün sərtliyi ilə qorunan ölkədən gedir. Nəşriyyat
tarixi, kitab biznesi deyəndə ilk ağla gələn Britaniya olur.
Bizim gənc yazarlarda Qərb haqda belə təsəvvür
yaranıb ki, orada yazıçı roman yazmaqdan başqa heç nə ilə məşğul olmur. Yazıb
qurtaran kimi aparır verir nəşriyyata. Əlini cibinə salıb, aldığı qonorarı xərcləyir.
Bəli, sistem belədir. Ancaq elə o Qərbin bir çox yazıçıları keçirlər Azərbaycan
modelinə. Yəni özünəxidmətə.
Qərbdə yazıçı cənnəti haqda miflər
uyduranlar təəssüf ki, elə gənc qələm sahibləridir. Londonda illik gəliri 30-40
min funt-sterlinq olan “ağ yaxalıqlar” sinfi var ki, on il işləyib şəxsi mənzil
sahibi ola bilmirlər. Qazandıqlarının yarısını vergi tutub əllərindən alır. Nə
qədər çox qazansan, o qədər çox vergi verirsən.
O verginin xidmətidir ki, hər bir
ingilis pulsuz səhiyyə hüququna malikdir. Bu, Avropa əmək sistemidir. Bu sistemdə
yanını qoyub yatanın gələcəyi yoxdur. Yüksək verginin şirəsidir ki, burada azca
populyarlıq qazanmış hər cür yazar, şair, filosof və bu qəbildən parazitlər
yapışırlar Avropa zəhmətkeşinin vücuduna. Bir növ çevrilirlər havayıyeyən
intellektual gənələrə.
Ancaq tezliklə yeni sistem onları da qəlibə
salır. Başa düşürlər ki, hər qəpik üçün alın təri tökməlisən. Vətənlərində
azacıq hörmətləri vardısa, sıravi avropalı üçün küçədə gəzən itdən elə bir fərqləri
yoxdur. İt ilə sənin hüquqların eyni cür qorunur və heç bir üstünlüyün ola bilməz.
Dünya şöhrəti qazanmaq ümidi ilə tərk
etdikləri ölkənin insanlarına bir daha üz tutmalı olurlar. Bu dəfə alçalaraq.
Tüpürüb getdikləri redaktorlara əl açırlar. “Facebook”da nə qədər qayğısız həyat
fotoları paylaşsalar da, göndərilən 20 manat qonorara möhtac olduqları heç kimə
sirr deyil.
Vəziyyətin belə gətirməsinin səbəbi odur
ki, onların burada yazdıqları mövzular Avropa üçün çoxdan bağlanıb. Mənən boş,
seksual aclıq çəkən gənclər üçün inqilab kimi görünən köşələr Qərbdə aktuallığını
itirib. Mühacir ədəbiyyatı dedikləri şəxslər isə uğurla qrantyeyən “kruq”una
transformasiya olunur.
Əli təzə qələm tutan gənc yazıçılarda
belə təfəkkür formalaşıb ki, üç-dörd roman çap edən kimi xalq onları
doyuzdurmalıdır. Rayona gedəndə qara toğlunun
budundan kabab çəkməli, tut arağını onun üçün süzməlidir. Yazıçı azad olmaqla
yanaşı, başını dövlət əli sığallamalıdır. Yazdıqları 500 yox, 50 min tirajla
çap olunmalıdır. Qonorarı da hər ayın axırı gətirib ciblərinə basmalıdılar. Bir
sözlə, iddia yekə, tələblər təzə, baş isə qalıb SSRİ-də.
Nümunə gətirdiyimiz Britaniyada belə
istedadlı yazıçının çap olunması müşkül məsələdir. “Harri Potter” roman
seriyası ilə uşaq ədəbiyyatında inqilab etmiş Coan Roulinqin yaradıcılığı
Zoluşkanın şahzadəyə çevrilməsi hekayəsidir. Təsəvvür edin, yüz milyonlarla
adamın tanıdığı, İngiltərənin ən varlı qadınları siyahısına daxil olan bu insan
bir zamanlar sosial müavinət hesabına yaşayırdı. Əlində körpə uşaq intihar həddinə
çatmışdı.
İlk romanını çap etmək üçün on iki nəşriyyata
göndərir. Hamısından rədd cavabı alır. Ancaq bir ildən sonra təsadüf nəticəsində
naşirin diqqətini cəlb edir. “Harri Potter və fəlsəfə daşı” romanı min ədəd çap
edilir. Onun yalnız beş yüz ədədi satışa çıxarılır.
Azərbaycanın özündə ala-babat tanınmış
köşə yazarı romanı ilə getsin nəşriyyata, onun üçün havayı beş yüz ədəd kitab
çap edəcəklər. O roman oxucu taparmı, ya rəfdə yatıb qalarmı, bax bu asılıdır
öncə istedaddan, sonra oxucu zövqünü tutmaq bacarığından. Kitabı satılmayanda
gözünün tək düşməni olur – oxucu.
İstəyir Britaniya olsun, istəyir Azərbaycan.
Kapitalizmin qanunları hər yerdə eyni cür işləyir. Dünya şöhrəti qazana biləcək
yazıçı bircə kitabı çap olunmadan Londonun gecəqondularında acından ölə bilər.
Ömrü boyu çəkdiyi məhrumiyyətlərdən tutulduğu vərəm xəstəliyinin yalnız son
fazasında yazıçı adını qazana bilər. Getdi o çörəkverən, ədəbiyyatı zəncirli
kommunist sistemi.
Yazıçı yoluna qədəm basan şəxs dərk etməlidir
ki, o Sizifdir. Ömrü boyu yekə daşı dağ başına qaldırıb, dərə dibinə dığırlanmasına
şahid olacaq. Arxa-arxaya roman çap etməklə qayğısız həyat, dünya şöhrəti gəlməyəcək.
Heç özlərini inandırmasınlar ki, bunlar Kafkadır. Dünya şöhrəti 20 il sonra gələcək.
Oxucunu qazanmaq naminə nə etmək bacarığına malikdirlərsə, bu gün etməlidirlər.
Qayğısız yazıb-yaratmaq üçün Tolstoy,
Bayron kimi aristokrat ailədə dünyaya göz açmalısan. Müftə pullara xeyli gənclik
macərası yaşayıb, sonra həyatını qələmə almalısan. Başqa cür mümkün deyil.
Yazıçı həm yazmaq, həm yaşamaq uğrunda bəzən
ən çirkli işləri görməyə məcburdur. XX əsrin şedevri sayılan “1984”ü yazmış
Corc Oruell gənc yaşlarında Britaniyanın Hindistanda koloniya polisi işləyib.
Biri var öz xalqının başında polis olasan, biri də var əsarətdə olan xalqın.
İkincisi daha çirkli peşə təsiri bağışlayır.
Fərz edin ki, həmin Corc Ourell
Britaniyada yox, XX əsrin 40-cı illərində Azərbaycanda yazıb-yaradıb. Gənc AYO-çu bu
gün onun haqqında köşə yazır. “1984” kimi romanı atardılar bir kənara,
yapışardılar polis keçmişindən. Əclaf portreti yaradıb, üstünə də qoyardılar
ki, bəs o özü dahiyanə heç nə yazmayıb. Onun romanlarını Londonun yəhudi naşirləri
redaktə edib, abırlı hala salıb.
Bir ölkənin ki, gənc qələm sahibləri
idbar qoca təfəkkürünün daşıyıcısıdır, orada dünya şöhrətli yazıçı formalaşa
bilməz. Sərhədi keçməmiş ayağından dartarlar. Təsadüfən biri kimsədən xəbərsiz
xaricdə uğur qazansa, xəbislikdən adını çəkməzlər.
İngilis deyəndə azərbaycanlıların ağlına
bu məsəl gəlir: “pul bir ingilisdədir, bir də səndə”. Tale elə gətirib ki, gərgin
əməklə pul qazanan yazıçı ingilisdə olub, ələbaxanlıqla, fırıldaqçılıqla şöhrət
tapanlar bizdə. Zəhmət çəkməsə, ingilis
yazıçısı da acından öləcək.

Комментариев нет:
Отправить комментарий