“Qanun” nəşriyyatının rəhbəri Şahbaz
Xuduoğlu oxucuların kitaba münasibətindən məyus olduğunu, bir daha kitab
yarmarkası keçirməyəcəyini bildirib...
Azərbaycan adambaşına düşən kitab
satışına görə siyahının dibində olan ölkələrdən biridir. Amma vəziyyət bu qədər
ümidsizdirmi?
Onda gənclər təşkilatlarının təşkilatçılığı
ilə kitab təqdimatları dəb deyildi. Ən əsası təsəvvür edə bilmədiyimiz qədər
geniş imkanları olan “Facebook”, bloqlar elə də populyar deyildi. Şəxsən mən ən
yeni ədəbiyyatın mövcudluğunu internetdən xəbər tutmuşam. Ya indi?
Azərbaycanda bir milyondan artıq istifadəçisi
olan “Facebook” cəmi iki yüz-iki yüz əlli davamlı kitab oxucusu yetişdiribmi?
Əlbəttə, oxucunu sosial şəbəkə yox, orada fikir mübadiləsi aparan istifadəçi,
bloqqer, elə lap naşirin özü yetişdirməlidir. Müasir dildə bunu tərif edəcək
iki söz var: piar və marketinq.
Hər bir alıcını maraqlandıran detal ilk
növbədə məhsulun özü yox, məhsul haqda məlumatdır. Yarmarkada piştaxtanın üstünə
qoyulan meyvənin kitabla müqayisədə satılma ehtimalı daha böyükdür. Ona görə
yox ki, insan meyvə yeməsə, ac qalar. O səbəbdən ki, alıcı meyvənin dadını
bilir. Məhsul haqda məlumatlıdır. Onun qərarına yalnız qiymət və malın yeniliyi
təsir edə bilər.
Kitab yeməli deyil. Amma oxumağa vərdiş
etmiş adam üçün narkotik asılılıq yarada bilər. Problem ondadır ki, piştaxtaya
düzülmüş kitab növləri haqda oxucu heç bir məlumata malik deyil. Köhnə
yazıçıların adı uzaqbaşı nəsə deyə bilər. Üz qabığına baxıb çox az adam kitab
almaq istəyər. Könüllü satıcı isə hər kitab haqqında dolğun məlumat verə bilməz.
Hətta oxuduğu əsərin məzmununu oxucuya necə çatdıracağı sual altındadır.
İndi bazara baxsaq, beş il əvvəl kitabla
bağlı olan problemlərin əksəriyyəti həllini tapıb. Bədii ədəbiyyat qıtlığı
ortadan qalxıb. Məşhur romanların demək olar, hamısını satışda tapmaq olar. Kəmiyyət
yox, keyfiyyət və ucuzluq uğrunda rəqabət aparan nəşriyyatlar formalaşıb. Qiymətlər
isə Rusiya və Türkiyə ilə müqayisədə daha ucuzdur.
Tərcümələr barədə şikayətlər olsa da, tərcüməçi
seçimi naşirin özündən asılıdır. Keyfiyyətsiz tərcüməni təkrar nəşr etmək
yalnız oxucu itirmək deməkdir. Məsələn,
Polşadakı səfirimiz Vilayət Quliyevin ingiliscədən tərcümə etdiyi kitablar
haqda yalnız təriflər eşitmişəmsə, Günel Mövludun ruscadan tərcümələri haqda
bircə müsbət rəyə rast gəlməmişəm.
Bu gün kitab bazarının tək ciddi
problemi marketinqdir. Adətən, kitabı təzə çapdan çıxan, amma satılmayan
yazıçılar bunu atır naşir və kitab mağazasının üstünə. Naşir də məqsədə
çatmayanda hirsini oxuculardan çıxır. Amma bütün bunlar məyusluğa qapılmaq üçün
səbəb deyil. Məşhur ixtiraçıların, brend sahiblərinin həyatını oxusaq, görərik
ki, onların hamısının ilk addımı uğursuz olub. Yenilməz iradələri, kəşf etdikləri
yeni metodlarla böyük uğura nail olublar.
Yazıçı da, satıcı da bir şeyi dəqiq yəqin
etməlidir ki, oxucu satış nöqtəsinə gəlmədən alacağı kitab haqda məlumatlı
olmalıdır. Yoxsa qiymət endirimi, insan çoxluğu elə də təsir etməyəcək.
Televiziyanı reklam vasitəsi kimi çıxıram. Oranın izləyicisi əsasən yaşlı nəsildir,
oxucu isə gənc nəsil. Sovet dövründəki kimi xüsusi teleproqramlar da yoxdur ki,
məktəblilər, tələbələr yeni çıxan kitablar haqda məlumatlı olsun.
Problem ondadır ki, Azərbaycanda kitab
satışı ilə bərabər ədəbi tənqid inkişaf etmədi. Qəzetlərdə kitabın təbliğatı isə
qalıb köşə yazarlarının ümidinə. Bir neçə yazıya baxıb görmüşəm ki, yazan adam
dost-tanış xatirinə yazıb. Kitabı oxumadığına görə məzmundan heç nə
çatdırmayıb.
Qalır sosial şəbəkələr, bloqlar, ədəbi
saytlar. Bir neçə il əvvəl gənclər bloq yazıları çox yazırdılar. Yeni çap
olunan kitablar haqda fikirlərə də rast gəlinirdi. Amma bunlar həvəskar iş idi.
İndi bloq yazanların sayı da azalıb. Yəqin stimulları yoxdur.
Hətta həvəskar bloq yazıları belə kitab
satışına müəyyən müsbət təsir göstərirdi. Öz şəxsi bloqumda haqqında heç yazı
yazmadan Seymur Baycanın “Quqark” romanının posterini yerləşdirdim. bir il ərzində
yalnız bir rəsmə görə xeyli adam o romanla maraqlandı. Səbəblər müxtəlif idi.
Biri Ermənistanın Quqark şəhərində doğulmuşdu, o biri karikaturanı bəyənmişdi,
digəri hədiyyə etmək üçün məsləhət istəmişdi. Bu adamlar hamısı yeni kitab
alıcıları idi.
Planlı şəkildə ədəbi tənqidə stimul
yaradan tək mətbu orqan “Azadlıq” radiosunun “Oxu zalı” bölməsidir. Orda Azərbaycan
yazıçılarının yeni çapdan çıxmış romanları iki-üç aydan bir müzakirə olunur, tənqidçilər
qonorar alır.
Əlbəttə, naşir və yazıçıların sayt
açmaq, hər çıxan kitab haqda qonorar vermək imkanı olmaya bilər. Amma bu işi
sosial şəbəkələr və bloqlar vasitəsilə daha ucuza başa gətirmək olar. Kitab
haqda “Facebook”da yaradılmış qruplarda, səhifələrdə xeyli adam var ki, daimi
müzakirələr aparırlar. Aralarında oxuduğu əsər haqda bloq yazıları yazanlar da
var. Bütün bunlar spontan baş verir və kütləyə gedib çatmır.
Endirimli kitab yarmarkasına kimi indi
sadalayacağım işləri görmək olar: Yaxşı piar mütəxəssisinin, naşirin də vəzifəsi
odur ki, bu adamlardan şəbəkə yarada bilsin. Ən azı yeni əsərlər haqda davamlı
yazacaq beş-on bloqçunu maraqlandırmaq olar. Maddi stimul kimi qonorarı hədiyyə
kitab əvəz edə bilər. Bir şərtlə ki, hədiyyənin qarşılığında həmin şəxs müəyyən
edilmiş vaxta yazı hazırlayacaq. Təsəvvür edin, eyni zamanda xeyli adam bir əsər
haqda geniş məlumat verir. Yazını yazan şəxs yazdığının paylaşılmasında maraqlı
olacaq. Hər yazını azı bir neçə yüz adam oxuyacaq. Çoxluğun rəyi qərarsız
oxucunu daha inamlı edəcək. Haqqında oxuduğu kitabı bir gün almaq istəyəcək.
Bütün bunlardan sonra isə endirimli kitab yarmarkası onun üçün göydəndüşmə
olacaq.
Bu işdə təkcə naşirlər yox, yazıçılar
özləri də maraqlı olmalıdır. Özlərinə yaxın bildikləri oxuculardan kitabları
haqda yazı yazmalarını xahiş etsinlər. Əsəri ən azı bir il gündəmdə saxlamağı hədəf
seçsinlər. Hər hansı qapalı yerdə kitab müzakirəsi təşkil etmək bəzən o qədər də
uğurlu olmur. Çünki adamlar yazıçı ilə daha çox maraqlanırlar, nəinki yazdığı
ilə.
Yazıçı da, naşir də əsər haqda yazılacaq
mənfi rəydən qorxmasınlar. Sarkazmlı, kəskin tənqidi yazılar bayağı tərifli
yazılarla müqayisədə kitaba daha çox alıcı qazandırır. “Reklamın yaxşısı-pisi
olmaz” ifadəsi, bəlkə də, ən çox kitab bazarında sözünü deyir. “Oxu zalı”nda
romanı müzakirəyə çıxarılan bir gənc yazıçı haqqında bütün tənqidçilər mənfi rəy
vermişdi. Amma o, müsahibəsində fəxrlə dedi ki, çap etdirdiyi kitablar artıq
satılıb qurtarmağa yaxınlaşır. Hətta bizi qınayan oxucular oldu ki, siz niyə zəif
əsərlər haqda yazı yazıb, onları reklam edirsiniz.
Zahiri görünüşünə baxıb kitabdan uzaq
saydığınız adamlar belə kitab alıcılarıdır. İyul ayında Nərimanov parkında
keçirilən kitab yarmarkasında mən də iştirak etdim. Xeyli kitab aldım. –
Yeni-yeni mövzularda yaza bilmək üçün daim mütaliə şərtdir – Elə yanımda duran
bir gənc satıcıdan Elxan Elatlının romanlarını sadalamasını istədi. Adı çəkilən
altı romandan dördünü oxumuşdu. Hər adam bir yazıçının yazdıqlarını davamlı
oxumur. Gənc özü isə ictimai sektor nümayəndəsindən çox, “avtoş”a oxşayırdı.
Amma o da oxucudur.
Digər bir nümunə: Kitabla heç bir əlaqəsini
düşünmədiyim tanışlardan biri bu yaxınlarda Elxan Elatlının üç romanını alıb
oxuduğunu dedi. Heç vaxt kitab almayan bu gənci kitab sevgisi dostunun əlində
gördüyü bir kitabla başlamışdı. Digər Azərbaycan yazıçıları ilə bağlı xeyli belə
nümunəyə rast gəlmişəm.
Dediyim odur ki, yerli oxucunu qısır
bilməyin. Kitab bazarının miqyası çox genişdir. Əgər oxucunu maraqlandıra bilsəniz.
Könüllü satıcılar gənclər adına yaxşı
nümunədir. Amma o könüllü satıcılar könüllü reklam agentlərinə çevrilsə, bu qədər
əlavə xərclər çəkməyə ehtiyac qalmaz.
Kitab biznesi ilə əlaqədar şəxs
olmadığıma görə yalnız nəzəri təcrübəmi bölüşdüm. Şahbaz Xuduoğlu və digər
naşirlər hər il Avropanın neçə-neçə kitab yarmarkalarında iştirak edirlər.
Onların ölkəyə yeni marketinq metodları gətirmək imkanları var. Təkcə müəllif
hüququnu alıb kitab çap etməklə bazar işləməz.

Комментариев нет:
Отправить комментарий