Ola bilsin, kütlə şüurunda stereotip
yarada biliblər ki, Azərbaycanda “azad yazarlar” deyəndə Ayo-çular yada
düşür. Reallıq isə fərqlidir. AYO-nu
tanıyandan siyasətçi diqqətsizliyindən şikayət etdiklərini görmüşəm. Xeyli
yazılar yazıblar, çayxana müzakirələri olub. Ancaq siyasi təhsil alan adam kimi
istəklərini anlamamışam. Məgər başa düşmürlər ki, siyasətçi yazıçıdan ədəbiyyat
yox, siyasi sifariş tələb edəcək.
Gəl ki, nə cəsarətləri, nə iradələri
çatacaq bir işə girişdilər. Dissident yazıçı olmaq qərarı verdilər.
Dissidentlik isə ən cəsarətli mövzularda yazmaq deməkdir. Məişət mövzularından
yazmaqla dissident olmayacaqlarını anladılar. Tələb qoydular ki, siyasətçi ya
AYO-nun yanında olmalıdır, ya da AYB-in.
Seymur, qardaşım deyək ki, haqlısan.
Leninin, Trotskinin həyatını oxuyursan. Sənə ağır gəlir. Bizimkilərin də onlara
oxşamasını istəyirsən. Axı sən kimlərdən kitaba diqqət tələb edirsən? Kitabsız
adamlardan?!
Siyasi mühitə bax. Gör orada nə qədər əyalət
adamı var. Pencəkli, qalstuklu dünənki kolxozçular. 25 ildir kostyum geyirlər.
Şəhərlə, ədəbiyyatla onları bağlayan tək şey də elə kostyumdur. Zehniyyət
paltar deyil ki, birini çıxarıb, başqasını geyəsən. Kitabsız adamı paltar da dəyişmir.
Kitabsızlıq gec-tez mahiyyətini göstərir.
Heç kitabı olan siyasətçi
qaragüruhçuluğa yuvarlanarmı? Beş metr məsafədə dayanan həmkarı ilə
qışqıra-qışqıra, əl hərəkətləri ilə danışarmı? Təəccüblənmə. Bu, vərdişdir.
Naxırda, örüşdə hayladıqları heyvanı siyasətə gələndə insanla səhv salıblar.
Siyasi etiket necə olur, onu kitabdan oxuyub öyrənməlisən. Kitabsız adamlar
kitab üzü açmayıblar ki, oxusunlar, bilsinlər.
Sən heç özünə sual vermisənmi niyə bu
düşərgənin ədəbi kumirləri nasir yox, Ramiz Rövşən, Rüstəm Behrudi, Mirzə Sakit
kimi şairlərdir? Çünki əyalətdə ədəbiyyat yaranmır. Adını şifahi ədəbiyyat
qoyublar. Amma kitabların külliyyatı kimi anladığımız ədəbiyyat heç vaxt dağda,
tarlada yaranmayıb.
Əyalət adamının ilk ədəbiyyat müəllimi
yazıçı deyil, tamada, meyxanaçı, mərsiyəxan olur. Şeir ona Lermontov, Yesenin
olmaq üçün yox, toyda yaxşı tost deyə bilməsi üçün lazımdır. Yaxşı şair olmaq
isə əla tamada olmaq deməkdir. Toy aparmaq alınmasa, bəxtlərini mərsiyədə
sınayırlar. O adamlar bizi pozitiv
olmağa çağırırlar. Amma Ramiz Rövşənin kəfən poeziyası ruhlarına çöküb. Bundan
həzz alırlar.
İndi kepkanı qoy qabağına, düşün. Həmin
tamadalar, mərsiyəxanlar bu gün siyasətdədirlər. Olduqları kimi də qalıblar.
Kitab üzü açmadan. Məgər elə olmasaydı, toyda necə qol açıb oynadıqlarını,
yeyib-içmək süfrəsinin fotolarını “Facebook”da bizə siyasi təşviqat materialı
kimi təbliğ edərdilərmi?
Sən, onların “Facebook” divarında nə
vaxtsa ədəbi müzakirə açdıqlarını, müasir dünya yazıçısından sitat gətirdiyini
görmüsənmi? Mən də görməmişəm. Əvəzində hər gün xeyli sayda düşük səviyyəli ad
günü təbriki görürəm. Bu təbriklər təkcə təbrik sahibinə yox, publikaya
ünvanlanır. Sanki virtual tost deyirlər. “Facebook” onlar üçün toy mağarı
olaraq qalır. Mark Zukerberq “Bəy havası” çaldırmaq imkanı da yaratsaydı, göyün
yeddinci qatında olardılar.
Şikayətlənirsən ki, illərdir mübarizə
aparırlar, amma kitab yazmırlar. Sən ki, yazıçısan, bilməlisən. Kitab yazacaq şəxs,
yüz kitab açıb oxumalıdır ki, bir kitab yaza bilsin. Kitabsız adamlardan özlərinə
qarşı nə üçün belə işgəncə tələb edirsən? Heç insaf yoxmu səndə?
Kitabsızlıq müvəqqəti qüsur yox,
taledir. Onlar kitabsızlığı tale kimi seçiblər. Bu alın yazısı ilə də öləcəklər.
Özləri haqda yazmayacaqlar, bir başqası onlar haqda yazacaq. Tarix tunelində
qamçılayaraq.
Gənc nəslə, gənc siyasətçilərə ümidlisən.
Bu məsələdə də seçici ol. Əyalətdən siyasətə axışan gənclərə diqqət yetir. Nə
zaman ki, şəhər mühitindədirlər, qalstuk onları idarə edir. Tribuna ciddiyyət
diktə edir. Elə ki, qayıtdılar kəndlərinə öz təbi hallarını alırlar. Şişə çəkilmiş
toğludan, əldə çəkilmiş meyvə arağından yazırlar. Bu onların ən xoşbəxt
halıdır. Həyatın həzzini kitabdan yox, araqdan, kababdan duyurlar. Sən isə
onlardan Tolstoyun “Dirilmə” romanını, Turgenevin “Rudin”ini oxumağı tələb
edirsən. Adam qəddar olmaz.
Deyim ki, kitabsız adamlar kəndinə
qayıdanda xoşbəxt olur. Bir zamanlar əyalət adamlarını Bakıya yığıb gətirən
liderləri zorən prezident olmuşdu. O da nə şəhər, nə nəsr adamı idi. “Oturmayan
ermənidir!” şüarı onun üçün daha müdrik səslənirdi, nəinki Dostoyevskinin
sitatı. Arzuladığı xoşbəxtliyi də kəndinə qayıdanda tapdı. Yenə nəsrə deyil,
şeirə könül verdi.
Leninin Saltıkov Şedrin haqda onlarla məqalə
yazdığını deyirsən. Məgər sən bilmirsən ki, Lenin bizimkilər
üçün hər zaman daşdan heykəl olub. SSRİ vaxtı da Lenindən heç nə oxumamışdılar.
SSRİ dağıldı. Leninin heykəlini parçalayıb, M.Ə.Rəsulzadəyə heykəl qoydular.
Heykəli heykəl əvəzlədi. Kitabsız əyalət adamları yenə kitaba yaxın durmadı.
Bir neçə il öncə Müsavat partiyasının qərargahında
tədbirdə idik. Adını çəkməyəcəyəm. Partiyanın məşhur funksioneri üzünü gənclərə
tutaraq, dramatik görkəm alıb dedi: “Siz bilmirsiz, Rəsulzadə Fin körfəzini necə
əzabla üzüb keçib. Qışın çovğununda qayıqda, əynində nazik palto, titrəyərək”.
Guya hisslərimizlə oynayıb Rəsulzadəni gənclərə
sevdirəcəkdi. Bu bədbəxt, cib kitabı boyda “Stalinlə ixtilal xatirələri”ni
oxusaydı, bilərdi ki, Rəsulzadə Fin körfəzini qışda yox, yayın cırhacırında,
gizlilik üçün yağışlı havada keçib. Bir də Fin körfəzi qışda donur. Onu qayıqla
keçmək olmazdı.
“O olmasın, bu olsun” filminə baxıb
gülürük. Məşədi İbadın qonaqları şadlıq saraylarında yox, dəyirmi masaların ətrafında
əyləşiblər. Gör, neçə ildir. Sən “Tarixi-Nadir”i yarıyadək oxumayan adamlardan
yazıçıya diqqət, kitab yazmalarını tələb edirsən. Bu qədər avantürist olma.
Ağlını idealist sovet maarifçiliyi təsvirləri
ilə pozma. SSRİ üçün hamının oxuyub kitab olması yox, “beş illik plan” hədəf
idi. Səhər tezdən pambıq tarlalarına qovulan adamlar əlbəttə ki, kitabsız
qalmalı idi. Zəhmətkeş cəmiyyət üçün bu normal idi. Faciə o zaman baş verdi ki,
bu adamlar özünü siyasətdə tapdı.
Qədim Şumer mədəniyyətinin gil kitabələrindən
bu yana kitab və mütaliə şəhər adamının lüksü olub. Kənd mühitində üç uşaqdan
ikisi tarlada işləməlidir ki, üçüncü uşaq rahatca kitabını oxuya bilsin. Elə
özünü götür. Bir ailədən neçə Seymur Baycan çıxara bilmisiz?
İsa Qəmbərin Anara olan rəğbətini,
Anarın İsa Qəmbərin portretini yaratmasını siyasi mühitə bağlama. Bu iki şəhər
adamının bağlılığıdır. Şəhərli yazıçı ilə şəhərli oxucunu birləşdirən bağ. Anar
İsa Qəmbər nəslinin simasında öz şəhər oxucusunu yetişdirib. Onlara da yer
verir.
Sən isə özün yetişdirmədiyin oxucudan
hesab soruşursan. Kitabsız əyalət adamları arasında onun tək olduğunu bilə-bilə.
Oxucu isə asan yetişmir. 10-15 il fasiləsiz yazmalısan ki, mütaliəyə meyl salan
məktəbli o kitablarda böyüsün.
Bir zamanlar AYO-çular iddialı idilər. Təzə-təzə
cücərən gənc oxucu Əli Əkbərə, Günel Mövluda inanırdı. Onlar isə qorxaq çıxdı.
Gənc oxucunu ümidləri ilə birgə qoyub qaçdılar. İndi sən qorxaqların, iradəsizlərin
təşkilatında ola-ola başqalarından mövqe tələb edirsən.
Bəxtin gətirib ki, iradların kitabsız əyalət
adamlarınadır. Ya qarşındakı Lenin olsaydı? O, rəhm etməzdi. Amansız şəkildə
qamçılayardı.
Unut kitabsız əyalət adamlarını. Nədəsə
qınamaqla ömründən yeyirsən. Bünövrəsi kitabsız qoyulan adamı heç bir maarifçi
fəaliyyətin dəyişdirə bilməyəcəyini qəti yəqin etmişəm. Onların oxuduğu
kitabları olmadığı kimi, yazdığı kitabı da olmayacaq. Onlardan ildə bir dəfə qəbir
üstündə deyilən nitqlər qalacaq.

Комментариев нет:
Отправить комментарий