Yazıçı Etel Lilian Voyniçin “Ovod”
romanını oxuyanda bir o qədər təsirlənməmişdim. Əsərin gerçək gücünü SSRİ
istehsalı, eyniadlı “Ovod” (1980) filminə baxarkən anladım. “Ovod” əbədi atalar
və oğullar dilemmasını canlandıran ən güclü romanlardan biridir.
Roman inqilabçı və anti-kilsə mövqeyinə
görə Qərb cəmiyyəti üçün arzuolunmaz əsərlərdən biri olub. Hətta öldü bilinən
yazıçı Voyniçin sağ olduğu və Amerikada yoxsulluq içində yaşadığı 1955-ci ildə
aşkarlanıb. Yaratdığı inqilabçı obrazına görə SSRİ və digər postsovet ölkələrində
populyarlıq qazanıb.
Bu roman haqda, bəlkə də, yazmazdım, əgər
gənc Ovodu müasirlərim arasında görməsəydim. Böyüdüyü mühiti yalan sayan neçə-neçə
üsyankar Ovod varmış bu ölkədə.
Voyniçin qəhrəmanı Artur İtaliyada ticarətlə
məşğul olan ingilis ailənin oğludur. Keşiş Montanelli seminariyada oxuyan bu gəncə
qəyyumluq edir. İnqilabçı təşkilata qoşulan Artur kilsə rahibinə günahını
etiraf edərkən bilmədən xainə çevrilir. Bir neçə günlük həbsdən sonra dostları
ondan üz çevirir. Qeyri-qanuni nikahdan doğulduğu və əsl atasının keşiş
Montanelli olduğu həqiqətini öyrənir. Hər kəs tərəfindən xəyanətə uğradığını
başa düşən bu gənc intiharını imitasiya edir. Cənubi Amerikaya qaçır.
Uzun illər sonra vətənə qayıdan Artur
artıq iti qələmli jurnalist, inqilabçı Ovoddur.
Əsərin ən dəhşətli hissəsi atışma zamanı əsir düşən Ovodun həbsxanada
dialoqudur. Həbsxana rəisi üsyanın qarşısını almaq üçün onu edam etmək istəyir.
Qərarı isə kardinal vəzifəsinə yüksəlmiş Montanelli verməlidir. Ovodun doğma
oğlu olduğunu öyrənən Montanelli ona qaçması üçün imkanlar təklif edir. Oğul isə
ata qarşısında yeganə şərt qoyur. Kilsə və dinindən imtina etməsini. Kilsədən
üz çevirə bilməyən Montanelli Ovodun edamını seçir.
Bu səhnə İsa peyğəmbərin çarmıxda can
verməsi rəvayəti qədər təsirlidir. Dinindən şübhə edən xristianlar tez-tez bu
sualı verirlər: “İsa Allahın oğlu idisə, nə üçün atası çarmıxda can verməsinə
razı oldu?” Ovodun ölümü də ani yox, İsa tək əzablı, bəşəriyyətə üsyan edən şəkildə
təsvir olunur.
Bu süjet Voyniçin deyil, Dostoyevskinin
qələmindən çıxsaydı, yəqin ki, “Ovod” dünyanın diqqətindən kənar qalmaz, “Boyük
inkvizitor” hekayəsi kimi ilahi güc qazanardı. Dostoyevskinin obrazı olan
İsadan fərqli olaraq Ovod ilahi qüvvəsi olmayan adi insandır. Onun həyatını hər
kəs yaşaya bilər. Təəccüblü olsa da, Ovodlar hələ də yaşayır.
İctimai sektor dediyimiz fəallar
arasında xeyli ateist gəncə rast gəlmək olar. Onların çoxu ateizmi moda olaraq
seçsə də, içlərində qəti mövqeyə sahib olanlar da var. İlk baxışdan fikirləşmək
olar ki, dini bilikləri olmadığı üçün belə seçim ediblər. Amma şəxsi həyatlarını
araşdıranda qarşıya tam başqa mənzərə çıxır.
Bir bilsəniz, ata-anası hacı, məşədi, kərbəlayi
olan, uşaq vaxtı mədrəsəyə gedən neçə gənc ateist var bu sektorda. Təkcə oğlan
yox. Qardaşı qatı dindar olan, ata ögeyliyindən Bakıya qaçmış neçə üsyankar
qız.
Onların hamısı valideynlərinin inancının
yalan olduğunu iddia edir. Səmimi qəlbdən inanmağı arzu edərkən günün biri
aldadıldıqlarının fərqinə vardığını deyirlər. Xəyanətin qisasını inkarçılıqda
görürlər. Gənc Artur kimi. Və ruhlarında başlayan mübarizə cəmiyyətə, onun dəyərlərinə
qarşı üsyana çevrilir.
Günah ilahi inanclarda, İslam dinindədirmi?
XIX əsrdə yaşasaydıq, bəlkə də, cavabımız “hə” olardı. Lakin fikir
plüralizminin olduğu XXI əsrdə ateist atanı inkar edən mühafizəkar oğul, millətçi
fikir adamının vəsiyyətini ələ salan kosmopolit oğulun canlı nümunələri ilə
qarşılaşırıq.
Götürək doğma Türkiyəni. 22 il əvvəl
“Türk xalqının 60 faizi axmaqdır” deyən ateist türk yazıçısı Əziz Nesinin oğlu
Əli Nesin dini-mühafizəkar siyasi lider Ərdoğanı öz idealı sayır. Türk millətçilərinin
atası sayılan Nihal Atsızın oğlu Yağmur Atsız atasının fikirlərini irqçilik deyə
ələ salır.
İlahi olsun, ya insan məhsulu, istənilən
ideologiya ifrata varanda gənc nəsil üçün zəncirə çevrilir. Çünki insan ağlı
mühakimə etməyə qadirdir. Mühakimə yolu ilə əldə olunmuş həqiqət isə inkarı
inkardan başlayır. Nə qədər qəribə olsa da, ilk zərbəni kilsə öz tələbəsindən,
ata oğlundan alır. Bir vaxtlar dini seminariya şagirdi olan gənc İosif sonralar
ən böyük din düşməni Stalinə çevrildiyi kimi.
Bəzən ata oğul dilemması ateistlə dindar
qarşıdurması olmaya bilər. Hətta bir dinin iki məzhəb fərqliliyi Ovodun
taleyini təkrarlamağa qadirdir. Bu yaxınlarda oxuduğum qəzet xəbəri Ovoda
çevrilmiş Artur haqqında idi. Məkan isə İtaliya yox, Azərbaycandır.
Royonlarımızın birində qatı Əli şiəsi
olan dindar kişinin oğlu vəhhabi gənclərə qoşulur. İslam haqda bilikləri
onlardan öyrənir. Bunu gözü götürməyən ata oğlundan polisə şikayət edir.
“Ağıllandırmaq” məqsədilə hətta bir neçə sutkalıq həbs cəzası verdirir. Ata xəyanəti
ilə üzləşən oğul yenə yoldaşlarının yanına qayıdır. Təzyiqlər o həddə çatır ki,
axırda başını götürüb Suriyaya döyüşməyə gedir.
Bəli, bu insan ölməz roman qəhrəmanı
yox, adını belə eşitmədiyimiz adi gəncdir. Eyni taleyi yaşayır. Eyni üsyanı
edir. Vətənini atıb, ölüm axtarmağa gedir. Ola bilsin, zəmanəmizin Ovodu illər
sonra yenidən Azərbaycana qayıtdı. Bu dəfə şikəst, üzündəki çapıqlardan
tanınmaz halda. Bəlkə də, ona xəyanət edən atanın qarşısında dayanaraq hesab çəkəcək.
Oğul itkisinin necə bir hiss olduğunu soruşacaq.
Ovodların faciəsini təkrar-təkrar
yaşadan səbəblər çoxdur. Azad mühitin yoxluğu, ehkamçı ailə, fikir və vicdan
azadlığına dözümsüzlük. Azadlıqlar olmayan yerdə üsyan ocağının alışması an məsələsi
olur.
Bu yazı yazılmasaydı, belə “Ovod”
klassika olaraq qalacaqdı. Ancaq valideyn olacaq hər kəs bu romanı oxumalıdır.
Dindarı, solçusu, ateisti, millətçisi... Hər kəs. Ən azı filminə baxmaq
lazımdır. Ovodun həyatı romantik bir inqilabçının macərası deyil. Ruhunu
yalana, xəyanətə qurban vermək istəməyən insan faciəsidir.

Комментариев нет:
Отправить комментарий