Kitab təqdimatlarına, endirimli kitab yarmarkasına yolunuz
tez-tez düşür. Bu dəfə diqqətinizi diqqətdən kənar qalan kitab mağazasına yönəltmək
istərdim. “Akadem Kitab” mağazasına. Baksovetdən Taqovıya düşərkən, yolun
sağındakı zirzəmidə yerləşən mağazaya.
“Akadem kitab” bəlkə də Bakıda yerləşən ən zəngin kitab mağazasıdır.
Təkcə say, dil çeşidinə görə yox. Həm də uzun illər əvvəl çap olunub indi
tapılmayan kitablarına görə. “Əli və Nino”, “Qanun” nəşriyyatı onunla müqayisədə
baqqal dükanıdır.
Mənim üçün bu mağazanın xüsusi önəmi var. Mən Bakının heç
bir mağazasında tapa bilmədiyim siyasi ədəbiyyatı orada tapa bilirəm. Təbii ki,
söhbət Rusiyada çap olunan kitablardan gedir. Burada 20 il əvvəl çap olunmuş
kitabları tapmaq olar. Amma bir ciddi minusu var. Kitablar köhnəlir, qiymətləri
düşmür. 14 il əvvəl tamaşa edib, ala bilmədiyim kitabları təkrar gördüm. Bəzilərinin
arxasında köhnə manatın izi qalmaqdadır.
2000-lərin əvvəli bura tez-tez gələrdik. Politologiya,
sosiologiya, psixologiya ixtisasları üzrə ən yeni nəşrləri burada tapmaq
olardı. Rusiyadan gələn istənilən kitab kimi qiymət baha, pul az idi. Ona görə
də hərə bir məşhur siyasi fikir adamının kitabını alırdı. Qrupda uzağı dörd-beş
nəfər o bir kitabı alıb oxumağa müyəssər olurdu. Kağız saralsa da, informasiya
köhnəlmir. Yenə də o kitabları almağa dəyər.
Bilirsinizmi, oradan çıxanda nəyə təəccübləndim? O
kitabların hələ də satılmayıb qalmasına. Azərbaycanda siyasətçi, funksioner, qəzet
politoloqu, deputat olmağa iddialı aktivist itə tök saydadır. Məntiqlə siyasətlə
maraqlanan adam siyasət haqqında nəsə oxumalıdır. Növbəti məntiqi ardıcıllıqla
oxuduğu şeyin adı – kitab olmalıdır. Yox, kimsə deyir ki, mən siyasi kitab
oxumuram, amma hər gün qəzet oxuyuram. O adamlar haqda bir şey deyim. Azərbaycanda
hər gün özü yazdığı yazıları, verdiyi müsahibələri qəzetdən oxuyan onlarla
siyasi bədbəxt var. Bəlkə də rəqəmi az göstərdim.
Siyasi ədəbiyyat haqda onu deyə bilərəm ki, kitab
mağazalarında ən nadir bölmədir. Bir çoxunda belə bölmə yoxdur. Əvəzində sizə məşhur
şəxslərin bioqrafiyasını təklif edəcəklər. Birinci səbəb odur ki, tələbat
azdır. Bu ölkədə ilk növbədə siyasətə iddialı adamlar siyasi ədəbiyyat oxumur. Əlbəttə,
ədəbiyyat deyəndə Elçibəyin, Heydər Əliyevin xatirəsinə yazılan mədhiyyələri nəzərdə
tutmuram. Sırf politologiya, geopolitika üzrə kitablar.
İkinci səbəb, dil baryeridir. Bu ölkədə ən keyfiyyətli
siyasi ədəbiyyatı rus dilində oxumaq olar. Kağız ya virtual şəkildə. Xeyli
ciddi simalı müxalif gənc tanıyıram ki, rus dilini bilmir. Molla Nəsrəddinin
sözü olmasın, bilənlər bilməyənlərə öyrətsin. Qaragüruhu qoyuram bir kənara. Qalstuklulara
bəs nə olub? Deyəcəklər vaxtımız yoxdur. Qələtlərin edirlər! Bir həftədə 10 layihə yazıb qrant fondlarına
göndərən adamlar 20 ilə bir-iki kitab tərcümə edə bilmirdilər?!
Müstəqil siyasi fikri “Oturmayan ermənidir!” şüarı ilə
yaranan xalqda bir anormallıq olmalı idi. Bu anormallıq tarixi təsadüf ola bilərdi.
Azərbaycan siyasi mühiti faciəsini onda yaşadı ki, ən böyük siyasi ilham
qaynağı Ramiz Rövşən poeziyası oldu. Və bu faciə Mirzə Sakit, Bəxtiyar Hidayət
formasında davam edir.
Hakimiyyətdən siyasi ədəbiyyat tələb etmək əbəsdir. Çünki o
istədiyi vaxt kitabla mübarizəni dəyənəklə əvəz edə bilər. Amma buna baxmayaraq
yazırlar. Əli Həsənovu, Mübariz Qurbanlısı, Ramiz Mehdiyevi - ciddi siyasətçi
donu geyən hamı yazır. Təkcə Heydər Əliyev haqda yox. Beynəlxalq münasibətlər,
geopolitika, yerli siyasi mühit və s. Doğrudur, yalan-palan yazırlar. Yazı üslubları
müasir gənc üçün şablon, darıxdırıcıdır. Amma ortada məhsul var.
Müxalifət liderləri nə qədər dallarına-başlarına yaxsalar da,
bir nəfəri belə yazdığı kitabla fəxr edə bilməz. Partiya üzvləri onların yazdığı
əsərlərlə yetişmir. İndiki üzvlər ümumiyyətlə partiyanın 10-15 il əvvəlki
tarixindən xəbərsizdirlər. Liderlər olmasın, bəs funksionerlər?
Bu gün təhlükənin fərqində deyillər. Əsl faciə onda
yaşanacaq ki, 20 il sonrakı tələbə bu dövrü elmi şəkildə araşdırmaq istəyəcək.
Kitabxanalara, bukinistlərə gedəcək və orada Ramiz Mehdiyevin əsərlərini
tapacaq. 20 il sonra tələbə olacaq gəncə bu bədbəxtlər necə başa salacaqlar ki,
biz mübarizə aparmışıq. Gedəni onsuz da gedir, qalanını Əzrail aparır.
Kitab yazmaq məsuliyyətini də götürürəm. Elçibəyi özünə müəllim
seçənlər avantüristlik, qaraçılıqdan başqa heç nə öyrənə bilməzdi. Siyasət ki,
dinamik prosesdir. Onun nəbzini tuta bilmək üçün fərqli mənbələrdən informasiya
almaq lazımdır. Hətta nifrət etdiyin siyasətçinin də yazdığını oxumaq. Siyasət
sizin istəkləriniz xaricində cərəyan edən hadisədir. Onu oynayan oyunçulara nifrət
ya sevgi hissi bəsləməniz heç nəyi dəyişmir.
Ya bu gün verilən səhv qərarlar... Rüsvayçı proqnozlar. Ukrayna
bataqlığına düşdükləri kimi. Nə vaxtacan Vəfa Quluzadənin sərsəm iddialarını
tirajlayacaqsınız?
Bax, burada 15 il əvvəl
yolunu o kitab mağazasından salmayan adamların faciəsi ortaya çıxır. Zamanında
Aleksandr Duqinin “Geopolitika”sını oxusaydılar bilərdilər ki, Putin özündən velosiped
ixtira etmir. Nə üçün Azərbaycan, Gürcüstan yox, Ukrayna, Qazaxıstan Rusiya
üçün bu qədər önəmlidir. Avrasiya ideyası haradan gəlib. Bilərdilər ki,
Hantinqtonun, Fukiyamanın nəzəriyyələri tam cəfəngiyatdır. Siyasəti məişət səviyyəsində
anlayan adamlar onları uda bilər. Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası”
Amerikanın dünya siyasətindəki hakim mövqeyini başa salmaq üçün yox, qlobal hədəfləri
pərdələmək məqsədilə yazılıb. Klinton administrasiyası zamanı təsvir olunan
Amerikadan Obama dövründə heç nə qalmayıb.
Makiavellinin “Hökmdar”, “Tit Livinin birinci dekadası üzərində
mülahizələr” əsərlərini oxusaydılar, makiavellizmə əxlaqsızlıq deməklə necə
böyük əxlaqsızlığın içində olduqlarını anlardılar.
Onlarla ciddi Müsavat üzvü var ki, M.Ə.Rəsulzadədən paraqraf
belə oxumayıb. Bir vaxtlar özlərinə elçibəyçi deyən adamlar “Əsrimizin Siyavuşu”
əsərini cümlə-cümlə oxusaydılar, “Qarabağın yolu Təbrizdən keçir” cümləsi səslənən
kimi Elçibəyin ağzından vurardılar və deyərdilər: “Ay şarlatan, axı, sən bizi
hara aparırsan? Maarifçi ədəbiyyat adamları və sovet təhsili sayəsində ağ günə çıxmış
şimallıları 30 milyonluq qaramatın içinə atmaq istəyirsən? Yeniliyə nifrətin,
mollabaşlığın səbəbi uydurma molla-fars rejimində deyil, İran azərbaycanlılarının
toxumundadır”.
M.Ə.Rəsulzadə: “Hər növ irəli irəliləməyi məhv edən İranın təsirli mühiti bir çox müasir görüşlü kişilər müstəsna olmaqla Azərbaycanda meydana çıxan mütərəqqi və müasir axınları təqib etməkdən məhrum edirdi. Oradan Arasın bəri tərəfinə yaxşı inkişaf etmiş axını təqdir edən münəvvərlər deyil, mərsiyə və mövlüdxanlar, dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi. Əsrimizin Siyavuşu (qeyd: siyasətçi tipi nəzərdə tutulur) üçün İrandan ümidi kəsərək, Türkiyəyə mühacirətdən başqa çarə qalmamışdı". - "Əsrimizin Siyavuşu"
Mən Seymur Baycan kimi “Siyasət adamı mütləq bədii ədəbiyyat
oxumalıdır. Tolstoydan, Dostoyevskidən xəbəri olmalıdır” söhbəti etməyəcəm. Əvvəla
bütün dəyərli kitabları oxuyub qurtarmaq olmaz. Tolstoyun külliyyatını oxumaqla
siyasətçi ola bilməzsən. Həmçinin istənilən digər ixtisas sahibi. Uzağı köşə
yazarı olarsan.
Hədəf kitab oxumaq deyil, kitab üzrə ixtisaslaşmadı. Sən tələbə,
tibbi oxuyub həkim olunca heç bir xəstə
yanına gəlib “Sən, Tolstoyu oxumusan?” sualı verməyəcək. Amma peşəni kamil şəkildə
bilməyib, səhv diaqnoz qoyanda üzünə tüpürəcək. Nə qədər universitet oxuyursan,
kitaba verməyə pulun var ixtisas üzrə kitablar al, sifariş ver.
Azərbaycanda ən bekara peşə sayılan jurnalistikanın iddialı
jurnalistləri ixtisas uyğun mütaliə ilə öz üzərilərində işləsəydilər, Mirşahin “ANS
məktəbi” sözünü dilinə gətirməzdi.
#bookchallange aksiyasında bir şey diqqətimi çəkdi. Orada hər
cür kitab vardı, amma kiminsə siyahısına baxıb “filankəs filan peşənin
sahibidir” demək olmurdu. Hər kəs hərşeyşünasdır, amma reallıqda natamam
papaqçı. Mən özümə yaxın siyasət sahəsindən yazdım. Onun kitabsız adamlarının
faciəsindən. Gör, Azərbaycanda neçə-neçə peşə, peşə sahibləri öz faciəsini
yaşayır.

Комментариев нет:
Отправить комментарий