Həbsdəki son nidaçılar da əfv ərizəsi yazdı. Gözlənilən idi.
Elçibəyin sözü olmasın, zamana ehtiyac vardı. Yazdıqları ərizəyə görə qınamıram.
Reallıq hissini itirmiş adamlar sonunda bu hissi qaytarmış oldu. Onlar həqiqətən
sübut etdilər ki, Elçibəy yolunun davamçılarıdır.
Azərbaycanda siyasi məhbusun son istifadə müddəti il yarımdır. Siyasi fəaliyyətinə görə həbs olunmuş adam il yarım ərzində çölə çıxa bilmədisə, zayı çıxır. Bu müddət çox simvolikdir. Elçibəy yolunun mistikasıdır. Çünki Əbülfəz Əliyev (Elçibəy) də vaxtilə il yarım həbs yatıb çıxmışdı. Özü də əfv məktubu yazaraq. O, leninçi siyasətin müdafiəsi öhdəliyi götürmüşdü, nidaçılar çiçəklənən Azərbaycanın.
Emin Milli Əbülfəz Əliyevin yazdığı məktubu ortaya çıxaranda
müxalifətçilər ətəklərini başlarına çəkmişdi. Halbuki bu Əbülfəz həmin Əbülfəz
idi. Təslimçi, cəlladını sevən. Sadəcə bu adama Elçibəy təxəllüsü verib, ətrafında
o qədər mif uydurmuşdular ki, özləri də bu yalana inanmışdı. Reallığı heç cürə
qəbul edə bimirdilər.
Axar su nəcisi su üzünə çıxaran kimi Meydan hərəkatı da ən
zay adamları tribunaya çıxarmışdı. Onların vaxtilə iyləndiyini gizlətmək üçün
xeyli mif uyduruldu. Qəhrəman obrazına susamış xalq miflərlə silahlanmış nökərləri
sevdi. Axar su özünü təmizləyən kimi tarix də onları təmizlədi. Reallıq hissini itirmiş xalq özünə qayıtdı.
İl yarım limitinə barmaqarası baxmayın. Bu siyasi fəaliyyətə
verilmiş edam hökmünün son tarixidir. Heç kəsin tanımadığı Cabbar Savalanlı həbsdən
dünya miqyaslı dissident kimi çıxmışdısa, bunu 11 aylıq mübarizəyə borcluyuq. Nə
ATƏT-ə, nə Departamentə. 20 nəfər yoldaşının fasilə verməyən mübarizəsinə. Yazıqlar olsun o adamlara ki, belə simadan
istifadə etmək yerinə qaragüruha meydan verdi.
Həbslərəcən “Nida”dakı eyforiya 88-ci ildən fərqlənmirdi.
Özündənrazılıq, başqa siyasi qüvvələrə şıllaq atmaq. Tənqid edənlərə qarşı
aqressiya. Siyasi avantürizm sərhəd tanımırdı.
Təşkilat “Gəlirik!” şüarını deviz seçəndə başa düşdük ki,
xiyar əyri bitib. Gənc adamlar bu qafa ilə irəli gedə bilməz. “Gəlirik!” şüarı
2005-ci iləcən çox populyar idi. O vaxtdan bu yana müxalifətçilər ancaq zarafat
kimi işlədir. Hətta 2010-cu ildə Əbülfəz Qurbanlı “Azadlıq” qəzetində bu
başlıqla yumoristik yazı da yazmışdı.
2011-də “Nida”nın bu plakatla təbliğat videosu çəkməsini əvvəl
zarafat bildik. Sonra baxdıq ki, adamlar ciddidir. Məlumat üçün deyim ki,
şüarın ideyasını İsa Qəmbərin oğlu Turqut Qəmbər vermişdi. 88-in siyasi zehniyyətini
2018-ə daşıyan adamın oğlunun 91-in şüarını 2011-ə gətirməsində təəccüblü heç nə
yoxdur. Ümumiyyətlə deyim ki, oğul Qəmbərlərin idarəçiliyinə soxulduğu bütün təşkilatlar
(“Yox!”, “Ol!”, “Nida”) eyni sonluqla nəticələnib. Fiasko ilə. Bu sahədə onları
atasının layiq davamçıları saymaq olar.
“Nida”dakı bu özbaşınalığı, uçuruma aparan fəaliyyəti
görürdük. İlk tənqidçiləri də Taleh Məmmədovla mən olduq. Əvvəl məsləhət şəklində
yazdıq. Başda duranlara anlatmağa çalışdıq ki, özünüzü aktivist kimi yox, bələdiyyə,
parlament seçkisinə namizəd kimi hazırlayın. Təşkilata yeni gələn gəncləri
“Əjdaha party”lərdə deyil, tribunalarda tərbiyə edin.
Dinləmədilər. Əvəzində eşitdiyimiz söyüş, təhqir, yad
münasibət oldu. 1988-93 travması almış nəsil sağala bilməyən kimi bunlar da
ümidsiz idi. Rəşadət Axundov təşkilata yeni gələn gənclərin siyasi suallarına
cavab vermək əvəzinə onlara “ergen” deyib, alçaldırdı. Zaur Qurbanlı bakirə
qızları ələ salırdı.
İdarə heyəti təşkilat üzvlərinə bizlərin bloq yazılarını
paylaşmağı, bəyənməyi qadağan edən idiotik qərar qəbul etdi. İndi də o
qafadadırlar. O zaman qərar verdik ki, bu təşkilatın tək faydası dağılması
olacaq. Ən azı yeni gələn gəncləri xilas etmək lazım idi.
Yadıma gəlir, Ömər Məmmədov üstündə nidaçılarla davaya
çıxmışdıq. 15 yaşlı gənci nə haqla üzv etmisiz? - deyə. Biz Öməri uduzduq. İndi
o həbsdədir. Nə özünün, nə Əliyevin ucbatından. Qorxaqlıq göstərib, məsuliyyəti
körpə üzvlərin boynuna yükləyən “Nida” başbilənləri üzündən. Nəticəsi ağır olan
eyni səhv təkrarlanmamalı idi.
Mehmet Akif Ersoyun şeirində olduğu kimi bu həyasızca axın
durmadı. “Əsgər ölümü” aksiyalarında pik həddə çatdı. İki aksiyadan sonra ətrafında
10-15 uşaq olan adamlar özünü başqan saydı. “Yeni fikir” hərəkatının 2005-də verdiyi
səhv qərarlar eyni xətt üzrə gedirdi. Halbuki siyasi məhbus Ruslan Bəşirli il
yarım limitini keçən nadir şəxslərdəndir. İşgəncələrə 7 il dözdü. Sadəcə ona
yan çevirdilər. Adını siyahıya salıb, pul tutanlar indi özləri həbsdədir.
Əminliklə deyə bilərəm ki, əfv sahibi “Nida” üzvlərinin
reallıq hissi özünə qayıdıb. Təəssüf ki, bu dərk etmək bir müddət həbsdə qalmalı
oldular. Bu cümlələrdə ən təbii həqiqət yatır:
“Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq”.
Optimal yanaşmaq. Bundan daha dəqiq ifadə tapmaq olmazdı.
“Onlar sizin azadlığınız uğrunda həbsdədir” kimi bayağı fikri tez-tez gözümüzə
soxurdular. Neçə dəfə bu fikrin əleyhinə yazmaq istəsəm də, vaz keçmişəm. Bu cəmiyyətdə
bir ölənə, bir həbsdə yatana zaval olmadığına görə.
Halbuki hər bir şəxs ilk növbədə şəxsi azadlığı uğrunda
mübarizə aparır. “Yaxşı oğlan”ın bacısı haqda yazıların mənim azadlığıma heç
bir dəxili yox idi. Məlum oldu ki, onların azadlığı sıravi azərbaycanlının arzu
etdiyi azadlıqdan heç nə ilə fərqlənmir. Əylənmək, evlənmək, xaricdə istirahət
etmək. Məhz bu azadlıqlar xalqın optimal yaşamaq düsturudur. Bunun üçün əfv ərizəsi
yazmağa da dəyər.
Əfv yazan nidaçıları İlham Əliyevin nə vaxt azad edəcəyi bəlli
deyil. Balaca heyvanları incidib azad edən uşaq kimi, o da əfv ərizəsi
yazdırıb, buraxmağı sevir. Bundan özü həzz alır. Xalq arasında isə nüfuz
qazanmır. Başqa cür də edə bilərdi. Mühakimə edilən 7 nidaçıdan birinə məhkəmə
zalında bəraət vermək kimi. Rəqiblərinin günahsız gənclərə iş vermək
arqumentini vura bilərdi. Amma Heydər Əliyevin siyasi çoxbilmişliyi ona keçməyib.
Mövcud sistemdə mübarizə aparıb, həbsdə olmamağın yolunu soruşsaz,
deyim ki, acizəm. Heç bir sistemliyi olmayan siyasi sistem Təpəgözdür. Tamahı sərhəd
tanımır. Adi bir polis rəisinin güdazına gedə bilərsən. Ancaq bu ölkədə siyasətə
iddialı gənclər aktivistliyi siyasi namizədliyə çevirə bilməsə, seçki sistemini
Arif Hacılının komandası ilə dəfn etməli olacağıq. Şərtlər nə olur-olsun,
reallıq hissini itirməyin.
P.S. Yazının başlığına gəldikdə. Nə üçün tire? Tire məzar
daşı üstündə doğum tarixi iə ölüm tarixi arasındakı xətdir. Üzvləri “Nida”nı
çoxdan reanimasiyaya yerləşdirib. Bircə son tarixi yazmaq qalıb.

Son 20 ili hecmce böyük olmayan yaziya sigishdirmisiniz.Ele bil ki hadiseleri ishtirakchilari ile birlikde cerrahiye stolunun ütüne serib tavandan aslimish chox lampali projektorla ishiqlandirb en xirda kapliyarlari da maqqashla qaldirib böyüdüchü shüshe (lupa) vasitesi ile nümayish etdirirsiz.
ОтветитьУдалить