Bir müddət əvvəl “kulturoloq” kimi təqdim
edilən Elmir Mirzoyev Azərbaycan və azərbaycanlıların maraqsız olması ilə bağlı
yazı yazmışdı. Adətən, belə mövzularda yerli oxucu neqativə yüklənir. Özünütənqidlə
barışır. “Əşşi, bizdən adam olmayıb, olmayacaq” – deyib keçir. Sadə vətəndaş
pessimistliyə qapıla bilər. Amma yaradıcı adamın, xüsusilə, qələm sahibinin belə
söz deməyə haqqı yoxdur. Azərbaycan nəinki maraqlı ölkə, şedevr əsərlər üçün
ideya cənnətidir.
Elmir Mirzoyevi başa düşmək olar. O, bəstəkardır.
Klassik, simfonik musiqi üzrə. Xitab edə biləcəyi mühit çox məhduddur. Türkiyə
türkləri olsun, ya biz, sevmirik klassik Avropa musiqisini. Bircə Üzeyir Hacıbəyov
damarımızı tutdu. Operanı muğamatla, “Cəngi” havasını uvertüra kimi yedirtdi
bizə. Ondan sonra bir çox istedadlı bəstəkar gəlsə də, Hacıbəyov fəndgirliyini
işlədə bilmədi. Digər klassik bəstəkarları tanıyırıq, amma dinləmirik. Hərdənbir
fəxr edirik.
Ya köşə yazıb, azərbaycanlılara maraqsız
deyənlər? Elə həmin adamlar tez-tez bir arqument gətirirlər – Axundov, Mirzə Cəlil,
Sabir günümüz üçün hələ də aktualdır. Ola bilsin. Şablon ifadə olsa da, fikrin
məsuliyyəti çox ağırdır. Onların yaratdığı əsərlər günümüz üçün aktualdırsa, bəs
niyə sizlər, “O olmasın, bu olsun”, “Ölülər” kimi əsərlər yarada bilmirsiz?!
Axı o əsərlərin qəhrəmanı avropalı yox,
sıravi azərbaycanlı idi. Yaradıcılığı publisistika ilə yola verməyə qalsa, hələ
o dövrdə yüzlərlə köşə, felyeton yazıblar. Ancaq ortaya əsər də qoyublar.
Günün bu günü də azərbaycanlılar maraqlı
xalq kimi qalır. Cəmiyyətdə elə hadisələr baş verir ki, hər gün yazmağa nə isə
tapılır. Belə ölkə necə maraqsız ola bilər ki?!
Bir neçə gün öncə Sumqayıtda “Şəhər
günü” keçirildi. Karnavala təşrif buyuran Qədim Roma sərkərdəsi Pompey birdən-birə
çönüb oldu meyxanaçı. Siseron kimi nitq demək əvəzinə, meyxana dedi. Antik mədəniyyətin
möhtəşəmliyi bir anda yox olub getdi. İki min il əvvəl Xəzər sahillərinə yürüş
etmiş o böyük sərkərdə bilsəydi ki, azərbaycanlılar onu bu hala salacaqlar,
Yuli Sezarla üz-üzə gəlməzdən öncə qladiusunu çıxarıb soxardı qarnına.
Bu səhnə Avropaya, elə Elmir Mirzoyevin
özünə ciddi mesaj idi. “Qərb dəyərləri” deyirsiz. Elə eləməyin ki,
Motsartınıza, Pavarottinizə Üzeyir Mehdizadə ilə duet oxutduraq.
Teatral səhnələri hansı rejissor
hazırlamışdı, bilmirəm. Amma bu əsl art-haus idi. Sanki Kusturitsa özü gəlib səhnələşdirib.
İndi mən bu istedad sahibinə necə maraqsız deyim?
Elə həmin gün Atilla Bəy Cavid adlı
Sumqayıt sakini öz homoseksual sevgilisi ilə nişanlandığını bəyan etdi. Bəli, bəli,
elimizin adəti ilə. Xınayaxdını da, yəqin, Türkiyədə edərlər. Sumqayıt şəhəri
bir gündə iki dahi sərkərdənin tragediyasını yazdı. Eyni anda komediyasını. Qədim
Yunan teatr irsini ələk-vələk eləsən, belə nümunə tapa bilməzsən.
Avropalı homoseksuala da nikah hüququ
verir. Amma belə şeyləri dərk edə bilməz. Onu heç cürə başa sala bilməzsən ki,
bu ölkədə milli adət-ənənənin ən mübariz müdafiəçiləri telekanallardakı cinsi
azlığın nümayəndələridir.
Xalqın kitabla, mədəniyyətlə az
maraqlanmasına görə maraqsız olduğunu deyirlər. Fərz edək ki, hamı kitab
oxuyur, operaya gedir, sürrealizm, kubizm cərəyanlarını müzakirə edir. Belə həyat
tərzi keçirən cəmiyyətdən qeyri-adi nə yaza bilərsən ki?
Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”
kimi dahiyanə əsəri ərsəyə gətirməsini danabaş təfəkkürlü mühitə borcludur.
Hollivudun bu dəqiqə ən böyük problemi ideya yoxluğudur. Ən yaxşı aktyorlar, on
milyonluq büdcə, texnoloji imkanlar, bir sözlə, hər şey var. Maraqlı ssenari
yoxdur. Cəmiyyət tükənib. Bunun əksinə, İran, Türkiyə kimi geridə qalmış ölkələrdən
hər il dünya ekranına neçə-neçə maraqlı film çıxır.
Növbəti romanı üçün mövzu tapa bilməyən
avropalı Sudana, Əfqanıstana yollanır ki, nəsə yaza bilsin. Osne Seyerstad adlı
Norveç yazıçısı var. “Kabildən olan kitab taciri” romanı ilə məşhurdur. Romanı,
süjetdən çox, ətrafındakı məhkəmə qalmaqalı populyar edib. Buna baxmayaraq, 30
dilə tərcümə olunub. Bu adam kitab yazmaq üçün üç ay bir əfqanın evində qonaq
qalıb. Dünya cənnəti sayılan Norveçdən imtina hesabına.
Skandinaviya, Pribaltika dövlətləri həyat
səviyyəsinin yüksəkliyinə görə liderlik edir. Amma ən yüksək intihar faizləri də
onların payına düşür. Deməli, cəmiyyətin maraqsızlığı problemini tək biz
yaşamırıq. Sadəcə, onlar bizim yaşayışımızdan əsər yaradır. Bizimkilər şikayət
dolu makulatura.
Buraxın, bu şikayətləri. Pompeyi
meyxanaçıya çevirə bilən xalq hər şeyə qadirdir.

Комментариев нет:
Отправить комментарий