“Əli və Nino”
– bu ad kimin üçün iki gəncin sevgisi, bir digəri üçün gürcü və azərbaycanlılar
arasında ortaq dəyər deməkdir. Mən isə bu romanda bir millətin taleyini və Azərbaycan
kişisinin xilasını gördüm. Əgər səlahiyyətimdə olsaydı, 11-ci sinif şagirdlərinə
Azərbaycan tarixi kitabından öncə bu romanı oxutdurardım.
“Əli və Nino” bizə şah damarımızdan yaxındır. Biz Cümhuriyyət qurucuları haqqında az bilirik. O insanların Şərqdə bənzəri olmayan bir dövlət qurarkən nə hiss etdiklərini, hansı arzu ilə yaşadıqları haqda isə heç nə bilmirik. Heç bir statistika, arxiv materialı tarixin ruhunu daşıya bilməz. Əgər o dövrü yaşamış insanın qələmindən çıxan əsər deyilsə.
Romanı
oxuduğum gündən Yusif Vəzir Çəmənzəminlinin əsəri saymışam. Əsərdə təsvir
olunan coğrafiyaları o gəzmişdi. Cümhuriyyəti quranlardan biri o idi. Uydurma
Qurban Səid, Məhəmməd Əsəd təxəllüsləri altında gizlənənlər Əli xan Şirvanşirin
daşıdığı milli ruhu daşıya bilməzdilər.
Tarixi əhəmiyyətindən
savayı romanın ən düşündürücü tərəfi Əlinin Ninoya məhəbbətidir. Axı, nə üçün xalası
qızı Aişə yox, məhz Nino? Ərinin bir sözünü iki eləməyən müsəlman qızı yox,
xristian gürcü qız? Nə üçün millətini canından çox sevən Əli milli qızla evlənmək
arzusunda deyildi?
Romanı
oxuduğum ilk gündən bu suallar məni düşündürdü. Vaxt keçdikcə həyatda gördüklərimi
əsərlə qarşılaşdırınca cavabları tapdım. Əli aşiq olmuş gənci təmsil etmirdi. O,
bir millətin qurtuluş simvolu idi. Onun simasında Asiya və Avropa arasında çırpınan
minlərlə təhsilli türk gənci dayanırdı. Bu gənclərin yüksəlişi və qürubu
yapışacaqları bircə əldən asılı idi. O əl ya Avropa üfüqünə aparacaq, ya da
Asiya bataqlığında əbədiyyən batıracaqdı.
Əli xan
Şirvanşir dövrünün kamil gənci idi. Bu obrazı yaradan Çəmənzəminlinin ideyaları
tarixin süzgəcindən süzülüb gəlmişdi. O, qurtuluşu gətirəcək bu əli Aişədə, erməni
Anuşda deyil, gürcü qızı Ninoda görürdü. Azad nəsil azad kişilərdən deyil, azad
qadınlardan doğulur. Bir ölkənin siyasi ideologiyasını kişilər deyil, anaların
tərbiyə etdiyi uşaqlar daşıyır.
Fatmanisələr,
Tükəzbanlar Avropa təhsili ala bilər. Qərb xanımları tək geyinə bilər. Amma əsla
knyaz nəslinin qürurunu, müasir düşüncəni, azad ruhlu insanı daşıya bilən nəsil
yetişdirə bilməzlər. Azad nəsil yetişməyəcəksə, millət də gözükölgəli qalacaq.
Əli bunu başa düşürdü. Nino onun üçün xilas kəməri idi. Ninonun nadincliklərini
də, erməni Naxaryan tərəfindən qaçırılmasını da buna görə bağışlamışdı. O,
Ninonu itirsəydi, bir daha tapa bilməyəcəkdi.
Bu yüz il öncə
ürəyi millət sevgisi ilə döyünən bir gəncin baxışı idi. Ya bu gün, çox şeymi dəyişib?
Öz təcrübəmdə əmin oldum ki, Fatmanisələr, Tükəzbanlar necə varsa elə qalıb. Nino
isə həmin alicənab, qürurlu gürcü qızıdır. O, bu gün də Əlinin arzusudur.
Düz üç il əvvəl
Tiflisdə bir tədbirə gedəcəyimi dedilər. Doğrusu, seçimləri mən deyildim. Evcil
xarakterli biri olduğumdan harasa getmək mənə əzab kimi görünür. Sadəcə ingilis
dili bilən və siyasi dünyagörüşə malik bir başqası olmadığından istər-istəməz
getməli oldum.
Yenə üç
Qafqaz xalqının nümayəndələrini bir araya toplamışdılar. Tədbirdə ən çox diqqəti
çəkən isə gənc qızlar oldu. Azərbaycan heyəti istisna digər ölkələri çoxluq
olaraq qızlar təmsil edirdi.
Ermənilər
haqda deyiləcək çox şey yoxdur. Allah azərbaycanlılar və erməniləri xasiyyətcə
o qədər bənzər yaradıb ki, bu iki xalqın necə düşmənə çevrildiyi mənim üçün sirr olaraq qalır. Sadəcə bir ciddi fərq var.
Onlarda arvadlar siyasətə qarışır, bizdə kişilər.
Amma gürcü
qızları... Mən onların alicənab simasında sanki “Əli və Nino”nu yenidən oxumuş
oldum. Gürcü qızlarının dərisi solğun olur. Lakin arıq, uzun qamətləri, dik
burunları onları olduqca gözəl göstərir. Sanki bütün gürcü qızları sağlam və
gözəldir. Lap romanda təsvir olunduğu kimi.
İş sadəcə gözəlliklə
bitsəydi, hər gürcü qızı Nino olmazdı. Tədbirdəki qızların əksəriyyəti ingilis,
rus dillərində mükəmməl danışırdı. Nitqdən əlavə Qərb insanına məxsus siyasi
dünyagörüşə malikdirlər. Bilmirəm son on ildə bu cür dəyişiblər, ya elə Nino
dövründən belədirlər. Amma onları dinləmək belə xüsusi zövqdür.
Eqoist xalq
olsalar da, gələcəyə mentallıq gözü ilə baxmırlar. Mentaliteti qurşaqdan aşağı
görən Asiya zehniyyətli azəri qızlarından fərqli olaraq, onlar əsl avropalıdır.
Avropa düşüncəsi qurşaqda deyil, beyinlərində cərəyan edir.
Tədbirdən söz
salmazdım, əgər gürcü və azərbaycanlı qızlar arasındakı uçurum bu dərəcə aşkar
olmasaydı. Tədbirin elə ilk günündə bizim qızlar hücuma keçdi. Qarabağ dərdindən,
muğamdan, dolmadan ard-arda sitatlar gətirdilər. Onların hər biri özünü Qənirə
Paşayeva kimi təsəvvür edirdi. İngilis dili bazaları isə “20% torpağımız işğal
altındadır”, “1 milyon qaçqınımız” var deməyə çatırdı.
Bir xeyli
danışıb özlərini qalib kimi hiss etdilər. Elə ki, moderator onların
danışdıqlarının mövzu ilə heç bir əlaqəsi olmadığını üzlərinə vururdu, çaşıb
qalırdılar. Sonra ard-arda suallar gəldi. Bax, burada azad düşüncəli gürcü
qızları ilə şablon düşüncəli bizimkilərin fərqi ortaya çıxdı. Nə qədər cəhd etsələr
də, mövzuya uyğun cavab verə bilmirdilər. Fərd kimi deyil, AzTV qəlibləri ilə
danışırdılar.
Bu səhnəni
izləməyə hövsələm çatmadığı üçün üzümü çevirdim. Üzümü çevirincə bir an gürcü
qızların üzündə gülüş ifadəsi gördüm. Səssiz, amma ironiya dolu gülüş. Sanki
romanın içinə düşmüşdüm. Bir tərəfdə Nino vardı, digər tərəfdə Cavaşirlər nəslinin
hərəmxanasındakı qadınlar. Ninonun ironiyası çadraya deyildi, düşüncə geriliyinə
idi.
Tədbirin
ikinci günü bir kişi çox qəribə, ancaq qadınsayağı bir mənzərəyə şahid oldum.
Gürcü qızları qalmışdı bir kənarda. Bizimkilər ermənilərlə moda müharibəsinə
başlamışdı. Hər nahardan sonra qarderobdan yeni paltarlar seçirdilər. Eləsi
vardı bir gündə üç dəfə paltar dəyişdi. Erməni tərəfi qızları da əks atəşlə
cavab verməyi unutmurdu. Zövq zövqə atəş açırdı.
Qarabağ
müharibəsi kimi bu müharibə də elan edilməmişdi. İntellekt, dünyagörüşü deyil,
eqoist qadın hisləri savaşırdı. Azərbaycan qızlarının dünyagörüşü qıtlığından
yaranan faciə göz görə-görə komediyaya çevrilmişdi.
Tədbirdəki
gürcü qızları haqda onu deyə bilərəm ki, ilk gün hansı geyimdə gəlmişdilərsə,
sonacan o cür gəlib-getdilər. Ciddi, amma eyni dərəcə zövqlü geyinirlər.
Əli Ninonu həm
də onu ucaltdığı üçün sevirdi. Romanda Əlinin Ninonun qohumlarının məclisində
oturduğu səhnə var. Qohumlar gürcü knyaz nəsillərinin nə qədər qədim olduğundan
danışırlar. Əli onların qədim köklərə malik nəsli öz nəslini müqayisə edib
qızarır. Nino bunu görür və Cavanşir nəslinin başını ucaldacaq cümlə deyir: “Sənin
ulu baban Tiflisi fəth edəndə bunların əcdadları harada idi?”
Gürcü qızları
da eynən Nino kimidir. Təhsilli, alicənab gürcü qızı əsla yanındakı kişinin
alçalmasına şərait yaratmaz. Yad millətdən biri olsa da. Azərbaycanlı qızlar
kimi kişini zəif görüb alçaltmazlar. Aldığı təhsili üstünlük kimi görüb, başa
qaxınc etməzlər. Bir gürcü qızı kişinin çətin vəziyyətə düşdüyünü gördüsə, bunu
ona hiss etdirmədən vəziyyəti öz əlinə alar.
Tədbirdə qrup
işləri də olurdu. Mürəkkəb vəziyyətə düşdüyümü görən gürcü qız özü çıxış
yolları axtarmağa başladı. Həll yolunu izah etdi, cavabları da özü yazdı. Yarım
saat ərzində üzündə bircə narazılıq ifadəsi görmədim. Fərqli qruplara düşmüş azərbaycanlı
oğlanlar da eyni situasiya ilə qarşılaşdıqlarını bölüşdülər.
Daxili aləmləri
zəngin olduğu qədər kübardırlar. Bir nəfər xüsusilə yadda qaldı. Valideynləri
ona təmtəraqlı Madonna ismi versələr də, o təvazökarlıq edərək, Teo çağırılmasını istəyirdi. Tədbir xaricindəki istirahət vaxtında şəhəri gəzmək
istəyən bir qrup azərbaycanlı oğlana öz köməyini təklif etdi. Osetiya müharibəsindən
sonra şüurlu şəkildə rus dilindən imtina edən bir çox gürcüdən fərqli olaraq,
bizimlə rus dilində danışdı. Çünki məişət mövzularını bu dildə danışmaq bizim
üçün daha rahat idi. Halbuki ingiliscəni eyni səviyyədə mükəmməl bilirdi.
Bir azəri
qızının əcnəbi ilə ingilis dilində danışması mənzərəsi qədər gülünc səhnə az
rastlanar. Elə bil bizim qızların ana dili ilə birgə şəxsiyyətləri də yoxa
çıxır. Üzlərində meymun gülüşü, hərəkətlərində şitlik yaranır. Amma gürcü qızı
iki saatlıq gəzinti ərzində alicənablığını bir an olsun itirmədi. Hətta geri
qayıdarkən özü konduktor roluna girib nəzarət etdi ki, azərbaycanlılar gediş
haqqını düz versinlər.
Nino Əlini ən
çətin anlarında tərk etməyən kimi gürcü qızları da işi sonacan aparırlar. Ən gözəli
bəhanələr, şikayətlər eşitmirsən. Mən tanıdığım hər təhsilli gürcü qızında bir
Nino görürdüm. Bu Ninolar təkcə gözəllikləri ilə deyil, ağılları ilə də heyran
edə bilirlər.
100 il öncənin
Cümhuriyyət qurucuları bu günün insanından daha müdrik idilər. Onlar çox gözəl
başa düşürdülər ki, cır budağı cır ağacla peyvənd edib müasir millət yaratmaq
olmaz. Çəmənzəminlinin qəhrəmanı Əlinin Ninonu, mühacirət edən Rəsulzadənin
kübar polyak qadınını tərcih etməsi məhz milli siyasi fikrin yaşadılması amalı
idi. Bu milli fikir mentalitetə yox, Avropa dünyagörüşünə əsaslanırdı.
Əlini dostu
İlyas da başa düşmüşdü. Ninoya sahib olan Əlinin ingilisləri necə heyrətə
saldığını görüb deyir: “Mən də evlənməliyəm, Əli xan. Görəsən, Ninonun xalası
qızı yoxdur ki?”
Hər şeyə
mentalitet, arvad-uşaq söhbəti prizmasından azərbaycanlılar bu şəxsləri əsla anlaya
bilməz. Nino sevə bilmək üçün Əli qədər geniş düşüncəli olmalısan. Kimsə məişət
qayğıları yaşayıb, nəslini davam etdirmək istəyirsə yerli Fatmanisələrdən, Tükəzbanlardan
birini yol yoldaşı seçə bilər. Şəxsi gələcəyini millətinin gələcəyi uğrunda fəda
etmək istəyən gənc üçün isə tək xilas yolu Ninodur. Çünki Ninonun məhəbbəti sənin
ömründən uzun yaşayacaq.

Комментариев нет:
Отправить комментарий