Cümə günü Nobel sülh mükafatının qalibləri
elan edildi. 17 yaşlı pakistanlı qız Məlalə Yusufzay, hindistanlı hüquq müdafiəçisi
Kaylaş Satyarti uşaqların təhsil hüququ uğrunda apardıqları mübarizəyə görə bu
fəxri ada layiq görüldülər. Dünyanın diqqəti isə Məlalənin üzərindədir. Bu qəhrəman
hər hansı məşhur siyasətçi yox, başı hicablı, bəstəboy, müsəlman qızdır. O,
dünyanın ən gənc Nobel laureatıdır.
İki il əvvəl Taliban üzvü bu qıza atəş
açanda dünya sarsılmışdı. Məlalə qızların məktəbə getməsinə qadağa qoyan
Talibana qarşı mübarizə aparırdı. Hamı soruşurdu: Kimdir Talibana meydan oxuyan
bu 15 yaşlı qız, özü də müsəlman?
Dünya tezliklə tanıdı. Məlalə hücuma məruz
qalması ilə yox, 11 yaşında bloq açıb, gənc qızların hüquqsuzluğunu BBC-yə
anladan yazıları ilə tanınmışdı. Cəsarəti ilə Talibanın hədəfinə çevrildi. Əmək,
üstəgəl cəsarət və nəticə! Amma o, yenə də özünü bu mükafat layiq saymır.
Son 20 ilə baxsaq, Nobel sülh
mükafatının əksər mükafatçıları Şərqdəndir. Təsadüfi deyil. Şərqli insan yerinə
qoyulmaq uğrunda mübarizə aparır. Qərb isə insan azadlığı uğurunda müdafiədən
insan cəmiyyətinin tənəzzülü prosesinə keçib. İndi daha çox insan təbiətinə zidd
qanunlar qəbul edir. Ana-atası olan uşaqların valideynlərdən alınıb homoseksual
cütlüklərə verilməsi kimi. İraq və Suriya üzərinə ABŞ hər gün yüzlərlə ton
bomba tökür. ABŞ-da isə şimpanze Tommiyə vətəndaşlıq haqqı tələb edən məhkəmə
prosesi keçirilir.
Müsəlman Şərqi ilə Qərbin fərqi
aydındır. Amma elə ölkələr var ki, Şərq və Qərb arasında ilişib qalıb.
Anlaşılmaz vəziyyətdədir. Nə dünyəvi ola bilir, nə dindar. Nə mentaliteti
seçir, nə də fərdi azadlığı. Azərbaycan sakinləri elə bil Qərb və Şərq arasında
şpaqat açıb oturub. Tərpənə bilmirlər. Arzusu iki qapı arasında qalan gənc qız
və oğlanların mənzərəsi tragikomikdir.
Bir tərəfdə cəsarət nümunəsi pakistanlı
Məlalə var. O biri tərəfdə azəri Şəlalə. Kimi Şəlaləni balkona çıxarır, kimi
bardan çıxarır. Bir də gördün, ər tapdı, “Facebook”dan çıxdı. Pul tapdı,
Vaşinqtondan çıxdı.
Şəlalə ideoloji şpaqat açmaq ustasıdır.
O, qısa şort geyib islamın gözəlliklərindən danışır. Hələ Yaxın Şərqdə baş verənlər
haqda “əsl islam bu deyil” deyib, fitva verir. Məlalə kimisini isə “çuşka”
sayır. Hər kol dibindən bir Şəlalə çıxır, amma Məlalə çıxmır ki, çıxmır.
Bir neçə ay əvvəl bu məzmunda xəbər
çıxmışdı. Rayonların birində yerləşən lüks otelə Bakıdan işləməyə gedən qız
otel işçisi tərəfindən əxlaqsız təkliflə üzləşib. Xəbər saytlarda yayıldı. Əlbəttə
ki, “adım anonim qalsın” prinsipinə sadiq qalaraq. Sonacan bəlli olmadı ki, o
qız kimdir. Ona görə kimi işdən çıxarmaq istəyirlər. Əvəzində əlaqəsiz şəxsləri
müzakirə etdilər.
Kompromat kimi istifadə edildiyi üçün bu
tip xəbərləri paylaşmıram. Amma məni bir sual düşündürdü. Görəsən, təklifi edən
adi otel işçisi deyil, direktor yaxud biznesmen olsaydı, o qız necə davranardı?
Böyük ehtimalla qarşısına çıxan şansdan lazımınca istifadə edərdi. Nə möcüzədir
ki, belə söhbətlərdə adı çəkilən həmişə kiçik vəzifəli adamlar olur. Pullu
daydaylar isə Şəlalənin sevimlisidir.
Əvvəla, o qızın öz şərəf və ləyaqətinə
bir qədər hörməti olsaydı, orda qalıb işləməzdi. Qərb qadınını nümunə seçsəydi,
oteli məhkəməyə verər, təzminat alardı. Qərb, hətta Yaponiya, Koreya kimi
inkişaf etmiş Şərq ölkələrində seks təklifi əxlaqsızlıq sayılmır. Müsəlman Şərqində
isə qadının harada, kişinin harada işləyə biləcəyi qəti müəyyən olunub. Bircə
bizimkilər Qərb və Şərq arasında şpaqatda oturublar.
Qardaş, mən bunları başa düşmürəm. Həm
oteldə işləmək istəyirlər, həm namuslu qalmaq. Barda işləyə-işləyə bakirə
qalmaq. Ədalətin ortaya çıxmasını istəyirlər, adlarının çıxmasını yox. Bunların
problemi nə mentalitetdir, nə valideyn basqısı. Heç islam da deyil. Bunların tək
dərdi var – adım çıxmasın!
Məlalə Yusufzay məktəbə getməyə icazə
verilməyən qızların təhsil hüququ uğrunda döyüşürdü. Nobel alması xəbərini eşidəndə
də dərsi yarıda kəsməyib. Birdən hansısa avam fikirləşər ki, Şəlaləni əvvəl məktəbə,
sonra universitetə göndərməklə ondan Məlalə yetişəcək. Məktəb bir yana, xaricdə
təhsil almaq adı ilə ölkədən qaçanların əksəriyyəti kənd qızı Şəlalələrdir. Ən
böyük arzuları Nobel almaq deyil. 10 il dünyanı gəzib, hər neməti daddıqdan
sonra “tər-təmiz” ev qızı kimi ərə getməkdir. Yoxsa hansı Şəlalə özünü təhlükəyə
atar. Hələ qarşısındakı Taliban ola.
Dörd-beş il əvvəl çatda bir qızla
yazışırdım. Ən böyük arzusunun Avstraliyada magistr təhsili almaq olduğunu
dedi. Belə gülməli istəyin necə yarandığı ilə maraqlandım. Məlum oldu ki, qızın
İngiltərə və Fransada qohumları yaşayır. O ölkələrə oxumağa getsə, birdən
“zibil”ini görüb evdəkilərə xəbər çatdıralar. Nə qədər uzaq olsa, o qədər
yaxşıdır. Təki adı çıxmasın.
Virtualda “Sənə dərs keçərəm!” ədası ilə
danışan bu qızı realda həyatda hər hansı mədəni tədbirə dəvət etmək olmurdu. Gəlməmək
üçün min bəhanə gətirirdi. Birdən görüb xəbər verən olar. Avstraliya olmasa da,
o qız qohum-əqrəbasının yaşamadığı Avropa ölkəsinə oxumağa getdi. Ancaq bir
şeydən əminəm. Şəlalə qafasını özü ilə apardı.
Deyirlər ki, bizi siz kişilər bu günə
qoymusuz. Nobel qalibi məlum olduqdan sonra Məlalə Yusufzay təhsil aldığı
Birminqhem məktəbində çıxış edib. Deyib ki, “atam qanadlarımı heç vaxt qırmadı.
Qanadlarımı qırmayıb, arzularıma uçmağa şərait yaratdığı üçün ona minnətdaram”.
Bu da bəyənmədiyimiz şəriət ölkəsi Pakistan.
Şəlalənin həyatında isə hər şey
baş-ayaqdır. Tanıdığım nə qədər gənc qadın müdafiəçisi, feminist varsa, ya ərindən
boşanıb, ya da zəmanədən geri qalmaq kompleksi yaşayır. Atalarını Taliban mücahidi
kimi təqdim edirlər. Sonradan məlum olur ki, kişi ucqar kənddə torpaq şumlayan
cütçü babadır. Şəlalənin qlamur kafedə tekila içib, qadın azadlığından
danışması üçün zəhmət çəkir.
Şpaqatda oturan Şəlalədən nəinki Məlalə,
heç uşağa baxan arvad da çıxmayacaq. Yaşları keçdikcə yığılan nifrəti əks-cinsdən
çıxacaqlar.
Ey Şəlalə, çıx balkona! Bax, doyunca bax
Məlaləyə! Yoxsa insan adına həsrət qalacaqsan.
Комментариев нет:
Отправить комментарий