Müsəlman aləmi Qurban bayramını qeyd
etdi. Müsəlmanlarla birgə azərbaycanlılar da. Bayramlardan, bəlkə də, ən
yaxşısıdır. Azərbaycanlının qonşusuna real xeyri dəydiyi tək gündür. Bir aylıq
Ramazan belə Azərbaycanda Qurban günləri
kimi özünü hiss etdirə bilmir. Havalar isti keçirsə, oruc tutmaq düşür təxirə.
Bu bayramda hər şey ətin başındadır.
Ətlik heyvan almaq, kəsmək, ət paylamaq, ət xörəyi bişirmək. Bir də adamlar var
ki, Qurban bayramını heyvanların kütləvi qırğını kimi qınayırlar. Ət yeməyin zərərli
olduğunu deyib, vegetarianlığa keçməyin lazım olduğunu anladırlar.
Mən bu adamların nə istədiyini, məsələyə
hansı məntiqlə yanaşdığını heç vaxt başa düşməmişəm. Onlara humanist deyə bilmərəm.
Humanizmin mərkəzində insan dayanır. Qurban bayramı isə mahiyyət olaraq
humanist aktdır. “Heyvan müdafiəçisi”
demək reallıqdan uzaq səslənir. Qoyun, inək nəsli tükənməkdə olan heyvan
növlərindən çox uzaqdır. Ortada din düşmənçiliyi varsa, kabab yeyən ateist
tragikomik obrazdır.
Azərbaycan ət yeyən cəmiyyətdir. Ət istəksizliyi
irsən keçən və Qərb vegetarian modasını imitasiya edən şəxslər istisna, hamı ət
yeyir. Ətin zərərindən danışan adamlara cavab olaraq deyə bilərəm ki, Azərbaycanda
bayramın simvolu sayılan qoyun əti olduqca xeyirlidir. Qoyun əti dietik ət
sayılır. Az piyli, xolesterinsizdir. Tərkibi dəmirlə zəngindir. Mal ətindən
daha rahat həzm olunur.
“İnsan oğlu otyeyən yaradılsaydı, dünya
necə olardı?” – sualı ətrafında bir dəfə düşündüm. Nəticə çox qorxunc oldu.
Yığıcı həyat tərzi keçirən ilk insan əvvəl bütün heyvanlar kimi yaşayardı. Sayı
artıb, ehtiyacları çoxalanda əkinçiliyi kəşf edər, münbit torpaqları əkərdi. Rəqabət
güclənəndə öz xeyri naminə digər otyeyən heyvanların axırına çıxardı. Otyeyən
heyvanların məhvindən sonra yırtıcılar da tükənərdi. Son nəticədə ehtiyacları təbiətin
imkanlarını aşan insan öz məhvini gerçəkləşdirərdi.
Ən vacibi sivilizasiya heç vaxt səhralıq
ərazilərə, adalara, tundraya gedib çıxa bilməzdi. Dəvədən başqa heç bir
heyvanın yeyə bilmədiyi kol-kos insanın səhrada məskunlaşmasına şərait yaradır.
Milyonlarla adam bir heyvanın sayəsində mövcud olma imkanı qazanır. “Bir gün
hamı vegetarian olacaq” şüarı mənim üçün fəlakət filmlərindən daha qorxulu səslənir.
Ətlik ev heyvanlarının kəsilməsi kütləvi
qırğındırmı? Bu fikri orta əsrlər həyat tərzi keçirən indus desəydi, haqq vermək
olardı. Maraqlıdır ki, bu cür iddiada olanlar Qərb həyat tərzini, kapitalist
istehsal normalarını nümunə götürən ağıllı-başlı adamlardır.
Nəinki quşçuluq, maldarlığın broyler
üsuluna keçdiyi bir zamanda kütləvi qırğın sözü gülüş yaradır. Bəşəriyyətin ət
tələbatı o həddə çatıb ki, Braziliyada, ABŞ-da iribaş heyvanlar artıq otlaqlara
sığmır. Otlaq əvəzinə qapalı ərazilərdə saxlanılır. Yaşıl otu soya əvəz edir.
Heyvanların ifraz etdiyi peyin miqdarına qlobal istiləşməni sürətləndirən amil
kimi baxılır. Hər gün kəsilmiş milyonlarla ton ət qitədən qitəyə daşınır.
Dini faktoru əsas götürənlərə
amerikanların Şükran gününü xatırladım. Noyabr ayının son cümə axşamı qeyd edilən
bu bayramın əsas atributu qızardılmış hinduşkadır. Verilən ruziyə görə Allaha
ibadət ifadə edir. Amerikaya kolonist kimi gələn dindar puritanlar tərəfindən
qeyd olunmağa başlanılıb.
Qurban bayramı kimi Şükranın gününün
mahiyyətində heyvanın kəsilib yeyilməsi ənənəsi dayanır. Kəsilən iri
hinduşkaların çəkisi bir illik qoyun ağırlığında gəlir. Bilirsinizmi bu bayram
zamanı ABŞ-da nə qədər hinduşka kəsilir? Nə az, nə çox 46 milyon ədəd.
Amma Qurban bayramı bizimkilərə daha
qanlı görünür. Bəlkə də, hinduşkanı filmlərdə qızardılmış halda gördüklərindən.
İbrahim peyğəmbərə göydən endirilən qoçla Yaxın Şərqdə insanın qurban kəsilməsi
ənənəsinə son qoyuldu. Şükran günü isə Şimali Amerika hinduları tərəfindən
hüznlə xatırlanır. Avropalılara etdikləri yaxşılıq əvəzində mükafat kimi
genosid aldılar.
Milad bayramı, Hellouin kimi Şükran günü
də amerikan cəmiyyəti tərəfindən biznesə çevrilib. Mənəviyyat yox, kapitalizm tərəqqi
edir. Qurban bayramını da islam kapitalizminin ilk cücərtisi saymaq olar. Məsələn,
bu bayramda ət ala bilməyən adamlara da ət kəsilib verilməsi heyvandarlığın
inkişafına marağı artırır. Əkinçiliklə məşğul olan yerlərdə belə ət tədarükü şərt
olur.
Qurban bayramının maraqlı cəhəti də odur
ki, kapitalizmlə sosializmi birləşdirir. Kəsilən ətin yoxsul əhaliyə paylanması
şərtdir. Əmlakının miqyasına görə varlı şəxsin ət xərci artır. Sosial
yardımlaşma mədəniyyəti formalaşır.
Məntiqlə nəticə çıxarmadan heç nə haqda
yaxşı, ya pis deməmişəm. Bu bayramda üz qızardacaq şey yalnız insanların
antisanitar davranışı və tamahkarlığı ola bilər. Bayramınız mübarək! Paylaşmaq ənənəsini
unutmayın.

Комментариев нет:
Отправить комментарий