Qərb-Şərq qarşıdurması Azərbaycan
publisistikasının əbədi mövzusu olub. XIX əsr maarifçilərindən bu yana. Gəl ki,
XXI əsrdə yazanlar bu mövzunu çevirmişdilər çeynənmiş saqqıza. Baş getmişdi 150
il əvvələ, bədən qalmışdı indiki zamanda. Yazdıqları yazılarda istiqamət bir
idi. İdeal Qərb dəyərləri, nifrətəlayiq Şərq. Ancaq elə bir zaman yetişdi ki, Qərb
illüziyası darmadağın oldu. Elə Qərbdən Şərqə döyüşməyə gələn avropalı
cihadçılar tərəfindən.
Şərq tənqid edilərkən ilk vurulan islam
dini olurdu. Yıxılan adam kimi gələn-gedən təpik ilişdirirdi. Publisistikaya
şeirlə başlayan neçə-neçə əyalət gənci bu mövzu hesabına populyar oldu. Neçə
fırıldaqçı şair, filosof ateist adı ilə Avropada siyasi sığınacaq aldı.
Axundovun, Haqverdiyevin, Mirzə Cəlilin yazdıqlarının orasını-burasını düzəldib
oxucuya sırıdılar. Növbəti məclis üçün araq pulu tapmayanda Şərqi, islamı tənqid
köməyə çatırdı.
XIX əsr maarifçiləri öz dövrünə uyğun
yaşayıb yazmışdılar. Ancaq bizimkilər XXI əsrdə yaşaya-yaşaya Axundov cildinə
girdilər. Elə bildilər islam da, şərqli də o dövrdə qalıb. Dəyişməyib. Halbuki
vaxtilə Avropaya köç edən müsəlmanların inteqrasiyası elə bir forma alıb ki,
biz tamamilə yeni fenomenlə üz-üzəyik. Onlar Atatürkün avropalaşdırdığı şərqlilər
deyil. Qərb materializmini Şərq metafizikasına transfer edən avropalılardır.
Kolonial Qərbin oriyentalist düşüncəsində
Qərb elm, tərəqqi mərkəzi, Şərq göbəkatma, qəlyan çəkmək məkanı kimi təsvir
olunur. Aşağılıq kompleksindən əziyyət çəkən bəzi azərbaycanlılar da bu
illüziya ilə yaşayırdı. Yaxın Şərqdəki altı təzək, üstü bəzək sistemlər
toxunulmaz qaldıqca, şərqli də, islam da qaramat görünürdü. Bu mövzuda
qrafomanlıq edən adamlarla istəsək də, istəməsək də razılaşırdıq. Qalın bir
duman beyinləri tutmuşdu.
“Ərəb baharı” başlayanda duman
yavaş-yavaş dağılmağa başladı. Məlum oldu ki, qəlyan çəkib yatan şərqli də
fransız kimi xalq inqilabı gerçəkləşdirə bilər. Şərqli dəyişsə də, Qərb obrazı
toxunulmaz qalırdı. Amma İŞİD adında elə bir hadisə ortaya çıxdı ki, Qərb adına
tabulaşmış bütün miflər alt-üst oldu. Avropa və Amerikadan minlərlə adam Yaxın
Şərqə döyüşmək üçün gəldi. Dünya çaşbaş qaldı. Görəsən, bu yeni xaç yürüşdür,
ya cihad?
Çaşbaş qalan təkcə dünya olmadı. Özünü
maarifçi kimi sırıyan köşə yazarları da susdu. Qarşılarında radikal, amansız
müsəlman var. Amma bu müsəlman şərqli kimi yox, qərbli kimi hərəkət edir. Qərb
texnologiyasından istifadə edir, qərbli kimi təbliğat aparır və s. Bunları görüncə
susdular.
Məsələnin siyasi tərəflərinə
toxunmayacam. İslam və terror sözlərini də yanaşı işlətmək istəmirəm.
Avropa Birliyi bu yaxınlarda İŞİD tərkibində 3361 avropalının döyüşdüyünü elan
etdi. Bunlar sığınacaq almış mühacirlər deyil. Qərbin qanuni vətəndaşlarıdır. Qərbin
doğum evində doğulub, Qərbin məktəbinə gediblər. Qərbin universitetində oxuyub,
Qərbin elmi-texniki tərəqqisini mənimsəyiblər. Bir sözlə, Qərb dəyərlərində
böyüyüblər. Bəs necə oldu ki, Qərb dəyərlərində böyüyən bu insanlar birdən-birə
“başkəsən” oldu?
“Radikallar Qərbdə doğulanlar yox,
mühacirlərdir” mifi: Bütün Avropada siyasi sığınacaq almış milyonlarla mühacir
var. Yerini rahat edən heç biri qayıtmaq istəmir. Elə götürək bizim mühacir
AYO-çuları. Avropalının ödədiyi vergini yeyib, hər həftə Avropa həyat tərzini tənqid
edən bir yazı yazırlar. Şikayət etsələr də, nəsə qayıtmaq fikirləri yoxdur.
“Mühacirət edən müsəlmanların övladları
Qərbə inteqrasiya etməyib, olduqları kimi qalıblar”: İŞİD tərəfindən başı kəsilən
amerikalı jurnalistin video görüntüləri dünyanı şoka salmışdı. Bundan daha
böyük şok icraçı şəxsin tərtəmiz Britaniya ingiliscəsində danışması idi.
Sonradan müəyyən edildi ki, həmin şəxs “Lirik Cin” ləqəbli reper Əbdül Məcid
Əbdül Bari adlı London doğumlu gəncdir. İngiltərədə illərlə təhsil alan qlamur
liberallar o ingiliscədə fərli-başlı danışa bilmirlər.
“Ancaq bisavad müsəlmanlar radikalizmə
yuvarlanır”: Bu yaxınlarda İŞİD əsirliyindən qurtulan fransız jurnalist
bildirmişdi ki, “Bitlz” qrupu adlanan Londonlu radikallar iki-üç Avropa dilində
mükəmməl danışan poliqlotlardır. Onlar sorğu aparır, psixoloji işgəncə
metodlarını sınaqdan keçirirlər. Bunlar kimdirsə, amma çeynənmiş saqqıza
çevirdiyiniz, poçt qutusu yanında gözləyən, avam Novruzəli deyil.
“Quran, qəzəl oxuyan dindar olur, müsəlman
fizika, kimya öyrənsəydi, ateist olardı”: Təcrübə tam əksini göstərir. Əksinə,
texniki elmlərdə təhsil alan müsəlman gənclər radikalizmə daha çox meyillənirlər.
İŞİD üzvlərinin hərbi-strateji taktikası, amerikan istehsalı ağır texnikadan
istifadə qabiliyyətləri o qədər yüksəkdir ki, Pentaqon aciz qaldığını dünyaya bəyan
edir.
“İslam qadın azadlığını amansız şəkildə
boğur”: Bu arqumenti ən çox azad seks inqilabı təbliğatı aparan “maarifçilər”
işlədirdi. Nikahdan öncə seks azad olsa, qadın da azad olarmış. Bütün bu təbliğatın
qız tutmaqdan ibarət olduğu hamıya aydın idi. Avam, cinsi kompleksli qızlar bu
Şeyx Nəsrullahların toruna tez düşürdü. Yaxın Şərqdə “seks-cihad” adlı elə fətva
verildi ki, bütün tabular yox oldu. Çadrada əsir təsvir olunan qadın arzu
etdiyi sayda kişi ilə cinsi əlaqə imkanı qazandı. Gender bərabərsizliyi məfhumu
tamamilə mənasını itirdi. Azad seks təbliğatı aparan “maarifçilər” indi buyurun
islamı seks-cihadın üstünlüklərindən köşələr yazın.
“Qərbin ixtirası olan kompüterdə yazıb,
Qərbin yaratdığı “Facebook”da Qərbi tənqid etmək” lağlağısı: Sivilizasiyalar
tarixi ilə maraqlanmış istənilən şəxs bilər ki, heç bir mədəniyyət təcrid
olunmuş şəkildə inkişaf etməyib. Məsələn, antik yunan mədəniyyəti Qədim Misir və Ön Asiya mədəniyyətlərindən qidalanmış parazit sivilizasiya kimi yaranıb.
Ancaq təkamül keçərək başqa mədəniyyətlərə təsir göstərib.
Təsəvvür edin, Qərbin kompüterini misal
göstərən avropalıya ərəb deyir: “Qədeş, niyə mənim rəqəmlərimi işlədirsən? Get
öz Roma rəqəmlərini işlət də, ale. Ərəb rəqəmlərindən istifadə edəndən sonra
Fibonaççi, Leybnits kimi alimlər yetişdirə bildin. Texnikan inkişaf etdi. Gün
gördün. İndi məni bəyənmirsən?”
Təsəvvür etdinizsə, idiotik səhnə
alınır. Bax, bizim AYO-çular, Qərb yönlü jurnalistlər, ziyalılar da bu
idiotizmin təbliğatçıları idi. Altay Göyüşov kimi ciddi tarixçi, islamşünas Qərb-Şərq
dilemmasından anekdot yaza-yaza özü anekdot qəhrəmanına çevrildi. Vəsf etdiyi
Nobel sülh mükafatlı Obama indi Yaxın Şərqə “sülh” bombaları yağdırır. Hicablı,
müsəlman qız Məlalə Yusufzay isə dünyaya insanlıq dərsi keçir.
Vaxtilə ictimai sektorda ciddi sima kimi
tanınan adamların sonradan gülünc duruma düşməsinin səbəbi hər şeyi məkana
bağlamaları olub. Amerikadan demokratiya gözləyənlər ən böyük badalağı oradan
alıblar. Demokratiya da, texniki tərəqqi də Qərb yox, bəşəri dəyərlərdir.
Yalnız bəşəri düşüncəli yazıçı, sənətkar dünya miqyasında əsər yaratmağa
qadirdir. Dünyagörüşləri coğrafi çərçivələrə ilişib qalanların Biləcəridən o tərəfə
keçə bilməməsinə təəccüblənməyin.
Bəlkə də, təəccüblənəcəksiniz. Amma o
“başkəsən” kimi tanıdığınız adamlar bəşəri dəyərlərdə tərbiyə olunub. Azad
insan dəyərlərində. Qərbdə də o dəyərləri maarifçilər yox, kapitalizmin
inkişafı formalaşdırıb. Yalnız azad insan öz ideyası uğrunda yad ölkədə ölümə
getməyi seçər. İspaniya vətəndaş müharibəsində döyüşmüş kommunist olsun, ya
Yaxın Şərqdəki radikal müsəlman, fərq etmir.
Комментариев нет:
Отправить комментарий