Bir müddət əvvəl “Facebook”da
“#bookchallenge” haştaqı ilə aksiya keçirilirdi. İnsanlar publika üçün məsləhət
bildiyi 10 kitabın siyahısını hazırlayır və yazdığı statusda bir yaxud bir neçə
adamın adını işarələyərək bu aksiyaya dəvət edir. Və beləcə kitab, yazıçı
adları internetdə sunami kimi yayılır. Mən o siyahılarda xeyli dahiyanə kitab
adı gördüm, amma o kitabları qaldıracaq adamları görmədim.
Kimlərin əsərləri yox idi orada. Albert
Kamü, Corc Oruell, Selincer, Erix Mariya Remark və s. Ancaq bu müəlliflərin
adını yazan aktivistin intellektual səviyyəsini müqayisə edəndə inana bilmirdin
ki, o, həmin əsərləri oxuyub. Bu sayda kitab oxuyub, ömründə bircə köşə
yazmayan gənclərin sayı N qədər idi. Tutaq ki, köşə yazmayıblar, ya yazdıqları
statusların səviyyəsi? Eyni adamın profilində dahilərin adı ilə bayağılıq
yanaşı dururdu. Belə nümunələrin sayı isə onlarla idi.
“#bookchallange” siyahılarında göstərilən
kitabları ümumiləşdirsək, belə ad vermək olardı: “Qanun” və “Alatoran” nəşriyyatlarının
kitab kataloqu. Əksər əsərlər son altı ilin nəşrləri idi. Məsələn, mən orada
uşaqlıq dövrünün sevimli kitabını siyahıya daxil edənləri görmədim. Vardısa tək-tük.
Sanki SSRİ dağılandan sonra 15 il yoxa
çıxmışdı. Bu 15 il ərzində doğulub, məktəbə gedən nəsil də. Bədii ədəbiyyatı
evdəki kitab şkafında, məktəb kitabxanasında yox, “Əli və Nino” mağazasında
görmüşdülər. Bu anomaliyanın da öz səbəbi var. Bu haqda bir az sonra.
Bənzər kitab siyahısı aksiyası təxminən
üç il əvvəl keçirilmişdi. Əli Əkbər, Zamin Hacı, Seymur Baycan, əli qələm tutan
bir neçə gənc köşə yazarı şəxsi kitab siyahılarını hazırladı. Məqsədləri ciddi idi.
Təzə cücərmiş gənclərə təqdim edib, dahilər yetişdirəcəkdilər. Konveyerdən
avtomobil çıxaran kimi ictimai sektordan yeni köşə yazarları çıxaracaqdılar.
Nəticə o oldu ki, heç nə çıxmadı. Həvəslənib
bloq yazıları yazanlar da qələmi yerə qoydu.
Səbəb isə sadə idi. Maarifçi donuna girən
kimsələr oxucuya öz zövqlərini sırımışdılar. Həmin vaxt İsa Qəmbərdən kitab
siyahısı istəniləndə verməkdən imtina edib, demişdi: “Seçilmiş kitab seçilmiş
qadın kimidir. Mən onu nəyə görə seçdiyimi bilirəm. Bu, bir az intim məsələdir”.
Ağıllı fikirdir. Xörək kimi sən öz kitabını başqasının tabağına çəkirsən.
Qarşındakı insanın nəyi həzm etməyə qadir olduğunu nəzərə almadan.
Kitab siyahısını təqdim edənlərin biri də
soruşmamışdı ki, ey gənc, sən bu vaxtacan nə oxumusan? Ümumiyyətlə, dərs vəsaitindən
əlavə bədii ədəbiyyat adına nəsə oxumusanmı?
Bu sualların heç biri verilməmişdi. Əvəzində
hazırlıqlı oxucunun belə beyninə güc salacaq əsərlər təqdim edilmişdi. Adamlar
oxucunu yetişdirəcək ədəbiyyatdan çox dahilik sindromlarını ortaya qoymuşdular.
Uşaq vaxtı evinə bədii ədəbiyyat girməyən, məktəb illərində bircə ədəd macəra,
fantastika janrında povest oxumayan gəncə birdə-birə Tolstoyun “Dirilməsi”ni,
Kafkanın “Çevrilmə”sini oxutmaq mənəvi zorlamanın fetişist formasıdır.
Köşə yazarlarının dahilik farmazonluğu,
naşirlərin populyar klassika ardınca düşməsi kitab bazarında xeyli sayda kitab
alan, ancaq mütaliədən heç nə çıxara bilməyən oxucu ordusu yaratdı. Baxırsan,
birinci kurs tələbəsidir, o dəqiqə qaçır Nitsşe, Kafka, Oşo oxumağa. Yaxud Əlif
Şəfəq sentimentallığında əriyən gənc qızlar.
Şəxsən mən bu yaşıma çatıb fəlsəfi əsər
yazan yazıçıların heç birini alıb oxumamışam. Bu yaxınlarda bir xanım dostum
Nitsşenin əsərini hədiyyə etmişdi. Özümü sıxıb oxudum. Kitabdan cəmi beş-altı səlis
fikir çıxara bildim. Başa düşdüm ki, Nitsşeni yaxın buraxmaq üçün gərək həyata
nifrət etmiş adamın ruh halına girməlisən.
Mütaliə üçün ömrünün ən gözəl vaxtı olan
uşaqlığını hədər verən gəncliyi elə də qınamıram. Onlar çox pis vaxta düşdülər.
80-lərin sonundan başlayaraq kitabsız nəsil doğulmağa başladı. O uşaqların ki,
evində kitab şkafı, mütaliəli anaları vardı, onlar xilas oldular. O kimsələrin
ki, evində kitabı çörək harayı əvəzlədi, müəllimləri “Playstation”,
“Counter-Strike” oldu.
Bir çox adam Azərbaycanda kitab mədəniyyətinin
yoxa çıxmasını SSRİ-nin dağılması ilə izah edir. SSRİ-in olmadığı Qarabağ
müharibəsi illərində xeyli yeni kitab çap olunmuşdu. Ola bilsin, “92-93”də kimsə
çörək tapa bilmirdi, ancaq kitab bol idi. O kitabları bu gün də Qız Qalasının
altındakı Elman dayının mağazasından tapmaq olar.
Yadıma gəlir. 1994-ün yanvarında evə gələndə
atam kitabsatandan Quranın tərcüməsini aldı. Quran çox simvolik gəldi. Evə
alınan bədii ədəbiyyatın fatihəsi oxundu. Halbuki bunacan alınan uşaq
fantastikası, nağıllar, povestlər indi də durur.
Ölkədə vəziyyət dəyişmişdi. İqtisadi
böhran ilk olaraq kitabı vurmuşdu. Bundan sonra piştaxtalarda kitab adına ancaq
ulduz fallarını, dualar kitabını, rus dilində düşük sevgi romanlarını görmək
olardı. Vəziyyət bir də 2000-lərin sonları dəyişdi. Qəribə də olsa, bədii ədəbiyyat
oxucusunun bəxti “Lotu Bəxtiyar”la açıldı.
Amma bu kitabsızlıq dövründə bütöv bir nəsil
yetişdi. QHT-lərdə, prestijli şirkətlərdə işləyən xeyli gənc var ki, ictimai
sektorda ciddi adam kimi tanınırlar. Amma bu gənclərin təsadüfən yazdığı bloq
yazıları fəlakətdir. Söz kasadlığını, düzgün cümlə qura bilməmələrini görəndə
kitabsız nəslin faciəsinə şahid olursan.
Bir gəncin kitab siyahısı var idi ki,
onun səmimiyyəti qarşısında mən də təslim oldum. O siyahıda Kamü, Selincer yox
idi. Əvəzində Bəxtiyar Vahabzadə, Xəlil Rza, Ramiz Rövşənin şeirlər kitabı var
idi. Hətta Quran. Bax, bu gənc 90-cı illərin həqiqi yetirməsi idi.
“#bookchallenge” aksiyasına bir neçə dəvət
alsam da, israrla “Facebook”da qoşulmaqdan imtina etdim. Əvəzində fərqli bir
siyahı təqdim etməyə boyun oldum:
1. Azərbaycan nağılları
2. Türkmən xalq nağılları
3. Afrika nağılları
4. M.F.Axundov “Aldanmış kəvakib”
5. Əli Səmədli “Generalın uşaqlığı”
6. Yanuş Korçak “Kral Birinci Matiuş”
7. Harriyet Biçer-Stou “Tom dayının
daxması”
8. Mark Tven “Tom Soyerin macəraları”
9. Tolstoyun uşaqlar üçün hekayə və
nağılları
10. Mirvarid Dilbazinin uşaqlar üçün
şeirləri
11. Jül Vern “Kapitan Qrantın uşaqları”
Bəli, hörmətli oxucu, bunlar hamısı uşaq
ədəbiyyatıdır. Yazmağı da, söz ehtiyatı toplamağı da bunlarla öyrənirlər.
Siyahını uzatmaq olar. Bu siyahıya uşaqlıq dövrünün beşcə kitabını əlavə edə
bilmisənsə, deməli, heç kəsin kitab siyahısına ehtiyacın yoxdur. Hazırlıqlı
oxucu kimi zövqünə uyğun kitabı özün seçəcəksən. Kitab mağazası rəfindən
götürdüyün yeni nəşrdən bir neçə abzas oxumaqla.

Комментариев нет:
Отправить комментарий