İnsan var ki, yaşadığı müddətdə dahiyanə
əsərlər yaradır, amma ölümü səssiz olur. İnsan da var ki, bütün ömrü bir qara qəpiyə
dəymir, gedişi paradı xatırladır. Nadir şəxslər də var ki, yaratdığı əsərlərlə
deyil, yalnız ölümü ilə yaddaşlarda qalır. Halbuki insanlıq üçün ən qiymətli
xatirə əlyazmalardır. Rafiq Tağı sonunculardandır.
Broşüra qalınlığında romanların oxucuya
sırındığı bir zamanda müasir ədəbiyyatda hekayənin yeri boşdur. Mətbuatda
“roman bumu”ndan tez-tez danışılır. “Hekayə” deyəndə isə gənc oxucunun ağlına gələn
Əli Novruzovun “7 hekayə”si olur. O da son bir ilin əsəridir.
Müasir ədəbiyyatın Rafiq Tağı kimi hekayə
ustadı olduğu halda hekayə janrının reanimasiyada qalması təəccüblüdür. Bəlkə də,
Rafiq Tağı o yazıçılardan idi ki, Azərbaycanda yazıçı olmaq üçün yazı deyil,
yekəxanalıq sənətinə yiyələnməyin lazım olduğunu bilmirdi.
Yox, o, görürdü. Adi bir həkim deyildi.
İnsan obrazının doktoru idi. Hekayələrini oxuyarkən təsvir etdiyi qəhrəmanlara
necə dəqiq diaqnoz qoyduğunu görmək olar. Pasientə verilən suallar kimi ədəbi qəhrəmanlarını
da hərtərəfli öyrənmişdi bu yerli Çexov. Reseptlərdə dərmanın qəbulu necə dəqiq
təsvir olunursa, cümlələri də o dərəcə nizamlıdır. Oxucu diqqətini pozacaq yazı
kirliliyi yoxdur.
Bir-iki kitab çıxarıb, keçmişə divan tutan
gənc yazarları da görürdü. Axundovda ilişib qalmış postmodernistləri də. Söyüş
və vulqarlıq dolu cızma-qaraları ilə ədəbiyyat üzərində eksperiment keçirənləri
də. Həqiqəti ölümündən bir ay əvvəl yazdığı “Siz postmodernist deyilsiniz” köşəsi
ilə vurmuşdu üzlərinə.
Amma başqalarına meydan oxuyanlar
arasında görməzdik onu. Rafiq Tağını yaxından tanımaq qismət olmamışdı. Cəmi
bircə dəfə “Əli və Nino” kafesində, gənc yazıçı və şairlərin ədəbi müzakirəsi
zamanı görmüşdüm. Küncdə dayanmış, qara paltolu, sısqa adam. Yaşından qoca
görünürdü.
Gənclərdən biri yazdığı hekayəni oxudu.
“Hekayə” – deyəndə söyüşə silinib atılmış tualet kağızı. Sonacan dinlədi. Nəzakətlə
dedi ki, yaxşı hekayədir. Amma vulqar ifadələrdən bacardıqca az istifadə etsin.
Yerində başqası olsaydı, “cavan oğlan, bir də belə zir-zibil yazıb zövqümüzü
korlama” – deyərdi.
Ətrafındakılara göstərdiyi alicənablığı
qələmində də gördüm. Çap olunmuş hekayələri sovet dövrünü və 90-ların əvvəlini əhatə
edir. Amma o hekayələrdə sovet şablonçuluğu, mövzu lağlağılığı yoxdur. Sadə
insanın dili ilə verilib. Bir hekayə necə yazılmalıdır, o cür.
Ağsaqqal idi. Özündən 30 yaş kiçik gənclər
kimi ağsaqqallıq iddiası yox idi. İddiaya haqqı da vardı. Şəxsən mən roman
yazıçısını deyil, hekayə yazıçısını üstün tuturam. Qələm tutan hər adam
avtobioqrafiyasının orasını-burasını düzəldib roman yaza bilər. Ancaq hekayə
yazmaq xüsusi istedad tələb edir. Hər kəs
hekayə yazar, amma çox az adam yazdığını oxucuya bəyəndirə bilər.
Hekayə az vaxta hazırlanan ləzzətli xörək
kimidir. Şef-aşpaz ustalığı tələb olunur. Oxucu onu udanacan dadını hiss etmədisə,
hekayə bişməyib demək. Rafiq Tağının “Roma burunlu bayquş” hekayəsi Oskar
Uayldın “Dorian Qreyin portreti” romanını xatırladır. Amma real sovet insanının
əhvalatı təsvir olunur. Siz bir romanı cəmi yeddi səhifəyə sığdırıb, oxucuya
çatdıra bilərsinizmi? Rafiq Tağı isə bacarıb.
“Roman bumu”ndan sonra hekayə yazmağa həvəslənənlər
də çoxalıb. Çap olunmağa da iddialıdırlar. Bu yaxınlarda bloqqer, ədəbi tənqidçi
Əli Novruzovla bir gəncin yazdığı hekayəni oxumasına şahid oldum. Ancaq üzdən
oxumaq haradasa yarım saat çəkdi. Fəlsəfi, sentimental, uzun yazı. Dinlədikdən
sonra Əli gənc yazıçıya bir neçə sual verdi:
– Sən bu hekayəni yazmazdan əvvəl
Çexovu, Mopassanı oxumusanmı?
– Yox. Oxumamışam.
– Ümumiyyətlə, hekayə yazan yazıçılardan
kimisə oxumusan?
– Heç kəsi.
– Bəs kimi oxumusan?
–Nitşe və Əlif Şəfəqin romanlarını.
Yazdığı hekayə tənqid olunanda gənc
başladı ki, bəs siz fəlsəfəni tutmamısız. O gənc özünün haqlı olduğuna da
inandı, özü kimi bir neçə nəfərlə həmrəy kitab da buraxdı. Amma bir şey yəqindir
ki, o Rafiq Tağı deyil.
Hekayə yazıçısı olmağı arzu edənlər mütləq
Çexov, Mopassan, Ömər Seyfəddin kimi yazıçıları oxumalıdır. Əminliklə bu
üçlüyün sırasına Rafiq Tağını da əlavə etmək olar.
SSRİ dağılana yaxın yaşadığı Rusiyadan tələm-tələsik
qayıtmışdı Azərbaycana. Birdən sərhədlər bağlanar, vətənini bir daha görməz
qorxusu ilə. Sahib olduğu hər cür imkanı atıb gəlmişdi.
Halbuki Meydan hərəkatında tribunaya
dırmaşanlardan nə istedadda geri qalırdı, nə də vətəni sevməkdə. Qayıdışını belə
mətbuatda müsahibəyə çevirib ölkəyə səs sala bilərdi. Həkim, yazıçı, ziyalı. O
dövrdə məşhur olmağa daha nə lazım idi ki. Bircə dəfə Qorbaçova lənət oxuması,
reallıq hissini itirmiş insanlara Turan, Təbriz vəd etməsi kifayət idi ki, onu
göylərə qaldırsınlar.
Kimlər məşhur olmadı o dövrdə... Xəlil
Rza “500 milyonluq türk dünyası” yalanı ilə Ulutürk ləqəbi aldı.
Sanki kütlə “Mənə yalan, yalan ver!” –
deyə, hayqırırdı. Tribunaya qalxmış Dərviş Məstəlişahlar Moskvanı, İrəvanı
partlatmağı vəd edərkən, Rafiq Tağı kimi gerçək istedadlar tarixin kölgəsində
qalırdı.
Məsələ istedadlı yazmaqda deyildi. Kütləni
yalanla doydurmaqda idi. Rafiq Tağı isə reallıq hissini itirməmişdi.
Qaragüruhçuluğun parçası olmağı qəbul edə bilməzdi. “Siyasətə qarışmıram” deyənlərdən
də deyildi. Onun siyasi mövqeyi qələmi idi. Satirası ülgüc kimi kəsən elə
siyasi hekayələri vardı ki, Meydan hərəkatının Məstəlişahları ömrü boyu onu
yazmağa cəsarət edə bilmədi.
Ədəbi fəaliyyətinin ən məhsuldar dövrü
elə 80-lərin sonu, 90-ların əvvəlidir. “Ağla qərənfilim, ağla” kabusunun ağır
basdığı müharibə illərində o, yumor hissini itirmir. Saxta mühitin ortaya
çıxardığı məzəli həyat hekayələrini təsvir edir.
O illərin pafos zirvəsi olan “Salam dar
ağacı” şeiri bu gün lağ obyektidir. Rafiq Tağının yazdığı ədəbi nümunələr isə
yaşayır. Oxuyan gərək.

Комментариев нет:
Отправить комментарий