Həmid Herişçi müasir Azərbaycan ədəbiyyatının
ən ziddiyyətli simalarındandır. Ziddiyyəti fikirlərindədir. Yəni standartdan kənar
adamdır. Başqasının ağlına gəlməyən onun ağlına gəlir. Onun ağlına gələn isə
başqalarına ağılsızlıq kimi gəlir. Kimi Həmidin başının xarab olduğunu deyir.
Bir digəri xurafata yuvarlandığını. Qalanları isə ümumiyyətlə, Həmidə baş
qoşmamaq qərarına gəlib. Mənsə fərqli fikirdəyəm. Həmid hər şeydə normaldır,
bir yerdə anormal.
Həmid Herişçinin “Gecə kanalı” proqramı
ilə publikada tanınan siması “Dahilərin divanı” ilə davam edib, “Gizli Azərbaycan”
ilə kəskin dəyişdi. Hər kəsin vərdiş etdiyi trotskiçi, postmodernist Həmid
dönüb oldu pirlər aşiqi. Xüsusilə, AYO-çular maarifçi imici ilə kultlaşdırdıqları
adamdan xurafatçı kimi bəhs etməyə başladılar.
Əvvəla deyim ki, bir xalq 200 il maariflənə
bilməz. Azərbaycan ədəbi maarifçiliyi Cəfər Cabbarlı, Hüseyn Cavidə çatanda
ömrünü başa vurdu. XXI əsrdə maarifçi donuna girmək ya fırıldaqçılıqdır, ya da ədəbi
qorxaqlıq. Dünya ədəbiyyatı bir kənara. Müasir rus ədəbiyyatı klassikanı,
realizmi dəfn edib. Milli klassikadan bəxtimiz gətirib. Realist ədəbiyyat isə
partiyaya, şəxsiyyətə pərəstişi tərənnüm etdiyindən reallıqla əlaqəsi olmayıb.
Həmid Herişçi tədqiqat obyektlərini
paranormal hadisə sayır, onlar xurafat. Həmidin yeni ədəbi üslubu mistikadır,
onların anladığı dərviş Məstəlişah.
AYO-çuların pərəstiş etdiyi Rusiyadan misal gətirim.
Hal-hazırda rus ədəbiyyat müəllimləri rus klassikasını şagirdlərinə zorla oxuda
bilmir. Yeni ruslar üçün Tolstoy, Dostoyevski, Yesenin, bəlkə də, milli fəxr mənbəyidir,
amma stolüstü ədəbiyyat deyil. Əvəzində futuristik, mistik məzmunlu, fentezi,
anti-utopiya janrında romanlar bestsellerə çevrilir.
Elə həmin rus kanallarında paranormal
mövzularda onlarla proqram hazırlanıb, yüzlərlə sənədli film çəkilib. İrəli
sürülən nəzəriyyələrin heç də hamısı fizika qanunları ilə sübut olunmayıb. Amma
kütlələrin beyninin pası sökülür. Televiziya ədəbi romanlara mövzu verir.
Romanlar isə kino sənayesini canlandırır. Azərbaycanda hər sahədə olduğu kimi
burada da tədqiqat aparmaq istəyənlər olmadığından mistika ilişib qalıb pirlərdə.
Həmid Herişçinin yeni cərəyanların gətirilməsində
də lokomotiv rolu olub. Yoxsa şeir yazmaqla ədəbi mühitə düşmüş kənd uşaqları nə
bilirdi postmodernizm nədir?!
Ancaq Həmid Herişçinin ciddi bir anormal
tərəfi var ki, heç cürə anlamaq olmur. O tez-tez “Facebook” statuslarında
şimali azərbaycanlıları ittiham edir. İşsiz qalmasında, yazıçı kimi qəbul edilməməsində
şimal faktorunu günahkar sayır. Təbriz nostalgiyası çəkir.
Doğrusu, bilmirəm bunu müzakirə aparacaq
auditoriya toplamaq üçün edir, ya ciddi belə düşünür. Amma onu dəqiq deyə bilərəm
ki, bu adamda güneylidən əsər-əlamət yoxdur. Atası İrandan gəlsə də, özü Bakıda
doğulub. Anası Bakılıdır. Ədəbi dilində irançılıqdan, əyalət vulqarlığından əsər-əlamət
yoxdur. Sırf Bakı yetirməsi, urbanistik yazıçıdır.
Hətta jestlərində belə. Kult.az saytı
“Xalqı tənqid: effekt və əks effekt” mövzusunda Həmid Herişçi ilə Zamin Hacının
debatını təşkil etmişdi. Kameranın fokusunda adi yazıçı yox, ayağını ayağının
üstünə qoymuş, ədalı nitqli, əli təsbehli “Bakı qədeşi” Həmid vardı.
Bu debatda güneyli Həmid olsaydı, necə
olardı? “Ağaye Zamin, mən sənin cəddinə qurban...” deyə söhbətə başlar, qamətini
əyib, yüz kərə üzrxahlıq edərdi.
Azərbaycan ədəbiyyatında atası-babası
İrandan köçüb gəlmiş xeyli yazıçı olub. Amma onlardan heç biri Həmid kimi İrana
pərəstiş, Təbriz nostalgiyası ilə yaşamayıb. Əksinə, alıblar əllərinə qələmi,
vur ki, vurasan. Mirzə Cəlil Tiflisdə oturub yazıları ilə təbrizlilərin başına
od ələyirdi. Axundov “Kəmalüddövlə məktubları” və digər əsərlərində iranlıların
həyat tərzini kəskin tənqid edirdi. Çəmənzəminli Arazdan cənuba cəhalət və
riyakarlıq yuvası kimi baxırdı.
SSRİ dağıldıqdan sonra bir xeyli
avantürst ortaya çıxdı ki, Şimalın Güneyə birləşdirilməsindən danışdı. Allah eləməsin.
Arazın ayırdığı bu iki ölkə Məlikməmmədin işıqlı və qaranlıq dünyası qədər fərqlidir.
Şimal liberaldır, Güney mühafizəkar.
Şimal proqressivdir, Güney ehkamçı. Şimal azadlıq deməkdir, Güney əbədi
istibdad. Bəziləri Şimalın Qərb mədəniyyətinə açıq olmasını aparıb rusa
bağlayırlar. Tarixin dərinliyinə getsək, görərik ki, belə deyil.
Şimal hər zaman novator olub. Hətta
İslam mədəniyyətindən öncəki dövrdə. Xristianlıq təzə-təzə cücərəndə ilk
yayılma mərkəzlərindən biri Qafqaz Albaniyası olub. Öz dövrü üçün mütərəqqi
ideya sayılan xristianlığı rəsmi din elan edən ilk dövlətlərdən biri olub. İran
şahları keçmişin qalığı olan zərdüştlüyü güc yolu ilə sırımağa çalışsalar da,
Şimal inancına sadiq qaldı. Güneydə hər hansı proqressivlik görülmədi.
Güney Firdovsinin “Şahnamə”si ilə
feyziyab olarkən, “Azərbaycan ədəbiyyatı” deyilən məfhum məhz Şimalda yarandı.
Siyasi və mədəni sərhədlər olmaqla Güneydən bizi 200 il ayırır. Amma bu 200 ildə
bircə dişə dəyən nəsr adamı yetişdirə bilməyiblər. Bir Şəhriyarları var, o da
şair. Bu müddətdə Şimal neçə-neçə maarifçi, roman müəllifi bəxş edib Azərbaycan
ədəbiyyatına.
Elə indinin özündə İrandan Şimal ədəbi
mühitinə gələnlər ancaq mərsiyə ruhlu şairlərdir. Bu yaxınlarda təsadüfən Əli Xəyyam
adlı güneyli gənc şairin videomüsahibəsinə rast gəldim. Şeirlərinin mövzusu Fələstin,
balaca Hüseynlər, qətl səhnələri. XXI əsr hara, ədəbiyyatda Kərbəla müsibəti
hara.
Güneyin geriliyinin səbəbini farsların
üstünə atmaq dəbdir. Halbuki İranın siyasi idarəçiliyi hər zaman türklərin əlində
olub. Qılınclarının tiyəsi kəsəndə siyasi mütləqiyyətlə, korşalanda ruhani idarəçiliyi
ilə mədəni inkişafı boğublar.
Güneydən Şimala gələnlərin ən dəqiq təsvirini
“Əsrimizin Siyavuşu” əsərində Məhəmməd Əmin Rəsulzadə verib: “Oradan Arasın bəri
tərəfinə yaxşı inkişaf etmiş axını təqdir edən münəvvərlər (ziyalı) deyil, mərsiyə
və mövlüdxanlar, dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi.
Əsrimizin Siyavuşu (siyasətçi tipi nəzərdə tutulur) üçün İrandan ümidi kəsərək,
Türkiyəyə mühacirətdən başqa çarə qalmamışdı".
Həmid Herişçi Bakıda deyil, Təbrizdə
doğulsaydı, ondan nə çıxardı? Yəqin ki, ürək dağlayan bir mərsiyəxan. Nəsri,
roman janrı yaxın belə buraxmazdı. Şimalda yazıçı kimi formalaşıb, Güney həsrəti
çəkmək ya nankorluqdur, ya da şəxsiyyətin ikiləşməsi.
Həmid Herişçi indiki ruh vəziyyətini
“Solaxay” romanında yaratdığı iki insan portretinin qarşıdurmasında təsvir
edib. Dayısı Ağasəflə atası Qafar. Ağasəf Bakıda doğulub, Qafar Təbrizdə. Ağasəf
işbazdır, amma novator. Yeni-yeni ixtiraları sınaqdan keçirir. Qafar
inqilabçıdır, amma ehkamçı. O, hətta diyircəkli qələmlərin tətbiqinə qarşı
çıxır. Mübarizə məkanı Şimal olduğu üçün
Ağasəf qalib gəlir. Ya Güney olsaydı...
İndi Həmid Herişçinin içində iki nəfər
oturub. Dayısı və atası. Hərə bir tərəfə çəkir. Həmid ədəbi söhbətlərdə Ağasəfdir,
“Facebook” statuslarında Qafar. Yeni ədəbi cərəyanları sınaqdan keçirməkdə
dayısına oxşayıb, məzmunda atasına. Ciddi şəxsiyyət ikiləşməsi var.
Mən Həmid Herişçiyə özünü psixiatra göstərməyi
məsləhət görmürəm. O, kifayət qədər ağlı başında olan adamdır. Bakı pirləri
haqda ona bir sual verməklə şəxsən əmin oldum. Sadəcə, Həmid etiraf etməlidir
ki, onun böhranlı həyatının günahkarı şimallılar deyil. O, reytinq qurbanı
olub. İntellektual düşüncəyə malik təbəqə Azərbaycan telekanallarını çoxdan
siyahıdan silib. Ekran təlxəklərin, monitor intellektualların ixtiyarına
verilib. Həyata da monitordan baxmaq lazımdır.
Комментариев нет:
Отправить комментарий