“Seks və aclıq dünyanı idarə edir” deyəndə
Ziqmund Freyd, bəlkə də, kainatın idarəetmə düsturunu tapmışdı. Pul, müharibələr yox, məhz seks! Müasir kino,
incəsənət, əyləncə biznesində dönən yüz milyardlarla dolları nəzərə alsaq, seksə
olan aclıq dünyanı idarə edən qüvvəyə çevrilib.
Soyunmaq demişkən, keçən həftənin ən çox
müzakirə edilən hadisəsi ODA teatrının yenidən açılışı oldu. Onsuz da
tamaşaçısı olmayan Azərbaycan teatrının təbliğatı naminə cəsarətli addım
atıldı. Teatrın “Facebook” səhifəsində “İncəsənət üçün çəkirik” mövzusunda
Aysel Viento adlı qızın yarıçılpaq fotoları təqdim olundu.
Əlbəttə, teatr səhnəsinə erotik tamaşa
qoyulmayacaqdı. Ancaq meşşan həyatı tərzi keçirən azərbaycanlını necə başa
salasan ki, teatr biletinin qiyməti onun bir gündə çəkdiyi iki paket siqaretin
qiyməti qədərdir. O siqaretə pul xərcləməklə ziyandan başqa heç nə qazanmırsan.
Amma baxacağın bir tamaşa həyatını dəyişə bilər.
Teatr və ora getməyin vacibliyi haqda
onlarla köşə yaza bilərik. Çətin ki, yazdıqlarımız sadə azərbaycanlı üçün
stimul olsun. Yazını bəyənəcək, vəziyyəti başa düşəcək, lakin getməyəcək.
Fotoların siması Ayseli cəsarətinə görə
təbrik edirəm. O mikrofon qarşısında “incəsənət qurban tələb edir”, “dünyanı
gözəllik xilas edəcək” deyən saxta incəsənət adamlarından qat-qat faydalı iş
gördü. Var sözü demək, var dediyini ərsəyə gətirmək. Mentallığın hipnoz vəziyyətinə
saldığı cəmiyyətdə incəsənət naminə qurban verdi. Yox, o qurban deyil. Əsl fədaidir!
Bəlkə də, bizə göstərdiyi adi çılpaq məmələr
idi. Ancaq verdiyi mesaj teatra yad azərbaycanlının şüurunu deyil, şüuraltısını
zəbt etmişdi. Tamaşaçı üçün teatr artıq gözəl qadın bədəni qədər cazibədar idi.
“Oda” teatrında cəmi iki dəfə olmuşam.
Teatrın bağlanmaq ərəfəsində olduğu zaman, və yenidən açılışında. Tale elə gətirib
ki, hər ikisində baxdığım tamaşa “Arzular bağı” olub. Bir səhnə əsərinə iki dəfə
baxmaq elə də maraqlı olmaz. Amma “Arzular bağı” o tamaşalardan deyil. Dəfələrlə
baxsan, hər dəfəsində yeni bir şey öyrənərsən.
Mənim üçün daha bir cəlbedici səbəb piar
gedişin kütlə şüurunda necə əks olunacağı sualı idi. Gözləntilərim məni
yanıltmadı. Tamaşa başlamamış həyətdə onlarla gənc toplaşmışdı. Əksəriyyəti ilk
dəfə gördüyüm adamlar. Balaca, boğanaq məkana baxmayaraq, teatr göstərilən
zalda yüzdən çox gənc saydım. Bəlkə, say az görünə bilər. Amma indiki vəziyyətdə
yüz nəfər gənci öz xoşu ilə tamaşaya gətirmək böyük teatrların bacarığı deyil.
Dövlət idarələrində pulsuz bilet paylayanda belə çox vaxt getmək istəmirlər.
Səhnədə necə dahiyanə bir əsərin
oynandığını tam mənası ilə gənc nəslə başa sala bilməzsən. Amma o, bu dəfə
yaxşı mənada tora düşdü. Xəyalı arxasınca gəldiyi məmələr onu incəsənətlə tanış
elədi. Öz gözləri ilə gördü ki, başqa dünya da var.
Açılışdan öncə səhnə əsərindən qat-qat
çox çılpaq fotolar müzakirə edilsə də, tamaşaya baxanlar arasında hicablı qız
da vardı. Bircə bu fakt sübut edir ki, bütün tabuları aşıb incəsənətə dəyər verən
gənclər hələ də var. Ən mühafizəkar saydığımız təbəqələr arasında belə.
Aktyorlar İlqar Cahangir və Rauf
Şahsuvarovun mükəmməl ifasını qeyd etmədən keçmək olmaz. “Arzular bağ”ında
yuxudan oyanan iki dəlinin arzularını canlandıran bu insanlar, əslində, bizi
oynayırdılar – ev, iş, maşın sahibi olmaq, arvad almaq, uşaq doğmaq, toy eləmək
istəyən azərbaycanlıları. İlk dəfə bu tamaşaya baxanda donub qalmışdım.
Replikalara da gülə bilmirdim. Bu ayna idi. Baxıb güldüyümüz, halına
ağlanılacaq meşşan cəmiyyət.
“Soyunmaqla incəsənət olmaz”, deyirlər.
Tamaşaçı aktrisadan soyunmağı tələb etməyəcəksə, kimdən edəcək?! Aşpazı, xadiməni
sevişmə səhnəsinə çəkməyəcəklər ki? Bir də baxırsan, Əməkdar, Xalq artisti
titulu almış aktrisa çıxıb deyir ki, mən öpüşmə səhnəsinə çəkilə bilmərəm.
SSRİ-ni başa düşdük. Onun kinosu, tamaşası, tamaşaçısı vardı. Üstəlik, ideoloji senzurası. Kinonun reanimasiyada
olduğu, teatra tamaşaçının gəlmədiyi ölkədə o titul nəyə görə verilib? Ad günü
hədiyyəsi kimi verilibsə, onun xalqa heç bir dəxili yoxdur.
Hollivud şöhrəti arzu edirlər, hələ də mətbəxdə
ilişib qalıblar. Dünya kinosu bu mərhələni çoxdan keçib. Sevişmə səhnələri ilə
müasir kinonu təəccübləndirə bilməzsən. Dünyanın ən gözəl aktrisalarından biri
Şarliz Teron oynadığı manyak qatil obrazını yaratmaq üçün 14 kilo kökəlmişdi.
Gözəl üzünün eybəcər hala salınmasına razı olmuşdu. “Bədheybət” (2003) filmində
göstərdiyi bu fədakarlıq ona ən yaxşı qadın rolunda “Oskar” gətirdi.
O qadın zərif, çılpaq bədəni ilə
milyonlarla pərəstişkarını şad edə bilərdi. Ancaq aktyor uğuru üçün bu kifayət
deyildi. İndi görün Azərbaycan incəsənət adamlarının təfəkkürü nə qədər gerilərdədir.
Xalqı mentalitetə görə günahlandırmaq olar. Amma bu ölkədə 100 il əvvəl qadın
aktrisanın səhnəyə çıxması belə onu ölüm təhdidi ilə üz-üzə qoyurdu. Cəsarətli
incəsənət adamları olmasaydı, hələ də oralarda ilişib qalmışdıq. Tamaşaçını gərək
aktyor, aktrisa tərbiyə etsin.
Özümüzü nə qədər riyakarlığa vursaq da,
soyunan qadın çoxdur. Kimi şirkət sahibi üçün soyunur, kimi hansısa vəzifəli üçün. Bir digəri
populyarlaşmış reper üçün. Gəl ki, qarşılığında heç nə gözləmədən incəsənət
üçün soyunan yoxdur. Ortaya çıxanı da özümüz daşlayırıq.
Bir zamanlar ilk qadın aktrisanı, opera
müğənnisini öldürməklə hədələyən qoçular bu xalqın içindən çıxıb. O qoçuları
itirib-axtaran yoxdur. Amma o qadınları başımızın tacı kimi gəzdiririk. Digər Şərq
ölkələrinə nümunə göstəririk.
Mən "Oda" teatrına cəsur fəaliyyətində
uğurlar arzulayıram. İncəsənət Simurq quşu kimidir. O, uğrunda özünü
yandıranları daha gözəl formada yenidən yaradır.

Комментариев нет:
Отправить комментарий