“İçən yazıçılar avara romanlar
yazırlar”. Amerika yazıçısı Con İrvinqin bu fikrinə, bəlkə də, önəm verməzdim.
Əgər Cəlil Cavanşirin son romanı “Qadın corabları”nı oxumasaydım. Doğrudan da,
yazıçının içki aludəçiliyi maraqlı mövzunu sıxıcı və işlənməmiş süjetə çevirib
məhv edə bilər.
Kitabı cildinə görə mühakimə etmirik.
Yazıçının içki əhvalı romana xeyli yansıyıb. Yarı sevgi, yarı detektiv romanı
olan “Qadın corabları” hər iki janrı təsvir etməkdə uğursuz olub. “Qadın
corabları” barədə “bu sevgi romanıdır” deyə bilmərik. Çünki kişinin qadına
sevgisi, yaxud qadın fədakarlığı təsvir olunmur. Epizodik intim səhnələri isə əyyaşlıq
içində keçən həyatın parçalarını xatırladır.
“Qadın corabları”nın detektiv ola bilməsi
üçün müəmma, deduktiv məntiq kimi keyfiyyətlərin heç birini görmürük. Oxucunu həyəcanda
saxlayacaq süjet yoxdur.
Bu əsər faciə də deyil. Əsərdə kimin
faciəsinin yaşandığı bilinmir. Süjetdə ölüm arzu olunan hadisədir. Onu ciddiyə
alanlar isə, əslində, qeyri-ciddi fəaliyyətlə məşğuldur. Sanki dərd-qəm içində
batan yazıçı dərdlərini birdəfəlik unutmaq üçün yaxşıca içib, hər şeyi danışıb.
Cəlil Cavanşirin nümunəsində isə kağıza boşaldılıb.
Roman Nicat Aslan adlı gənc yazıçının həyətdəki
ağacdan qadın corabları ilə asılması ilə başlayır. Polisə görə, bu, intihardır.
Çünki Nicat bu hadisəyədək bir neçə dəfə intihara cəhd edib. Yazıçının dostu və
şəxsi psixoloqu Orxan hadisənin intihar deyil, qətl olduğu fikrindədir. O, həqiqəti
aşkarlamağın tək yolunu Nicatın keçmiş sevgilisi Könülü danışdırmaqda görür.
Əsərdəki digər hadisələr bir-birini təkrarlayan
səhnələr şəklində davam edir. Kafe, restoran, şərab, siqaret tüstüsü... Digər qəhrəmanların iştirakı
epizodikdir. Sanki onlar haqda söhbət
açılır, rol verilmir.
Kitabın üz qabığında “18+” xəbərdarlığı
olsa da, məzmunla daha kiçik yaşlı oxucuları həyəcanlandırmaq olar, nəinki 18
yaşdan yuxarı olanları. Seks səhnələri elə də ustalıqla təsvir olunmayıb.
Oxucuda həyəcan yaratmır. Hətta bir səhnədə kişi və qadın qəhrəmanların yeri səhv
düşüb. Qadın hisləri kişi ifasında təsvir olunub.
Hər paraqrafda məşhur şəxslərdən
epiqraflar gətirilir. Epiqraflardakı fikirlərin bir çoxunun sevgi və qadın
mövzusuna aid olması maraqlıdır. Ola bilsin, yazıçı romanın qadın oxucular sayəsində
yaxşı populyar olacağını hesablayıb. Əsər uğur gətirməsə belə, qadın ruhunu
oxşayan epiqraflar yazıçının “qız tutmaq” şansını yüksəldər.
Bir neçə yerdə qarşılaşdığımız söyüşləri
saymasaq, əsərin dili vulqarlıqdan uzaqdır. Cümlələr bitkin, yazı dili səliqəlidir.
Cəlil Cavanşirin ədəbi dilə yaxşı yiyələndiyi hiss olunur. Yazı dilinin
axıcılığı ilə hadisələrin dinamikliyi uzlaşmır. Melanxoliya ruhu, həyəcanı
öldürür.
Cəlil öz əsərinə natamam papaqçı kimi
yanaşıb. Halbuki münbit mövzu var ikən roman konstruksiyası üzərində işləmək
olardı.
“Qadın corabları” yazıçının öz həyat
iztirablarında qurtulmaq vasitəsi kimi yazılıb. Ədalətsiz ictimai quruluşa
etiraz, polisin cinayətkara çevrilməsinə nifrət və şəxsi həyatın ağır basan
yükü. Romanda Nicatın adından verilmiş xatirələr, monoloqlar xeyli təsirlidir.
Amma bütün bunlar nə süjetdəki hadisələrdə məntiqi ardıcıllıq yaradır, nə də
ki, detektiv ipucu rolunu oynayır.
Cəlil Cavanşirdən usta detektiv yazıçı
çıxmaz. Bunun üçün ayıq başla, diqqətlə düşünərək roman yazmaq lazımdır. Xırda
detallar mühüm əhəmiyyət kəsb edir. Məsələn, romanın əvvəlində intihar etmiş
Nicat Aslanın üzərində heç bir zorakılıq əlamətlərinin olmadığı deyilir. Sonda
məlum olur ki, Nicat Aslan asılmamışdan qabaq biləyini kəsibmiş. Hətta kəsik
yerlərindən qan damcılayır. Təbii ki, damcılar cinayət yerində iz qoymalı idi.
Əsərdə tez-tez dəyişən maraqlı obrazlar
da var: namaz qılan fahişə, içki içən hicablı qız, dostlarına pul xərcləyən
“işverən” aktivist, azad seks təbliğatçıları...
Görünür, Cəlil Cavanşir üzvü olduğu “Nida” təşkilatının mühitini diqqətlə izləmiş,
real şəxslərin həyat hekayələrini roman personajları halına sala bilmişdir.
Mövcud mühitlə yanaşı, ictimai sektorun mənəvi eybəcərlikləri də bütün
çılpaqlığı ilə təsvir olunub.
Romanın uğurlu tərəflərindən biri rəssam
işidir. Üz qabığında, səhifələr arasında verilmiş illüstrasiyalar yaradıcı
işdir. Digər mühüm yenilik yazıçının tez-tez süjetə müdaxilə etməsidir. Roman qəhrəmanlarına
izah edilir ki, onlar real hadisənin iştirakçıları deyillər. Uydurma komiksdirlər.
Süjetə belə müdaxilələrə sovet teletamaşalarında rast gəlmək olurdu. Müasir Azərbaycan
romançılığı üçünsə ilkdir.
“Qadın corabları”nda Orxan və Könül
yoxdur. Burada yazıçı “mən”i, Cəlil Cavanşirin əzabları var. O, bu əzablardan
qurtulmaq naminə süjet uydurub. Ola bilsin, roman onun üçün xeyli doğmadır.
Amma oxucu bunu hiss edə bilməz. Çünki təsvir olunan həyatı yaşamayıb, hissləri
keçirməyib. Usta yazıçının vəzifəsi isə oxucunu o ruh halına gətirə bilməkdir.
Maraqlı avtobioqrafik roman ola biləcək əsər
maraqsız süjetin qurbanına çevrilib.
Ümumilikdə, “Qadın corabları”nı çap
olunan keyfiyyətsiz romanlar sırasında ən keyfiyyətlisi saymaq olar. Yazı dili
və cəsarətinə görə.
Комментариев нет:
Отправить комментарий