Son həftələr “Yeni Müsavat” qəzeti, Rauf
Arifoğlu ətrafında olan hay-küyü anlamıram. Yazılanlardan, kimin kimlə
atışdığından xəbərim var. Amma gündəmin nə üçün hələ də bu qəzet ətrafında cərəyan
etdiyini başa düşmürəm.
Deyirlər Rauf Arifoğlunun qəzeti
hakimiyyətin əlinə oynayır. Lap istəyir lambada oynasın. Sizləri narahat edən nədir?
“Səs”, “Xalq”, “Kaspi” qəzetləri 20 ildir hakimiyyətin əlinə oynayır. Onları nəinki
müzakirə edən, xəbər paylaşan da yoxdur.
Normal mətbuat və qəzet oxucusu olan ölkədə
“Yeni Müsavat” qəzeti bircə yalan məqaləsinə görə hörmətdən düşər, özünə hörmət
edən oxucu bir daha o qəzeti, nə də baş redaktorunu müzakirə etməzdi.
Heç vaxt siyasi intriqaların oyunçusu olmayan
qəzet oxucusuna gəldikdə. O, oxucu müxalifət qəzetlərindən çoxdan imtina edib.
Təəssüf ki, siyasi qəzetlərlə bərabər mətbuatdan. Bir zamanlar yüz minlərlə
satan qəzetlər bu gün bir-iki min satsa şükür edir.
Əks-arqument gətirəcəklər ki, rejim bizə
daldan da, qabaqdan da basır. Satmağa imkan vermir. Yaxşı, problemin 50%-i
olsun rejimlik. O zaman biri məni başa salsın görüm, yüzlərlə adamın avtobus
gözlədiyi metro çıxışlarındakı qəzet köşklərində nə üçün axşam saat 20:00-də “Yeni
Müsavat”, “Azadlıq” qəzetləri satılmamış qalır?
Hesab edək ki, camaat siyasətdən bezib.
Axı, niyə bu ölkədə məişətdən, qeyri-siyasi mövzulardan yazan “Posta” kimi
normal bir qəzet olmasın? Türkiyədə ən çox satan qəzet müxalif və iqtidar yönlü
köşə yazarlarının yazdığı qəzetlər deyil. İnsanların oxuyaraq istirahət etmək istədiyi
“Posta”dır.
Qəzetlərin kağız şəklində sata bilməməsini
insanların informasiyanı internetdən almasına da bağlamaq olar. O zaman problem
rejimlik deyil. Sən ədalətdən yazırsansa və yazdığın söz qiymətlidirsə, hökmən
alıcı tapılacaq. Hakimiyyət istəyir on yox, yüz media orqanı yaratsın.
Deyək ki, qəzetə canı yanan bir baş
redaktor çıxdı. Satışı artırmaq üçün internet versiyanı bağlamaq istədi. Onsuz
da pul gətirmir. Müxalif internet saytlarına reklam vermək qadağası var. Baş
redaktor qərar verib imtina etmək istəsə, qəzetə nəzarət edən partiya sədri,
funksionerlər imtina edə biləcəkmi? Başımla cavab verirəm ki, YOX!
Kim sizə özünün azad mətbuatda işlədiyini,
başqasının “satıldığını” deyirsə, atabaatası ilə qələt edir. Azərbaycanda birmənalı
olaraq azad mətbuat yoxdur!!! Nə maliyyələşmə, nə də prinsiplər baxımından. Şəxsən
mənə sual verəndə ki, “hansı qəzet, sayt azaddır?”, cavab - şəxsi bloqum.
Yalnız orada tam azad şəkildə yaza bilirəm.
Qəzetlərin partiyalar üçün daim kassa
rolu oynaması sirr deyil. Bədbəxtçilikdən qəzetlərin başına da həmişə qəzet işini bilənlər yox,
sədrin pul haqq-hesabını həll edəcək adamlar gətirilib.
Fərz edək ki, hakimiyyətin mətbuata təzyiq
etməsinin səbəblərindən biri də budur. Axı, bu siyasilər qəzetçiliyi təkcə maliyyə
institutu kimi məhv etməyiblər. Jurnalistika standartlarını, oxucu üçün maraqlı
olacaq məzmunu da məhv ediblər.
Qəzetləri çeviriblər siyasi bülletenə. Mətbuat
o qədər bədbəxt günə qalıb ki, onun-bunun feysbuk söyüşməsindən xəbər düzəldib
verir. Başa düşün, sizin şəxsiyyətiniz, partiya intriqalarınız normal oxucunun
qozuna da deyil. Özünə hörmət edən şəxs beş ilin dörd ilində qaraçı kimi
boğuşan adamların siyasi atışmalarına nə üçün pul verməlidir? Gələcəyə olan
ümidini daha da qaraldıb, beyin hüceyrələrini məhv etməlidir?!
Şəxsən mən keçən ilin dekabrından bu
yana “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini almaqdan imtina etmişəm. Müsavatın
Milli Şuranı tərk etməsi ərəfəsində AXCP ilə qırışması zamanı. O qəzetləri ki,
həftədə 3-4 ədəd alırdım.
Bir gündə hər iki qəzet əlimə düşdü. Açıb
oxudum. Eyni hadisə üstündə hər iki tərəf bir-birini ən ağır şəkildə təhqir
edirdi. O gün qəzetlərdən ancaq birini alıb oxusaydım, bəlkə də təsir altına
düşüb hansınasa haqq verərdim. Amma hər ikisini oxuyunca, iyrəndim.
Hakimiyyətin əlinə oynamağa gəlincə.
Hakimiyyət bütün qəzetlərini, televiziya kanallarını səfərbər etsəydi, müxalif
düşərgəyə belə ağır zərbə vura bilməzdi. İndi düşünün! Müstəqil mətbuatın
mövcud olduğu 25 il ərzində milyonlarla neçə belə vətəndaş qəzetlərdən niyə imtina
edib.
Cəmiyyət əlini çəkib. Bəs ittiham edən
kimdir? Elə bir ovuc siyasi fəallar və rəqib jurnalistləri. Əksəriyyət biganədir.
Hesab edək ki, “Yeni Müsavat” müxalifət və müxalifətçilikdən imtina edib. Müxalifətçilər
“Yeni Müsavat” niyə imtina edə bilmir?
Bilməyəcəklər! Çünki 1988-dən bəri tükənə-tükənə
gələn siyasətçilərin tək mövcudiyyət yeri qalıb. O da mətbuat. Ona görə öz
mövcudiyyətlərini təhdid edən bir şey görəndə, ac canavar kimi hücum çəkirlər.
7 ildir bu ölkədə feysbuk var. Bloqlar da eyni şəkildə. Amma bircə siyasi lider
yoxdur ki, Aleksey Navalnı kimi bloq açıb, hər gün yazsın. Gün ərzində bloquna
on minlərlə adam girib oxusun.
Yazmırlar. Yazanda canları çıxır. Gözləyirlər
ki, kimsə gəlib müsahibə götürsün. Ya da hansısa köşə yazarı yaltaqca tərifləsin.
Rəsmi partiya saytlarındakı məlumatlar isə 2011-ci ildən yenilənmir. Sayta belə
girib baxmadıqlarından domen bağlanıb. Halbuki, siyasətlə maraqlanan şəxs ilk
növbədə qəzetə yox, həmin sayta girib baxmalıdır. İmkan verin qəzet ictimaiyyətə
maraqlı olacaq mətbuat kimi işləsin.
Məndən hərdən soruşurlar Rauf
Arifoğludan niyə bloq yazısı yazmırsan? Yoldaşlar, başa düşün. Siyasətçinin mətbuata
hücum çəkməsi, yaxud nəzarət etmə ənənəsi yalnız Azərbaycandadır. Bir də Azərbaycan
kimi feodal fermalarda.
Qərbi Avropada hansısa siyasi mənsubiyyətli
şəxs, partiya sədri tərəfdarlarına kütləvi “fas” əmri versə, birinci növbədə ölkənin
digər mətbu orqanları o siyasi lideri peşman edər.
2011-ci ilin dekabrında Konrad Adenaur
fondunun təşkilatçılığı ilə gənc jurnalistlər və siyasətçilər üçün təlimdə
idik. Təlimçilər alman idi. Bizə dedilər ki, Almaniyada siyasətçilərlə
jurnalistlər düşməndir. Jurnalistlərin siyasətçiləri görməyə gözü yoxdur.
Partiyalar qəzetləri mətbuat konfranslarına dəvət edib, bəyanatlarını bülleten
şəklində onlara verirlər. Bəyanat jurnalist üçün maraqsızdırsa, nümayişkaranə şəkildə
götürüb kənara atar.
“Azad mətbuat” deyib böyürən jurnalistlər
baxaq görək bircəciyiniz nəzarətində olduğunuz partiyaların sədrinə qarşı belə
hərəkət edə bilirsinizmi?
Necə ki, demokratik cəmiyyətlərin təşəkkülü
dinin dövlətdən ayrılması ilə oldu, azad mətbuat da siyasətin qəzetlərdən, xəbər
saytlarından əl çəkməsi ilə bərqərar olacaq. İstisnasız bu hər kəsə aiddir.
Rauf Arifoğlunun şəxsinə gəldikdə. Bəli,
adam fırıldaqçıdır. Amma fırıldağı oxucuya, elə hay-küy salanlara da yedirdə
bilir. Hər yolla pul qoparmağı bacarır. Əvəzində üç aydan bir ictimai şəkildə
dilənmir.
İşçilərinə münasibətdə. “Biz ölkədə tək
azad mətbuatıq” deyib, işçilərinin feysbukda yazdıqları üzərində siyasi
senzorluq eləmir. Partiya siyasətinə uyğun gəlməyən statusları sildirmir.
Mətbuat meneceri kimi bu ölkədə rəqib
tanımır. Hansı köşə yazarının oxucu kütləsi gətirdiyini gözəl bilir. Bacardıqca
əldə saxlamağa çalışır. Oxucunun marağı naminə şəxsinə edilən təhqirləri
unutmağa hazırdır. Əli Əkbərin “Yeni Müsavat”da yazmağa başlaması kimi. Bu
müqayisədə böyüklük Raufa, düşüklük Əli Əkbərə qaldı. Bəs, sizlərə nə qaldı?
Rauf Arifoğlunun eyiblərindən, köhnə
müxalifətçilərin onunla bağlı “xatirə”lərindən çox yaza bilərəm. Amma bunları
yazanda ədalət naminə onu tənqid edənlərin də zir-zibilindən yazmalıyam.
Deyəcəklər ki, a bəy, o, hakimiyyətin
yanında, biz müxalifətin. Mən də deyəcəm: A bəy, uşağı bələkdə "tərbiyə" edərlər. Səninki
uşaqlıqdan keçib, yekə kişi olmusan. Müxalifsən deyə jurnalist, siyasətçi
dostların bu günədək eyiblərini açıb, faş etməyiblər. Yoxsa hamınız boğazacan
poxun içindəsiz.
Ona görə də bu gün “Yeni Müsavat”ın məqalələrinə,
ətrafında cərəyan edənlərə aqressiv reaksiya vermirəm. O cümlədən Eynulla və
digər media orqanları. Yalnız kefimi açmaq üçün hadisələri zarafata salıram.
Azərbaycanda azad mətbuat, azad
jurnalistəm deyənlərin sözünü isə bağırsaq qazından artıq saymamışam. Bunların
səsi ancaq uzaq məsafədə gurultulu gəlir. Yaxınlaşdıqca üfunət hiss edirsən.
Mənə “Xədicədən heç nə yazma” deyənlər
hakimiyyət redaktoru deyildi, heç “Jalə mediası” da deyildi. Böyük bir təşkilatı,
mətbuatı “tryapka”ya çevirən cındır dəstəsi idi. O cındır dəstəsini Xədicəyə
bağlayan səmimi məhəbbət deyildi. Onlar üçün daha ali, daha müqəddəs dəyər –
pul idi. O, pulu tapacaq adamın könlünü xoş etmək naminə əlləri çatan hər kəsin
söz azadlığını boğmağa hazır idilər.
Xədicə haqda yazdıqlarımızın heç birində
şəxsi qərəzlilik yox idi. Nə bir yerdə çörək yemişdik, nə də pul haqq-hesabımız
olmuşdu. Tənqidimizi bircə statusla yekunlaşdıra bilərdik. Sadəcə illərin siyasətçilərinin,
qəzetçilərinin göz görə-görə özlərini “tryapka”ya çevirməsi bizə ağır gəlirdi.
Hər dəfə yazanda bir neçə siyasi “tryapka” özünü ayağımız altına atırdı.
Dayanmaq əvəzinə dabanımızı üstlərində silib keçirdik. Prinsipiallıq naminə zərbə
ardınca zərbə.
Nə olsun ki, müxalifdirlər. Nə olsun ki,
25 ildir siyasətdədirlər. Şəxsiyyətlərinə ki, hörmətləri yoxdur. İnsanın şəxsinə
hörməti olmayanda nə daxili azadlıq olur, nə də kənardan sayğı. Şükürlər olsun,
neçə-neçə xəbərdarlıq gəlsə də, şəxsiyyətimizdən zərrə də itki vermədik. Nə üzr
istədik, nə tənqidi kəsdik.
Azad mətbuat olan ölkədə mətbuat-siyasət
münasibətləri necə olmalıdır? - deyə soruşsanız, yeri gələndə jurnalist siyasətçini minib sürməlidir də. Jurnalistin azadlığı da siyasətin köləsinə çevrilməmə
iradəsindədir.
Bir zamanlar mətbuatı siyasətin idarə
olunan oyuncağına çevirənlər indi bunun cəzasını çəkirlər. Bu qovğada haqlı çıxaracağım
heç bir tərəf yoxdur. Müxalif kölə mətbuatın iqtidar köləsinə çevrilməsində
qınanılacaq heç nə yoxdur. Dəyişən sadəcə ağadır. Mətbuat özü heç zaman azad
olmadı ki.

Комментариев нет:
Отправить комментарий