Əli Əkbər – bu adama ya nifrət edirlər,
ya da pərəstişkarına çevrilirlər. Ya söyürlər, ya da həddən ziyadə tərif deyirlər.
Özü isə... Bir yaxınının dediyi kimi, o hər iki tərəfi təhlükəli sayır. Bu
adamı tanıdığım qədər o, hər iki tipə ikrah hissi ilə baxıb.
Hissləri əsir, intellekti kor olanlar
onun üçün daim manipulyasiya obyekti olub. Pərəstişkarlarını da, düşmənlərini də
alçaltmağı sevib. Lakin çox az adam daxili aləmini açmağa cəhd edib. Mahir
intriqalar ustası, insan psixologiyasının bilicisi olan bu yazıçını Azərbaycan ədəbiyyatının
makiavellisti saymaq olar.
Siyasətdə bir makiavellist üçün müqəddəs
heç nə olmadığı kimi, ədəbi sahədə də ətrafındakı şəxslər Əli Əkbər üçün alətdən
başqa bir şey deyil. İnsan cildli alətlərin tək missiyası vardı. Məqsədə çatmaq
üçün vasitəyə çevrilmək.
Hər şey 2000-ci illərin əvvəlindən
başladı. Elə bir dövr gəlmişdi ki, Azərbaycan ədəbiyyatında tam bir boşluq idi.
90-ların kitabsızlıq, baxımsızlıq illəri SSRİ-nin dövlət qonorarlı yazıçılarını
silib-süpürmüşdü. Ortada qalan isə on minlərlə gənc, ancaq yazıçısı olmayan şəhər
oxucusu, bir də sovet ədəbiyyatının Anar kimi nəhəng kultu idi.
Bəli, şəhər oxucusu. Gələcəyi yaxşı görən
ədəbi intriqan məhz bu oxucunun sayəsində özünü yazıçı kimi təsdiq edə bilərdi.
Yalnız intellektual şəhərli onu dərk edə, yaradıcılığına dəqiq qiymət qoya bilərdi.
Aşıq, folklor ədəbiyyatında böyümüş, bir
qarın çörək üçün Rusiya çöllərinə düşmüş əyalət oxucusundan o, heç nə gözləmirdi.
SSRİ vaxtı tanınmış əyalət şair və yazıçıları da rəqib ola bilməzdi. Əyalət təsvirli romanlar Əli Əkbər üçün yalnız məsxərə
obyekti idi. Yazdığı hekayələrdə sovet əyalət yazıçılarının üslubunu imitasiya
edərək, məzmuna pornoqrafik elementlər qatır və beləcə gənc oxucu gözündə
onları alçaldırdı.
Lakin şəhər oxucusu... Bax, o oxucunu
keçmişin əlindən almaq lazım idi. Əli Əkbər çox yaxşı başa düşürdü ki,
istedadlı yazmaqla, minlərlə kitab çap etməklə şöhrət gəlməyəcək. Kitabla
televiziyanın əlaqəsi çoxdan kəsilmişdi. Əhali kitab almaq vərdişini unutmuşdu.
Adını heç yerdə eşitmədiyi gənc yazıçılar oxucuya heç nə demirdi. Ədəbi
intriqan üçün istedadlı yazdığı təqdirdə sağ ikən unudulmaq qorxusu vardı.
Elə bu məqamda AYO-nun simasında
publisistikada “Anar adlı problem” yarandı. 2000-ci illərdən başlayaraq götürsək,
Azərbaycan oxucusunun Anar adlı problemi yox idi. Birinci ona görə ki, müasir
oxucu artıq sovet yazıçıları ilə maraqlanmırdı. İkinci səbəb, yazıçı Anar ciddi
ədəbi yaradıcılığını 90-cı illərin ortalarında yekunlaşdırmışdı. Gənc yazarlar
yeni nə yazsa belə, mübarizə yaradıcılıq meydanında getməyəcəkdi.
Anar problemi şəxsi uğur məsələsi idi.
“Məşhur olmaq istəyirsənsə, məşhurları tənqid et” texnikasının uğura gedən ən
qısa yol olduğunu Əli Əkbər yaxşı başa düşürdü. Şəhər oxusunun gözündə qoca
palıdı kökündən qoparmaq mümkün olmasa da, qol-budağını sındırmağı mütləq
sınamaq lazım idi. Lakin qarşısındakı şəxsin kim olduğunu bilirdi və özünü zərbələr
altına qoyacaq qədər axmaq deyildi.
Bu yolda kol-kosu təmizləyəcək alətlər
lazım idi – kənd uşaqları. Şair qəlbli, şəhər hiyləgərliyindən bixəbər bu
uşaqları çox rahat şəkildə manipulyasiya etmək, Anarın üstünə qısqırtmaq mümkün
idi.
Dahi qrossmeysterin oyuna başladığı
şahmat taxtasında öz “peşka”ları vardı. Qan Turalı, Seymur Baycan, Günel Mövlud,
Elnur Astanbəyli. Zaman-zaman bu “peşka”larla sərt gedişlər edəcək, daha böyük
fiqurları götürmək üçün qurban verəcəkdi.
Roman yaradıcılığında Anarla rəqabət
aparmaq əyalət yazıçısının həddinə deyildi. Lap gənc olsun, lap azad olsun.
İntellektual şəhər oxucusunun zövqünü yalnız bir şəhərli fəth edə bilərdi. Mürəkkəbindən
“peyin qoxusu” gələn, təbiət təsvirləri ilə yazan ən istedadlı yazıçı belə şəhər
intellektualı üçün növbəti “çuşka”dır. Hələ-hələ
bu oxucu rusdilli çevrədən çıxıbsa.
Kənd uşaqlarından fərqli olaraq, Əli Əkbərin
Anarla rəqabəti şəxsi nifrətə keçmirdi. Açıq zərbələr endirməkdən çəkinir, bunu
kənd uşaqlarının əli ilə edirdi. Anara qarşı yazanlar heç özləri də bilmirdi,
son məqsədləri nədir. Populyarlıq idisə,
bir müddətdən sonra bunu qazandılar. Ancaq bağırsaq kimi uzanan bu münaqişə son
nəticədə oxucunu bezdirdi.
Əli Əkbər isə ara-sıra Anarın
yaradıcılığına jestlər etməkdən də çəkinmirdi. “AYB sədri Anarın ən pis hekayəsi
belə, Paulo Koelyonun romanlarından qat-qat səviyyəlidir” fikri bu jestlərdən,
sadəcə, biridir. Yalnız “Artuş və Zaur” romanını yazanda o, ədəbiyyatda Anara rəqib
ola biləcəyi qərarını verdi. Romanın adı da duelə çağırış formasında
seçilmişdi. “Təhminə və Zaur”a edilən sarkazm.
Kənd uşaqları təkcə Anara qarşı mübarizədə
alət kimi lazım deyildi. İctimaiyyətin gözündə şəhər yazıçısı əyalət
yazıçısından fərqlənməli idi. Kənd uşaqları Əli Əkbər üçün həm də aksesuar idi.
Bu aksesuarları yanına taxıb gəzdirəndə fərq daha aydın görünəcəkdi.
Ancaq AYO-da bir nəfər vardı ki, Əli Əkbərin
bu fırıldaqlarından xəbərdar idi. Rasim Qaraca “Kənd yazarları, şəhər
yazarları” məqaləsində Əli Əkbərin kənd uşaqları ilə dostluğunun məqsədini dəqiq
şəkildə təsvir edib: “Kənd yazarları həmişə kənd yazarları ilə oturub durur, şəhər
yazarları isə şəhər yazarları ilə. Ancaq çoxbilmiş şəhər yazarı həmişə yanında
bir kənd yazarı gəzdirər...” Məqalədə “yazıçı” əvəzinə “yazar” sözünün işlədilməsi
də təsadüf deyil.
Əli Əkbərin mətbuatda tez-tez dilə gətirdiyi
bir problem vardı. Ədəbiyyatımızın təzək qoxusundan təmizlənməsi. Taleyin
ironiyası onda idi ki, bu fikri yaradıcılığı təzək qoxusu verən kənd uşaqları
yamsılayırdı. Başa düşmürdülər ki, Əli Əkbər bunu deyərkən ədəbiyyatın mərkəzində
onları yox, özünü görürdü. Bunu heç gizlətmirdi də. Tanıdığı gənc yazarlar
içində ən yaxşı yazmaq qabiliyyətinin özünə məxsus olduğunu dəfələrlə deyib.
Kənd uşaqları isə bu yekə iddianı səsləndirməklə
gülünc vəziyyətə düşürdü. Seymur Baycan hələ də romanlarında göy-göyərti ilə
pendir-çörək yeyən kənd kişisi obrazından qurtula bilmir. Tövlə xatirələri
Günel Mövlud publisistikasının əsas xəttini təşkil edir. Siyasi publisistikanın
nümayəndəsi Elnur Astanbəyli isə bu vaxtacan heç olmasa, bircə ciddi siyasi
roman yazmalı idi. Amma kitab adına çap etdirdiyi broşüra qalınlığında şeirlər
kitabı oldu. “Qazaxşina”nın növbəti istedadsız nümayəndəsi.
Əli Əkbərin intriqalar qurmaq bacarığı təkcə
Anarla rəqabətdə yekunlaşmır. O, şəxsi nifrət obyektinə çevrilmiş şəxsləri də ətrafının
qələmi ilə mahir şəkildə vura bilirdi. 5 il əvvəl bir qadın jurnalistlə mübahisələri
düşmüşdü. Mübahisənin intiqamı Seymur Baycanın “Tükəzban-2” köşəsi ilə alındı:
“Bir gonbul Tükəzban var. Çox gonbuldur. Kifayət qədər populyar KİV-dən birinin
rəhbəridir. Bir dəfə ağılsız vaxtlarımda bu Tükəzbanla mübahisəyə girişdim. Əli
Əkbər də həmçinin...” 08.08.2009
Elə oldu ki, yazıdan bir müddət sonra
Əli Əkbər jurnalist xanımdan üzr istədi. Seymur Baycan qaldı pis vəziyyətdə. Hətta
ölkədən qaçmasının səbəblərindən biri kimi bu jurnalisti göstərdi. İndi isə
yenidən “mehriban düşmən”çilik etməyə başlayıb.
Ədəbi intriqan üçün media ədəbi sınaqlar
laboratoriyasına çevrilmişdi. Təhlil qabiliyyəti zəif, məlumatsız Azərbaycan
oxucusu isə göydəndüşmə idi. Ən absurd iddianı sümük kimi ortalığa atar, pərəstişkarları
havadaca tutardı. Nifrət bəsləyənlərin isə söyməkdən başqa variantı yox idi.
Sağlam təhlildən məhrum hər iki tərəf qarşısında aciz görünürdü. O isə bu mənzərədən
yalnız həzz alırdı.
Müxalif-dissident yazıçı mövzusu dəb düşəndə
Əli Əkbər eksperiment kimi kütləyə Eduard Limonov nümunəsi göstərdi. Ona görə
ki, Limonov Putinə qarşı bir neçə tənqidi məqalə yazmışdı. Günel Mövludla
Seymur Baycan Əli Əkbərdən qabaq düşdülər ortalığa. Hətta Limonovu ucaltmaq
naminə Soljenitsını alçaltdılar.
Limonovu dissident yazıçı kimi təqdim edənlərdən
biri də araşdırmamışdı ki, bu Limonov faşistin yekəsidir. Putinə nifrətinin tək
səbəbi məhv olmuş SSRİ-nin hələ də bərpa olunmaması idi. Krım ilhaq olunanda
Limonov oldu ehtiraslı putinist.
Əli Əkbər belə eksperimentləri çox
keçirirdi. Xüsusilə, sosial şəbəkədə. Bir gün Azərbaycan qızlarını alçaldan
status yazanda, o biri gün göylərə qaldırırdı. Hər iki halda da, səhifəsindəki
“layk vuranlar” bunu qeybdən gəlmiş vəhy kimi qəbul edirdi.
İstedadlı intriqan kimi onda siyasətçiyə
məxsus nadir keyfiyyət də var. Uduzduğunu hiss edəndə geri çəkilmək, mübahisəni
kompromisə gətirmək kimi. Qarşısındakı şəxsin arqumentlərinin güclü olduğunu
görəndə o, heç vaxt Seymur Baycan kimi əsəbiləşib, “mən deyəndir!” şəklində
davam etməz. Məhz bu heysiyyəti sayəsində
kütlə qarşısında gülünc duruma düşməkdən ustalıqla yayına bilib.
Yazdığı əsərləri sevimli auditoriyası
ictimai sektorda yayan yazıçı bu mühitin Şeyx Nəsrullahına çevrilə bilmişdi.
Şeyx Nəsrullah əhli kimi onların da gözünü pərəstiş tutmuşdu. Aralarında Avropa
dünyagörüşünə, intellektuallığa iddia edənlər olsa da. Təzə-təzə əlinə kitab
alan gənc qız və oğlanların qarşısında “əgər
bir universitetin, tələbə yataqxanasının həyətindən xadimə səhər 50 prezervativ
süpürmürsə, orada gənclikdən söhbət belə gedə bilməz” deyəcək qədər özünə əmin
idi.
Şeyx Nəsrullah kimi Arazın o tayına ilk
keçənlərdən biri o, oldu. Ardınca ədəbi mühitdən bir neçə nəfər kabab iyinə
getsə də, dağlanıb qayıtdılar.
Keçmiş pərəstişkarları, yaxın ətrafı
indi Əli Əkbərdən çox məyus olub. Əvvəl söydüyü baş redaktorun qəzetində
yazması, iddialarının indi əksini deməsi
çoxunu çaş-baş salıb. Bir zamanlar şərəfinə badə qaldırıb, tərif deyənlər indi əsəblərindən
söyməyə keçiblər.
Mən tanıyan Əli Əkbər isə heç vaxt təəccübləndirməyib.
Arağa, bir qarın müftə çörəyə tamarzı gənc yazarlardan fərqli olaraq, o, heç
zaman borclu qalmağı sevməzdi. Dost vəfasızlığından şikayət edənlərə rişxənd
edirdi. Üç il əvvəl onunla araq içməsi ilə fəxr edən aktivistlərin Əli Əkbər
üçün taxta-şalban materialından fərqi olmayıb. O vaxtlar da bu taxta-şalbanı məharətlə
yonar, yeni romanlar yaradardı.
Əli Əkbər üçün heç kəsin, hətta ən yaxın
ətrafının da bir dəyəri yoxdur. Əli Əkbər Şərqdə əclaf, Qərbdə makiavellistdir.
O, hər kəsə xəyanət edə bilər. Özündən başqa. Lakin mahiyyətində imtina edə
bilmədiyi iki tabusu var: İsa Qəmbərin şəxsiyyətinə pərəstiş və “Sovetski
uşağı” keçmişi.
Yazılarında nə qədər yayınmağa çalışsa
da, bu iki detal hər dəfə özünü büruzə verir. “Sovetski uşağı” kimliyindən gələn
əyalət adamlarına ikrah hissi var. Ətrafından kimsə onun qılığına girməyə cəhd
edəcəksə, yaxşı yadda saxlasın! Əyalət adamısansa, şəhərdə doğulub, şəhər mədəniyyətini,
rus dili həzm etməmisənsə, Əli Əkbər üçün növbəti “çuşka”san. O, bunu açıq deməyəcək,
amma yaxşılığın üçün də nəsə gözləmə.
Kimsə Əli Əkbəri ikiüzlü saya bilər.
Amma bir zamanlar o, hamıdan səmimi, etirafında hamıdan cəsur idi. Əclaflığını
nəinki etiraf etmiş, hətta bu haqda kitab da yazmışdı. İlk dəfə 2005-ci ildə
“Azadlıq” qəzetinin keçmiş redaksiyasının girişində görmüşdüm o “əclaf”ı. Böyük
hərflərlə “Mən əclafam” sözləri yazılan kitabda daz başlı, eynəkli adam gözləri
ilə yerə doğru baxırdı. Kitabı açıb baxmamışdım. Yalnız 4 il sonra tanıdım.
“Mən əclafam” şeirlər kitabından etiraf:
“Mən əclafam! Boynuma alıram. Əslində, etirafa da ehtiyac yoxdur. Əclaflığımda
od qədər sadə, səma qədər təmizəm, gözələm əclaflığımda. Əclaflığımı sevə də
bilərlər, hətta sevirlər də. Çoxlarına əclaflığım xoşdur”.
O, əclaflığında da məsum, səmimi idi.
Əli Əkbəri söydülər, pərəstiş etdilər. Neçə-neçə romanını oxudular. Amma heç
vaxt anlaya bilmədilər.

Комментариев нет:
Отправить комментарий