Azadlıq
Radiosunun Bakı bürosunun qapadılması ilə çoxistiqamətli mətbuatın son işartısı
da söndü. Azad mətbuat demirəm. Çünki azad mətbuat sözünün özü mifdir. Ölkədə
azad mətbuat iddialı baş redaktorun da günün biri qatı senzor olduğu məqam
ortaya çıxır. Hər redaksiyanın öz mövqeyi, öz standartları...
Azadlıq
Radiosunun qapadılması əslində gözlənilən idi. Dünən yox, bir neçə ay əvvəl
yox, Azərbaycanda avtoritar sistemin yarandığı gündən hakimiyyətin nəzarətində
olmayan hər bir qurumun boğulması gözlənilən hadisədir.
Avtoritarizm əsla
durmaq bilmir. Təpəgöz tək gözü görən hər şeyi qoyun bilib yeyir. Yeganə
mübarizə vasitəsi bir yeyilən qoyunun yerinə beş qoyunun çıxıb mələməsidir.
Mübarizə ilk mərhələdə qoyundur. Sonra qoça, qurda, kütləvi şəkildə böyüyüb əjdahaya
çevrilir.
Mərhum
jurnalist Elmar Hüseynovun dediyi kimi tunelin sonunda qaranlıq görünür. Arxayınçıqdan
yaranan məğlub vəziyyətin bir səbəbi də bu insanların özündədir. Azadlıq
Radiosu, RATİ, Meydan TV və onlardan əvvəlki layihələr bir səbətə yığılmış
yumurtalar kimi idi. Günün biri kimsə bu səbəti götürüb yerə çırpacaqdı.
Yumurtalar hamısı sınacaqdı. Elə də oldu.
Azərbaycanda Qərbin
maliyyə imkanlarına, patronajlığına sığınıb daim şad-xürrəm yaşayacağını,
ictimai-siyasi sima kimi qalacağını düşünən adamlar vardı. Kobud olsa da, bu
sinif adamlar üçün yerinə düşən atasözü var: “İt arabanın kölgəsində yatıb, elə
bilir öz kölgəsidir”.
Hətta bu kölgəyə
sığınmağın perspektivləri haqqında düşünən, kölgədə rahat sığınmaq üçün gənc
üzvlərini ona-buna yaltaqlığa təhrik edən müxalifət liderləri də vardı. Halbuki
quru budaq kimi yapışdıqları imkanları öz əlləri ilə yarada bilərdilər. Bunun
üçün baza da vardı, idealist gənclər də.
Araba da
getdi, sümük də. Əvəzində zəncir gəldi. Qolu zəncirli olub, müqavimət göstərənlər
də məlumdur, qaçıb siçan deşiyində gizlənənlər də. Tarix özü onlara hakimdir.
Alternativlər
vardı. Bu gün də var. Bloq – azad mətbuat deyə biləcəyimiz tək mətbu orqan.
Burada müəllif də özünsən, baş redaktor da. Standartlar, kiməsə bağlılıq deyilən
bir şey yoxdur. Tək ittihamçı oxucundur. Yalnız o, qərar verəcək sənin fikir
adamı olub-olmayacağına.
İmkanlar da
genişdir. Bloq köşəyə də çevrilə bilər, video portala da, gərgin işləsən xəbər
saytına da. Kiməsə pul verib sayt yığdırmağın da lazım deyil. Hər ay təhlükəsizlik,
domen xərci üçün pul ödəmək də. Yeganə tələb olunan şey zəhmət və cəsarətdir.
5 il əvvəl
ictimai sektor arasında bloq yazmağa təşviq etmək kimi gözəl ənənə yaranmışdı.
Yazanlar çox idi. Amma insanlar da vardı ki, başqalarını şəbəkələşməyə
çağırırdı. Etibar Salmanlı, Aynur Zərrintac, İlqar Mirzə...
Adlarını çəkmədiyim
şəxslər inciməsin. Amma bloqçuluğun 30%-i yazmaqdırsa, 70%-i paylaşmaq, oxucu gətirməkdir.
Bu şəxslərin xidməti ikiqatdır. Azadlıq Radiosunun həftəlik bloq icmalı
rubrikasını bu sıraya daxil etmək lazımdır. Təəssüf ki, sonralar davamı gəlmədi.
Mənim təşviq
etdiyim gənclər əsasən partiya gəncləri idi. Arzum qlamur aktivistlərlə rəqabət
aparan gənclik deyil, öz başı, öz müqavimət qalası olan gəncliyin yetişməsi
idi. Əslində kimsə kimisə yetişdirmir. Hər kəs öz intellekti, zəhməti sayəsində
yetişir. İlk təkan verilir. Davamı adamın özünə bağlıdır.
Hər biri bir
mətbuat orqanı olacaq bloqçular məhz bu günlər üçün lazım idi. Daimi oxucusu
olan bloqçuya çevrilməyin nə qədər vacib missiya olduğunu o zamanlar dərk etməmişdilər.
İndi də anlamış deyillər. “Niyə yazmırsan?” – sualına adətən bu cavabı
eşidirdin: “Azadlıq qəzeti, Azadlıq Radiosu, Meydan TV, kultura.az saytı
olandan sonra nəyə lazımdır ee bloq? Onsuz da oxuyan yoxdur”.
Zaman gəldi
çoxistiqamətli mətbu orqanlarının ofisi bağlandı. Ortada skelet kimi qalanlar
isə əvvəlki oxucusunu itirib. Partiya bülleteninə, yaxud şəxsi sayta çevriliblər.
Alternativ media kimi ortaya çıxan internet uğurunun son nəticəsi nə oldu? Ümumi passivlik, ümidsizlik mühiti.
2008-ci il
ilin susqunluq dövrü ilə müqayisədə indi danışan ağızlar çoxdur. Amma bu
ağızların öz başı yoxdur. Öz başları yerinə “88 nəsli” mumiyaların, partiya sədrlərinin
və onların favoritkalarının başıdır. Baş ki, bir adamın özünə aid olmadı
kötükdür ki, kötük. Nə olsun, bu kötük siyasiləşib.
Vətəndaşlıq
mövqeyi olan şəxsin işi danışmaqdır. Mitinq tribunası olmayanda yazaraq
danışmaq. “Facebook”da yazmaqla özünə auditoriya yığacağını düşünən heç kəs
özünü aldatmasın. Orada fikir adamı olmaq olmaz, söz masturbasiyası etmək olar.
Çünki qalıcı heç nə istehsal etmirsən. Fikirlərinizi gündəlik bəyənən adamların
kimliyinə baxın. Hətta “like” edən şəxslər də maraq dairələrinə görə qruplaşır.
İctimai sektor deyilən mühitdə artıq ictimai heç nə yoxdur. Maraq, “kruq”
sektorları var. Mövcud durumla nə kütləni qazanmaq olar, nə də kütləvi şəkildə
mübarizə aparaq. Mübarizə isə kütləvi olanda təhlükəsiz olur.
Bu haqda bir
dəfə yazmışdım. Xatırlatmaqda fayda var. Azərbaycanda bloq yazmağa faydasız iş
kimi baxırlar. Tənbəllik tezbazar mənfəət
götürmək istəyindən yaranır. Adamlar bir uğurlu yazı yazandan sonra o dəqiqə bəhrəsini
görmək istəyirlər. Adətən mənə yazı yollayıb fikrimi öyrənirlər. Bəyəndiyimi
deyəndə bu yazını hansı saytın çap edə biləcəyini soruşurlar. Ardınca qonorarın
qiymətini.
Başa düşmək
lazımdır ki, nə qədər möhtəşəm bir şey yazsan belə o dəqiqə ona pul verən
tapılmaz. Şöhrət də gəlməz. Çünki vaxtaşırı özünü insanlara xatırlatmalısan.
Yüzlərlə oxucu da bir anda gələn deyil.
Bloqçuluq arı
zəhməti kimi bir şeydir. Maliyyə imkanı tapıb işə başlayan saytlar kimi hazır
şirənin üstünə qonmursan. Hər oxucunu gül tozu kimi özün toplayırsan. Amma əvəzində
heç bir qəzetin, heç bir saytın verə bilməyəcəyi müstəqilliyi qazanırsan. İndi əksəriyyətinizin
oxuduğu bloqer Əli Novruzovun vaxt vardı tək oxucusu mən idim. Adam 2008-dən bəri
yazır. Ayda bir dəfə yazsa da, qələmini görən oxuyur.
Azərbaycanda
bloqun özündən pul qazanmaq demək olar, mümkünsüz işdir. Amma gec-tez faydası
olur. Şəxsən iki il dalbadal bloq yazıları yazandan sonra başqa yerdə yazmaq
üçün mənə pul təklif ediblər. Halbuki o
anacan yazdıqlarımın bekara iş olduğu fikrinə qapılmamışam.
Bazar tapmaq
ümidi ilə belə bloqçuluğa başlamaq istəsəz, özünüzü fərqli mövzularda sınayın.
Bu siyasət də ola bilər, ədəbiyyat da. İT də ola bilər, iqtisadi təhlillər də.
Amma davamiyyət mütləq uğur gətirəcək.
Bugün ümidsiz
bir cəmiyyətin ortaya çıxmasında müxalif gənclərin də günahı böyükdür. Şəbəkələşmək
istəmədilər. Seymur Baycanın dediyi ki, Azərbaycan cəmiyyətində dəhşətli
paxıllıq mövcuddur. Başqasının uğuru nifrətlə qarşılanır. Maksimum verə biləcəkləri
dəstək bir-birinin profilinə yazıb nifrətlərini boşaltmaqdır. Halbuki
başqasının zəmisinə atacağın bir buğda dəni sabah bir sünbül şəklində geri
qayıdacaq.
Xarici maliyyəyə
ümid dövrü keçdi artıq. Sem dayı gəlib rejim devirməyəcək. Əksinə
avtoritarizmin qaykalarını daha da sıxacaq. Onun ən böyük dayağı demokrat
Mürsilər yox, xuntaçı Sisilərdir.
Milyon yarım
auditoriyası olan bir ölkədə ölkədə “Azadlıq” meydanını “Təhrir”ə çevirə bilmədizsə,
məğlubsuz. Rusiya, İran kimi ideoloji həbsxanalarda müqavimət ruhu yaradan “Facebook”da
masturbasiya edən siyasi liderlər, aktivistlər olmadı. Azad düşüncəli minlərlə
bloqçunun həmrəyliyi oldu. Onlar ümumi iş üçün şəxsi kinlərini bir kənara
atdılar.
Zaman
idealist, zəhmətkeş gənclərin zamanıdır. Oxunmamaq dərdi də etməyin. İnsanlar təhlil
yazılarına acdırlar. “ŞOK” başlıqlı xəbərlər gündəmə uyğun yazılmış müəllif
yazıları qədər oxunmur. Medianın “Azadlıq” meydanı daha yoxdur. Amma qarşınızda
azad meydanlar var.



Комментариев нет:
Отправить комментарий