Nə qədər qəribə olsa da, belədir. Yazıçı avara olmalıdır. Roman yaxud köşə yazarı olsun, müəllif yazısı yazmaq istəyən şəxsin iki nemətə ehtiyacı var. Boş vaxta və informasiyadan təmizlənmiş sakit beyinə. Yalnız bu halda yazı müəllifi düşüncələrinin sahibinə çevrilə bilir.
Həmişə bekarlıqdan şikayət etmişəm. İki
aydır bekarlıq üçün darıxıram. Boş vaxt mükafat kimi görünür. Yazmaq istəyirəm,
yaza bilmirəm. Az yazıram. Beyin doludur. Amma beyni dolduran informasiya mənim
deyil. Məni ifadə etmir. İş informasiyasıdır. Onu yük kimi daşıyarkən özüm ola
bilmirəm.
Yazdığının məsuliyyətini anlayan birisənsə,
özünə qapanmalısan. Bir klaviaturan olmalıdır, bir də mövzun. Fikrin yayındısa,
oxucun da mövzudan yayınacaq. Sənin beynin onda ola bilməz, amma sənin qələmin
onun düşüncəsində fırça tək mənzərələr cızmalıdır.
İşdən sonra qalan boş vaxt da sənin
deyil. Çünki başının içi doludur. Ağ səhifədə nəsə yazmaq naminə onu təmizləmək
lazımdır. Dərin yuxu, ya da tam qayğısız istirahət günü olmalıdır. Mövzuya
informativlik qatacaq mütaliə də əlavə vaxt istəyir.
Azərbaycanda xeyli sayda yeni romanlar
çap edilir, gənc yazarlar yetişir. Lakin oxucu yenə də narazıdır. Sanmayın ki,
paxıllıqdan, mütaliəsizlikdən belə deyirlər. Azərbaycanda 30 yaşdan yuxarı
oxucuların əksəriyyəti intellektual bazaya malik insanlardır. Sovet təhsilinin
üstün keyfiyyətlərini görüblər. Məktəb yaşında klassik ədəbiyyat oxuyublar.
Ancaq yenə də nə isə çatmır. Yeni çıxan
romanları oxuyuram. Baxırsan, yazıçının qələmi formalaşıb. Mövzu, süjet var. Əsər
isə çiydir. Daha geniş yaza bilərdi. Daha çox araşdıra bilərdi. İnformativlik
qata bilərdi. Ən əsası, oxucunun anladığı dildə rabitə yarada bilərdi.
Qəribə görünəcək, amma gənc roman müəlliflərinin
uğursuzluğunun bir ciddi səbəbi də boş vaxtın olmamasıdır. Heç bir gənc yazıçı
“satdığım kitablar hesabına yaşayıram” deyə bilməz. Bazar buna imkan vermir.
Kitab cənnəti İngiltərədə belə öz nəşri hesabına yaşayan müəlliflərin sayı
getdikcə azalır.
Nələrlə məşğul olmur bizim yazarlar... Qəzet
buraxmaqla, satıcı işləməklə, saytlara xəbər qoymaqla, kitab tərcüməsi və s.
Oturub, sakit başla roman yazmaqdan başqa hər işlə. Yazıçı da insandır. Onun
beynindən əlavə qarnı var. Və bu qarın
çox vaxt beyin üzərində qələbə çalır. Həyatının stimuluna çevrilir.
Gənc yazarın çapdan çıxmış romanını
oxuyursan. Hər şey var. Əzab, qəzəb, ehtiras. Amma bütün bu hisləri kağıza
köçürməklə “Səfillər” yarada bilmir, Jan Valjanın iztirablarını oxucuya çatdıra
bilmir. Ola bilsin, Jan Valjan qədər məhrumiyyət dolu həyat yaşayıb. Ancaq
romanı oxucu ilə ünsiyyət qurmaq üçün yox, şəxsi problemlərdən qurtulmaq naminə
yazıb.
O beyin ki, şəhərdən uzaq sakit bir yerdə
təmizlənməli idi, yazdığı əsərin üzərinə boşaldıb. Sanki bütün dünyadan qisas
alıb. Nəticədə gündəlik qayğılardan cana doyan adamın nifrətdən doğan əsəri çap
edilir. Oxucu isə kitabı istirahət etmək üçün oxuyur. Qayğılardan azad, boş
vaxtında oxuyur. Qarşısında isə öz-özünə deyinən, hədsiz emosional yazıçı
görür.
Tez-tez məşhur yazıçıların necə yazmaqla
bağlı verdiyi məsləhətlərdən ibarət məqalələr çap olunur. Verdikləri məsləhətləri
ortaq cəhət birləşdirir. Əsər yazarkən hər şeydən uzaqlaşın, tənhalığa çəkilin.
Son dövrlərin yazıçıları hətta internetə qoşulmayan kompüterdə yazmağı məsləhət
görürlər.
Səbəbsiz deyil. Oxucu ilə rabitə
yaratmağın birinci şərti fikirlərin səliqəyə salınmasıdır. Heç bir kənar impuls
yazıçı təxəyyülünü yayındırmamalıdır. Bu publisistikaya da aiddir. Qonorar xətrinə
başdan ötürmə köşə yazıları yazan müəlliflər nə qədər çox yazsa da, müzakirə
olunmur. Digər müəllif həftəyə bir köşə yazır, həftə ərzində onu müzakirə edirlər.
Əlbəttə, hər yazıçının özünə ayıra biləcəyi boş vaxt şəxsi imkanları daxilində
deyil.
Tənha evdə yazan, uzun saqqalı yazıçı
obrazı film romantikası deyil. Bu bütün diqqətini özünə vermiş bir avaranın həyatıdır.
O, ədabazlıq naminə uzun saqqal saxlamır. Sadəcə, üzünü qırxmaq üçün vaxtı
yoxdur. Yazmaq üçün ən qiymətli vaxt səhər saatlarıdır. İnsan beyninin tər-təmiz
olduğu vaxt. Güzgü qarşısında sərf edəcəyi dəqiqələri də çap maşınına qurban
verir.
Bizdə isə bütün bunlar imitasiya
formasında baş verir. Gənc yazıçı düşünür ki, saqqal saxlasa, məşhur olacaq,
çoxlu araq içsə, istedadı püskürəcək. Bu işin romantikası yoxdur. Almaz dəyərində
vaxtını yalnız cilalamaqla məşğul olmalısan.
Stabil həyat yaşayaraq yazmaq da bir şey
deyil. Gənc yazarlardan birinin müsahibəsini oxudum. Günün hansı saatında
yazması ilə bağlı suala, “işdən sonra qalan boş vaxtımda” cavabı vermişdi. Bu
cavab mənə qəribə gəldi. Çünki işlədiyi işin özü də səs-küylü, baş yoran iş
idi. Təsadüfən bir kitabını aldım. Oxumağa cəhd etdim. Səhifələr arasında əlaqələndirilən
mövzunu tuta bilmək üçün dəfələrlə başladığım abzasa qayıtdım. Dağınıq, xəyalpərəst
cümlələrdən ibarət fikir yığını. Otuz səhifə oxuyub kitabı bir kənara tulladım.
Elə bilərsiz, boş vaxtın, artıq
informasiyadan azad olmuş beynin yoxluğu təkcə gənc yazarlara problem yaradır.
Usta qələmlər də bunun əziyyətini çəkir. Bir neçə ay əvvəl Kult.az mədəniyyət
portalının redaksiyasına gələndə Salam Sarvanla görüşdüm. Bir az söhbət etdik.
Ədəbi saytın baş redaktoru olsa da, iki aydır bircə yazı yazıb qoya bilmədiyini
dedi.
Yazıçı gəzinti zamanı da avara
olmalıdır. Mövzu, yeni ədəbi personajlar tapmaq üçün. “Fəvvarələr meydanı”nı gəzərkən
çox şey yaza bilməzsən. Uzağı süni həyat yaşayan meşşanlar haqda.
Bir avaranın dolaşacağı yerlər tərk
edilmiş kəndlər, ucqar qəsəbələr, səfil insanların sığınacaq tapdığı vağzallar,
səsli-tozlu tikinti meydanlarıdır. Həyat uğrunda mübarizə aparan bu insanların
həyatı sən avaranın boş vaxtını qızıla çevirə bilər. Təmiz havanı udduğun zaman
da boşa keçməyəcək. Təmizlənmiş beyninə yeni ideyalar hücum çəkəcək.
Vaxtını
necə yola vermək haqda fikirləşən gənc nəsil zamanın dəyərini hər şeydən çox
bilməlidir. Ən məhsuldar fikirlər gənclik dövründə formalaşır. Günün biri ailə,
məişət qayğıları altında əzilərkən avara olduğunuz günlər üçün darıxacaqsız.

Комментариев нет:
Отправить комментарий