Adətən qar yağan gün internetdə
toy-bayram olur. 21 fevral tarixində millət elə şok yaşadı ki, gözləri önündə düşən qar dənəcikləri yox,
manat oldu. 1 ABŞ dolları 79 qəpik ikən, Mərkəzi Bankın qərarı ilə dollar 1 manat
5 qəpik oldu. Devalvasiya bərabərdir 33% inflyasiya. Avrodan danışmıram. Biz
dolların əsiriyik, manatın yesiriyik.
Bir neçə gün əvvəl #manatadəstək haştaqı
ilə aksiya keçirilirdi. Zarafata salıb xeyli gülməli tvitlər atmışdılar. Amma real
iqtisadiyyatla bağlı bircə təklif belə görmədim. Görək nə etmək olar:
1. Böyük pullarla nə etməli?
Camaatda pul yoxdur deyirlər. Bəs bu
panikaya düşənlər kimdir? Sovet vaxtında olduğu kimi yeyib-içən, istirahət edən
rusdan fərqli olaraq bizim xalq elə indi də yığıcılığa meyllidir. Evində 10-100
min manat arası sərmayə olan sadə vətəndaşlar xeyli saydadır. Dolların daha da
bahalaşacağından qorxub, tez-tələsik pulları dəyişmək elə də sərfəli deyil.
Saxta dollarlar təmiz manatları yeyə bilər. Tələskənliyə düşüb əyişməklə onsuz
da 33% itirəcəksiz.
Bu dəqiqə ən sərfəli sərmayə daşınmaz əmlakdır.
Satmaq yox, məhz almaq. Mənim kimi pessimist adamın ən optimist proqnozuna görə
10 ildən sonra manat kağızdan ucuz olacaq. Çünki bu ölkəyə corabı da xaricdən
idxal edirlər. Neftdən gələn dollarla sənaye qurmadılar, əksinə olanı da
çıxarıb xaricə daşıdılar.
Xammalı yerli istehsal məhsulu olan
yeganə sahə tikintidir. İpotekaya girin, yaxud bir hissəsini nağd verin, özünüzə
mənzil alın. Bu halda pullar həm inflyasiya qorxusundan qurtulacaq, həm yerli əmtəənin
dövriyyəsi artacaq. Yaddan çıxarmayın! Pul ki, əmtəə qarşılığını tapmadı, o pul
deyil, evdə yatan konfet kağızıdır.
2. İri nominallı əskinasları əldən
çıxarın.
100, 50 manatlıqları evdə saxlamaq elə də
sərfəli deyil. Böyük pullar böyük balığın qarnında olmalıdır. Yəni dövlətin. Yadıma
Qorbaçovun 1991-ci il 22 yanvar pul islahatı düşdü. Manatın düşməsi rublun
yanında toya getməli idi. O gün SSRİ qan ağlayırdı. Belə ki, iqtisadiyyatı
tamamilə çökmüş (əmtəə qarşılığını tapmayan pul vəziyyəti) SSRİ hakimiyyəti vətəndaşların
evlərdə yığdıqları puldan qurtulmaq qərarına gəldi. 100, 50 nominallı rubllar
sadəcə olaraq ləğv olundu. O pulları xırdalamaq üçün cəmi 3 gün vaxt verildi.
Adambaşına 1000 rubldan artıq olmazdı. O gün 30 il evində pul yığıb saxlamış
neçə-neçə rüşvətxor professorun, partkomun ürəyi dayandı.
“Xırda pul bərəkətli olur” ifadəsi
boşuna yaranmayıb. 100, 50 rubllar konfet kağızına çevriləndə, qırmızı
onluqların üzü 1993-cü ilə kimi güldü. Yerli valyutalar tədavülə girənədək.
Böyük əskinaslarla kommunal haqlarınızı, borcunuzu, krediti ödəyin. Bu pullar
dövlətin əlinə nə qədər tez düşsə o qədər yaxşıdır. Vəziyyət daha aydın olar. Onsuz
da böhran vaxtın camaat qənaət edir. Xırda pulların dövriyyəsi artır. Pulları
xırdalayın.
3. Xarici brendlərin ŞOK endirimlərindən
uzaq olun!
Bu söz xüsusilə gənc qadınlara aiddir. Brend mağazaların sahibləri manatın başına nə gələcəyini
sizlərdən bir neçə ay əvvəl başa düşmüşdü. Çünki onlar dollarla işləyir. Ucuz əski
parçalarını xaricdən uyğun qiymətə alıb burdakılara 2-3 dəfə artıq məbləğə sırıyırlar.
Dollar hər kəsdən çox onlara lazımdır. Son üç ay ərzində şəhər mərkəzində “70%
endirim” kimi fantastik elanlar boş yerə peyda olmadı. Endirimlər reallıqla nə
qədər uyğundur bilmirəm, amma bu faiz endirimi belə mayanı artıqlaması ilə
çıxarmağa bəs edir.
Əlinizdə olan pula brend malları almağa tələsməyin.
Ən yaxşısı imtina edin. Tolkuçkaların yolu yenidən göründü. Bahalı
mağazalardakı o malları almasaz, yoxa çıxan deyillər. Axırda məcbur olub su
qiymətinə satacaqlar.
4. Hamı yerli mal alsın, xeyir vətənə
qalsın!
Manata dəstək vermək missiyasında bu
şüar qədər bəlkə də daha aktualı yoxdur. Milli pul vahidi o zaman stabil olur
ki, yerli əmtəədə öz qarşılığını tapır. Daha manatı qorumaq üçün milyardlarla
dollar xərcləməyə ehtiyac qalmır. Deyə bilərsiniz ki, piştaxtada nə görsən
hamısı xaricdən gətirilmədir. Elədir. Azərbaycan hakimiyyətinin bədbəxtliyi də ölkəni
xarici istehsaldan tam asılı vəziyyətə salmasıdır.
Bacardıqca manatın evdə yatmasına yox,
daxili bazarda dövr etməsinə çalışmaq lazımdır. Xaricdən ucuz ət ixrac edən ət
mafiyasını xeyrinə “şişirdilmiş toyuq” videosu yaymaq yox, yerli toyuq almaq.
Alman xaması əvəzinə yerli xamaya dəstək! Qatığa, göyərtiyə dəstək! Banan, kivi
əvəzinə Quba almasına, Göyçay narına, Lənkəran mandarininə dəstək! İki seçim
arasında qalmısızsa, yerli mal alın. Çünki xarici malı ölkəyə manatla yox,
dollarla gətirirlər.
Xarici mal almaq niyə təhlükəlidir?
Bu müddətdə edə biləcəyiniz ən yaxşı iş
ayfonlardan, aypadlardan, ehtiyac olmadığı halda notbuklardan imtina etməyinizdir.
Bütün bu mallar xaricdən dollarla gətirilir. Hər dəfə tamahınızı işə salmaqla
ölkəni xarici valyutadan daha da asılı hala salırsız.
Manatın inflyasiyası sadə mexanizmlə baş
verir. Xaricdən mal gətirməyə gedən adam valyuta dəyişmə məntəqəsinə gedib
manatı dollara dəyişir. Sonra o dolları götürüb xaricə gedir. Malı alıb qayıdır.
Nəqliyyat, vergi xərclərindən əlavə o, manatın alış-satış kursundan itirdiyi
cüzi məbləği də yerli bazarda satacağı malın üzərinə əlavə edir. Beləliklə
yerli pul xarici valyuta qarşısında dəyər itirir. Hal-hazırda cüzi məbləğ olub
panik məbləğ.
Əslində bu proses daimi olub. İlham
Əliyevin hakimiyyəti dövründə dolların həmişə eyni kursda qalması, lakin qiymətlərin
bir neçə ildən bir artması yuxarıdakı mexanizmin nəticəsidir. Bilmirəm
iqtisadçıların elmi tərifinə nə qədər uyğun gələcək, amma görünməyən inflyasiya
elə bu idi. Bu gün isə hamı onu dolların kursunda gördü. Nə üçün belə oldu?
Dollar bolluğunda qiymətləri qaldırmaq sərfəli
idi. Hakimiyyət qazandığını dollara çevirib ölkədən çıxara bilirdi. İndi çevirməyə
dollar da yoxdur. Qiyməti qaldırmaq onsuz da minimum həddində yaşayan əhalini
acından öldürmək demək olardı. Xaricdən gələn maliyyə akulalarının məsləhəti ilə ən doğru
yolu evlərdə, banklarda yığılmış vəsaitləri “vurmaq”da gördülər.
Saman çöpü qədər olsa da, bu da məndən manata dəstək.
Bir də yazını paylaşmağı unutmayın. Bəlkə bu məsləhətlərin həqiqətən kiməsə köməyi
oldu.

Комментариев нет:
Отправить комментарий