![]() | |
| 1 May - Türkiyə |
Bugün 1 maydır. Sovet tərzi ilə
desək “Dünya zəhməkeşlərinin günü”. Həqiqətdə fəhlənin günüdür. Qara fəhlənin. Hansı
ölkə olur-olsun onun rəngi qaradır. Azərbaycanda isə fəhlə tamamən rəngsizdir.
Bir ruh kimi. Sanki yoxdur. Onu birləşdirən, müdafiə edən heç nə yoxdur.
1 may fəhlənin qazandığı
gündür. Yaranışı Sovet sisteminə yox, uzaq kapitalist ölkəsi ABŞ-a bağlıdır. SSRİ
isə onu adiləşdirdi. Fəhlənin mübarizə günündən adi gəzinti gününə çevirdi. Xalq arasında elə
belə də adlanırdı. “Gəzinti günü” Şəhər insanları icbari bəzən məcburi
plakatlarla yürüş keçirərkən, kənd camaatı dağa-daşa kabab yeməyə çıxardı.
1 may uşaqlıq yaddaşımda rəngli
paradlarla qalıb. Bu gün uşaqları ən çox sevindirən pulsuz verilən rəngli
şarlar olardı. Şüarlar isə onların vecinə deyildi. 1 maya o dövlətlərə ehtiyac
duyulur ki, o dövlətin rəsmi adının sonunda sosialist sözü yoxdur. Belə ölkələrdə
fəhlənin(işçinin) hər şeydən çox müdafiəyə ehtiyacı var.
Müstəqillik gəldi. Bir çox
bayramlar kimi 1 may da ləğv edildi. Ləğv edilməsi üçün elə bir səbəb yox idi. Sadəcə
siyasi ritorikada “pənah məntiqi” cövlan edirdi. AXC hərəkatının şanlı tarixində
bir qara ləkə varsa, o da fəhlənin haqqı olan günü ayaqlar altına atmasıdır.
Bugün tez-tez “hanı o Azadlıq meydanındakı yüzminlər?” – deyə soruşurlar.
Olmayacaq, bir daha gəlməyəcək o yüzminlər. Çünki yüzminləri, milyonları cəm edən
kollektivizm, fəhlə təşkilatçılığı idi.
AXC fəhlənin gücünü dərk etmədi.
Heydərizm isə onu bugün də özünə təhlükə sayır. Bu səbəbdən müxalifət
partiyalarının zavodlarda bircə dayaq dəstəsi belə yoxdur. Real qüvvə, hakimiyyəti
dəyişə bilən güc ayaqaltı sayıldı, bir heç olan anarlar, sabirlər baş tacı
edildi. İdeoloji qanad sayılan bozqurdlar çaqqal tək ulayıb-ulayıb getdilər.
İndi də bizə tərəf hürürlər. Bu gün də bu zehniyyət dəyişməyib.
Fəhlə yoxdur, taksi sürücüləri,
alverçilər var. Amma onlar bir sinif ola bilməyib. Kənardan buna cəhd də göstəyilməyib.
Günün mübarək qara fəhlə. Sənə o günü qazanmağı arzulayıram.

Комментариев нет:
Отправить комментарий