Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 8 июня 2011 г.

Absurdkultur

Allah “Azərbaycan Şərqin qapısıdır” cümləsini fikirləşən adama qəni-qəni rəhmət eləsin. Bilərək ya bilməyərək dahilik edibmiş. Doğrudan da bu qapıdan keçən şəxs Alisanın “Möcüzələr diyarı”na düşdüyü kimi qəribə aləmə düşür. Alisa hər şeyi baş-ayaq gördüyü ölkədə tez-tez bir sözü işlədirdi. Absurd. Azərbaycanla qapısı açılan absurdlar silsiləsi uzaq Sakit okean sahillərinədək davam edir.

Təsadüfdən ya zərurətdən Türkiyə hüquqi dövlətçiliyi, seçici səsinə hörməti ilə bu “qapı”nın çölündə qalır. Hər gün siyasətdə, məhkəmələrdə qəbul edilən məntiqsiz qərarlar bir yana, absurdlar mədəniyyətdən də yan keçmir. Beləliklə cəmiyyət kompleks şəkildə öz absurdkulturunu formalaşdırır.
Bir neçə gün öncə yazıçı Pərviz Cəbrayılın “Yad dildə” romanı Milli Kitab Mükafatının qalibi oldu. Buna dözməyən AYB katibi Rəşad Məcid münsiflər heyətindən istefa verib. Qərarını belə əsaslandırıb: ”Sovet dövründə kolxozdan yazan zəif əsərlərə mükafat verirdilər, indi isə hökümətin əleyhinə yazılan primitiv əsəri mükafatlandırırlar. Bu nəticəyə etiraz olaraq Çingiz Abdullayev, mən daha sonra isə Rəbiyyət xanım münsiflər heyətinin sıralarını tərk etdik.”
Bunların fikrincə nəinki neft, hüquq, mülkiyyət hakimiyyətin monopoliyasında olmalı, hətta azad ədəbi fikir də “obyekt sahibi”nin zövqünü oxşamalıdır. 9 əsr əvvəl sarayında onlarla şair saxlayan sultanlar belə xalqdan olan şairlərin ayağına gedirdilər. XXI əsrdə isə müxalif ədəbiyyata dözməyənlər münsiflər heyətində qalmağı belə mümkünsüz sayır. Absurd deyilmi? Pərvizi qəliz və çətin oxunan roman yazmaqda qınayan Rəşad Məcid indi onun əsərini primitiv adlandırır. Məntiq özü-özünü inkar edir. Bu da növbəti absurd. Amma Rəşad Məcidlə bir şeydə razıyam. Əvvəl və indi məsələsində. Bu vaxtacan kolxoz həyatından yazanlar mükafata layiq görülürdü, indi isə insan həyatından yazanlar.
Bakıda “Dalğa Arena” stadionunun açılışında iştirak edən UEFA prezidenti Mişel Platini Azərbaycan reallığına uyğun fikir söyləyib: “İndi Azərbaycanda əsas məsələ yaxşı futbolçular tapmaqdır” Platininin futbolçu olduğunu bilməsəydim ona Molla Nəsrəddinimiz deyərdim. Yaxşı futbolçular tapmaq üçün futbol oynayan adamlar tapmaq lazımdır. Adamı isə pulla almaq olmur. Beton divarlar üstümüzə basdıqca futbol oynayan uşaqlar da yoxa çıxdı. Pulla xaricdən alıb gətirilənlər isə bir müddət sonra Alisanın taleyini yaşayır. Bu da milli futbolumuzun absurdkulturu.
Şərqin absurdkulturu təkcə seyr edilməklə qalmır, o həm də yoluxucudur. Bu yaxınlarda Ben Ladenin məhvi ilə bağlı bir xəbər oxudum. Amerikan hərbçiləri Ben Ladenin cənnətə düşməməsi üçün onu donuz piyi ilə yağlanmış güllələrlə öldürüblər. Amerikan praqmatizmini dünyaya satan xalqın bu məntiqinə xeyli güldüm, sonra düşündüm. 10 il Əfqanıstanda, 7 il İraqda keçirilən vaxt təsirsiz ötüşməyib. Absurdluq virusu beyinlərinin dərinliyinə işləyib.
Absurdkulturda çox yaşadıqca insan Alisa kimi ayılmaq istəyir. Təəssüf ki, biz yuxu rejimində deyilik ki, oyanaraq qurtulaq. Amma dərdin çarəsi də var: Düşünmək və ortaya vətəndaş mövqeyi qoymaq.

Комментариев нет:

Отправить комментарий