Bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti Myanma (Birma) ilə diplomatik münasibətlərin bərpasına qərar verdi. Yeni təyinən olunan səfir ABŞ-ın 1990-cı ildən bu tərəfə Myanmada ilk fövqalədə və səlahiyyətli səfiri olacaq. Myanma höküməti isə əks addım olaraq demokratikləşmə cəhdləri edib. Beləki, son ayda 230 siyasi məhbus azad olunub. Bu siyahıya müxalifət liderləri və “88 nəsli” kimi tanına dissidentlər daxildir. Bundan başqa minlərlə məhbus azad edilib.
Myanma 25 ilə yaxın hərbi xunta tərəfindən idarə olunan, dünyanın ən kasıb ölkələrindən biridir. Cənubi-Şərqi Asiyada yerləşən bu ölkədə hərbçilər cəmi iki il əvvəl siyasi hakimiyyətdən çəkilməyə razılıq veriblər. Ölkədə hələ də onların təsiri qalmaqda davam edir. Sual yarana bilər ki, nə üçün 22 il dünyanın diqqətindən kənar qalan ölkəyə indi bu cür diqqət yaranıb?
Vəziyyətə qeyri-siyasi bir məlumat aydınlıq gətirir. Amerikan kosmik aparatı “Landset-7” ölkənin şərqində nəhəng qızıl yataqları aşkar edib. Qızıl ehtiyatı min tonlarla ölçülür. Mədənlərin istismarı isə yüz illərlə davam edə bilər.
XX əsr dolların diktəsi ilə keçsə də artıq yeni faktor – qızıl faktoru ön plana çıxır. Bugünədək aparılan enerji müharibələri yerini metal uğrunda mübarizəyə verir. Son 10 ildə, xüsusilə 2008-ci ildəki böhrandan sonra stabil artım tempi göstərən yeganə qiymətli əmtəə qızıl olmuşdur. Qızılın 1 unsiyası 1660 dollardan yuxarı qalxıb.
Son on iləcən dünya sənayesinin iqtisadi gücü ABŞ, Almaniya, Yaponiya üçlüyündə cəmlənmişdi. Dünya üzrə istehsal olunan əmtəənin böyük hissəsini bu ölkələr verdiyindən milli valyutaları da öz dəyərini saxlayırdı. Valyuta o zaman dəyər qazanır ki, istehsal olunan əmtəə onun qarşılığını versin. İstehsalı aşağı düşən, yaxud sənaye göstəriciləri zəif olan ölkələrin valyutalarını dəyərdə tutmaq və inflyasiyanın qarşısını almaq şansları minimaldır.
Nümunə kimi Avropanın “kasıb ölkələri” sayılan Yunanıstan və Portuqaliyanın maliyyə vəziyyətini göstərmək olar. 2008-ci il böhranından hələ də çıxa bilməyən Yunanıstan öz ardınca Almaniya və Fransanın iqtisadiyyatını çökdürməkdədir. Böhranacan əsas valyuta gəlirləri xidmət sektoruna əsalanan bu ölkələr böhrandan sonra pulsuz qaldılar. Çünki dünyada istehlaka azalan tələb ilk olaraq xidmət və maliyyə sektorunu vurdu. Sənayeyə malik olmamaları büdcə kəsirlərini bərpa etməyə imkan vermədi.
Ənənəvi güc mərkəzləri eyni qalsa da, dünyanın sənaye oxları öz yerini dəyişib. Çin və Hindistan yeni sənaye nəhəngləridir. Dünya əmtəə payının kifayət qədər hissəsi bu ölkələrin payına düşür. Ən əsası sürətlə artan iqtisadiyyatları daim artım templəri göstərir. Satdıqları məhsulun əsas istehlakçıları ABŞ və Avropa Birliyi olduğundan Çinin əsas maliyyə ehtiyatları dollar və avrodan ibarətdir. Lakin dünya birjalarında dollar və avronun dəyəri stabil olmadığından toplanan ehtiyatları ciddi risk faktoru yaradır. Daşınmaz əmlakın qiyməti isə alıcı tələbatına görə dəyişdiyindən etibarlı kapital sayılmır. Bütün bu risklərin qarşısının alınmasında ən etibarlı vasitə kimi yenə də qızıl ön plana çıxır. Valyuta ehtiyatlarını qızıl ehtiyatları ilə kompensasiya edən dövlət maliyyə böhranına qarşı dayanıqlı sayılır.
Planı öz axarında getsə də bir şey nəzərdən qaçırıldı. Bu müddət ərzində Avropa və ABŞ ağır sənayesini Çinə köçürtdü. Birja aksiyaları üzərində böyük pullar qazanan Qərb isə istehsala maraq göstərmədi. Beləliklə Çin ucuz mal istehlakçısı olaraq qalmağa davam etdi. Böhrandan sonrakı il Avropa ölkələri ressesiya yaşayarkən, Çin iqtisadiyyatı böhrandan 6.4 %lik böyümə ilə çıxdı.
Şişmiş “sabun köpüyü” 2008-də partladı. Süni şəkildə şişirdilmiş əmlak və qiymətli kağız bazarları öz real alıcısını tapmadı. Əhali isə əlində olan pulu “qara günlər” üçün qənaət edir.
Artıq “enerji müharibələri”ni yekunlaşmış saymaq olar. Bir neçə gün əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin “The Daily Squib” nəşrinə verdiyi müsahibə məsələyə aydınlıq gətirir: “ABŞ Çin və Rusiyanın dünyada baş verən proseslərə təsir imkanlarını minimuma endirəcək. İran isə Çin və Rusiya üçün hazırlanmış tabutun son mismarı olacaq.” İran nəzarətə alındıqdan sonra dünya neft ehtiyatlarının vahid mərkəzdən idarəsi gerçəkləşəcək. Ən azı indiki zamanda ABŞ əsas neft ixracatçısı olan Ərəb ölkələrinə öz enerji şərtlərini diktə edə bilir. Ancaq Çinin gələcək xarici siyasəti üçün “enerji müharibələri” prioritet ola bilər. Böyüyən iqtisadiyyatı üçün ucuz neft axtarışına çıxan Çin bu zaman Amerikanın hərbi potensialı ilə hesablaşmalı olacaq.
Qarşıdakı 5 ildə Avropanın sənaye gücü kimi önə çıxması real deyil. AB-in sənaye nəhəngləri maliyyə ehtiyatlarını Almaniya, Fransa Yunanıstanı böhrandan çıxarmaq üçün xərcləyirlər. Əhalinin qənaət etməsi isə bu ölkələrin sənaye məhsullarına olan tələbatı aşağı səviyyədə saxlayır. Avro dünya liderliyi uğrunda yox, ancaq öz varlığını qorumaq üçün mübarizə aparacaq.
Növbəti dünya siyasəti qazanılmış sərvətlərin əldə tutulması və dünya hegemoniyasının stabil şəkildə saxlanılmasına istiqamətlənəcək. Qızıl isə mövcud sərvətlərin ən etibarlı sığortası kimi öz sözünü deyəcək. Bugün ABŞ dünyanın Myanma(Birma) kimi gözdən itmiş ölkəsi ilə anidən diplomatik əlaqələr yaradırsa və bunun ardınca demokratiyanın imitasiyası gerçəkləşirsə düşünməyə dəyər.

Комментариев нет:
Отправить комментарий