İnternetdə xəbər yayıldı ki, Bakcell YAP-a üzvlərinə korporativ danışıq paketi təklif edib. Bu xəbər xeyli çaxnaşma yaratdı. Doğrusu, təşkilatın adı yap deyil, başqa bir şey olsaydı, xəbər heç kəsin kefinə dəyməzdi. Standart reklam paketi kimi qəbul olunardı. Mənim münasibətim necədir? Gözəl təklifdir. Elə fürsət oldu ki, sözlə dosta, partiyadaşa sözdə dediyimi burda yazım.
Hər zaman deyirəm. Şəbəkələşmək lazımdır. Təkcə internetdə yox, həm də iqtisadi tellərlə şəbəkələşmək. Kapitalistin ancaq maddi marağı var. Siyasətçinin, aktivisitin idealist arzuları. Siyasətdə bu ikisi birləşmədisə, heç vaxt praqmatik siyasətdən və real nəticədən danışmağa dəyməz. Problem təkcə rejim basqısı deyil axı. İş problemi var, jurnalistin buraxdığı qəzetin az tirajla satılması problemi var. Bir gündə hərəkat üzvü olan, partiya vəsiqəsi alan adamların illər boyu bir-birini itirməsi reallığı var. Nədən belə olsun? Niyə bu qədər çətinliklə qazandığımız adamları bu qədər asan itirək?


