Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 27 февраля 2012 г.

Kimdir Vətəndaş? Kimdir Koroğlu?

Koroğlunun heykəlinin açılışında İlham Əliyevin etdiyi çıxışdan yəqin ki, xəbərdarsınız. Sıradan çıxışlar seriyasından olan bu nitq “Koroğlu gözəl vətəndaş olub” cümləsilə gündəmin mövzusuna çevrildi. Hadisənin ironiyası heç də Koroğlu dövründə “vətəndaş” anlayışının olub-olmamasında deyil. Məsələ “vətəndaş” adına kimin nümunə göstərilməsində idi…


Bir çox dostlarım Koroğlunu xalq qəhrəmanı kimi müdafiə etsə də, o, Azərbaycandakı avtoritar rejimin ən ideal, mifik simvoludur. Həm qəhrəman, həm quldur! Həm qoçubaşı, həm də xalq ayağına gedən “El oğlu”! Kimdə taparsız ikinci belə qabiliyyət?

Kimdir Vətəndaş? Vətəndaş o şəxsdir ki, vergisini zamanında ödəyir, ordusunda xidmət edir, qanunu canından da, dövlət başçısından da müqəddəs sayır. Vətəndaş odur ki, kimliyindən asılı olmayaraq, istənilən şəxs qanundan sui-istifadə edəndə o, öz mövqeyini ortaya qoyur, gərəkirsə, o hüquq uğrunda döyüşür.

Kimdir Koroğlu? Türk dövlətinin idarə aparatını sabotaj edən, 7777 dəlisi (qoçusu) ilə tacirləri qarət edən, Türk ordusuna qarşı PKK sayağı dağda partizan hərəkatı aparan quldur-qəhrəman…

Azərbaycanlıların beynində ilişib qalan ən sadəlövh fikir Koroğlunun “kasıbları doydurmaq üçün varlıları, tacirləri, qarət edib camaata da pay verməsi” stereotipidir.

Vətəndaş işləyir, gəlir əldə edir, o gəlirdən vergi verir. Bəs Koroğlu nə edir? Dövlət xəzinəsini, dövrünün sahibkarlarını qarət edir. Özü və 7777 qoçusu doyduqdan sonra qalanını kəndliyə paylayır…

Deyək ki, xanlar əclaf idi, bəs Koroğlu və dəlilərinin yediyi kimin əməyi idi? “Rəhm”inin köləsi etdiyi o məzlum kəndlinin!

Bu gün Koroğlunun “xalq himayəçisi” obrazı bilirsinizmi nəyə oxşayır? Mehriban Əliyevanın “Heydər Əliyev Fondu”ndan xeyriyyəçilik adına xərclədiyi pullar hesabına qayğışkeş birinci ledi imicinə iddia etməsinə. Heç kəsə sirr deyil ki, o fondun büdcəsi verilən “haqq” hesabına formalaşır.
Belə olan halda, mif arxasınca niyə qaçırsınız?

Qayıdaq Ilham Əliyevin Koroğlunu “yaxşı vətəndaş” saymasına. Əvvəla, Azərbaycan tarixində bu qədər dövlət başçısı olduğu halda, mifə nə ehtiyac vardı? Şirvanşah I İbrahim, Fətəli Xan, M.Ə.Rəsulzadə heçmi uyğun gəlmir bu kateqoriyaya?! Məsələ nümunədə deyil, miflərdədir. Həqiqəti ancaq miflərlə yox etmək olar. Necə ki, 90-cı illərin əvvəllərində Heydər Əliyev miflərilə demokratiyanı məhv etdilər.

Doğrusu, o miflərə çox vətəndaşı inandıra bilmişdilər. Vətəndaşlıqlarını unutsunlar, xoşbəxt gələcəyi “Koroğlu”nun atdığı tikələrdən umsunlar deyə…

Yeri gəlmişkən, “Koroğlunun Çənlibelə qayıdışı” pyesi də Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması şərəfinə səhnələşdirilmişdi.

Illərimizi miflərlə aldılar. Mif canını tapşırdıqdan sonra isə heykəllərdə ona can verməyə başladılar. Artıq o heykəllər də mifləri qoruya bilmir.

YAP-çıların “dövlətçiliyə xidmət edin” qınağını az eşitməmisiz. Nədir bu dövlətçilik? Siyavuş Novruzov, Mübariz Qurbanlının təsəvvüründə “YAP biletli susmuş qul olmaq”. Bir dəfə kimsə eşidibmi ki, dövlətçiliyə xidmət edən vətəndaşa “korrupsiyaya, polis özbaşınalığına, zəlil gündə yaşamağa qarşı çıx” məsləhəti verilsin? Əsla eşitməzsiniz. Çünki bunların istədikləri budur: miflərin qulu olun. Sizi pis paşaların (nazirlər) əli ilə soyub boşqab qırağından qalanlarla yemləyən "Koroğlu"ya minnətdar olun. “El oğlu” deyib mahnılar qoşun, şadlanın, prezidentin canına dua edib tonqal üstündən hoppanın. Amma əsla mifləri unutmayın, birdən reallığın mif olmadığını dərk edərsiz.

Məktəb illərindən Koroğlu ilə bağlı xatirəm qalıb. Bir gün ədəbiyyat müəllimi Koroğlu haqqında danışarkən sinif yoldaşım etiraz etdi: “Axı sən bizə kimi təbliğ edirsən? İndiki PKK-çılar kimi Türk dövlətini dağıdan, mehmetciyini öldürən birisini?”

Bu cümlə kifayət etdi ki, müəllimlə şagird əlbəyaxa olsun. Direktor müavini işə qarışandan sonra ara sakitləşdi. Bir neçə il sonra gözləmədiyim halda, o gənci AXCP üzvü kimi gördüm. 2005-ci ilin 26 noyabrında meydanda döyüşənlər arasında o da vardı. Beynində mifi məhv edib, reallıqla mübarizəyə qalxmışdı.

Son illər onu görməsəm də bir şeyə əminəm: Yaxşı vətəndaş o gəncdir, Koroğlu yox!

Комментариев нет:

Отправить комментарий