Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 6 июня 2012 г.

Siyasi Y(L)oxluq


Hillari Klinton bu həftə Qafqaza səfər etdi. Ermənistana, Gürcüstana getdi. Gürcüstanda müxalifətlə də görüşdü. Ya bizdə? İki il əvvəl də burda idi. İki il sonrakı səfəri ilə indikinin arasında zərrə qədər fərq yoxdur. Daha bərbad desək yanılmarıq. Keçən səfər heç olmasa bir dəstə gənci adam yerinə qoymuşdu.

 Klinton xalanın müxalifətlə görüşüb görüşməməsi elə də prinsipal məsələ deyil. Ancaq Şərqdə adət belədir ki, evə qonaq gələndə onun sahibi ilə bir masaya oturarlar. ABŞ üçün “Azərbaycan adlanan ev”in sahibi hələ ki, İlham Əliyevdir. Amerikanın çörəyin də o verir, Əfqanıstan yolunda suyu da o tökür.

Deyək ki, bu iki ildə ABŞ bizə qarşı münasibətin dəyişməyib. Köhnə dəyirmana gələn kimi dəninin üyüdüb çıxıb gedib. Ya bizlər? Bizlər deyəndə demokratik qüvvələr, aktivistlər və nəhayət siyasi müxalifət. Bizlər Amerikaya qarşı nəyisə dəyişmişikmi?

Yazıqlar olsun ki, heç nə. Demişəm yenə də deyirəm hakimiyyətə ünvanladığımız tənqidlərin əllidə birini ABŞ-ın Azərbaycan siyasətinə ünavanlasaydıq, demokratiya adına çox şey qazanmış olardıq. Amma hələ də “işin olmasın”, “A bəy, lazım deyil, onlar əlindən gələni edir” kimi sarsaq fikirləri eşitməkdə davam edirik.

İctimai rəy deyilən bir şey vardır. Bizim hakimiyyətə bu girmir. Çünki, donqilinin başı ancaq qapaz dəyəndə reaksiya verir. Qərbdə isə kiçik tənqidi məqaləyə də önəm verirlər və hesablarını buna görə alırlar.

Yada düşmüşkən, keçən il 27 martda “Amerikan kahpe-breaki” adlı bir bloq yazısı yazmışdım. 2 aprelə 5 gün qalmışdı. Facebookda gələn bir dəvətdə 2 aprel tarixində müxalifətin mitinqi ilə eyni vaxtda ABŞ səfirliyi gənclər üçün party təşkil edirdi. Bir sözlə biz demokratiya uğrunda can qoyuruq, onlar təkərimizə “demokratiya çomağı soxurlar”. Bloq yazısı yayıldı və müzakirə mətbuata çıxdı. 3 gün sonra eşitdim ki, ABŞ səfirliyi tədbirin vaxtını təxirə salıb. Birdən “A, bəy!” deyə gələn telefon zənglərini dinləyib yazmasaydım, üzr istəsəydim onda necə? Yaxşı ki, etməmişəm.

Qayıdaq Klintonun səfərinə. Adam bura gəlib haranı gəzdi? “Xəzər neft,qaz, neftayırma, neft kimyası sərgisini”. Yenə neft, yenə köhnə hamam, yenə köhnə tas. Ay brat, ay brat!

Məgər nəticə çıxarmaq üçün bu azdır? Ümumiyyətlə, “filankəsdən yazma” “aradakı balansı saxlayaq”, “həmrəylik göstərək” düşüncəsi ictimai sektor daxil olmaqla bütün demokratik düşərgənin əqli probleminə çevrilib. Bu sözləri işlədə-işlədə neçəsinin “satılması”na tamaşa etmişik. Neçəsinin arxasına təpik vurulması lazım ikən, üzümüzə tüpürməsinə səbr etmişik. Sayıb da bitirsək. Məndən demək, gedənlərin hesabını funksionerlər və sədrlər aparsın.

Klinton Bakını tərk etməmiş ibrətamiz fikir də dedi: “Azərbaycanda vəziyyət yarıyadək doldurulmuş stəkana bənzəyir. Bir tərəf üçün bu yarıyadək boş stəkandırsa, digər tərəf üçün yarıyadək dolu stəkandır”. Şübhəsiz anlayanlar üçün burda bir hikmət vardır.

Anlamayanlar üçün anladıram. Bu ölkədə “dolu” görəcəyimiz tərəf sizdən asılıdır. Kim stəkanı dolduracaqsa, onunla da bir masaya oturacağıq. Çörəyi onunla kəsəcəyik. Stəkanın qalan tərəfi isə bizim üçün bir “boşluq”, yoxluq olaraq qalacaqdır.

Cənab demokratlar, siz o stəkandakı suyu klintonkimilərin üzünə çırpmadıqca, onlar o boşluğu doldurmaq bir yana, heç o stəkana tüpürməyəcklər də.

Комментариев нет:

Отправить комментарий