Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 28 июля 2012 г.

Olimpiada insan deməkdir

Dünən London Olimpiadasının açılışını izlədim. Pekin Olimpiadasının açılış mərasimi ilə London arasında böyük fərq vardı. Fərq təkcə senaridə, dekorasiyada deyildi. İnsan təfəkküründə, dövlətin insanı necə görməsində idi.


Pekin Olimpiadası açılış mərasimini bir sözlə anlatmaq olardı. Möhtəşəm! Amma bu "Möhtəşəm"in içində insan yox idi. İnsan bir fərd kimi məhv edilmişdi, kütləyə çevrilmişdi. Bütün səhnələr ya feodal Çinin qüdrətini, ya da XX əsrin totalitar idman oyunlarını canlandırırdı. Çində insanlar domino daşları idi, Londonda hər biri bir şəxsiyyət.


Londonda arenasında insan gördüm. İngiltərə hökümətinin insana, onun şəxsiyyətinə necə önəm verdiyini. Könüllü aktyorlar maşın detalı deyildi, hər bir sima seçilirdi. Bütün mərasimdə cəmi bir dəfə texnika insandan üstün oldu. O da sənaye inqilabını göstərən səhnədə zavod borularının yuxarı qalxması zamanı. Qalan bütün səhnələrdə adi adamlar idi. Ən əsası uşaqlar. Diktatorlara imic üçün medal gətirəcək "kaçok"lar yox, uşaqlardır ingilis cəmiyyətinin fəxri. Çində geniş planda göstərilən tək qız uşağının da oxuduğu mahnı öz səsi deyildi. Səs arxa plandan verilirdi.


Kimsə deyə bilər ki, axı nə dəxli vardı xəstəxananı göstərməyin. Hansısa oğlanın qara qıza mesaj atmasını? Mesaj aydındır: Qərb cəmiyyətinin sərvəti insandır. Ancaq insan.

Xidmət səviyyəsi yüksək və pulsuz olan səhiyyədə sağlam vətəndaş yetişəcək. Sağlam vətəndaş rekordlar qıran idmançıya çevriləcək. Xəstəliyə görə müavinətlə yox, zəhmətilə dolanacaq.


Biz isə hələ də mağara şüurundayıq. İnsanımızla yox, çürümüş adət-ənənəmizlə, özümüzə zorla sırıdğımız muğamımızla fəxr edirik. AZTV muğama dövlət qayğısından danışdı, amma İlham Əliyev ilk qızının toyunda tvist oynadı.

Azərbaycan hökümətinin təşkil etdiyi təntənəli açılış mərasimində hər şey görə bilərsiz. Milli geyimli qızlar, zurna-balaban, tar-kamança, çoban, pəhləvan. Ancaq aramızda yaşayan sadə azərbaycanlını, o mesaj atan qız və oğlanı görmək mümkün deyil. Çünki bu toplumda insan dəyəri olmayan əmtəədir.


Londonda açılış mərasiminin tək qüsuru vardı. Zənci aktyorların tez-tez geniş panoramada göstərilməsi. Ola bilsin bu politkorrektlik naminə edilir. Ancaq politkorrektlik də artıq olanda mənzərəni saxta edir. Avropada pis şey axtarmayın. "Avropanın pisin saxlayıb, yaxşısın götürək" deyənlər ancaq mağara şüurundan çıxa bilməyənlərdir. Bir cəmiyyətdə insana dəyər verilirsə, eyibi cəmiyyətdə, demokratiyada deyil, fərddə axtarın. Fərdlər isə özünə cavabdehdir.

Bu vaxtacan hər hansı Avropa ölkəsində, İngiltərədə olmamışam. Amma bir gün gedərsəm, qayıdanda "Orada nə gördün?" sulına veriləcək cavabım hazırdır: İnsan gördüm!



3 комментария: