Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 31 июля 2012 г.

Ay da, Eynulla, ay da...

Son günlər Eynulla Fətullayev və anti-eynullaçılar arasında gedən münaqişəni ironiya hissi ilə izləyirəm. Təkcə Eynulla ifşa olunmur, ittiham edənlərin də maskası düşür. Bir zamanlar onu  müdafiə edənlərin onun haqqında yazdığı yazıları oxuyanda üzümdə istezalı gülüş yarandı. Uşaqlıqda çox baxdığım "Günahsız Abdulla" teletamaşasını xatırladım. Abdulla adlı gənc  şərlənərək 10 il həbsə məhkum olunur. O,  həbsdə olarkən malı, şəxsiyyəti ilə başqaları qidalanır. Həbsdən çıxanda sakit yaşamaq əvəzinə qatil olur, faciəvi insana çevrilir. Tək insanın deyil, cəmiyyətin faciəsi yaşanır.

Əliyevlərlə 20 illik mübarizə tarixində başı daşdan-daşa dəyənləri çox görmüşük. O başlar neçə daşa dəysə də, yenə düzəlməyib. Səhvlər təkrarlanır və təkrarlanmağa davam edəcək. Adama deyərlər müdafiə eləmisənsə, indi niyə xiffətini çəkirsən? Susardın! Böyüklük səndə qalardı. Yox, susmadan mızıldanacaqsızsa, yediyiniz bütün tərs sillələr halalınız olsun! Zatən axmaq qarğaların yemini tülkülər yeyib.

Zamanında Eynullanı müdafiə edib, indi şikayətlənənlər - məgər bilmirdiniz kimi müdafiə edirsiz? Eynulla hər zaman oyunçu olub, oynadığı meydanı da özü seçib. Əgər "siyasi satqın" adında israr edirsizsə, Eynullanın satdığı tək siyasi partiya "Yeni Azərbaycan Partiyası" olub. Siyasi mənsubiyyəti olmayan adamdan siyasi sədaqət tələb edən, inciməyin - axmağın yekəsidir.

Hərdən partiya sədrlərinə ağıl öyrədəcək tərzdə yazılar yazırsız. Bugünədək yazdıqlarınız səhv idisə və buna görə peşman olmusuzsa, camaata niyə ağıl öyrədirsiz? Tək-tük adamları qoyaq kənara. Bu xalq əvvəlcə sizi avtoritet kimi qəbul edib, sonra səhvlərinizin qurbanımı olmalıdır? Kiməsə ağıl öyrətməzdən öncə öz başınıza döyün. 20 ildir bu ölkənin insanı səhvlərinizin cəfasını çəkir.

"Bəs onda niyə müdafiə edirdiz?" sualına qarşı çox zaman bir arqumentlə cavab verirlər - "Bu bizim borcumuz idi". Borcunuz idisə, hesab edin ki, borcunuzu ödəmisiz. İndi nə haqla faiz tələb edirsiz? Yox hələ də Eynullanı tanımırsızsa və onun mövqeyindən mövqeyinə fikrinizi dəyişəcəksizsə daha mənim sözüm yoxdur.

Qayıdaq 19 il əvvələ. Yadınıza gəlir 93-də Heydəri Bakıya necə gətirmişdilər? Xilaskar kimi. İndiki rejim? Yox! İndiki müxalifət. Məgər o zaman bilmirdilər ki, Heydər Əliyev kim olub? Bilirdilər, çox yaxşı bilirdilər. Elçibəyə Əliyevin Bakıya gətirilməsi üçün elçi düşən Pənah Hüseyn bilmirdi ki, Heydər dövründə Azərbaycan kəndlisinin kölədən fərqi olmayıb? Əla bilirdi. İndi oğlundan ultimativ şəkildə "istefa" tələb edənlər, amma öz yerini könüllü şəkildə ona ötürənlər də bilmirdi? Bilirdilər və eləcə də digərləri. O böyüklükdə "Heydər qapazı"ndan sonra ağıllanmayanlar indimi Eynullanı tənqid edib ağıllanacaqlar? Yox, əfəndim.

Bu gün Eynullanı topa tutanlar o həbsdə olanda kürəyindən az yeməyiblər. Jurnalistika, hüquq müdafiəsi sahəsinə gələn yüz minlərlə dollar qrant, xarici mükafatlar, beynəlxalq şöhrət. Bütün bunlar elə-belə gəlməyib. Eynulla brendi belinə basıb yuxarı qalxacaq nərdivan olub. Lap o günahsız Abdulla kimi. Yoxsa verərdilər də o mükafatları ekologiyadan, uşaq ölümündən yazan jurnalistlərə. Qərbdə bu mövzular da ciddi mövzu sayılır.

Beynəlxalq mükafatlar demişkən, nədənsə bu mükafatları alanlar da, xaricə dəvət edilənlər də eyni adamlar olur. Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Zamin Hacı. Və nəyə görə hər cür təzyiqə, həbsə məruz qalan,  şantaj edilən Ramin Deko, Natiq Adilov almır? Hansısa səs gətirən araşdırmanın, vəzifəsini yerinə yetirərkən döyülən jurnalistin mükafat almasını anlayışla qarşılamaq olar. "İtoynadanın" yüksək təltifinin səbəbi nədir?

Səbəb sadədir. Beynəlxalq təşkilatlara kimin adı göndərilirsə, kim piar olunursa o da alır. Nə olsun ki, demokratdırlar. Peşəyə də, mükafata da dar "kruq" çərçivəsindən baxırlar. Videoşantaj qəzəb doğururdusa, niyə bu qəzəb Natiq Adilov şantaj olunanda özünü bu səviyyədə göstərmirdi? Hələ döyülmələr, haqsız yerə cinayət işinin açılması, yaşadığı evdən qovulmağadək olan təzyiqləri demirəm. Yazan idizsə, "it dəftəri"nə onun da adını yazardız.

Günahın bir ucu bunlardadırsa, o biri ucu müxalifət funksionerlərindədir. Hansı xəzinənin üstündə oturduqlarının heç vaxt fərqinə varmayıblar. Gedib onun bunu quyruğundan yapışıblar. Nə hikmətdirsə, belə adamlar hər zaman müxalifət düşərgəsinə şıllaq atıb gedənlər olub. Sonrakı peşmançılıq səhnələrini də az izləməmişik.

Eynullanı nədə ittiham edirlər? Rüstəm İbrahimbəyov haqda yazı yazmaqda. Kinorejissorun vaxtilə Əliyevlərə göstərdiyi xidməti insanlara xatırlatmaqda. Mən daxil onu ittiham edənlərin hamısı zamanında İbrahimbəyov haqqında tənqidi yazılar yazıblar. Yenə də bu fikirdəyəm ki, bir sürü ziyalı, bir prinsipal bloqqer etməz. Bəs Eynulla nədə ittiham olunur? "Mövcud siyasi kursu dəstəkləməməkdə" Yəni sən bunu  indi niyə yazmısan? Bir insan ki, keçmişində şeytanın müqaviləsinə imza atıb, o, heç vaxt keçmişindən qaça bilməz. Keçmişi gələcəyinin təqibçisi olacaqdır. Əsl riyakarlığı o səhvləri süni şəkildə pərdələməyə cəhd edənlər edir. Eynullaya qalsa, Z.Xanlarova da indi polis döyən qadını müdafiə edir, məmurlara ağzından gələni deyir. Mahnısı Suriya inqilabının himninə çevrilib. 21 il əvvəl "Müstəqillik aktı"nın əleyhinə imza atmasını niyə hər dəfə başına qaxırsız? Çünki riyakarsız.

Tanıdıqlarıma demişəm və sizə də deyirəm. Bu ölkədə mətbuatın çökməsində 70% hakimiyyətin günahı varsa, 30% qəzet redaksiyalarının, elə o köşə yazarlarının günahı var. Qəzetin ki, üstündə geopolitik siyasət quruldu, ondan mətbuat edə bilməzsən. Olsa-olsa içinə edərsən. Bax, illərdir oxucunun qəzetlərdən soyuma səbəbi "ondan yazma, bundan yaz" siyasəti olub.

Türkiyə mətbuatına fikir verin. Uzun illər dini mühafizəkarların dayağı olan STV-də Erdoğanın çıxışı ilə bərabər, onu sərt sözlərlə tənqid edən Bahçelinin, Kılıcdaroğlunun çıxışlarını da eşidə bilərsiniz. Bunu jurnalistika etikası, balans xatirinə etmirlər. Medianın boz naturaya çevrilməməsi üçün edirlər. İtirilən vətəndaşı qaytarmaq çox çətindir. Hakimiyyət mediasını qoyaq kənara, müxalifət mediası da bu gün "boz natura"dır.

Qayıdaq "hakimiyyətə işləmək" termininə. İllərdir bu söz qaragüruhun dilindən düşməyib. Siyasətdə olan dostlarıma tez-tez təkararlayıram: "Kiməsə pul ödəmirsənsə, ondan "sənə işləmək" məsuliyyəti gözləmə. Səndən üz çevirib gedəcəksə, adını "agent", "satqın" qoyub gic vəziyyətə qalma". Ortada zəhmətə görə haqq yoxdursa, münasibətlərin tək əsası şəxsi əlaqələrdir. Ancaq ən yaxın adamının da bir gün sənə burcudub gedəcəyinə qarantiya yoxdur. Necə ki, bir zamanlar xədicələr burcudub siyasətdən getdilər. Hələ də burcudurlar. Necə olur, siyasi məhbuslara azad olması üçün əfv təklif edən Eynulla hakimiyyətə işləyir, amma İlham Əliyevə AZTV üslubunda əfv müraciəti yazıb, sonra da çıxıb "2013 prezident seçkilərinə qədər İctimai Palata dağılacaq" deyən Arif Hacılı özümüzə? Həqiqəti ölçəndə, tərəzidə daşı gizlətməyin. Elə bilməyin ki, xalq görmür. Meşşanlar "müxalifətə inam qalmayıb" deyə siyasətdən qaçsalar da, müəllimlər, universitet professorları hər söhbətdə bunu adamın üzünə vururlar. Onlara ki, "A bəy, lazım deyil" deyə bilməyəcəksiniz.

Son 3 ildə neçə gənc istedadlı partiyadaşımın partiyadan soyuduğunu görmüşəm. Nə istedadlarından isitifadə edilib, nə də fikirləri ciddiyə alınıb. Üzvlükdən çıxmayıblar, çünki şıllaq atanlardan deyillər. Tək günahları üstündə siyasi kurs qurulan zay adamlara güzəştə getməmələri olub. Bax belə.

Doğrusu kim kimdən inciyib lampoçkama da deyil. Məni üzən, məsələdən xali olmayan gənc partiyadaşlarımın özlərini bu qovğaya atmasıdır. İki at dalaşanda araya girib eşşək vəziyyətini almaq lazım deyil. Onsuz da maskaları düşür. Adamlar vaxtilə ailəsinə yardım kimi gətirib verdikləri pulu da başa qaxırlar. Baxıb da iyrənməmək mümkün deyil.

Bu qovğada xeyli həqiqət ortaya çıxdı. Məsələn inqilabın gəl-gəl dediyi 2005-də Zerkaloda İlham Əliyevi tərifləyən Xədicə obrazı və həmin ildə müxalifət liderlərini Elmar Hüseynovun qatili kimi göstərən ANS-in abrını ətəyinə bükən Eynulla. Əlbəttə ki, bu fiqurlar zaman zaman yerlərini dəyişiblər, dəyişəcəklər. Şahmatdakı "qalaqurma" fəndi kimi. Axmaq vəziyyətə düşən yalnız və yalnız onlara sadəlöhv ümid bağlayanlar olacaq. Ancaq Eynullaya bu qədər diqqət ayrılırsa, deməli, Eynulla hələ lazımdır. Deməli, Eynullanı əvəz edən hələ tapılmayıb. Yoxsa demokratik düşərgəyə döşəyən o qədər hakimiyyətyönlü yazar var ki. Onları ki, ciddiyə almırsız.

Kimin səhvi, cəmiyyət qarşısında günahı varsa o, heç zaman gizlənə bilməyəcək. İstəyir "hakimiyyətə işləsin", yaxud "müxalifətin yanağından dişləsin". Azad sözün üstündə təzyiq, "lazım deyil" kimi tənələr qurulacaqsa, bilin ki, o başlar hələ çox daşlara dəyəcək.

Ta ki, siz keçmişinizin səhvlərini həzm etməyənə qədər...

Комментариев нет:

Отправить комментарий