Təxminən bir ay əvvəl iki şəxsin həbsinə
şahid olduq. Biri jurnalist Mehman Hüseynov, digəri Müsavat partiyasının üzvü
Sakit Əmirəliyev. Hər ikisi gənc, hər ikisi insan haqları tərəfdarı. Biri
fotoları, digəri cismi ilə mübarizə aparırdı. Hər ikisinin arzusu demokratik Azərbaycandır.
Gənclərin həbsinə, şərlənməsinə öyrəşmişik.
Onlar hal-hazırda bir nömrəli təhlükədir. Ancaq iki həbs və sonra baş verənlər
arasındakı fərq dəhşətli mənzərə yaradırdı. Fədakarlıq və biganəlik bu qədər yaxın,
bu qədər fərqli olarmış. Bir gənci bütün demokratik düşərgə müdafiə edərkən,
digərinin həbsinə ancaq tək-tük partiya yoldaşları reaksiya verirdi. Birinin
mümkün həbsindən dünya mediası yazırdı, digərinin başına gələnlərlə maraqlanan
yox idi.
Sanki üstümüzdə eksperiment aparılırdı. Fədakarlığımız,
kimi necə müdafiə edəcəyimiz tərəzi gözünə qoyub ölçülürdü. Kənardan baxıb
acıyaraq gülürdülər. Bir çoxumuz fərqində deyildik. Ya sabah fərqi öz üzərimizdə
hiss etsək?
Biri xuliqanlıqda ittiham olunurdu, digəri
narkotik saxlamaqda. Kimin nə cür şərlənməsinin fərqi yoxdur. Maddənin nə
olması vəziyyəti dəyişməz. Demokratiyaya çağırış edən istənilən gənc ya
narkomandır ya xuliqan.
Mehman Hüseynovun müdafiəsi nəinki
internetdə, siyasi arenada, oradan sıçrayaq dünya mediasında aparılırdı. Sakit
isə unudulmuşdu. Mehman müdafiəsi üçün yazılmış istənilən yazını hərfinəcən
haqq edib. Çünki fotoreportyorluq istedadını toylarda, model agentliklərində
yox, demokratiya uğrunda mübarizə aparan insanların yanında sərf edirdi. Daim
polis kobudluğu ilə üzləşsə də... Mehman müvəqqəti azadlıqda olsa da, istintaq
davam edir və təhlükə qalır.
Sakiti tanımırdıq. Nə yazdığı yazıları
oxumuşduq, nə gurultulu çıxışını eşitmişdik. Amma o, bu ölkənin azadlığında tək
sərvəti olan cismini də fəda etməyə hazır idi.
Ola bilsin, birini hər kəs tanıyırdı,
digərini bir qrup insan. Ancaq bu bizə haqq vermir ki, bu dərəcədə
ayrı-seçkilik olsun. Hər kəsdən mənəvi haqq tələb etmək olmur. Çünki demokratik
düşərgədə olan insanlardan kimisə müdafiə etməsini kötəklə tələb etmək olmaz.
Hadisənin özü göstərdi ki, siyasi motivlə həbs olunan insanların müdafiəsi, təşkilatçılıq,
xarici media ilə əlaqə hələ çox zəifdir. Müdafiə olunan adamın müdafiə
kampaniyası ya populyarlığı, ya da “kruq”unun aktivliyi ilə ölçülür. Ümumi həmrəylik,
birgə səfərbərlik praktikası isə yoxdur.
Müstəqil Azərbaycan öz tarixində çox
siyasi məhbus görüb. Kimlərsə tamam unudulub, kimlərsə qısa müddətə içəridən
çıxa bilib. Tanınmış simalar üçün müddət daha qısa olub. Tanınmayanlar isə ya
“sındırılıb”, ya da çürüməyə tərk edilib. Cabbar Savalanlı tək gənc idi ki, heç
kəs tanımırdı. Ancaq tanrı üzünə güldü və bütün dünya tanıdı. Azadlığa
buraxılması uğrunda 75 ölkədə təbliğat aparılırdı.
Hamının bu qədər bəxti gətirirmi? Gətirmir.
İnsanlar tərk edilir. Həm də bir bəyanatla. Hüquq müdafiə təşkilatları,
partiyalar bir bəyanatla özlərini məsuliyyətdən azad sayırlar. O bəyanatların
verilməsindənsə, verilməməsi yaxşıdır. Bəlkə məsuliyyət hissini unutdurmaz.
Düşünməyin ki, siyasətlə məşğul olmaq həbs
üçün əsasdır. Hər gün qəzetləri oxusaz, malına, mülkünə görə şərlənib həbs edilən
onlarla insan adına rast gələrsiz. Onların taleyi daha acınacaqlıdır. Çünki
vaxtında “siyasətdən uzaq olsam, başım dinc olar” deyib, kənara qaçmışdılar.
İndi üz tutacaq kimsələri yoxdur.
Nə etməli? Mübarizə aparmalı. Təkcə
“Azadlıq!” qışqıran bədənlə irəli getməkmi? Yetməz! Hər gün yazmalıyıq,
danışmalıyıq, insanlar arasında tanınmalıyıq. Ən azı öz gələcəyimiz üçün. Sabah
arxamızda kiminsə durması üçün. Bu gün siyasəti, hüquq müdafiəsini çayxanalarda
oturaraq hadisədən hadisəyə aparsaq, asan yem olacağıq. Bloqqer olun, jurnalist
olun, aktivist olun. Kim olursanızsa, olun. Ancaq işinizin peşəkarı olun. Yetər
ki, boşa sərf etdiyiniz vaxtı tanınmağa sərf edin. Yoxsa xatırlanmadığınız
kimi, unudulacaqsınız.

Комментариев нет:
Отправить комментарий